Kosmik sənayenin yaradılması
istiqamətində işlər davam etdirilir
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
reallaşdırılması nəzərdə tutulan qlobal
layihələrdən biri də ölkəmizdə kosmik sənayenin
yaradılmasıdır.
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" və
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın təsis edilməsi haqqında sərəncamlarının
icrası ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü
işlər aparılmaqdadır. Ölkə Prezidentinin
imzaladığı Dövlət Proqramı və sərəncamlar
Azərbaycanın dünya kosmik ailəsinin üzvünə
çevrilməsi və ölkəmizdə peyk
texnologiyalarının istehsalı, tətbiqi, ölkəmizdə
kosmik sənayenin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin
təmin olunması üçün geniş imkanlar
açmışdır.
Bu
barədə rabitə və informasiya texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə bildirmişdir. O demişdir ki, Azərbaycan
Respublikasının telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə olunması və istismar
işlərinin həyata keçirilməsini təmin etmək
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3
may 2010-cu il tarixli sərəncamı ilə "Azərkosmos"
Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir.
İlk telekommunikasiya peykinin istehsalı və orbitə
çıxarılması məqsədilə ötən il
müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və
Fransanın "Arianespace" şirkətləri ilə
müqavilələr imzalanmışdır. Hazırda
müqavilə şərtlərinə uyğun olaraq işlər
yerinə yetirilir, istehsalçı şirkətlərin
nümayəndələri ilə mütəxəssislərimiz
arasında mütəmadi olaraq görüşlər
keçirilir. "Azerspace" telekommunikasiya peykinin 2012-ci ilin
sonuncu rübündə orbitə çıxarılması nəzərdə
tutulur.
Ölkəmizin
əlverişli coğrafi, eləcə də informasiya
magistrallarının kəsişdiyi məkanda yerləşməsi,
informasiya mübadiləsində xarici ölkələrdən
asılılığının aradan qaldırılması,
iqtisadi və informasiya təhlükəsizliyinin təmin edilməsi,
Azərbaycanın qlobal informasiya mübadiləsi məkanına
çevrilməsi baxımından telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması
böyük əhəmiyyət kəsb edir. Azərbaycanın
telekommunikasiya peykinin əhatə zonasına Avropa, Asiya və
Şimali Afrikanın bir hissəsi daxildir.
Milli
peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq
bazarda xidmətlər üçün istifadə
planlaşdırır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti..- 2011.- 26 oktyabr.- S.
8.