Fikrət QOCA: İndi Azərbaycan BMT Təhlükəsizlik
Şurasında eşidilən bir səsdir
Oktyabrın
25-də Azərbaycanın uzun müddətdən bəri
uğrunda inadla mübarizə apardığı BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlük məsələsi öz
həllini tapıb - ölkəmiz bu mötəbər qurumun
üzvü seçilib. Bu əlamətdar hadisə münasibətilə
dünən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev xüsusi bəyanatla çıxış edərək
Azərbaycan xalqını təbrik edib. "Bu, həqiqətən
də, böyük qələbədir. BMT Təhlükəsizlik
Şurası dünyanın ən mötəbər qurumudur və
Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun
üzvüdür", - Prezident İlham Əliyev qeyd edib.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
ölkəmizin bütün vətəndaşları kimi,
görkəmli ziyalılarımızı, yazıçı
və şairlərimizi, mədəniyyət xadimlərimizi də
ürəkdən sevindirib. Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca öz sevincini
müxbirimizlə bölüşərək demişdir:
- Azərbaycanın BMT kimi nüfuzlu bir təşkilatın Təhlükəsizlik Şurasının üzvü seçilməsi çox böyük nailiyyətdir. Təsəvvür edin ki, balaca bir ərazidə yerləşən, müstəqillik tarixi baxımından cavan bir ölkə olan Azərbaycan belə mötəbər bir quruma üzv seçilib. Doğrudur, bizim ölkə əslində heç də cavan deyil, min illərlə ölçülən tarixi var. Amma cəmisi bir neçə gün əvvəl müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Daha dəqiq götürsək, əslində ikinci dəfə qazandığımız dövlət müstəqilliyinin ilk 7-8 ili daxili problemlərin həllinə, ölkədə yaranmış hərc-mərcliyin, anarxiyanın, eyni zamanda, Ermənistanın başladığı elanolunmamış müharibənin aradan qaldırılmasına sərf olunub. Ölkənin qazandığı bu böyük nailiyyətlər, demək olar ki, son 10-12 ildə əldə edilib. Tamamilə yenidən qurulan paytaxt şəhərimiz, minlərlə kilometr məsafədə yenidən qurulan, yaxud yeni çəkilən yollar, ikimərtəbəli körpülər, əsaslı təmir olunan mədəniyyət obyektləri, parklar, yeni salınan yaraşıqlı binalar, məktəblər və s. əslində son 10-12 ilin nailiyyətləridir.
Bu günlərdə mən Quba və Qusara səfərdən qaytmışam. Əvvəllər Bakıdan kənara çıxanda görürdün ki, yollar bərbaddır, gözoxşayan bir şey yoxdur. Sovet dövrü ərzində tutarlı bir inkişaf görmürdün. İndi görün nə qədər nailiyyətlərimiz var. Müstəqilliyimizin cəmi 20 illiyini qeyd etdik. Amma ölkəmiz nə qədər dinamik və uğurla inkişaf edir. Bütün sahələrdə inkişaf gedir. Azərbaycanda dünyada analoqu olmayan inkişaf yaşanır. Regionlarımız, rayonlarımız, kəndlərimiz abadlaşır. Bütün bunlar ölkədə aparılan islahatlarla, eyni zamanda, uğurlu xarici siyasətimizlə bağlıdır. Prezident İlham Əliyev təsadüfən deməyib: "Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır".
İndi bizim BMT Təhlükəsizilik Şurasına üzv olmağımız səsimizin eşidilməsi deməkdir. Azərbaycanın səsi indi dünyanın ən yüksək kürsüsündən eşidiləcək. Artıq Azərbaycan Təhlükəsizlik Şurasında bir səsdir. Bu, eyni zamanda, Azərbaycanın sevdiyi və onu sevən dövlətlərə arxa olması deməkdir. Azərbaycanın, təbii ki, düşmənləri var, amma onlardan qat-qat çox dostları var. Bundan sonra bizim səsimiz eşidiləcək. Bu, çox böyük qələbədir.
Biz unutmamalıyıq ki, Qarabağ boyda yaramız ola-ola inkişaf edirik. Demək olar ki, hər gün qan itirə-itirə qabağa gedirik. İndi görün Qarabağ yaramız olmasaydı, bu qədər qan itirməsəydik, inkişafımız hansı səviyyədə olardı?! Torpaq çox müqəddəs şeydir. Qalıb düşmən əlində. İt ot üstündə yatan kimi erməni oturub orda. Bu məsələni həll etmək, səsimizi dünyaya eşitdirmək üçün bu üzvlük məsələsi çox vacibdir. Əvvəllər sənə səs vermək istəməyən də indi ehtiyatlı olacaq. Çünki sənin səsinə ehtiyacı olacaq.
Bu tarixi hadisə Azərbaycan rəhbərliyinin, xüsusən Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin uğurlu nəticəsidir. Atalarımız doğru deyib ki, ağıl yaşda deyil, başdadır. Prezidentimiz nəinki ölkədə görülən hər bir işə - yolun çəkilişinə, binanın tikilişinə nəzarət edir, həm də xarici siyasətdə dərindən düşünülmüş, qələbəyə hesablanmış addımlar atır. Bütün məsələlərdə səbrlə, inamla irəli gedir. Bu siyasətin nəticəsidir ki, artıq zaman bizə işləyir.
Mən bu əlamətdar hadisə münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Daha böyük uğurlar arzulayıram.
Söhbəti
yazdı: Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 26 oktyabr.- S. 6.