Nəcib qəlbli
Nəcibə xanım
Nəcibə Məlikovanın 90 illik yubileyi ilə
bağlı bu yazını onun ögey oğlu Fuad Əsədovun
Nəcibə xanımla bağlı xatirələrindən başlamaq istərdim. Fuad
müəllim yazırdı: "Xədicə - mənim anam, Nəcibə - böyük
aktrisa, qardaşım Saqibin,
bacılarım Zemfira və Elmiranın
anası idi. Bizi
doğmalaşdıran, bir ailənin
övladları edən Nəcibə oldu.
Tez-tez hamımız yığışıb Nəcibə xanımgilin doğma kəndi Buzovnaya gedərdik. Orda onların ata mülkləri var idi. Qohumlarının da çoxu elə bu kənddə yaşayırdı. Bəli, o mənim ögey anam idi. O vaxt mən Tovuzdan Gəncəyə gələndə, onunla yola getməyən Xanım nənəm bu sözləri tez-tez deyib onu sancardı: "Ögey anasan, ona görə ürəyin yanmır". Nəcibə xanımın yerinə kim olsaydı, doğmalıq nədi, tamamilə bizdən üz çevirib yalnız öz uşaqlarıyla məşğul olardı. O isə bütün bunlara dözüb, tab gətirib doğmalıq göstərə bildi. Mən bunları danışdıqca, yəqin, tanış gəlir sizə. Tamamilə doğrudur, "Ögey ana" filmindəki vəziyyətə bənzəyir. Burada heç bir təsadüfdən söhbət getmir. Hər şeyi necə varsa, eləcə köçürüblər filmə. Çox cüzi dəyişikliklərlə.
Hadisə belə olmuşdu: görkəmli rejissorumuz Adil İsgəndərov ailəmizə yaxın olduğundan, Gəncədə olanda bizim evə gəlib-gedərdi. Hər dəfə də nənəmlə Nəcibənin bu dartışmasına tənə edib deyərdi: "Əşşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən". Sən demə, bu sözü Adil müəllim elə-belə, söz xatirinə deməyib. Həqiqətən də, filmin ideyasını Həbib İsmayılova o verib. Az sonra bizim ailədəki münasibətlər haqda yazılan ssenari əsasında kinorejissor Həbib İsmayılov "Ögey ana" filmini çəkdi. Mən deyərdim, filmdə Nəcibə Məlikova Dilarəni yox, özünü oynayıb. Bircə anlığa da olsa, bu rolda başqa aktrisanı təsəvvürə gətirmək istəsəniz, görəcəksiniz, mümkün deyil. Ona görə yox ki, başqa aktrisaların belə bir rolu oynamağa gücləri çatmazdı. Ona görə ki, bu rolda mənim ögey, əslindəsə, doğmadan-doğma analığım özünü yaratmışdı, hamımız onu necə tanıyırdıqsa, bu filmdə o cür gördük".
Gözəl qadın idi, rolları da özünə çox oxşayırdı. Uca qaməti, təbəssüm dolu sifəti, şux yerişi, məlahətli səsi, qeyri-adi aktyorluq istedadı onu xatirələrdə elə beləcə də yaşadır.
Nəcibə xanımın mənəvi dünyamıza bəxş etdiyi qadın obrazları teatr və kino tariximizdə silinməz izlər qoyub.
Nəcibə xanım Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmiş və Akademik Dram Teatrında fəaliyyətə başlamışdı. Sonra isə ölkəmizin müxtəlif teatrlarında, o cümlədən Gəncə Dövlət Teatrında çalışmışdı. Nəcibə xanım 1952-ci ildə yenidən Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıtmış və sonrakı bütün yaradıcı həyatını bu teatra bağlamışdır.
Bu aktrisa dramatik xarakterlərin çox mahir ifaçısı idi. Rejissorlar ona çox zaman baş qəhrəmanların rollarını həvalə edirdilər. Nəcibə xanım da bu obrazlara ürəyinin hərarətini verərdi, onları sevə-sevə yaradırdı. Onun rollarını sadalamaqla qurtaran deyil. 50-70-ci illərin teatr repertuarında, demək olar, elə əsər yox idi ki, Nəcibə xanım orada oynamasın.
Azərbaycan dramaturqlarının əsərlərində oynadığı rollar xüsusilə yaddaqalan olurdu. Məsələn, Xumar ("Şeyx Sənan"), Sofiya Xatun ("Qılınc və qələm"), Şölə xanım ("Lənkəran xanının vəziri"), Şəhrəbanu xanım ("Müsyö Jordan və dərviş Məstəli şah") və onlarla digər əsərlərdə yaratdığı qadın obrazları böyük məhəbbətlə qarşılandı. Onun qəhrəmanları dövrünün xarakterik cizgilərini əks etdirməklə çox tərbiyəvi əhəmiyyət daşıyırdı və bu qadınlar öz haqları uğrunda mübarizə aparan insanlardır. Nəcibə Məlikova özünəməxsus yaradıcılıq yolu olan bir sənətkar idi. Özü də ona həmişə gözəl qadınların obrazını həvalə edirdilər. Kinoda onun çox qiymətli rolları bizə yadigar qalıb. İlk dəfə onu "Fətəli xan" filmində çəkmişdilər. Bu ekran əsəri tarixi hadisələri əks etdirməklə, həm də qadınlarımızın o dövrdəki həyat tərzini bizə aydın şəkildə çatdırır.
1950-ci ildə "Bakının işıqları" filmində oynayan aktrisa, nəhayət ki, kinoda ən böyük rolunu 1959-cu ildə "Ögey ana" filmində yaratdı. "Ögey ana" - Dilarə rolu bizim kinomuzun ən layiqli qadın qəhrəmanlarındandır. Dilarə xanımın rastlaşdığı şərait mürəkkəb, münaqişəli bir həyatdır. O, uzaq kəndlərdən birinə gəlməli olub. Özü ilə qızını da gətirib. Həyat qurduğu insanın da bir övladı var. Belə hadisələrlə əslində tez-tez qarşılaşırıq. Ancaq bu tipik ögey ana - hər cür ağrılara, tənələrə dözərək taleyini qorumaq istəyir. Yerli-yersiz tənələr, balaca İsmayılın ərköyünlüyü, ətrafdakıların təzyiqləri Dilarə xanımı nə qədər sıxıntı içərisində saxlasa belə, o, ailəsini qorumağa çalışır. O, kənddə camaatın hörmətini qazanır, həkim kimi xəstələrin qayğısına qalır. Və bütün bunlar onu əsl müsbət qəhrəman səviyyəsinə qaldırır. Sonda İsmayılın ona "Ana" deyə müraciət etməsi filmin kulminasiyasını təşkil edir və bu anda aktrisanın sifətindəki xoşbəxtlik ifadəsi tamaşaçını həyəcanlandırır və o qəhrəmanın qələbəsindən bir növ qürur duyur.
Nəcibə Məlikova "Aygün" filmində də baş qəhrəmanın rolunu oynayıb. Aygünlə Dilarə arasında bir tale oxşarlığı var. Bu, bəlkə də, onların hər ikisini eyni aktrisanın ifa etməsindən yaranan hissdir. Amma bu, o demək deyil ki, aktrisa ampluadan çıxa bilməyib. Onun qəhrəmanları arasında "Əhməd haradadır?" filmindəki Nərgiz xala kimi çox gözəl bir obraz da var ki, bu rol kinomuzda bütövlükdə yeni qəhrəmandır və demək olar ki, film bütövlükdə bu obraz ətrafında cərəyan edir.
Nəcibə xanım Nərgiz xalanı sevərək yaradıb. O, kənddə yaşasa da dünyanın gərdişindən baş çıxaran, çevik, ağıllı qadındır. Nəcibə xanım onun xarakterini məharətlə açır, onu sevdirir.
Nəcibə xanım "Arşın
mal alan" (II variant) filmindəki xala rolunda çəkilib. Bu obrazı bizim
kinoda əvvəlcə
Münəvvər Kələntərli
yaratmışdı. Həm də
çox uğurlu qəhrəman idi. Nəcibə
xanımın qəhrəmanı
bir qədər fərqli olsa da, Üzeyir sənətinin ruhuna uyğun idi. Aktrisa, xala obrazını çox məharətlə
ifa etmişdi.
Kinoda bir mənfi rolu var Nəcibə xanımın. "Qanun
naminə" filmindəki
Zərintacı yəqin
ki, xatırlayırsınız.
Bu qadın təsir
altına düşmüş,
aldadılmış bir
obrazdır. Bu halla Nəcibə xanım demək olar ki, özünün
yeni yaradıcılıq
potensialını üzə
çıxardı.
Nəcibə xanım 1974-cü ildə
xalq artisti fəxri adı almışdı. O, həqiqətən,
xalqın aktrisası idi, xalq onu
sevirdi. Nə qədər qızlarımız
onun qəhrəmanlarından
ad alıb. Nəcibə xanım milli aktyor sənətimizin çox istedadlı nümayəndələrindən idi. Onun ifasında Azərbaycan
qadınlarının bənzərsiz
obrazları bu gün də filmlərimizdə yaşayır.
Teatr tədqiqatçıları
təsdiqləyərdilər ki, Nəcibə Məlikova Mirzə Fətəli Axundovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, İlyas Əfəndiyevin pyesləri
əsasında hazırlanmış
tamaşalarda yaddaqalan,
ürəyəyatan maraqlı
qadın obrazları yaradıb. Estreliya ("Sevilya ulduzu",
Lope de Veqa), Xuraman
("Vaqif", S.Vurğun),
Sofiya İvanovna
("Zıkovlar", M.Qorki),
Sofiya xatun ("Qılınc və Qələm", M.S.Ordubadi),
Oqudalova ("Cehizsiz qız", A.Ostrovski) obrazları onun teatr yaradıcılığının
yaddaqalan nümunələridir.
Zamanın şaxtalı illəri onun həyatında ağır izlər qoysa da, Nəcibə
xanım içindən
gələn bir qadın məğrurluğu
ilə sanki qəsdən kədərdən,
qəmdən xəbərsiz
görünürdü. Bu dünyanın ən bəxtəvər adamı
kimi özgələrin
fikir və duyğularını içindən
keçirərək aktrisa
taleyini yaşayırdı.
Bircə
gözlərinin dərinliyində
onun böyük kədərinin nişanələri
duyulurdu. Böyük ürəyi
vardı. Çalışırdı ki, hamıya
yaxşılığı dəysin. Taleyin bütün ağrı-acılarının
acığına xasiyyətcə
də mülayim və mehriban idi.
Onun əziz
xatirəsi sənətsevər
xalqımızın yaddaşında
əbədi yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 7.