Azərbaycan turizm sahəsində uğurlu
nəticələr əldə edir
Ölkəmiz artıq dünyada
yeni bir turizm məkanı kimi tanınmağa başlayıb
Bu
gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən
biri də turizmdir. Artıq turizm sektoru əhatə dairəsinə,
maliyyə imkanlarına görə dünyanın bir çox
ölkələrində aparıcı sənaye sahələri
ilə rəqabətə girir. Çünki səyahətə
çıxmaq, gözəl təbiət qoynunda mənalı
istirahət etmək, təbii və tarixi abidələri
görmək, mədəniyyət və incəsənət
nümunələri, rəngarəng adət və ənənələrlə
tanış olmaq getdikcə daha çox insanın mənəvi
tələbatına çevrilir.
Cəmiyyətin
iqtisadi, sosial və mədəni inkişafının nəticəsi
kimi yaranan, mənəvi zənginlik və rekreasiya
ehtiyaclarının ödənilməsinə xidmət edən
turizmin təşkili üçün ölkənin əlverişli
təbii imkanları ilə yanaşı, ümumi iqtisadi
göstəriciləri də mühüm şərtdir. Hazırda
iqtisadiyyatın elə sahələri var ki, burada dünya
bazarına çıxıb rəqabət aparmaq çətindir.
Turizm sahəsində isə Azərbaycanın rəqabət
üçün imkanları çox yüksəkdir. Təbii
sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyətimiz,
çoxəsrlik tariximiz cəlbedici turizm məhsulu yaratmaq
üçün mühüm zəmindir.
Bununla
bərabər, dövlət də turizm sahəsinin
inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə
prioritet istiqamət elan edib. Son illər ölkədə
turizmin təşviqi ilə bağlı görülən
işlər, aparılan islahatlar, qəbul edilən dövlət
proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi
bunu bir daha sübut edir. Ötən il "2010-2014-cü illərdə
Azərbaycanda turizmin inkişafına dair" Dövlət
Proqramının qəbul olunması, 2011-ci ilin ölkə
Prezidenti tərəfindən Azərbaycanda "Turizm ili"
elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər
Planının təsdiq edilməsi dövlət səviyyəsində
turizmin inkişafına verilən dəstəyin göstəricisidir.
Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə
turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
2011-ci
ilin Azərbaycanda "Turizm ili» elan edilməsi dövlət
qurumları, özəl sektor, biznes dairələri ilə bərabər,
ümumilikdə cəmiyyətin bu sahəyə diqqətini
artırıb. Ölkə başçısı Azərbaycanın
regionlarına mütəmadi olaraq etdiyi səfərlərində
yerlərdə turizmin inkişafına, bu sahədə zəruri
infrastrukturun yaradılmasına xüsusi diqqət
ayırır, müvafiq tapşırıqlar verir.
Ölkəmizdə
daha çox əcnəbi turistin cəlb olunması
üçün müvafiq təbliğatın, o cümlədən
dünyanın nüfuzlu telekanallarında reklam-tanıtım
çarxlarının nümayişi və s. işlərin
gücləndirilməsi ilə bərabər, bu sahədə
normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət
mərkəzindədir. Azərbaycana gəlmək istəyən
əcnəbilərin turizm şirkətləri vasitəsilə
viza almasını asanlaşdırmaq məqsədilə
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" qanuna əlavə və dəyişikliklərin
qəbul olunması bu qəbildən atılan addımlardan
biridir. Vizaların elektron qaydada rəsmiləşdirilməsi
qaydası ölkəmizə gəlmək istəyən əcnəbilərin
rahatlığı və prosesin şəffaflığı
baxımından mühüm yenilikdir. Bundan sonra ölkəsində
Azərbaycan səfirliyi olmayan əcnəbi viza almaq
üçün daha üçüncü ölkəyə
getmək məcburiyyətində qalmayacaq. Onun müraciət
etdiyi turizm şirkəti çox rahat şəkildə
elektron yolla viza almaq üçün sənədləri
üçüncü ölkədəki Azərbaycan səfirliyinə
çatdıracaq. Nəticədə isə bu iş
üçün cəmi bir neçə dəqiqə sərf
olunacaq.
Turizm sahəsinə xarici investisiya
qoyuluşları artır
Ölkəmizdə
turistlərin yerləşdirmə biznesi də dinamik surətdə
inkişaf edir. Hazırda respublikada 45-dək yeni
mehmanxananın inşası davam edir və bu ilin sonunadək
paytaxtda 6 ədəd beynəlxalq brendli beşulduzlu hotel
istifadəyə veriləcək. Tikintisi davam edən bu
mehmanxanalardan artıq "Kempinski Hotel Badamdar"ın
ölkə başçısı İlham Əliyevin
iştirakı ilə iyulun 2-də açılışı
olub.
Digər
beş mehmanxananın ("Hilton Baku", "Marriott",
"Four Seasons", "Fairmont" və "Jumeirah Bilgah
Hotel") açılışı isə bu ilin sonu və
2012-ci ilin əvvəlində olacaq.
Ölkənin
böyük şəhərlərində xarici qonaqları qəbul
edə bilən müasir mehmanxanalar fəaliyyət göstərir
və bütün turizm regionlarını əhatə edən
geniş turizm xidmətləri sisteminin formalaşması
istiqamətində müəyyən işlər
görülür.
Eyni
zamanda, Bakı şəhərində 3-4 ulduz standartlarına
cavab verən kiçik və orta həcmli mehmanxanalar fəaliyyət
göstərir, eləcə də bu tipli hotellərin tikintisi
gedir. Bu kateqoriyadan olan iri həcmli hotellərin tikintisi ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyinə bir
neçə investisiya layihələri daxil olub. Bu layihələr
həyata keçirildikdən sonra 3-4 ulduzlu hotellərlə
bağlı problemlər də öz həllini tapacaq.
Məlum
olduğu kimi, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində
keçirilmiş "Eurovision-2011" yarışmasında
Azərbaycan təmsilçiləri birincilik qazanaraq ölkəmizə
qələbə qazandırıblar və növbəti il bu
yarışma Azərbaycanın paytaxtı Bakı şəhərində
keçiriləcək. 57-ci "Eurovision -2012" müsabiqəsinin
Azərbaycanda keçirilməsi ölkəmizin turizm
potensialını dünyaya tanıtdırmaq üçün
yeni bir təkan olacaq.
Prioritet fəaliyyət istiqaməti
Azərbaycanda
turizmin inkişaf etdirilməsi, ölkənin çoxəsrlik
mədəniyyətinin, turizm potensialının xarici ölkələrdə
təbliği ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət
həyata keçirilir. Nazirlik tərəfindən aparılan
təbliğat işləri (ölkəmizin beynəlxalq turizm
sərgilərində iştirakı, dünyanın
aparıcı televiziya kanallarında Azərbaycanın turizm
potensialını əks etdirən reklam
çarxlarının yerləşdirilməsi), habelə beynəlxalq
təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı,
GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq
nəticəsində Azərbaycan artıq dünyada yeni bir
turizm məkanı kimi tanınmağa başlayıb. Region
ölkələri arasında beynəlxalq turizm qurumları ilə
yaxın əlaqələri də ilk dəfə məhz Azərbaycan
qurub.
2009-cu
ildə Bakıda Dünya Turizm Təşkilatının Avropa
üzrə Komissiyasının 49-cu iclası keçirilib. Tədbirdə
həmin vaxt dünya iqtisadiyyatını ciddi təhlükə
qarşısında qoyan maliyyə böhranı və turizm
sektorunun bu böhrandan xilası yolları müzakirə
olunub.
Mədəniyyət
və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə əməkdaşlığı
getdikcə genişləndirir. Noyabr ayında nazirliyin dəvəti
ilə Dünya Turizm Təşkilatının baş katibi
Taleb Rifainin Azərbaycana səfəri nəzərdə
tutulur.
Yeri
gəlmişkən, bu il Azərbaycanın turizm sahəsi
üzrə fəaliyyət göstərən üç
böyük təşkilatı - Azərbaycan Turizm
İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan
Turizm Assosiasiyası Dünya Turizm Təşkilatına
assosiasiv üzv qəbul olunub.
Kadr hazırlığı
uğurla davam etdirilir
Turizmin
inkişafını sürətləndirən və bu sahədə
keyfiyyəti yüksəldən amillərdən biri də sahə
üzrə kadr hazırlığı siyasətinin
düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına
əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək
məqsədilə 2006-cı ildə Turizm İnstitutu
yaradıldı. Bu təhsil ocağının məzunları
Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və
Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala
bilirlər. Hazırda institutda 1300-dən çox tələbə
11 ixtisas üzrə bakalavr təhsili alır. Ötən ildən
etibarən isə magistr pilləsi üzrə də qəbul
elan olunub və 30-a yaxın tələbə magistratura təhsili
alır.
Ötən il institutu 74, bu il isə 192 nəfər bitirib. Onlardan ötən il 14, bu
il isə 19 nəfəri milli diplomla yanaşı, Krems Universitetinin də diplomunu alıb. ATİ-nin
nəzdində fəaliyyət
göstərən Milli
Təlim Mərkəzində
Dünya Turizm Təşkilatı və Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir.
Bundan əlavə, Turizm İnstitutunun nəzdində
peşə məktəbinin
yaradılması məsələsi
də hazırda gündəmdədir və
yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq.
Bundan əlavə,
2006-cı ildə Mingəçevir
şəhərində ölkəmizdə
orta təhsilli turizm mütəxəssisi
yetişdirən ilk kollec
yaradılıb. Hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük
bir təhsil ocağıdır. Kollecdə 2100-dən çox tələbə təhsil alır.
Bütün bunlarla bərabər,
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycanda turizm xidmətinin keyfiyyətini
artırmaq məqsədilə
Bakıda və regionlarda yerləşən
mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan
insanlar üçün
hər il
Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyi və TİKA təşkilatı ilə
əməkdaşlıq çərçivəsində,
müxtəlif istiqamətlər
üzrə treninq-kurslar
təşkil edir.
Qeyd edək
ki, Azərbaycanda turizmin inkişafını
sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə
cəlb etmək məqsədilə 2003-cü ildə
Gənclər, İdman
və Turizm Nazirliyi tərəfindən
bölgələr üzrə
yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutlarımız
Bakı-Xaçmaz, Bakı-Balakən,
Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası,
Bakı-Dağlıq Qarabağ,
Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində
yerləşən rayonlarda
müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən layihələr
həyata keçirilir. İlk növbədə
isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ
olunur. Belə ki, Avropa Şurasının təcrübəsi
çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün
layihələr həyata
keçirilir. Bunlar
"Böyük İpək
yolu", "Şərab
yolu", "Xalçaçılıq",
"Aleksandr Düma Qafqazda" və "Azərbaycanda alman məskənləri" layihələridir.
Bu, eyni zamanda
ölkəmizə gələn
turistlərin sayının
artırılmasına və
çoxçeşidli turizm
məhsulunun yaradılmasına
xidmət edir.
Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkəmizdə fəaliyyət
göstərən turizm
şirkətlərinin şəbəkəsi
genişlənir. Rəsmi məlumatlara görə, ötən il
Azərbaycana 1 milyon
962 min 906 nəfər əcnəbi
gəlib. Onlardan 1 milyon 494 min 725 nəfəri
turist olub. Bu ilin ilk 6 ayı
ərzində isə bu rəqəm 1 milyon 16 min nəfər olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
2006-cı
ilin yay mövsümündə respublikamızın
turizm regionlarında
76.900 nəfər turist
istirahət etmişdisə,
2010-cu ildə bu rəqəm 190 438 nəfər
olub ki, bu da 2,5 dəfə
artım deməkdir. Həmçinin 2010-cu ildə gecələmələrin
sayı 721 560 gecə
olub.
İndiyədək Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən Azərbaycanda
318 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə
obyektlərinin sayı
504-dür. Onların təxminən 35 faizi Bakı şəhərinin payına
düşür. Bu obyektlərdə
30 min 793 yataq yeri var. Hazırda ölkədə
208 turizm şirkəti
nazirliyin lisenziyası
əsasında fəaliyyət
göstərir.
İnvestisiya layihələrinin təşviqi
istiqamətində müvafiq
işlər aparılır
Azərbaycan xarici investisiya qoyuluşları üçün
geniş imkanları olan təhlükəsiz bir ölkədir. Elə bu səbəbdən də ölkəmizdə
2010-cu il ərzində
15,5 milyard ABŞ dolları investisiya qoyuluşu olub. Bunun 8,2 milyard
dolları xarici, 7,3 milyard dolları isə yerli investisiyadır. Bu məbləğin
6,2 milyard dolları neft sektoruna, 9,3 milyardı isə qeyri-neft sektoruna cəlb edilib.
Onu da qeyd edək ki, hazırda Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən turizmə
dair 8 investisiya layihəsi təqdim olunub. Bu məqsədlə nazirlik tərəfindən
həmin layihələrin
təşviq olunması
istiqamətində müvafiq
işlər aparılır.
Belə ki, xarici ölkələrdə
keçirilən, həmçinin
ölkəmizin turizm potensialının tanıdılması
məqsədilə təşkil
olunan tədbirlərdə
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən
təsis edilmiş Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondu
(AZPROMO) Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin investisiya layihələrinə
dair təqdimatlar təşkil edir.
Yuxarıda qeyd etdiklərimiz
Azərbaycan dövlətinin
ölkədə turizmin
inkişafı istiqamətində
son bir neçə il ərzində
gördüyü işlərin
az bir hissəsidir.
Fikrimizi Türkiyə Turizm Yatırımçıları Dərnəyinin (TYD) başkanı
Turqut Gürun bu yaxınlarda Bakıda olarkən dediyi sözlərlə yekunlaşdırmaq istərdik.
20 ildən sonra ölkəmizə ikinci dəfə səfər edən Turqut Gür Bakıda və imkan tapıb
gedə bildiyi regionlarda gördüklərindən
heyrətə gəldiyini
bildirmişdi: "Müşahidələrim
əsasında deyə
bilərəm ki, 25 il əvvəl Türkiyədə turizm sahəsi yenicə inkişafa başlayanda oradakı mövcud durum Azərbaycandakı hazırkı
durumdan səviyyəsinə
görə aşağı
idi. Əgər bu sürətlə
davam edərsə, Azərbaycan az vaxt içərisində çox böyük nailiyyətlərə imza
atacaq".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzəti.- 2011.- 22 oktyabr.-
S. 6.