Biz öz
doğma yurdlarımıza qayıdacağıq
Ölkəmizin
televiziya və radio xəbərlərində, mətbuatda
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyəti
barədə məlumatlara tez-tez rast gəlirik. İcmanın
tarixi Dağlıq Qarabağ ərazisində münaqişənin
yarandığı vaxtdan başlayır.
Mir
Möhsün Nəvvabın "1905-1906-cı il erməni -
müsəlman davası" kitabında, eləcə də
Şuşa ağsaqallarından olan Məşədi
Abış bəy Novruzovun xatirələrində XX əsrin əvvəllərində
baş vermiş milli münaqişələr,
"barışıqlar", tərəflər arasında
aparılan danışıqlar, bu danışıqların məkrli
erməni diplomatiyası tərəfindən dəfələrlə
pozulması haqda geniş məlumat verilmişdir.
1828-ci
ildən başlayaraq ermənilərin İrandan, Türkiyədən
Azərbaycana köçürülmələrindən bir
müddət sonra 1878-ci ildə keçirilmiş Berlin
konqresində səbəbi bəlli olmadan "erməni məsələsi"nin
gündəliyə salınması və yekun protokolunda
xüsusi maddə şəklində yer tapması böyük
dövlətlərin hələ o zamanlardan bizim torpaqlarda
apardıqları bölüşdürməyə siyasi rəvac
vermişdir.
1917-ci ildə rus imperiyası dağıldıqdan, Zaqafqaziya respublikaları öz müstəqillikləri barədə bəyanat verdikdən sonra, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda Ermənistan Respublikası yaradıldı. Lakin ermənilər Bakıya, Qarabağa, bütün Azərbaycan torpaqlarına sahib olmaq hərisliyindən əl çəkmədilər. Azərbaycan Demokratik Respublikasının süqutunda da ermənilərin xəyanətkarlığı az olmadı.
1923-cü ildə gələcəkdə daimi münaqişə ocağı ola biləcək Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə həmin ərazidə yaşayan yerli əhalinin - azərbaycanlıların hüquqlarının pozulması, repressiyalar, iqtisadi sıxıntılar başladı. Bu da azərbaycanlıların vaxtaşırı öz doğma ata-baba yurdlarından sıxışdırılıb - çıxarılmasına xidmət etdi.
Nəhayət, iri dövlətlərin
havadarlığı ilə 1988-ci ildə Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi başlandı. Həmin
dövrdə Ermənistan rəhbərliyi, milliyyətcə
erməni olan milis işçiləri azərbaycanlılara
açıq qənim kəsildilər. Azərbaycan
rəhbərliyi bu prosesin qarşısını almaq, Qərbi
Azərbaycandakı azərbaycanlıları müdafiə etmək
əvəzinə, siyasi səriştəsizlik göstərərək
xalqı təmkinli olmağa çağırdı, faktiki
olaraq xalqı taleyin ixtiyarına buraxdı. Dağlıq
Qarabağ azərbaycanlıları SSRİ-nin süqutuna qədər dörd il ermənilərə qarşı mərdliklə
mübarizə aparırdılar. 1991-ci ilin sonundan başlayaraq
rusların 366-cı motoatıcı alayının ağır
hərbi texnikasının, xaricdən gələn
muzdluların, "Daşnaksütyun", "ASALA" və
digər erməni terror təşkilatı üzvlərinin
iştirakı, generalların rəhbərliyi ilə dinc
azərbaycanlı əhaliyə dəhşətli divan tutuldu.
Xocalı, Meşəli, Qaradağlı, Kərkicahan,
Canhəsən, İmarət-Qərvənd, Malıbəyli,
Quşçular, Xocavənd kimi iri yaşayış yerləri
bir - birinin ardınca oda qalandı, adamları gülləbaran
edildi, ailələr yox oldu, körpələr valideynlərini
itirdilər. Ermənilərə havadarlıq edən iri
dövlətlər Azərbaycanı informasiya blokadasına
aldılar. Qətlə yetirilən, terrora məruz qalan azərbaycanlıların
fotoşəkillərini ermənilər məharətlə
öz xeyirlərinə nümayiş etdirərək əməllərinə
haqq qazandırdılar. Bu arada dünya ictimaiyyəti də
hadisəyə müxtəlif formalarda münasibət bildirməyə
başladı. Bunlardan
biri ATƏM-in (ATƏT) Minsk qrupunun təsis edilməsi oldu.
ATƏM - in Minsk qrupu təsis edilərkən Ermənistan
və Azərbaycana münaqişə tərəfləri,
Dağlıq Qarabağın Azərbaycanlı və erməni
icmasına isə maraqlı tərəf kimi mandat
verilmişdir.
Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı
İcması 1992-ci ildən başlayaraq, müxtəlif
vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması
1992-ci il martın 24-də ATƏT-in Nazirlər
Şurasının Helsinkidə keçirilən birinci əlavə
görüşündə imzalanmış sənədin 9-cu
bəndinə əsasən yaradılmışdır. Lakin bütün bunlar münaqişənin həll
olunmasına heç bir töhfə vermədi. Danışıqlar getdiyi dövrdə Azərbaycanın
mədəniyyət və incəsənət beşiyi, tarixi
Qarabağ xanlığının paytaxtı olmuş
Şuşanın işğala məruz qaldığı isə
danılmaz faktdır.
Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü
qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində
ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu təxirəsalınmaz
vəzifələrdən biri davam etməkdə olan Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəti addımlar atmaqdan ibarət idi. Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Milli Ordumuzun
formalaşdırılması, onun döyüş qabiliyyətinin
yüksəldilməsi, torpaqlarımızın müdafiə
olunması üçün geniş miqyaslı tədbirlərin
həyata keçirilməsi nəticəsində hərbi
qarşıdurmada müvəqqəti tarazlıq yarandı, atəşkəs
əldə olundu. Ulu öndər Heydər Əliyevin qətiyyətli
mövqeyi və diplomatik səriştəsi nəticəsində
1996-cı il dekabrın 2-si ATƏT-in
Lissabon sammitində ermənilərin işğalçı
siyasətinin və Azərbaycanın ərazi
bütövlüyünün bütün Avropa dövlətləri
tərəfindən tanınması günü kimi tarixə
yazılmışdır.
Ümummilli liderin layiqli davamçısı, ölkə
Prezidenti Azərbaycan Silahlı Qüvvələrinin Ali
Baş Komandanı İlham Əliyev də öz siyasi kursunda
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllini prioritet məsələ kimi
həmişə aktual hesab edir. O, çıxışlarında dəfələrlə
bəyan etmişdir ki, Dağlıq Qarabağın hüquqi
statusunun müəyyənləşdirilməsi Azərbaycan tərəfinin
razılığı olmadan həll edilə bilməz. Azərbaycanın
mövqeyi isə birmənalı olaraq dəyişməzdir:
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir və onun tərkibində qalmalıdır.
Dağlıq Qarabağa müstəqillik verilməsi
müzakirə mövzusu ola bilməz! Yalnız vilayətin azərbaycanlı əhalisi
öz dogma yurdlarına qayıtdıqdan sonra Dağlıq
Qarabağın hüquqi statusu müəyyən edilə bilər."
1992-ci ildən başlayaraq, müxtəlif vaxtlarda ATƏT-in
Minsk qrupu çərçivəsində aparılan
danışıqlarda Dağlıq Qarabağın Azərbaycanlı
İcması maraqlı tərəf kimi iştirak etmişdir. 2006-cı ildən
isə birlik formasında Azərbaycan Respublikasnının
qanunvericiliyinə uyğun olaraq, Ədliyyə Nazirliyində
qeydiyyata alınmışdır. İcmanın
ictimai birlik kimi təşkilatlanması onun daha da səmərəli
fəaliyyət göstərməsinə imkan vermişdir.
Prezident İlham Əliyevin "informasiya mübarizəsində
hücuma keçmək" çağırışı
Dağlıq Qarabağ azərbaycanlılarını mütəşəkkil
olmağa səfərbər etdi. Bu məqsədlə Dağlıq
Qarabağın Azərbaycanlı İcması yenidən təşkilatlanmaq
üçün 2009-cu il iyunun 5-də I
qurultayını çağırdı. Qurultayda
Dağlıq Qarabağın 75 min nəfərdən çox
azərbaycanlı əhalisinin seçdiyi 350 nəfər
nümayəndə, eləcə də xarici dövlətlərin
Azərbaycanda akkreditə olunmuş səfirləri iştirak
edirdilər. Qurultay nümayəndələrinə
kitabçalar, videolentlər, Qarabağın real tarixini əks
etdirən faktlar, sənədlər, Xocalı faciəsi, erməni
terroru haqqında ilkin təbliğat-təşviqat
materialları paylanmışdır.
Qurultayda icmanın idarə heyəti
formalaşdırıldı. İdarə heyətinə sədr Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov seçildi. İlk iclasda vəzifə bölgüsü
aparıldı, üzvlərin təklif və təşəbbüslərini
hazırlayıb idarə heyətinə təqdim edilməsi qərara
alındı.
İcmanın
başlıca vəzifəsi Dağlıq Qarabağ azərbaycanlılarının
fikirlərinin, təkliflərinin seçdikləri nümayəndələrin
vasitəsi ilə ölkəmizin rəhbərliyinə, Xarici
İşlər Nazirliyinə, səfirliklərə və
ölkəmizə gələn Dağlıq Qarabağ
münaqişəsi ilə məşğul olan aidiyyəti
insanlara çatdırmaq, Qarabağ həqiqətlərini,
real tarixi hadisələri, şahidlərin dili ilə ifadə
etmək, Qarabağın tarixini, mədəniyyətini, incəsənətini
dünyaya tanıtdırmaq, Qarabağın əzəli Azərbaycan
torpağı olmasını əyani şəkildə
nümayiş etdirməkdir. İcma həm də
gənc nəsli düzgün, əsaslı tarixi faktlarla bilgiləndirmək
üçün çalışır. İdarə heyətinin
üzvləri beynəlxalq səviyyədə və ölkədə
Dağlıq Qarabağla bağlı məsələlərə
öz münasibətlərini bildirir, bəyanatlar verir,
müraciətlər edir, bütün hallarda Azərbaycan
Respublikasının daxili və xarici siyasətini, Azərbaycan
dövlətçiliyini digər mənafelərdən
üstün tutur.
2010-cu il
iyunun 6-da "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin mərkəzi qərargahının
açılışı zamanı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin idarə heyətinin
üzvləri ilə görüşündə etdiyi səmimi
söhbətlər icmanın fəaliyyət proqramına
çevrildi. Bütün danışıqlar zamanı Azərbaycanın
ərazi bütövlüyünün toxunulmazlığı,
məcburi köçkünlərin, o cümlədən
Dağlıq Qarabağdan olan azərbaycanlıların
mütləq öz doğma yurdlarına qayıdacağı,
Azərbaycan dövlətinin qanunlarına tabe olacaq erməni vətəndaşlarla
birgəyaşayışın mümkünlüyü əsas
götürülür.
Əgər
icmanın idarə heyətinin seçildiyi vaxtdan ötən
2 il 3 ay müddətində görülən işlərə
diqqət yetirsək, keçirilən görüşlər,
bəyanatlar, müraciətlər, mədəni - kütləvi
tədbirlər, anım günləri, əhali ilə
görüşlər, nəşr edilmiş kitablar, bukletlər,
müntəzəm yeniləşən və zənginləşən
internet saytları, videoçarxlar, mətbuatda, TV və radio
kanallarında çıxışlar, ziyalılarla, alimlərlə,
millət vəkilləri ilə görüşlərin təşkili,
beynəlxalq görüşlərə nümayəndələrin
göndərilməsi böyük və sanballı işdir.
İdarə heyətinin sədri, Şuşa
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun
bütün bu məsələlərə həssaslıqla
yanaşmasının, Dağlıq Qarabağ bölgəsinin
hər bir kəndinə bələd olması, əhalisini
tanıması, Qarabağ ziyalıları, ağsaqqalları,
iş adamları ilə səmimi münasibəti icmanın fəaliyyətinə
uğur qazandırır. Bakıda keçirilən
Dünya azərbaycanlılarının III Qurultayında onun Əlaqələndirmə
Şurasına üzv seçilməsi isə icmanın
imkanlarını daha da artırdı.
İdarə
heyətinin üzvlərindən Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz Hüseynov,
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov və
Rövşən Rzayev, Azərbaycan Milli Elmlər
Akademiyasının akademik katibi Vaqif Fərzəliyev,
Üzeyir Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir
üzvü Kamal Abdulla, əməkdar mədəniyyət
işçisi Vahid Səfixanov və b. müxtəlif səviyyəli
görüşlərdə fəal iştirak edirlər.
İdarə heyətinin ilin ikinci yarısında nəzərdə
tutduğu tədbirlər planına nəzər salsaq,
icmanın fəaliyyəti haqqında müəyyən təsəvvür
yaranar. Ayda ən azı bir dəfə icmanın idarə
heyəti üzvləri mərkəzi qəzetlərdə
icmanın fəaliyyətini və mövqeyini əks etdirən
analitik məlumatlarla çıxış etmişdir.
"Şuşa", "Xocavənd","Qarabağa
aparan yol","Qarabağ" və "Xocalının səsi"
qəzetlərində keçirilən tədbirlərin
aylıq xronikasının dərc edilməsi icma üzvlərini
məlumatlandırmışdır. Son üç ayda İdarə
Heyətinin üzvləri Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyində Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip
Lefort ilə, İctimai Birliyin mərkəzi ofisində isə
Britaniyanın "LİNKS" təşkilatının
nümayəndəsi Corc Brid, Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı
nümayəndəliyinin məsləhətçisi Cesika
Sapiro, Belçika səfiri Lük Truyens, Rusiyada nəşr
olunan "Solneçniy" jurnalının baş redaktoru
Katya Abuladze və digərləri ilə görüşlər
keçirilmişdir.
Xocavənd rayonunun saytı açılıb. Dağlıq
Qarabağın ətraf rayonlarının - Ağdam,
Qubadlı, Füzuli, Cəbrayılın
işğalının anım günləri, Goranboy rayonunun
Aşağı Ağcakənd qəsəbəsində 1942-ci
ildə alman faşistləri tərəfindən yerlə-yeksan
edilən, Xocalı taleli Lidiçe şəhəri
qurbanlarının xatirəsinə "Lidiçe"
küçəsinin açılışı mərasimi
keçirilmişdir.
Mən ixtisasca həkim olduğum üçün
gün ərzində əhali ilə daha çox təmasda
oluram, bölgələrə ezamiyyətə gedirəm. Adamlar öz dərdlərini,
problemlərini, hətta ailənin digər üzvünə
demədiyi məsələləri də həkimə
açıqlayır. Hər ay kollektiv
üzvləri ilə rayonlarda oluram, hər gün rayonlardan telefonuma
müxtəlif məsələlərlə bağlı zənglər
gəlir. Bütün söhbətlərdə,
görüşlərdə aydın hiss olunur ki, Azərbaycan
Prezidenti İlham Əliyevin ictimai birliyin fəaliyyətinə,
Dağlıq Qarabağ məsələsinə, əhalinin
problemlərinə diqqəti sayəsində Dağlıq
Qarabağdan olan azərbaycanlı əhali mütəşəkkil
ailəyə çevrilmişdir. Bu birliyi
möhkəmləndirmək üçün bəzi məsələlərin
həllinin vaxtı çatmışdır. Xocalı və Xocavənd rayonlarından olan məcburi
köçkünlər üçün Dağlıq
Qarabağla həmsərhəd rayonlarda abad qəsəbələr
salınmışdır. Şuşa
rayonundan olan 200-dən çox ailənin məskunlaşdığı
Mirzələr qış yatağında da belə qəsəbənin
salınması vacibdir. Əgər orada əlavə
torpaq sahəsi ayrılarsa, Xanalılar, Şırlan kəndlərindən
olan və kommunal şəraiti pis olan xeyli ailə də ora
köçər.
Digər məsələ Dağlıq Qarabağ əhalisinə
xidmət edən konkret tibbi sosial ekspert komissiyasının
olmamasıdır. 1997-ci ildə fəaliyyəti bərpa olunmuş Şuşa Rayon Həkim Əmək Ekspertiza
Komissiyası (HƏEK) islahatlar zamanı Bakı və
Sumqayıt şəhərlərində məskunlaşmış
məcburi köçkün əhaliyə xidmət edən
ayrıca zona komissiyasına çevrilmişdir. 2011-ci ildə yenidən rayonların tibbi sosial
ekspertiza komissiyaları (TSEK) ayrıldı, lakin Dağlıq
Qarabağ azərbaycanlılarına xidmət edən TSEK
yaradılmadı. Məcburi
köçkünlərin tibbi sosial ekspertizası
üçün onların məskunlaşdıqları ərazidəki
aidiyyəti komissiyalara müraciət etmələri nəzərdə
tutuldu. Zənnimcə, istisna hal kimi
Dağlıq Qarabağ əhalisinə tibbi sosial ekspertiza xidməti
göstərən komissiyanın yaradılması əhalinin
mütəşəkkilliyinə xidmət edər.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən Dağlıq Qarabağın azərbaycanlı icması, hansı yolla olursa-olsun, Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa edəcəyinə, bütün azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıdacağına möhkəm inanır.
Ramiq MƏHƏRRƏMOV,
Şuşa Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi, əməkdar həkim,
"Azərbaycan
Respublikası Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycanlı
İcması" İctimai Birliyi idarə
heyətinin üzvü
Xalq qəzeti.- 2011.- 22 oktyabr.- S. 6.