Təhsilin səviyyəsini mütərəqqi metodların tətbiqi ilə daha da yüksəltməliyik

 

Müstəqil Azərbaycanın təhsil sistemindəki uğurlar, şübhəsiz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı çox çətin vəziyyətlərdən xilas edən ulu öndər "Təhsil millətin gələcəyidir" - deyərək bu sahəyə xüsusi diqqət ayırırdı.

 

Müstəqilliyimizin bərpasının ilk illərində həyatımızın digər sahələrində olduğu kimi, təhsildə də böyük çətinliklər, ciddi problemlər yaşanırdı. Bunlar əsasən məktəblərin yenidən qurulmasında, dərsliklərin və tədris proqramlarının yenidən tərtib edilməsində, müəllimlərin siyasi həyatda və cəmiyyətdə baş vermiş dəyişikliklərə, dövrün tələblərinə uyğun təkmilləşdirilməsində və digər məsələlərdə özünü büruzə verirdi. Təbiidir ki, bütün bunlar nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, köhnə məktəblərin təmiri, yeni dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, qabaqcıl tədris metodologiyasının tətbiq olunması, müəllimlərin təkmilləşdirilməsi sahələrində ardıcıl və məqsədyönlü işlər aparılırdı. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə gündəlik qayğı göstərir. Bu gün Azərbaycanda təhsilin inkişafına, yeni məktəblərin tikintisinə, təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsinə, təhsil müəssisələrinin müasir texnologiyalarla, kompyuterlərlə təchiz edilməsinə göstərilən diqqət öz bəhrəsini verir. Prezident İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təhsilin inkişafı yolunda atılmış çox mühüm addım olmuşdur. Həmin proqrama uyğun olaraq ayrı-ayrı məktəblərin "Elektron məktəb" pilot layihəsinə qoşulması, tədris müəssisələrinə müasir kompyuter dəstlərinin verilməsi, Milli Təhsil Portalının yaradılması, təhsil sisteminin informasiyalaşdırılması işlərinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılmışdır. Şübhəsiz, təhsilə göstərilən bu qayğı millətimizin gələcəyi olan şagirdlərin, tələbələrin, gənclərin daha savadlı, bilikli böyüyüb yetişməsi amalından irəli gəlir.

Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıdan danışarkən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etməmək olmur. Ulu öndərin adını daşıyan fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində indiyədək ölkənin müxtəlif yerlərində yüzlərlə yeni məktəb binası tikilmiş, köhnə məktəb binaları əsaslı surətdə təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir.

Dövlət başçımız İlham Əliyev bu sahədə görülən işlərdən danışarkən demişdir: "Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək... Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq".

Göründüyü kimi, qabaqcıl təcrübənin tətbiq edilməsi təhsil islahatının məqsədlərindən biridir. Təlimin keyfiyyətinin yüksəldilməsinə şərait yaradan fəal təlim metodları müəllimlər tərəfindən dərindən dərk edilməlidir. Bu məqsədlə xüsusi treninqlər aparılmalı, fəal təlimin tətbiqi üçün vacib olan bilik və bacarıqlar formalaşdırılmalıdır.

İntellektual potensialın inkişaf etdirilməsi və onun qorunub saxlanılması hər bir sivil dövlətin öz qarşısında qoyduğu əsas məqsəddir, bu da ölkənin gələcəyinə qayğı deməkdir. Sabahın qurucuları bugünkü uşaqlardır və ölkənin gələcəyi onların bu gün məktəbdə hansı bilik və bacarıqlar əldə etmələrindən asılıdır. Müasir təlim daim dəyişən şəraitə uyğunlaşmalıdır.

Fəal təlimin mahiyyəti ondan ibarətdir ki, şagird mühakimə yürütmə bacarığı əldə edir, dərsdən və ətraf mühitdən qazandığı bilikləri həyat təcrübəsi ilə əlaqələndirməyi bacarır. Bu da şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Bunun üçün müəllimin dərsdə ən birinci məqsədi savadlı, mənəviyyatca sağlam, vətənpərvər insan yetişdirmək olmalıdır.

Lakin təəssüf ki, bəzi müəllimlər hələ də sovet təlim sisteminə üstünlük verirlər. Köhnə sistem bir sıra üstünlüklərə malik olsa da bir çox nöqsanlardan xali deyil. Bunlardan biri ənənəvi əyani-izahedici metoddur ki, bu zaman dərs monoloq formasında aparılır və təlimin effektivliyi aşağı düşür. Baxmayaraq ki, təlim prosesinin iştrakçısı müəllim və şagirddir, məktəb təcrübəsinə fəal təlimin tətbiq edilməsini məhz müəllimdən başlamaq lazımdır. Əgər fəal təlim şagird tərəfindən onun təbii tələbatlarına uyğun olan biliklərin dərk edilməsinin cəlbedici bir üsul kimi qavranılırsa, müəllim üçün isə bu mövcud stereotiplərin dağılması deməkdir. Müəllimlər "reproduktor" (ucadan danışan radio cihazı) rolundan imtina etməli və yeni bir rol- biliklərin əldə edilməsi yolunda bələdçi rolunu qəbul etməlidir.

Görkəmli alim Jan Piaget belə bir fikir irəli sürür ki,uşaqlar həyatlarının müxtəlif dövrlərində fərqli düşünür və fərqli mühakimə yürüdürlər. Bu dövrlər ərzində onlar şüurun formalaşma mərhələlərindən keçirlər. Bu mərhələlərdən ən sadəsi sensomotor mərhələ, ən mürəkkəbi isə uşağın məntiqi və sistematik fikir yürütdüyü formal əqli mərhələdir. Mən bir fənn müəllimi kimi, düşünürəm ki, tənqidi təfəkkürlü şəxsiyyətlər yetişdirmək üçün biz müəllimlər "Tənqidi pedaqogikaya"müraciət etməliyik.

Müəllim və şagirdlər arasında olan münasibətin, psixolji mühitin dəyişdirilməsi yeni təlim metodlarının tətbiq edilməsinin əsas şərtidir. Şagirdə hörmətlə yanaşma, etibar etmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qimətləndirilməsindən kənarlaşma şagirddə müəllimə qarşı hörmət, özünəinam hissi yaratmalı, "müvəffəqiyətsizliyin" olmasına dair qorxunu aradan götürməlidir.

Biz təhsildə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Texnologiyanın, xüsusilə də əldə olunmuş nailiyyətlər nəticəsində biz ibtidaiorta təhsil sahəsində fənlərin necə və hansı vasitələrlə daha yaxşı öyrədilməsi ilə bağlı böyük dəyişikliklərin şahidi olmuşuq.

Texnologiya tədris və təlim işində bir vasitədir. Kompyuter bacarığı müəllimlərə imkan verir ki, onlar İKT vasitələrinin əhəmiyyətini daha yaxşı dərk etsinlər.

Mən də bir müəllim kimi öz peşəmi çox sevdiyimdən və bunun məsulliyətini dərk etdiyimdən müasir təlim metodlarına yiyələnmək üçün kompyuter texnologiyasından öz fənnimin tədrisində istifadə etmək üçün "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" treninqinin dinləyicisi olmuşam. Bu treninqdə xeyli bilik və bacarıq əldə etmişəm, bunları öz fənnimin tədrisində tətbiq etməyə çalışacağam. Ümüd edirəm ki, bu təlim öz şagirdlərini XXI əsrin vətəndaşları kimi yetişdirmək istəyən hər bir tədris işçisi üçün praktik və faydalı mənbə olacaqdır.

 

 

Sevda ƏHMƏDOVA,

18 saylı Laçın orta məktəbinin müəllimi

 

Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 5.