Avstriya - Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir

 

Avstriya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir və iki ölkə arasında diplomatik münasibətlərin yaradılması da Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonraya təsadüf edir. Ölkələrimiz arasında əməkdaşlıq getdikcə inkişaf etmiş, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr daha da möhkəmlənmişdir. Avstriyanın Federal Prezidenti Haynts Fişerin ölkəmizə rəsmi səfəri bu əlaqələrin tarixində xüsusi yerə malik olan bir hadisədir. Belə səfərlər Avstriya - Azərbaycan əməkdaşlığını möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirir.

 

Avstriya - Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsi üçün möhkəm hüquqi baza vardır. Bu günə qədər iki ölkə arasında 36 sənəd imzalanmışdır. Bunlar siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edir. Hazırda Avstriyanın 40-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu əlaqələr Avstriya - Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərindən xəbər verir və iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu bildirir.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer ölkəmizə səfəri zamanı bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar müzakirələr aparılmışdır. Humanitar sahədə də əlaqələrin davamlı inkişafı barədə müzakirələr diqqətçəkən məqamlardan olmuşdur. Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasiminin keçirilməsi və bu mərasimdə hər iki ölkə prezidentlərinin iştirakı dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu hadisəni çox yüksək qiymətləndirən Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında demişdir: "Bu gün Avstriya - Azərbaycan əlaqələrinin tarixində çox gözəl və unudulmaz bir gündür. Əlaqələrimizin tarixində birinci dəfədir ki, Avstriya Prezidenti Azərbaycana səfər edirbu, əlbəttə, əlaqələrimizin tarixində xüsusi yerə malik olan bir hadisədir. Bu gün, eyni zamanda, ona görə unudulmaz bir gün olacaq ki, biz dünya şöhrətli bəstəkar, dahi Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidəsini bərabər açdıq. Şəhərimizin mərkəzində, bu gözəl parkda dahi Motsartın abidəsi ucaldılıbdır. Bu gözəl hadisə münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Mortsartın ölməz əsərləri bu gün yaşayır və əbədi yaşayacaqdır".

Dövlətimizin başçısı bu abidənin açılışını Avstriya - Azərbaycan dostluğunun rəmzi adlandırdı və diqqətə çatdırdı ki, ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır.

Bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsinin açılması da iki ölkə arasındakı mədəni inkişafın yüksələn xətt üzrə inkişaf etməsinin bariz nümunəsidir. Eyni zamanda ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinin Vyanada səhnəyə qoyulması da böyük hadisələrdəndir. Çünki Avstriya xalqı Azərbaycan mədəniyyəti, musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edir.

Azərbaycanın dövlət başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə xalqımızın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini önə çəkir, Ermənistan silahlı qüvvələrinin hələ də ərazimizin 20 faizinin işğalda saxlamasını, bu dövlətin beynəlxalq hüquq normalarına hörmətsizlik göstərməsini xüsusi vurğulayır. Azərbaycanın münaqişənin nizamlanmasında sülh variantına üstünlük verməsi, Ermənistanın isə işğalçılıq siyasətindən hələ də əl çəkməməsi beynəlxalq aləmin də diqqət mərkəzindədir. Bir sıra beynəlxalq qurumların ikili standart nümayiş etdirmələri isə təəssüf doğurur. Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin ölkəmizə rəsmi səfəri zamanı da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi əsas mövzulardan biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Avstriya prezidentlərinin keçirdikləri birgə mətbuat konfransında bu məsələ ilə əlaqədar fikrini bildirərkən demişdir: "...Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi ümid edir ki, yaxın zamanlarda münaqişə öz həllini tapacaq və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür. Bir milyona yaxın azərbaycanlı doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çox vacib qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Onlar Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul etmişlər. Ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir".

Artıq dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının da rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiklərini rəsmən bəyan ediblər. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını yeganə variant hesab edir. Söz yox ki, Azərbaycan güclü, qüdrətli nizami orduya malikdir. Bu ordu vasitəsilə işğal altındakı ərazilərimiz hər an azad oluna bilər. Ancaq dövlətimizin başçısı sülh tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Münaqişənin qan tökülmədən aradan qaldırılmasını vacib hesab edir. Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer də Azərbaycan Prezidentinin bu təklifi ilə razılaşdığını bildirərək demişdir: "Münaqişənin həlli bizi də maraqlandırır. Mən başa düşürəm, yaxşı başa düşürəm. Bu, Azərbaycan üçün vacib məsələdir və Azərbaycan üçün fəlakətdir. Baş verən hadisələr və qaçqınlar varonlar evlərinə qayıda bilmirlər. Münaqişə potensialı qalır. Bu nöqteyi-nəzərdəyəm ki, XXI əsrdə bu cür münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bu, Avstriyanın mövqeyidir. Avstriya heç bir halda, heç bir kontinentdə münaqişənin hərb yolu ilə həllinə tərəfdar deyildir. Çünki güc tətbiqi heç də həll variantı deyildirsonra yenə güc tətbiqinə gətirib çıxarır. Avstriya da bu siyasətin tərəfdarıdır ki, bu münaqişənin həllinə sülh yolu, danışıqlar yolu ilə nail olunmalıdır. Bu ərazi münaqişəsi digər dövlətlərin köməyi cəlb olunmaqla, Minsk qrupu dövlətlərinin səyləri ilə həll olunmalıdır".

Avstriya-Azərbaycan iqtisadi əməkdaşlığı da yüksək səviyyədədir. Ümumiyyətlə, son illər Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar dünyanın inkişaf etmiş dövlətlərinin maraq dairəsindədir. Ölkəmizin iqtisadiyyatın sürət tempinə görə dünyanın lider dövlətləri sırasına qoşulması, iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübə qazanması, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılmasının mümkünsüzlüyü beynəlxalq səviyyədə qiymətləndirilir. 2009-2010-cu illərdə dünyanı maliyyə iqtisadi böhran bürüsə də, Azərbaycanın iqtisadi sürət tempini qoruyub saxlaması bir çox məqamlardan xəbər verirdi. Üstəlik, həmin vaxtlarda Azərbaycanda beynəlxalq standartlara cavab verən yeni müəssisələrin açılması, əmək haqlarının, pensiyaların artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi ölkəmizdə iqtisadi strategiyanın davamlılığından, xalqla dövlət başçısı arasında sıx vəhdətin olmasından xəbər verir. Bütün bunlar Avstriya şirkətlərinin rəhbərlərinin də diqqətini cəlb edib. Ölkəmiz üçün bir neçə vacib layihənin Avstriya şirkətləri tərəfindən icra olunması iki dövlət arasında qarşılıqlı inamdan irəli gəlir. Məsələn, Azərbaycanda beşulduzlu yeni otellərdən birinin tikintisini Avstriyanın "Stravad" şirkəti aparır. Bakıda yeni, müasir və bölgənin ən müasir aerovağzal kompleksinin inşasını da Avstriyanın "Waagner Biro" şirkəti həyata keçirir. Belə faktlar onlarladır. Bütün bunlar ölkəmiz üçün nə qədər vacibdirsə, Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı üçünbir o qədər vacibdir. Azərbaycan hazırda Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Məlum olduğu kimi, Azərbaycan bu gün Avropada enerji daşıyıcılarının təhlükəsizliyinin təminatında böyük rol oynayır. Bu baxımdan ölkəmiz böyük potensiala malikdir. Qeyd edək ki, son bir neçə ildir ki, Azərbaycan Avropa ölkələrinə böyük həcmdə neft ixracı ilə məşğuldur. Bütün bunlara rəğmən Avstriya Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verirbu əlaqələrin gələcəkdə daha yüksək səviyyədə inkişafı üçün bütün imkanlardan istifadə edir. Avstriya, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiya prosesinə də böyük dəstək verir.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer ölkəmizə rəsmi səfərindən məmnun qaldığını bildirmiş, bu səfəri yüksək qiymətləndirmişdir. Prezident bu qısa səfərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir ki, nələri edə bildiksə onların güclü əsasları vardır. Bunlar münasibətlərimizin gələcək inkişafına öz təsirini gösrəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Avstriya-Azərbaycan dostluğunun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 22 oktyabr.- S. 4.