Məmməd Araz şeirinin poetik özünəməxsusluğu
Sözə
qiymət vermək, onu misra daxilində yerində və fikir
elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin
məna dəyərini və tutumunu gücləndirməklə
ümumilikdə, şeirin obrazlı poetik sistemini qorumaq Məmməd
Araz poeziyasının başlıca xüsusiyyətlərindən
biridir.
Daha
çox təbiət və məhəbbət lirikasına
üstünlük verən şairin
yaradıcılığının ilk mərhələlərinin
şeirlərində konkret detallar və onların vasitəsilə
təbliğ edilən vətənpərvərlik ruhu daha
aparıcı mahiyyət daşıyır. Bu ruh onun valideynlərinə
- ata və anasına həsr etdiyi şeirlərində də
torpağa, vətənə məhəbbət hissləri ilə
əlaqələndirilir, ümumiləşdirilmiş poetik məna
kəsb edir. "Anamdan yadigar nəğmələr" silsiləsi
başdan belə bədii tamlığa malik olmaqla, ümumiləşdirilmiş
səciyyə daşıyır:
Elə
bil yarpızın dəyişib tamı,
Nanənin
ətri də azalıb bir az.
Çağırın,
çağırın əziz anamı,
Belə
bağça olmaz, belə bağ olmaz.
Örüşdən
quzular dönüb mələşir,
Boz
inək axtarır səsini onun.
Yadıma
bir sözüm, bir misram düşür:
Çırağı anaymış ata yurdunun.
Obrazlılığın kövrək təbiət
detalları ilə ifadəsi Məmməd Araz şeirini əlamətləndirən əsas
xüsusiyyətlərdir. Obrazlı-bəşəri ümumiləşdirmələrin səviyyəsi, təbiət
hadisələrinin və
detallarının incəliklərini
hiss və dərk etmək bacarığı
Məmməd Araz poeziyasının təsir
gücünü, poetik
mahiyyətini daha da artırır.
Şairin
bu dövrdə qələmə aldığı
"Göy göl",
"Əlvida dağlar",
"Bəzən unuduram",
"İnsan", "Bir
il", "Bülbülün
səsi" və s. şeirləri məhz belə əsərlərdəndir.
Sırf
təbiət şeirlərində
yenicə kənddən
gəlmiş gənc şairin həsrət motivləri daha qabarıqdır:
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli
çəməndə,
Ey qaragöz pəri, dalımca sən də
Boylan salamat qal, bax
salamat qal!
Məmməd Arazın ilk şeirləri
içərisində sonrakı
yaradıcılıq mərhələlərində
aparıcı mahiyyət
daşıyan insan - təbiət qarşılığının
rüşeymlərini üzə
çıxaran motivlərə
də təsadüf edilir. Bu baxımdan kiçik həcmli "İnsan" şeiri böyük əhəmiyyət
kəsb edir. Şairin sonralar sistem halına düşən vətənin bütövlüyünə
çağırış, cənub həsrətli şeirlərinin rüşeym
misraları yaradıcılığının
ilk dövrlərində bərkiyib
formalaşmağa başlayır.
"Bu gecə yuxumda Arazı gördüm", "Araz
üstə tək çinar" şeirləri
məhz belə lirik poema siqlətli
sənət nümunələridir.
Represiya və irtica illəri kimi səciyyələndirilən sovet
dövründə yaşayıb
yaratmış böyük
sənətkarlarımız Azərbaycanın ağrılarını
öz əsərlərində
əks etdirmiş, bununla da nəsillərin
qan yaddaşının
düzgün formalaşmasına
örnək olmuşlar. Totalitar
rejimin hər cür açıq sözün qarşısına
sipər çəkməyə,
haqqı ədaləti
azdırmağa çalışdığı
dövrlərində də
Məmməd Araz poeziyasının cəsarəti
zamanın ehkamlarına
qarşı dayanmışdır:
Mənə şərəflidir belə
ölümlər,
Qoy batsın
sinəmə, batsın
min nizə.
Arazdan, cənubdan yazdığım
əgər
Dünyada ən böyük cinayət isə.
Dolğun ideya, dərin məzmunu və vətənpərvərlik ruhu
ilə yanaşı, obrazlı ifadələrin
yeniliyi və bədii səviyyəsi baxımından da bu şeirlər Məmməd Arazın növbəti və daha səviyyəli yaradıcılıq mərhələsinə
qədəm qoymasından
xəbər verir. Bu şeirlər həm də şairin vətəndaş narahatlığını
nümayiş etdirir.
Hələ ilk şeirlərindən insan və onu
əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri
problemlər qaldırıb
onların özünəməxsus
bədii həllinə
çalışan Məmməd
Arazın 1960-cı illərin
əvvəllərində qələmə
aldığı "Üç
oğul anası",
"Araz axır",
"Anamdan yadigar nəğmələr", "İllərdən bəri",
"Ömür karvanı"
və s. şeirlərində
obrazlı düşüncə
tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir. Analitik
bədii təhlilə
meyl edən şairin insan - dünya münasibətlərində
taleyin saysız-hesabsız
oyunlarının xüsusi
bir sistem halında izlənməsi əsas yaradıcılıq
istiqaməti kimi üzə çıxır:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa
atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına
milyonlar şərik
Dünya sənin, Dünya mənim, Dünya heç kimin.
Məmməd Araz keçmişi də, bugünü də düşünəndə
ona yalnız şair qəlbi ilə yox, təfəkkür
gözü ilə baxır, Vətənin hər zərrəsində
məna axtarır. Onun hadisələrə
bədii-fəlsəfi baxışı
həmişə aparıcı
mövqedə durur.
Zaman keçdikcə bu səmimi hisslər daha dərin mənalarla ümumiləşdirilib
orijinal, ardıcıl
və sistemli poetik obrazlarla ifadə edilərək,
"Vətən daşı
olmayandan olmaz ölkə vətəndaşı"
qənaəti ilə yekunlaşdırılır.
Məmməd Araz sənətə gəldiyi gündən xalq onu əsl
şair kimi sevib qəbul etmişdir. Öz əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən,
onun inkişafına təkan verən Məmməd Arazın şeirləri hansı ictimai-siyasi quruluşda yaranmasından asılı
olmayaraq onlar həqiqi sənət əsərləri, poetik kəşflərlə, xalq
məsəlini andıran
aforizmlərlə, obrazlı
poetik nümunələrlə
zəngin əsl poeziya nümunələridir.
Vaqif ALLAHVERDİYEV,
Azərbaycan Müəllimlər İnstitutu
Ağcabədi filialının dosenti
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 8.