"Şəhər
(Rayon) Mədəniyyət Mərkəzlərinin
yaradılması" pilot layihəsinin
icrasına başlanıldı
Qədim
və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin
müasir standartlara cavab verə biləcək formada
qorunması, bərpası və istifadəsinin təşkili,
o cümlədən onun infrastrukturunu təşkil edən klub
müəssisələrinin fəaliyyətinin yenidən
qurulması məqsədilə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qabaqcıl mədəni-siyasi texnologiyalara və müsbət
beynəlxalq təcrübəyə əsaslanan bir sıra
konseptual proqram və layihələrə start verilmişdir.
Belə
ki, Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin
(diyarşünaslıq, folklor və sənətkarlıq) dəstəklənməsinin
təminat mexanizmlərinin monitorinqi zamanı qeyri-maddi mədəni
irs sahəsi üzrə bu vaxta qədər mövcud olan Azərbaycan
Respublikasının qanunları, müvafiq normativ-hüquqi sənədlər,
beynəlxalq konvensiyalar, dövlət büdcəsindən sahənin
inkişafına ayrılmış maliyyə vəsaitləri,
təşkil olunmuş və iştirak edilmiş milli və
beynəlxalq konfrans, sərgi, seminar və sair tədbirlər,
nəşr edilmiş kitablar və çəkilmiş filmlər,
mədəniyyət evləri, klub, park və müvafiq mərkəzlər
şəbəkəsində aparılan işlər və sair
barədə toplanmış məlumatlar əsasında sahənin
mövcud vəziyyəti təhlil edilmişdir.
Monitorinqin
nəticələri nəzərə alınmaqla, "Şəhər
(Rayon) Mədəniyyət Mərkəzlərinin
yaradılması" pilot layihəsinin icrasına start verildi.
Pilot layihə Lənkəran şəhərində və
İsmayıllı rayonunda Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin sisteminə daxil olan klub müəssisələrinin
ilk müasir Mədəniyyət Mərkəzlərinin
yaradılmasını nəzərdə tutur. Müvafiq klub
müəssisələrinin bazasında yerləşəcək
və müasir avadanlıqlarla təchiz ediləcək Mədəniyyət
Mərkəzləri yerli ziyalıları və mədəniyyət
xadimlərini cəlb edərək müvafiq şəhər və
rayon mədəniyyət və turizm şöbələrinin
fəaliyyətinə dəstək olacaq.
Nazirliyin
mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, bu məqsədə
nail olmaq üçün iki vəzifə icra
olunmalıdır: Birincisi, Azərbaycan qeyri-maddi mədəni
irsinin infrastrukturunun yerlərdə optimal şəkildə
idarə edilməsini təmin etmək məqsədilə Lənkəran
şəhər, İsmayıllı rayon mədəniyyət
və turizm şöbələrinin şəbəkəsində
olan klub müəssisələrinin şəhər (rayon) səviyyəsində
mərkəzləşdirilməsi, ikincisi, Azərbaycan
qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və
sənətkarlıq istiqamətlərinin yerlərdə
ünvanlı inkişafı məqsədilə Lənkəran
şəhər, İsmayıllı rayon mədəniyyət
və turizm şöbələrinin şəbəkəsi
daxilində olan klub müəssisələrinin profilləşdirilməsi.
Öz
fəaliyyətini beynəlxalq təcrübəyə əsaslandıran,
müvafiq xarici qurumlarla təcrübə və layihə
mübadiləsi aparan Mədəniyyət Mərkəzlərinin
əsas fəaliyyəti yerli biznes və ictimai qurumların
iştirakı ilə yerlərdə qeyri-maddi mədəni
irsin, xalq yaradıcılığının dəstəklənməsi,
turizmin inkişafına şərait yaradılması ilə
bağlı olmalıdır.
Mədəniyyət
Mərkəzlərinin təsis edilməsi Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
həyata keçirilən daxili mədəniyyət siyasəti
sistemində dönüş üçün təkan verərək,
mədəniyyətin idarə olunmasında desentralizasiya,
demonopolizasiya və demokratikləşmə istiqamətində
aparılan islahatların sürətləndirilməsi,
regionların inkişafı və yerli təşəbbüslərin
oyadılması, turistlərin cəlb olunması,
yoxsulluğun azaldılması üzrə aparılan dövlət
siyasəti ilə üst-üstə düşərək səmərəli
mexanizmin yaradılması ilə nəticələnməlidir.
"Qeyri-maddi
mədəni irsin qorunmasına dair" YUNESKO
Konvensiyasının tövsiyələrinə əsasən və
qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən,
o cümlədən Avropa Şurasının "Avropada mədəniyyət
siyasəti və təmayüllərinin Kompendiumu" kimi beynəlxalq
layihələrdən bəhrələnərək
hazırlanmış pilot layihəsinin icra müddəti 6
aydır. Növbəti mərhələdə pilot layihənin
nəticələri və mümkün nöqsanları nəzərə
alınmaqla, təcrübənin respublika üzrə tətbiq
olunması planlaşdırılır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 22 oktyabr.- S. 7.