Azərbaycanın bütün türkdilli dövlətlərlə işgüzar və səmimi münasibətləri var

 

Azərbaycan ilə Qazaxıstan tarixi köklərə malik olan ölkələrdir. Qazaxıstan - Azərbaycan münasibətlərinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri vardır. Ümumiyyətlə, türkdilli dövlətlərin əlaqələrinin daha sıx tellərlə bağlanmasında müstəsna rolu olmuş türk dünyasının lideri Heydər Əliyevə hazırda Qazaxıstanda böyük hörmət və ehtiram bəslənilir.

 

Azərbaycanla Qazaxıstan arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin müstəqillik əldə etməsindən sonra daha da möhkəmlənmiş və yüksələn xətt üzrə inkişaf etmişdir. Bu illər ərzində dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər iki ölkə arasındakı dostluq münasibətlərini möhkəmləndirmiş əməkdaşlığı genişləndirmişdir. Qazaxıstanda Nursultan Nazarbayevin, Azərbaycanda isə qüdrətli şəxsiyyət Heydər Əliyevin liderliyi sayəsində hər iki ölkədə demokratik və iqtisadi islahatların həyata keçirilməsi, müstəqilliyin və regionda təhlükəsizliyin möhkəmlənməsi yolunda böyük uğurlar qazanılmışdır.

2003-cü ilin oktyabrında seçicilərin mütləq səs çoxluğu ilə prezident seçilən İlham Əliyev ulu öndərin yarımçıq qalmış işlərini davam etdirmiş, türkdilli ölkələrlə əməkdaşlığın daha da möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atmışdır. Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladıqdan sonra ilk rəsmi səfər etdiyi dövlətlərdən biri də Qazaxıstan Respublikası olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il martın 1-2-də Qazaxıstana rəsmi səfərə getmişdir.

Bu səfər zamanı bir sıra sənədlər imzalanmış və iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi üçün hüquqi baza daha da möhkəmləndirilmişdir. Bundan sonra hər iki dövlət başçısının qarşılıqlı səfərləri mütəmadi xarakter daşımışdır. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Qazaxıstanda rəsmi səfərdə olarkən iki ölkə dövlət başçılarının qarşılıqlı səfərlərinin mütəmadi xarakter almasını dostluq və qardaşlıq münasibətlərinin daha da yaxşılaşdırılması ilə əlaqələndirərək demişdir: "Mənim üçün Sizin ölkəyə gəlmək həmişə çox fərəhli hadisədir. Elə alınmışdır ki, Azərbaycana rəhbərlik etdiyim bütün illər ərzində demək olar ki, hər il Qazaxıstanda - ya Astanada, ya da Almatıda oluram".

Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin bugünkü vəziyyəti və perspektivləri barədə də məlumat vermişdir. Prezident İlham Əliyev bu əlaqələrin tarixindən söhbət açaraq demişdir: "Xalqlarımızı ümumi tarix, ümumi köklər birləşdirir. Xalqlarımızı yaxınlaşdıran amil, əlbəttə, həm də Sizinlə mənim atam - Prezident Heydər Əliyev arasındakı şəxsi dostluq olmuşdur. Bu dostluq zamanın - həm sovet dövrünün, həm də müstəqillik dövrünün sınağından çıxmışdır. Sizin dostluğunuz və münasibətləriniz azərbaycanlıların və qazaxların bütün nəsilləri üçün nümunədir. Münasibətləri qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar əsasında necə qurmaq nümunəsi! Xoşbəxtlikdən strateji mənafelərimiz də həm regionda, həm də dünyada üst-üstə düşür. Biz bütün işlərdə bir-birimizi dəstəkləyirik".

Qeyd edək ki, Qazaxıstan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Hazırda ATƏT-in sədri kimi də Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında öz səylərini əsirgəmir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevöz növbəsində iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. O, gələcəkdə bu münasibətlərin daha da möhkəmləndiriləcəyi istiqamətində böyük perspektivlərin olduğunu vurğulamışdır. Nursultan Nazarbayev iki ölkə arasında qardaşlıq münasibətlərindən söhbət açmış və Azərbaycanı Qafqaz regionunda Qazaxıstanın əsas iqtisadisiyasi tərəfdaşı hesab etdiyini diqqətə çatdırmışdır. O demişdir ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra bu münasibətlər yüksək səviyyədə qorunub saxlanılmışdır.

Qazaxıstan Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibəti ilə xalqımızı təbrik etmişdir. O, həmçinin qeyd etmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ problemi və Azərbaycanın ərazisinin işğalı nəticəsində 1 milyon qaçqının olmasına baxmayaraq, Azərbaycan ötən iyirmi il ərzində böyük nailiyyətlər qazanmışdır. Qazaxıstan Prezidenti demişdir: "İqtisadi göstəricilər, xalqın rifahının artması, iqtisadiyyatda islahatlar onu göstərir ki, Azərbaycan qabaqcıl mövqelərdən birini tutur. Biz buna baxıb sevinirik".

Azərbaycanla Qazaxıstanın dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi sahədə də diqqəti cəlb edir. Energetika, neftin nəql edilməsi və Xəzərdən Qazaxıstanın Qafqaza, Qara dəniz və Avropaya çıxışı üçün nəqliyyat arteriyası kimi istifadə edilməsi məsələlərində əlaqələr keçirilən görüşlərdə diqqət mərkəzində olmuşdur. Bu məsələ hər iki ölkənin xüsusi önəm yetirdiyi sahədir. Azərbaycanın son illər bir sıra sahələrdə böyük təcrübəsi olan dövlət kimi tanınması Qazaxıstanda da etiraf olunmuşdur. Prezident Nursultan Nazarbayev bildirmişdir ki, Azərbaycanın və azərbaycanlı mütəxəssislərin neftqaz sahəsində çox böyük təcrübəsini nəzərə alaraq bizim mütəxəssislər bu təcrübədən istifadə etməlidirlər. Dövlət başçısı qeyd etmişdir ki, biz Azərbaycan tərəfi ilə həm də neft hasilatı, netfqaz emalı üçün avadanlıqlar yaradılması məsələsində əməkdaşlıq edə bilərik. Bu, bir daha təsdiqləyir ki, artıq Azərbaycan iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlətdir. Azərbaycanın iqtisadi qüdrəti, gücü imkan verir ki, enerji daşıyıcılarını heç bir ölkənin vasitəçiliyi olmadan dünya bazarına çıxara bilsin.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çox zəngin olmuşdur. Bu səfər bir sıra xüsusiyyətlərinə görə böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası prezidentləri Birgə Bəyannamə imzalamışlar. Bundan başqa, iki ölkənin hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş, Xarici İşlər nazirlikləri arasında Əməkdaşlıq Haqqında Protokol, dəniz ticarəti gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bu sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcək.

Azərbaycan Prezidentinin Qazaxıstana səfərinin önəmli cəhətlərindən biri də dövlət başçımızın Almatıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısında iştirak etməsi olmuşdur. Qeyd edək ki, Azərbaycanın bütün türkdilli dövlətlərlə işgüzar və səmimi münasibətləri var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ticarət-iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini başlıca prioritet müəyyən etmişdir. Tədbir iştirakçılarını salamlayan Prezident Nursultan Nazarbayev öncə 2009-cu il oktyabrın 3-də türkdilli dövlət başçılarının Naxçıvanda imzaladıqları Sazişi xatırlatmış və bu sənədin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlıqdan söhbət açan Qazaxıstan Prezidenti müxtəlif mədəni tədirlərin, o cümlədən festivalların keçirilməsinə diqqət yetirilmişdir. TÜRKSOY-un bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Nursultan Nazarbayev, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini demişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidentinin nitqi böyük maraqla qarşılandı. Türkdilli dövlətlərin zirvə görüşlərinin mütəmadi keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti demişdir: "Mən çox şadam ki, görüşlərimiz artıq gözəl ənənəyə çevrilmişdir. Bildiyiniz kimi, bir müddət türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşləri keçirilmirdi. Ancaq son üç il ərzində bu görüşlər mütəmadi keçirilir. 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbuldabu gün Almatıda bu görüşlər keçirilir. Əminəm ki, gələcək illərdə də bu ənənə davam edəcək və hər bir görüşün çox böyük mənası vardır. Bu görüşlər nəticəsində qəbul edilən qərarlar birliyimizi daha da gücləndirir. Biz istəyirik ki, bütün türkdilli dövlətlər arasında həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələr daha da yüksək səviyyəyə qalxsın".

Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısının 49 bənddən ibarət yekun sənədi - Almatı Bəyannaməsi imzalanmışdır. Çox böyük əhəmiyyət kəsb edən bu sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Almatı Zirvə Toplantısı ümumi tarix, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaqdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 1.