"Yakutiya azərbaycanlısı"nın ana vətəni haqqında düşüncələri
kitablara sığmır
Rusiyadakı Azərbaycan diasporunun
tanınmış simalarından olan Rafiq Qafarov "Xalq qəzeti"nin
qonağı olmuşdur.
Əvvəlcə
kiçik bir dosye. Görək 59 illik ömrün 30 ildən
çoxunu müxtəlif vəzifələrdə
çalışmış soydaşımızın geniş
tərcümeyi-halını kiçik bir dosyedə tam ifadə
etmək mümkündürmü? Əslən
şirvanlıdır. Ələtə Şamaxıdan
köçmüş Əbil Qafarovun ailəsində - 1952-ci
ilin fevralında dünyaya gəlib. 1973-cü ildə Azərbaycan
Dövlət Neft Kimya İnstitutunu bitirib. 1992-96-cı illərdə
isə Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti
Akademiyasında oxuyub. Dünya Xalqlarının Mənəvi
Birliyi Akademiyasının akademiki, hüquq elmləri namizədidir.
Bu, həmsöhbətimizin təhsil və elm sahəsində
keçdiyi yolun qısa ifadəsi. İndi
isə onun əmək və ictimai fəaliyyəti barədə.
Otuz
ildən çox Yakutiyada yaşayıb və çox müxtəlif
vəzifələrdə çalışıb.
Qazmaçı köməkçisi, qazmaçı, buruq
ustası, mühəndis-texnoloq, baş texnoloq, rəis
müavini, Srednelensk Neftqazkəşfiyyat Ekspedisiyasının
rəisi, "Yakutneftqazqazma" Baş Müəssisəsinin
baş direktoru, "Lenaneftqaz" Baş Müəssisəsinin
baş direktoru, "Lenaneftqaz" Açıq Səhmdar Cəmiyyətinin
baş mühəndisi vəzifələrində
çalışıb. 8 il Yakutiyadakı "Laki-Bank"
Açıq Səhmdar Cəmiyyətinin prezidenti olub. 2001-ci
ildə Lensk şəhərində baş vermiş dəhşətli
daşqınlardan sonra şəhərin bərpa olunmasına
rəhbərlik edib. Yakutiya Muxtar Sovet Sosialist
Respublikasının Ali Sovetinə deputat seçilib,
ÜULKGİ Lensk Rayon Komitəsinin katibi, Yakutiya Vilayət
Komsomol Komitəsinin və Lensk Rayon Partiya Komitəsinin
büro üzvü vəzifələrinə seçilib.
2000-ci
ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə
Ümumrusiya Azərbaycanlıları Konqresinin
formalaşdırılması üçün keçirilən
təsis yığıncağının sədri olub.
Müxtəlif illərdə üç dəfə
ümummilli liderimizlə şəxsən
görüşüb. 2007-ci ildən Dünya Azərbaycanlıları
Konqresinin İdarə Heyətinin üzvüdür. Dünya
Azərbaycanlılarının bütün
qurultaylarının nümayəndəsi olub.
-
Rafiq müəllim, yəqin ki, siz Bakıya qurultaydan-qurultaya gəlirsiniz.
Respublikamızı, xüsusən, paytaxtımızı yenidən
görəndə şahidi olduğunuz inkişaf və tərəqqi
sizdə hansı təəssüratları yaradır?
- Azərbaycanın inkişafını görəndə heyrətlənmək üçün buraya qurultaydan-qurultaya gəlmək yox, ayda bir dəfə gəlmək də kifayət edər. Tərəqqi elə sürətlə gedir ki, bir ay öncə Bakıda olmuş kimsə yenidən bura gələndə heyrətlənir. Mən Bakıətrafı qəsəbədə doğulub-böyümüşəm, burada oxumuşam. Sonralar hər il məzuniyyətə gəlmişəm, paytaxtımızın indiki inkişafına bərabər olacaq bir tendensiyanı xatırlamıram. Doğrudur, 70-80-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyev çoxsaylı sənaye müəssisələrinin tikilməsinə, parkların, yaşıllıqların salınmasına, təhsil, səhiyyə, elm, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə nail olmuşdu. Ancaq indiki tərəqqi o zaman qətiyyən mümkün deyildi.
- Siz o zaman ölkəmizin müstəqil olmadığını nəzərdə tutursunuz?
- Əlbəttə. Bu günlər 20 illiyini qeyd etdiyimiz dövlət müstəqilliyimiz Azərbaycan xalqının möhtəşəm bir nailiyyəti, sərvətidir. Siz söhbətə başlayanda məndən Bakının inkişafı barədə təəssüratımı soruşdunuz. Aydındır ki, daha çox üzdə olan bu məsələdir. Ancaq mən sizə deyim ki, bu gün Azərbaycanda ölkə həyatının bütün sahələrindəki inkişaf məhz bu səviyyədədir. Sadəcə, şəhər təsərrüfatındakı inkişaf daha qabaritli və tez gözəçarpan olduğuna görə əksərən bu məsələ tez qabardılır.
- Ölkəmizin inkişafını sizin Rusiyadakı dostlarınız, həmsöhbətləriniz necə qiymətləndirirlər?
- Mənim Rusiyada bütün səviyyələrdən olan insanlar arasında çoxsaylı dostlarım var. Amma, konkret olaraq bir məqamı yada salmaq istəyirəm. Üç-dörd il əvvəl mən SSRİ dövründə nazir vəzifəsində çalışmış 6 nəfəri Bakıya gətirmişdim. Onlar Heydər Əliyevin rəhbərliyi altında işləmiş adamlar idi. Yeni il ərəfəsi idi. Bu gün Azərbaycan elə inkişaf edir ki, həmin nüfuzlu qonaqları ürəklə dəvət edə bilirik. İnanırsınızmı, həmin adamların bəziləri qayıdıb getmək istəmirdilər. Çox məmnun idilər. Biz həmin adamların Azərbaycan və Heydər Əliyev barədə dediklərindən ibarət film də çəkdik.
- Bu gün Azərbaycan diasporu Rusiyanın ictimai həyatında və ya Azərbaycan-Rusiya dostluğunun inkişafında hansı səviyyədə iştirak edir?
- Bilirsinizmi, ölkələrarası və xalqlararası münasibətlərdə siyasətçilərin və diplomatların fəaliyyəti bir növ qəbul olunmuş norma və prinsiplər çərçivəsində reallaşdırılır. Hər yerdə belədir. Ancaq diaspor təşkilatlarının imkanları çoxdur. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin 20 faizinin işğal edilməsi, bir milyondan artıq qaçqın-köçkünümüzün problemləri başda olmaqla bütün Azərbaycan həqiqətlərini Rusiyanın əksər tribunalarından səsləndirmək imkanından istifadə edirik. Ən başlıcası, Ümumrusiya Azərbaycanlıları Konqresi sakini olduğumuz ölkədə xalqımızın milli-mənəvi dəyərlər baxımından zənginliyini, dövlətimizin bəşəri prinsiplər, dünya təcrübəsi əsasında idarə edildiyini, sivil yol tutduğumuzu dönə-dönə sübut edib.
Bir çox görkəmli azərbaycanlının yubileyinin keçirilməsinə nail olmuşuq, həmin tədbirlərin hər birində çoxsaylı rusiyalı dostlarımız iştirak edib. İndi bu ölkədə bir neçə Azərbaycan qəzeti nəşr olunur. Artıq Rusiyanın regionlarında da diaspor fəaliyyətinə ziyalılar rəhbərlik edirlər. "Ocaq" Cəmiyyətinin konqreslə birlikdə həyata keçirdiyi layihələr daha böyük uğurlarla yadda qalır. "Ocaq" iyirmi ildir ki, fəaliyyət göstərir.
O ki qaldı Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafına kömək məsələsinə, deyə bilərəm ki, son vaxtlar Həştərxanın qubernatoru Bakıya gəlmişdi. O, Bakıda olanda və bizim Prezident Həştərxanda olanda vilayət rəhbərliyi oradakı Azərbaycan diasporunun fəaliyyətini çox yüksək qiymətləndirdi. Həştərxanda Bakı küçəsində ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması çox sevindirici bir hal idi. Azərbaycan diasporu Rusiyanın bütün subyektlərində fəal olsa da, Moskva, Həştərxan və Sverdlovskda daha mütəşəkkil və səmərəli fəaliyyət göstəririk. Həştərxan vilayətinin Nərimanov şəhərində Nəriman Nərimanovun abidəsinin ucaldılması da dediklərimizin sübutudur. Həştərxan aeroportu da Nərimanovun adını daşıyır. Yeri gəlmişkən, indi Ümumrusiya Azərbaycanlıları Konqresi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə də sıx əməkdaşlıq edir, bir-birimizin fəaliyyətini yaxından dəstəkləyirik.
- Bəs Rusiyadakı yaradıcı azərbaycanlıların fəaliyyətini necə əlaqələndirirsiniz?
- Onlar, əslində, "Ocaq" Cəmiyyəti ətrafında çoxdan birləşiblər. Hamısı Azərbaycana bağlı insanlardır. Təkcə son zamanlar 10-dan artıq yazıçı və şairimizin kitablarını çap etdirmişik. Daha 7-8 kitab hazırlanır. Uzun müddət Azərbaycanı YUNESKO-da təmsil etmiş Ramiz Abutalıbov bu məsələlərin hamısını əlaqələndirir. Mən həm də Rusiya Dövlət Dumasında deputat köməkçisiyəm və ona görə də ərsəyə gələn bütün kitablarımızın Dumada yayılmasını təmin edə bilirəm.
- Bir sözlə, Azərbaycanlı olduğunuzla fəxr edirsiniz.
- Bilirsinizmi, mən Azərbaycan dövlətinin xətti ilə təşkil olunan Dünya Azərbaycanlılarının hər üç qurultayında iştirak etmişəm. Birinci qurultayımızda ulu öndər Heydər Əliyev demişdi ki, "mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam". İnanmıram ki, qeyd olunan qurultayda iştirak etmiş və ya qurultayın sənədləri ilə tanış olmuş hansısa azərbaycanlı həmin ifadəni unutmuş olsun. Biz, həqiqətən, Azərbaycanlı olduğumuzla fəxr edirik. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızla əlaqələri elə səviyyədə qurur ki, biz öz xalqımızla da, dövlətimizlə də əlaqələrimizi gündən-günə genişləndiririk. Rusiyanın bütün regionlarındakı soydaşlarımız məhz bu fikirdədir. Məqsədimiz eynidir: Azərbaycan xalqına xidmət, Azərbaycan dövlətinə kömək etmək.
- Azərbaycan Prezidenti diaspor təşkilatlarının qarşısında vəzifə qoyur ki, yaşadıqları ölkədəki başqa diaspor təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət göstərsinlər.
- Ermənilər istisna olmaqla, Rusiyadakı bütün diaspor təşkilatları ilə əməkdaşlıq edirik. Dəvət olunduğumuz bütün tədbirlərdə iştirak edir və dostlarımızı öz tədbirlərimizə dəvət edirik. Bu, çox səmərəli bir addımdır.
- Qəzetimizin oxucularına sözünüz?
- Bayaq ölkənin inkişafından söz açdıq. Arzu edərdim ki, ölkəmizin bütün insanları həmin tərəqqi prosesinin iştirakçısı olsunlar. Eyni zamanda, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini işıqlandıran bütün kütləvi informasiya vasitələrinə minnətdarlığımızı bildirmək istəyirəm.
Müsahibəni qələmə
aldı: İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 23 oktyabr.- S. 6.