Mədəniyyət
yolu...
Müasir sənətşünaslığımızın
görkəmli simalarından olan Timuçin Əfəndiyevin MƏDƏNİYYƏT
YOLUnun yolçusu
olması şəksizdir. Və tariximizin
görünməyən, sezilməyən
çağlarından başlayıb sonsuzluğa
qədər uzanan bu ulu yolla Timuçin
müəllim tək yerimir. Elə isə
gəlin bu şanlı yolun
mürəkkəb məqamlarını görümlü
edən "yol ağacları"nı
açıqlamağa birlikdə cəhd edək...
Onun
erkən yaşlarından müəyyənləşdirdiyi
ideal var. Həmin ideal milli mədəniyyət və incəsənətin
milli köklərlə üzvi bağlılıqda, dünya
standartlarına uyğun istiqamətdə
inkişafıdır. Aydın məsələdir ki, bu
idealın qayəsi əbədi hərəkət olduğuna
görə ona çatmaq, yetmək mümkün deyil, amma hərəkət,
inkişaf naminə gündəlik işlər görmək
insandan işgüzarlıq, iradə, sağlam
düşüncə və bir də ki, doğma mədəniyyət
və incəsənətə sonsuz bağlılıq və
sevgi tələb edir.
İllər
boyu Timuçin Əfəndiyevlə mədəniyyət yolunu
gedənlərə, sıx təmasda olanlara onun sadalanan keyfiyyətlərə
sahib olması bəllidir və hamıya o da aydındır ki,
bu idealın formalaşmasında böyük sənətkar,
Azərbaycan milli sənət düşüncəsinin
qoruyucusu, milli mədəniyyət və incəsənətimizin
təəssübkeşi İlyas Əfəndiyevin rolu
misilsizdir.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Bədii,
yaradıcı və elmi düşüncələrin üzvi
sintezi bu təhsil ocağının gözəçarpan
özəlliyini müəyyənləşdirir. Otuz beş ilə
yaxındır ki, universitetin rəhbərliyini və
bütün məsuliyyətini üzərinə
götürmüş Timuçin Əfəndiyev elə ilk
gündən öz fəaliyyətinin konseptual proqramını
hamıya bəyan etdi və onun həyata keçirilməsi
uğrunda yorulmadan çalışmağa başladı.
Rektor
vəzifəsinə təyin edilən gündən
Timuçin Əfəndiyev hər şeydən öncə
yeni statusunun səviyyəsini və məsuliyyətinin
miqyasını dərk etdi. Özü üçün müəyyənləşdirdi
ki, mədəniyyət və incəsənət
qarşısında borc bildiyi işləri görməlidir.
Bu gün onun gördüyü işlərin praktiki nəticəsini
asanlıqla göstərmək olar. Belə ki, iyirmi beş
ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində rektor vəzifəsində
çalışan Timuçin Əfəndiyev vaxtilə
yalnız 9 ixtisasda kadr yetişdirən, dövlət ali məktəbləri
sırasında nüfuzu o qədər də yüksək
olmayan İncəsənət İnstitutunu mədəniyyət
və incəsənət üçün 30 (!) ixtisasdan
çox kadr hazırlayan, xarici ölkələrdən öyrəncilər
qəbul edən, beynəlxalq aləmdə diplomu tanınan,
özünün aspiranturası, doktoranturası, müdafiə
şurası, muzeyi, nəşriyyatı, elmi-nəzəri
jurnalı, müstəqil "tədris teatrı",
müasir tədris korpusları və s. olan yüksək
statuslu Universitet səviyyəsinə yüksəltmişdir. Mədəniyyət
və incəsənətimizin aktual tələb və
ehtiyaclarını ödəmək məqsədilə rektor
Azərbaycanda bu vaxta qədər olmayan "Balet sənəti",
"Kino rejissorluğu", "Televiziya rejissorluğu",
"Kinooperatorluq", "Xalçaçılıq",
"Modaçı rəssam", "Reklam işləri
üzrə rəssam", "Teatr və kino rəssamı",
"Estrada rejissorluğu" və bir çox başqa
ixtisasları tədris edən fakültələri
açmışdır.
Ta qədimdən
akademik çevrələrdə "öyrədərək
öyrənirəm" şüarı məlumdur.
Maarifçilik yolunu müəllimlikdən başlayan
Timuçin Əfəndiyev "öyrətməyin" ən
yuxarı pilləsinə - elmlər doktoru və professor səviyyəsinə
yüksələndən sonra da öyrənmək həvəsini
itirməyib. Bunun praktiki səbəbi də var -
çağdaş mədəniyyət və incəsənət
prosesləri elə sürətlə cərəyan edir ki,
dünənki bilgilər bu gün işə yaramır,
etibardan düşür və əgər sən iddiasında
olduğun səviyyəyə layiq qalmaq istəyirsənsə,
əlini proseslərin nəbzindən çəkməməlisən.
Elmi
iddialarını "Cavidin ideyalar aləmi" namizədlik
dissertasiyasında bəyan edərək, onları "Azərbaycan
dramaturgiyasında tarixilik və bədiilik" mövzusunda
yazdığı doktorluq işində yüksək səviyyədə
təsdiqləyən Timuçin Əfəndiyev bir
çoxları kimi bununla kifayətlənə bilərdi. Amma
o, yeni elmi sahələrlə maraqlanır,
aşkarladığı yeni problemləri öyrənir,
araşdırır və 40-a yaxın kitabında, 300-dən
artıq məqalədə əldə etdiyi qənaətləri
oxucuları - öyrənciləri ilə səxavətlə
bölüşür. Öyrəndiyi bilgilər artdıqca
üzərində düşündüyü mətləblər
də çoxalır. Timuçin Əfəndiyevin elmi
düşüncəsinin məhsulu olan "Azərbaycan mədəniyyəti
və incəsənəti", "Azərbaycan
dramaturgiyasında metodlar", "Böyük dramaturq",
"XVIII əsr rus teatrı", "Ukrayna və Belarusiya
teatrı", "Antik ədəbiyyat", "Rus
teatrı", "Cəfər Cabbarlı və romantik
dramları", "Romantik dramaturgiyada tarixilik və bədiilik",
"Azərbaycan kino tarixi oçerkləri", "Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz"
(2010) və "Mədəniyyətdə tarixilik və
müasirlik" (2011) adlı əsərləri,
monoqrafiyaları onun öyrəndiklərinin parlaq əksi
olaraq öyrənmək istəyənlər üçün əvəzsiz
elmi qaynaq kimi dəyərləndirilib.
Bu il
işıq üzü görən "Mədəniyyətdə
tarixilik və müasirlik" adlı ensiklopedik əsər Azərbaycanda
bədii təhsilin görkəmli təşkilatçısı
və uzun illər Azərbaycan mədəniyyəti və incəsənəti
üçün kadr hazırlığı prosesinə rəhbərlik
edən görkəmli alimin qələminin məhsuludur. Bu
kitabda Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin
inkişaf xüsusiyyətləri öz əksini tapıb.
Monoqrafiyanın strukturu sadə və produktivdir. Kitabda milli mədəniyyətin
tarixi və inkişaf mərhələləri "Teatr sənəti",
"Kino sənəti", "Musiqi sənəti",
"Memarlıq və incəsənət",
"Kulturologiya", "Muzeyşünaslıq" adlı
bölmələrdə araşdırılır. Təqdirəlayiq
haldır ki, müəllif milli mədəniyyətimizin
tarixini ümumi şəkildə araşdırmamış, hər
bir sənət sahəsinə ayrıca bölmə həsr
etmişdir.
Kitabın
sonunda təqdim olunan ədəbiyyat siyahısına nəzər
saldıqda görürük ki, müəllif mədəniyyət
tarixinə və nəzəriyyəsinə həsr olunmuş
Azərbaycan, rus, türk və əcnəbi dillərdə
mövcud olan ədəbiyyatdan yararlanmışdır.
Kitabın sonunda elektron ədəbiyyat siyahısı da təqdim
olunub. Həqiqətən də, dövrümüzün tələblərinə
uyğun olaraq, sanballı və böyük informasiya tutumu
olan monoqrafiya yazmaq üçün mütləq beynəlxalq
internet şəbəkəsindən yararlanmaq zəruridir.
Timuçin
Əfəndiyevin "Mədəniyyətdə tarixilik və
müasirlik" adlı kitabı ensiklopediya xarakteri
daşıyır. Əsər Azərbaycan mədəniyyəti
və incəsənəti tarixinin və nəzəriyyəsinin
müxtəlif problemlərinə həsr olunub. Kitabda milli mədəniyyətimizin
müxtəlif sahələri - teatr, kino, musiqi, memarlıq və
təsviri sənət, kulturologiya və
muzeyşünaslıq təhlil olunur.
Müəllif milli mədəniyyətin inkişaf mərhələlərindən danışarkən yazır: "Hər bir xalqın bədii mədəniyyətinin inkişafı onun bədii təfəkkürünün, humanitar düşüncəsinin təkamül mərhələlərini əks etdirir. Materialist nəzəriyyələr öz məqsəd və məramlarını təsdiq üçün, adətən, mənəvi mədəniyyəti ictimai-tarixi tərəqqidən tam asılı proses hesab edərək, ona hətta "üstqurum" kimi izah vermişlər. XX əsr mədəniyyəti, demək olar ki, bu konsepsiya ilə istiqamətləndirilmiş, onun nəinki mövcud durumu, habelə tarixi təcrübəsi və bədii ənənələri də həmən yanlış, birtərəfli baxışlarla təhlil və təyin olunmuşdur. Halbuki bədii mədəniyyət heç də həmişə tarixdən asılı bir fenomen deyil. Onun özünəməxsus bədii təfəkkürün, istedadın, ilhamın imkan və səviyyəsindən bəhrələnən inkişaf qanunauyğunluqları var. Bu fikirlə biz heç də mədəniyyətimizi tarixin təcrübəsindən tam təcrid etmək niyyətində deyilik. İlahi bir vergi olan istedad, səmavi bir anlayış olan ilham xalqın tarixi taleyi, onun çoxəsrlik yaşantı təcrübəsi ilə birləşəndə əsl sənət əsəri meydana gəlir, mədəniyyət isə xalq mənəviyyatı xəzinəsi kimi formalaşaraq bədii sərvətə çevrilir. Mədəniyyət xalqın enerji saxlancıdır".
Göründüyü kimi, mədəniyyəti "xalqın enerji saxlancı" adlandıran Timuçin Əfəndiyev problemə tamamilə fərqli, orijinal baxım bucağından, tarixilik və müasirlik aspektindən yanaşır və mədəniyyət prosesinin təməl xüsusiyyətlərini araşdırmağa çalışır. Mədəniyyəti "üstqurum" kimi deyil, insan yaşamının ontoloji şərti kimi araşdıran müəllif tarixilik və müasirlik kateqoriyalarının dolğun elmi izahını verir.
Heç şübhəsiz ki, kitabın bütün fəsilləri böyük nəzəri əhəmiyyətə malikdir və eyni dərəcədə maraqlıdır. Mən isə ixtisasıma və fəaliyyət sahəmə uyğun olaraq, daha çox "Teatr sənəti" bölməsinin üzərində dayanacağam. Kitabın 13-100-cü səhifələrini əhatə edən bu bölmədə Azərbaycan teatrının tarixi və inkişaf tendensiyaları mərhələli şəkildə təhlil olunur. Sözügedən fəsil öz növbəsində bir neçə yarımfəsildən ibarətdir. "Azərbaycan teatrının tarixi, ictimai və mədəni qaynaqları" adlı ilk yarımfəsildə Azərbaycanda peşəkar teatr sənətinin yaranma tarixinə nəzər salınır, milli teatr sənətinin yaranması faktı mədəni-ictimai hadisələrin fonunda araşdırılır. Müəllif haqlı olaraq, milli teatr sənətinin yaranmasını ölkədə XIX əsrin sonlarında intensiv xarakter alan maarifçilik hərəkatı ilə bağlayır.
Sonrakı fəsillərdə teatr sənətinin ünsürləri və komponentləri araşdırılır, müəllif problemə orijinal baxım bucağından yanaşaraq yazır: "Teatrın yaranma tarixi probleminin qoyuluş tərzinə ictimai şüur formalarının bir növü kimi baxılarsa, teatrın yaranma tarixinin ibtidai icma quruluşu ilə bağlılığı aydın olar". Kitabda teatr sənətinin rüşeymlərini özündə ehtiva edən xalq oyun-tamaşaları, meydan tamaşaları, rituallar araşdırılır.
Kitabda həmçinin milli dramaturgiyamızın tarixinə, təşəkkül və inkişaf mərhələlərinə nəzər salınır, M.F.Axundzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev kimi dramaturqların yaradıcılığı və onların pyesləri əsasında hazırlanan tamaşaların bədii-estetik xüsusiyyətləri təhlilə çəkilir.
"Azərbaycan teatrında aktyor ifası ənənələri" adlı yarımfəsildə milli aktyor sənətinin korifeylərindən sayılan Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirmahmud Kazımovski, Əhməd Ağdamski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Cəlil Bağdadbəyov, İbrahim Azəri, Ülvi Rəcəb və başqa aktyorların yaradıcılıqları araşdırılır. Növbəti yarımfəsildə müəllif milli teatr sənətinin yetkinlik mərhələsini təhlilə cəlb edir.
Sözügedən bu ensiklopedik əsərdə aktyor sənəti ilə yanaşı, milli rejissor sənətinə də geniş yer ayrılıb. Ə.İsgəndərov, M.Məmmədov, T.Kazımov, H.Atakişiyev, A.P.Nemət, V.İbrahimoğlu və başqa rejissorların yaradıcılığına nəzər salınır.
Milli teatrşünaslıq
elmi də müəllifin diqqətindən
kənarda qalmamışdır. Belə ki,
"Mədəniyyətdə tarixilik və
müasirlik" kitabında
teatrşünaslığın bir elm kimi formalaşması,
başlıca məqsəd və vəzifələri, nəzəri
prinsipləri dərindən araşdırılır. Müəllif
Azərbaycan teatrşünaslıq elminin yaranma və inkişaf
tarixinə nəzər salır, milli
teatrşünaslıq elminin parlaq nümayəndələrinin
yaradıcılığı haqqında ensiklopedik
məlumatları oxucuların diqqətinə
çatdırır.
***
Timuçin
Əfəndiyevin şəxsiyyəti haqqında
düşünəndə birinci ağla gələn tərif
"enerji" olur. Bu adamın yaşayıb-yaratmaq
şövqü, hər şeyə səngimək bilməyən
marağı, bu günün nailiyyətlərinə qane
olmayıb sabaha - daha uzaq gələcəyə yönəlmiş
yeni planlar qurmaq həvəsi, həyatın amansız zərbələrinə
dözümü, insana müsbət təsir göstərən
nikbinliyi keçdiyi uzun yolun mükafatları kimi dəyərləndirilə
bilər. Halbuki, qədirbilən həmkarları da
Timuçin Əfəndiyevi mükafatlandırmağı
özlərinə borc və şərəf bilərək
onun qiymətini zamanında vermişlər. Əməkdar incəsənət
xadimi, "Akademik Yusif Məmmədəliyev adına mükafat",
"Humay" mükafatı, "Qızıl Dərviş"
mükafatı, "Azərbaycan Teatr Xadimləri
İttifaqının "Qızıl medal"ı, xarici səfərləri
zamanı qarşılıqlı mədəni münasibətlər
zəminində gördüyü möhtəşəm
işlər üçün aldığı mötəbər
mükafatlar, saysız-hesabsız diplom və fəxri fərmanlar
Timuçin Əfəndiyevin həyat yolunu bəzəməkdədir.
Timuçin
Əfəndiyevin bu yolda əldə etdiyi əsl dəyərlər,
əsl mükafat və şərəfləndirmələr isə
Yunis İmrənin təbirincə, "ondan içəri"də
- milli mədəniyyət və incəsənətimizin qutlu
tərkibindədir.
Başqa
bir türk ozanının sözlərini Timuçin Əfəndiyevə
şamil etsək, o, "uzun, incə bir yoldadır" - mədəniyyət
yolunda, əvvəli və sonu olmayan yolun yolçusu isə,
atalar demişkən, yolda gərək.
Məryəm ƏLİZADƏ,
əməkdar incəsənət
xadimi,
sənətşünaslıq
doktoru,
professor
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 8.