Müstəqil Azərbaycanın
iqtisadiyyatının dinamik inkişafı
regionların mənzərəsini dəyişmişdir
Azərbaycan
xalqı dövlət müstəqilliyinin 20- ci
ildönümünü böyük təntənə ilə
qeyd etdi.Bu, təsadüfi deyil.Çünki ulu öndərimiz
Heydər Əliyevin sözlərilə desək, Azərbaycanın
dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.Bu
nailiyyət barədə oktyabrın 17-də "Buta"
sarayında dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda
ətraflı danışılmışdır.Rəsmi qəbulda
nitq söyləyən Prezident İlham Əliyev demişdir:
"Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə
olan baxışlarımızdır, strategiyamızdır,
birliyimizdir.Azərbaycan xalqı bu 20 il ərzində vətəndaş
həmrəyliyi göstəribdir.Azərbaycan xalqı bu illər
ərzində nə qədər böyük xalq olduğunu
göstəribdir.İyirmi ildə biz böyük nailiyyətlərə
çatmışıq.Əminəm ki, bundan sonra da biz bu
nailiyyətləri artıracağıq, ölkəmizin hərtərəfli
inkişafı üçün
çalışacağıq, daha da qüdrətli, daha da
gözəl ölkə yaradacağıq..."
Ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda
cərəyan edən mürəkkəb və ziddiyyətli
ictimai-siyasi prosesləri yaxşı xatırlayırıq. O
zaman ölkədə xaos və anarxiya hökm
sürürdü. Həmin vaxt, başqa sözlə, müstəqilliyin
bərpasının ilk illərində ölkə
iqtisadiyyatı hər il orta hesabla 16 faiz azalmış,
inflyasiya səviyyəsi 1800 faizə çatmış,
büdcə kəsirinin ümumi daxili məhsul istehsalına
nisbəti 13 faizə qədər artmış, xarici ticarət
dövriyyəsinin həcmi 42 faiz geriləmişdi. Əhalinin
əməkhaqqı isə 5,7 dəfə aşağı
düşmüşdü. Digər tərəfdən, daxili
siyasi böhran, ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən
işğal edilməsi, 1 milyondan artıq
soydaşımızın doğma yurd-yuvasından didərgin
düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş
və nəticədə iqtisadiyyat idarəolunmaz vəziyyətlə
üzləşmişdi. Belə böhranlı və
ağır vəziyyətdə xalq çıxış
yolunu yenə müdrik rəhbərinin - ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə gəlməsində
görürdü. Ona görə də 1993-cü ilin 15
iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri
seçilməsi ölkənin ictimai-siyasi həyatının
sabitləşməsinə böyük zəmin yaratdı. Ali
Sovetin 15 iyun 1993-cü il tarixli iclasındakı
çıxışında ulu öndər ona göstərilən
etimadı doğrultmağa çalışacağını
vurğuladı: "Sizi əmin edirəm ki, bütün
imkanlardan istifadə edib bu böyük vəzifəni,
ağır bir yükü aparmağa
çalışacağam və bu vəzifənin ləyaqətlə
yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək
istəyirəm ki, Azərbaycan Respublikasının
bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini
tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni
üzərimə götürərək öz məsuliyyətimi
anlayıram və bunların hamısını vəhdət
tutaraq əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Milli Məclisinə rəhbərlik etdiyi dövrdə parlamentdə ölkənin müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanması və qəbulu diqqət mərkəzində saxlanılmışdır. Ulu öndər Milli Məclisə rəbərliyi dövründə ilk növbədə Azərbaycanın tənəzzüldə olan iqtisadiyyatını dirçəltmək barədə düşünmüşdür. "Müəssisələr haqqında", "Auditor xidməti haqqında" qanunların qəbulu bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, o dövrdə Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növlərindən asılı olmayaraq bütün subyektlər üçün bərabər hüquqlar yaradılmasını nəzərdə tutan "İnvestisiya fəaliyyəti haqqında" qanun (13 yanvar 1995-ci il) qəbul edilmişdi. Qanunda Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri də müəyyənləşdirilirdi.
Adıçəkilən sənəd investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. İnvestisiyaların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa dövlətlərlə bağladığı müqavilələrlə təmin edilir.
Ulu öndər o dövrdə torpaq üzərində mülkiyyət münasibətlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə də mühüm diqqət yetirdi. Milli Məclis tərəfindən qəbul edilmiş "Aqrar islahatların əsasları haqqında" və "Kolxoz və sovxozların islahatı haqqında" 18 fevral 1995-ci il tarixli qanunlar bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin qanunlar kənddə torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşması, müxtəlif növlü təsərrüfatların yaradılmasının hüquqi bazasını müəyyən edirdi. Torpaq islahatının əsas istiqamətini müəyyənləşdirən qanun torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müvafiq normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Onu da deyək ki, ölkə Prezidentinin fərmanı ilə 1995-ci ilin mart ayında aqrar islahat komissiyası yaradıldı. Həmin komissiya tərəfindən "Torpaq islahatı haqqında" qanuna əsasən, torpaqlar kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz olaraq verilirdi. Eyni zamanda, respublikanın vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti formaları müəyyən edildi. Torpaq mülkiyyətçisinin torpağa sahiblik, ondan istifadə və sərəncam hüququ təsbit olundu.
Ümummilli lider iqtisadiyyatın sağlam rəqabət prinsipləri əsasında inkişaf etdirilməsinə də mühüm əhəmiyyət verirdi. Bu məqsədlə iqtisadi münasibətlərdə inhisarçılığın qarşısının alınması və haqsız rəqabətə yol verilməməsi üçün "Haqsız rəqabət haqqında" 2 iyun 1995-ci il tarixli qanun qəbul edildi. Hüquqi baza yaradan qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini müəyyən edirdi. Ulu öndərimizin təşəbbüsü və səyi ilə o zaman dünyanın aparıcı transmilli neft şirkətləri ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan möhtəşəm müqavilə imzalandı, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin təməli qoyuldu və bununla da Azərbaycan dünyada enerji təhlükəsizliyi sisteminin fəal iştirakçısına çevrildi. Eyni zamanda neft gəlirlərinin səmərəli idarə edilməsi, həmin vəsaitlərin qeyri-neft sektorunun inkişafına və sosial-iqtisadi baxımdan mühüm layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanmışdır. Həmin vaxtdan 2003-cü ilə kimi ümumi daxili məhsul 90,1 faiz, büdcə gəlirləri 3 dəfə, strateji valyuta ehtiyatları 85 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə enmişdir. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 100 milyard dollardan çox investisiya yatırılmış, 2003-cü ildən bəri 1 milyona yaxın yeni iş yeri yaradılmışdır.
Dövlət başçımız İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk gündən regionların inkişafına xüsusi diqqət yetirmişdir. Buna görə də regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirləri həyata keçirmək üçün müvafiq dövlət proqramlarının hazırlanmasına start verilmiş və 2004-cü il fevralın 11-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq olunmuşdur.
Adıçəkilən həmin
regional dövlət proqramına əsasən,
yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi,
yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin
bərpası və genişləndirilməsi, iqtisadi
və sosial-mədəni infrastruktur obyektlərinin
yenidən qurulması, yoxsulluğun azaldılması,
yeni iş yerlərinin
açılması nəticəsində isə əhalinin həyat
səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə
olundu. Hesablamalar
göstərir ki, proqramın həyata keçirildiyi müddət ərzində
ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real
həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı.
ÜDM-in adambaşına düşən
nominal həcmi 5 dəfə
artaraq 4440 manat təşkil etdi. Qeyri-neft sektoru 1,8 dəfə artdı və 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun
payı 84,5 faizə çatdı. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi
2004-2008-ci illər ərzində
6,2 dəfə artaraq ümumi investisiyaların strukturunda
xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən
2008-ci ildə 69 faizə
çatdırıldı. Dövlət Proqramının icra olunduğu müddət ərzində regionlara investisiya yatırımına
daim diqqət yetirildi və bölgələrə çox
böyük miqdarda sərmayə qoyuldu.
Statistik rəqəmlərə diqqət
yetirməklə də
bunun əyani sübutunu görmək mümkündür. Belə
ki, dövlət investisiya xərclərində
regionlardakı layihələrin
həyata keçirilməsinə
ayrılan vəsaitin məbləği 2004-cü illə
müqayisədə 2008-ci ildə
6 dəfə artaraq 3,9 milyard manat
təşkil etdi. Bu isə ümumi
investisiyaların 83 faizinə
bərabər idi.
Ümumiyyətlə, regionların
sosial-iqtisadi inkişafi
ilə bağlı I Dövlət Proqramının
icra dövrü ərzində Azərbaycanın
müxtəlif bölgələrinə
6,8 milyard manat həcmində dövlət investisiyaları
qoyulub. Dövlət proqramının icrası
ilə bağlı regionlarda həyata keçirilən layihələrin
maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində
kredit cəlb edildi. Həmçinin özəl sektorun
inkişafı üçün
böyük həcmdə
və əsas etibarilə güzəştli
şərtlərlə kreditlər
ayrıldı. Ölkə
üzrə isə hesabat dövründə bütün maliyyə mənbələri hesabına
əsas kapitala qoyulmuş investisiyanın
həcmi 33,5 milyard manat təşkil
etmişdi və bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdu. 2008-ci
ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə
üstələmiş, adambaşına
düşən investisiyanın
həcmi 2003-cü illə
müqayisədə 605,8
manat çox olmuşdu. 2003-cü ildə
ümumi investisiyaların
həcmində daxili investisiyaların payı
24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici
78,6 faiz təşkil etmişdi.
Bu zaman ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə
25,2 faiz artım oldu. İqtisadiyyatın sürətli inkişafı
ilə yanaşı, əhalinin rifahını səciyyələndirən göstəricilərdə
də yüksək artım dinamikası müşahidə edildi,
2003-cü illə müqayisədə
2008-ci ildə əhalinin
gəlirləri 4 dəfə
artdı. 2003-cü ildə
ölkə əhalisinin
təxminən 45 faizi
yoxsulluq şəraitində
yaşayırdısa, 2008-ci ilin sonuna bu
kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu. Bütün bu uğurların əldə
olunmasında isə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının
da rolu az olmadı.
Birinci
regional proqramın uğurlu
icrasından sonra qarşıda regionların
mövcud potensialından
daha səmərəli
istifadə etməklə
yerlərdə sənaye
sahələrinin və
kənd təsərrüfatının
inkişafını sürətləndirmək,
bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf
etdirmək kimi mühüm vəzifələr
dururdu. Göstərilən hədəflərə çatmaq üçün
makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması,
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul
istehsalının artırılması
da zəruri şərt kimi çıxış edirdi.
Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nı
təsdiq etdi. Yeni proqramın hazırlanmasını
şərtləndirən əsas
məqsəd ökədə
iqtisadiyyatın diversifikasiyasına
və onun dünya təsərrüfat
sisteminə səmərəli
inteqrasiyasına, infrastruktur
və kommunal xidmətlərin səviyyəsinin
daha da yaxşılaşdırılmasına,
əhalinin həyat səviyyəsinin davamlı
olaraq yüksəldilməsinə
nail olmaq idi. İkinci
regional proqramın qəbulundan
ötən müddətdə
ölkədə mühüm
dəyişikliklər baş
vermiş, iqtisadiyyatın
dinamik inkişafı təmin olunmuş, müsbət nəticələr
qazanılmışdır.
Əldə edilən nailiyyətlər daimi olaraq nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business-2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, növbəti illərin hesabatlarında ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də lider mövqeyini qoruyub saxlamışdır. Hesabatda Azərbaycan ötən ilki göstərici ilə müqayisədə 2 pillə irəliləyərək, 142 ölkə arasında 55-ci yerdə qərarlaşmışdır.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 3.