Masallıda yerli özünüidarə təkmilləşir

 

Bələdiyyələr artıq ictimai sistemin mütəhərrik orqanlarından birinə çevrilib. Bu yerli özünüidarə qurumları şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin abadlaşdırılmasında, əhalinin sosial problemlərinin həllində yaxından iştirak edir, inkişafa töhfələr verirlər. Qüvvəsinə və nüfuzuna güvənən on minlərlə adam demokratik yolla bələdiyyələrə üzv seçilərək öz yaradıcı və qabiliyyət potensialını göstərmək, el-obaya xeyir gətirmək, doğma yurdun rifahı üçün çalışmaq imkanı qazanıb.

 

Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Yerli əhəmiyyətli tədbirlərdə onların rolu danılmazdır. Boradigah, Təzə Alvadı, Qızılavar, Çaxırlı, Təklə və digər bələdiyyələrin öyünməli işləri yetərincədir. Yarandıqları illər ərzində bu bələdiyyələr uğurlu formalaşma və təkamül mərhələləri keçib, adamların etimadını əməli fəaliyyətləri ilə doğrultmağa çalışıblar.

Boradigah bələdiyyəsi özünü bacarıqlı idarəetmə qurumu kimi tanıda bilib. Tərkibi ictimai fəal və zirək adamlardan ibarətdir. Ərazidə abadlıq-quruculuq işlərinin davamlı səciyyə daşıması həm də bələdiyyənin xidməti sayılmalıdır. Son vaxtlarda yüzlərlə metr qəsəbədaxili yolun təmiri, suaparıcı kanalizasiya xətlərinin təmizlənməsi, məişət tullantılarının vaxtaşırı daşınması, şəhid ailələrinə və əhalinin qayğı uman digər təbəqələrinə yardım göstərilməsi, Boradigah-Qumbaşı yolu boyunca iki mindən artıq ağac əkilməsi yerli özünüidarə orqanının nüfuzunu artırıb. Bələdiyyənin qüvvəsi ilə qəsəbə məktəblərində yeni dərs ili ərəfəsində təmir işləri görülüb. Hər il təhsil ocaqlarında ilin ən yaxşı müəllimi, sinfişagirdi nominasiyaları üzrə qaliblər müəyyənləşdirilir və mükafatlandırılır. Hazırda 1 saylı orta məktəbin stadionu təmir edilir, ot örtüyü yenidən qurulur. Bələdiyyənin nəzdində "Uşaq-gənclər futbol klubu" yaradılıb, idmançılar üçün geyimlər alınıb.

Bu yaxınlarda - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə bir gün qalmış Boradigahda "Bələdiyyə sarayı"nın açılış mərasimi keçirilib. Smeta dəyəri 65 min manat olan bina üçün 10 min manatlıqdan artıq inventar alınıb. Sarayın 350 yerlik iclas zalı, iki inzibati otağı, elektron kitabxanası bundan sonra əhaliyə xidmət göstərəcək. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, ərazi nümayəndəsi Nəcməddin Quliyev, Boradigah bələdiyyəsinin sədri Ədalət Əhmədov, Ərkivan bələdiyyəsinin sədri İsrail Tağıyev, qəsəbə sakinlərindən Məmməd Qurbanov, Səyyad Cəfərov başqaları çıxış ediblər. Mərasimdə qeyd olunub ki, maddi-texniki bazası genişləndikcə yerli bələdiyyə daha böyük layihələri reallaşdırmağa çalışır. Qonaqlar sarayla tanış olduqdan sonra maraqlı bayram konserti təqdim edilib.

Qızılavar bələdiyyəsinin kəndin içməli su ilə təchizatı məqsədilə artezian quyularının qazılmasında, küçələrin asfaltlaşdırılmasında, iməciliklər keçirilməsində, idman yarışlarının təşkilində fəallığı yüksəkdir. Burada bələdiyyənin səyi hesabına müasir tipli tibb mərkəzi açılıb. Hazırda payızlıq əkin kampaniyasının uğurla keçməsi üçün əməli tədbirlər görülməkdədir. Yüzlərlə hektar sahə şumlanıb.

Təzə Alvadı bələdiyyəsinin imkanları hesabına 4 kilometrədək kənd yoluna çınqıl tökülərək hamarlanıb. Yeni məhəllələrə qaz çəkilişinin sürətlənməsində, abidələrin ətrafının abadlaşdırılmasında, elektron tipli ATS-in yerləşdiyi binanın təmirində bələdiyyənin zəhməti az olmayıb. Təhsil-tərbiyə müəssisələrinin qızdırılmasında yerli özünüidarə qurumunun yaxından köməkliyi hiss olunub.

Təklə bələdiyyəsi altı kəndi əhatə edir. Qurum sosial layihələri bacarıqla həyata keçirir. Təbii qaz xəttinin çəkilişi və əraziyə mavi yanacağın verilməsi mərasimi sakinlərə unudulmaz təsir bağışlayıb. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev iştirak edərək camaata xeyir-dua veriblər. Yolların təmiri də sakinləri sevindirib. Küçə axarlarının təmizlənməsi, Təklədə 16 bulaqdan ibarət içməli su xəttinin çəkilməsi, Sığıncaqda körpünün istifadəyə verilməsi bələdiyyənin fəaliyyətinə dair fərəhli faktlardır.

Hazırda rayonun bütün bələdiyyələri kənd təsərrüfatının inkişafına töhfələr verir, mövsümi işlərə köməklik göstərirlər. Taxılçılıq, kartofçuluq, bostançılıq genişlənir. Şumlama, əkin kampaniyası gecikdirilmədən aparılır.

Noyabrın 30-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçiriləcək. Masallıda da bu mühüm ictimai-siyasi tədbirə ciddi hazırlıq gedir. Məram aydındır: seçkilərdən ən layiqli namizədlər keçməlidirlər ki, ümumi işə maksimum fayda gətirsinlər, bələdiyyələrin artıq formalaşmış müsbət imicinə kölgə salmasınlar. İndi imza vərəqələrinin alınıb doldurulması, təhvili prosesləri gedir, seçimdən sonra isə əməli fəaliyyət dövrü başlanacaq. İnanmaq istərdik ki, Masallı seçiciləri qərarlarında yanılmayacaqlar.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 27 oktyabr.- S. 6.