Azərbaycan
dünya təhlükəsizlik sistemində, dünya idarəçiliyində
iştirak hüququ qazanıb
Müstəqilliyinin
bərpasının 20-ci ildönümündə Azərbaycan
Respublikasının həyatında növbəti tarixi hadisə
baş vermişdir. Ölkəmiz BMT Təhlükəsizlik
Şurasına seçkilərdə bu mötəbər təşkilatın
üzvü seçilmişdir. Sevindirici haldır ki, iki
gün ərzində keçirilən seçkilərdə Azərbaycan
bütün mərhələlərdə üstünlük əldə
etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri tutan
ölkəmiz , sonda 155 ölkənin dəstəyini,
etimadını qazanmışdır.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevin verdiyi bəyanatda vurğuladığı kimi, müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermənin müstəqilliyimizin 20 illiyinə təsadüf etməsi çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, ötən illər ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.
Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, siyasətşünas Mübariz Əhmədoğluya müraciət etdik. Mübariz Əhmədoğlu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini müstəqil Azərbaycan Respublikasının tarixində çox mühüm hadisə, parlaq qələbə kimi qiymətləndirərək dedi:
- Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Azərbaycanın dünya təhlükəsizlik sistemində, dünya idarəçiliyində iştirakı deməkdir. Çox dövlətlər var ki, bu arzu ilə yaşayırlar, daim bu cür təşəbbüslərlə çıxış edirlər. Cəmi 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bunu bacardı, bu möhtəşəm uğuru qazandı. Halbuki müstəqilliyimizin ilk 5 ili ölkəmizdə bir sıra hadisələr, o cümlədən dövlət çevrilişlərinə cəhdlər ilə yadda qaldı. Daha sonrakı 5 il isə, necə deyərlər, müstəqilliyimizin ilk illərində ölkədə törədilən dağıntıların aradan qaldırılmasına sərf olundu. Yəni bizim sərbəst düşüncəylə xarici siyasət yürütməyimizin 10 illik tarixi var. Biz məhz son 10 ilin nəticəsi olaraq bu möhtəşəm uğuru qazandıq, dünyanı idarə edən quruma seçildik.
Bu, bütün Azərbaycan dövlətinin, xalqının, dünya azərbaycanlılarının qələbəsidir. Amma ədalət naminə mən bunu şəxsən Prezident İlham Əliyevin fərdi qələbəsi hesab edirəm. Çünki bu ideya da, bu məqsəd uğrunda çalışma metodikası da Azərbaycan Prezidentinə məxsusdur. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyev ümumilikdə Azərbaycanın tarixində olan ən görkəmli dövlət xadimləri ilə eyni sırada dayanır.
Böyük qələbədir. Azərbaycan kimi ərazi cəhətdən kiçik, 9 milyon əhalisi olan bir ölkə 2 il ərzində dünyanın problemlərinin həllində iştirak edəcək. Ən əsası isə mən belə hesab edirəm ki, gələcək illərdə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi məsələsi gündəmə gələcək və yenidən ölkəmizin bu quruma seçiləcəyinə şübhə etmirəm. Çünki BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün müəyyən meyarlara cavab vermək lazımdır. Dünyanın təhlükəsizlik sisteminin qorunmasında iştirak etmək, onun problemlərini dərk etmək lazımdır. Bu gün Azərbaycan qlobal təhlükəsizlik sisteminin qorunmasında fəal iştirak edir. Avropanın enerji təhlükəsizliyində, yaxın gələcəkdə isə ümumilikdə dünyanın enerji təhlükəsizliyinin qorunmasında aparıcı ölkələrdən birinə çevriləcəkdir.
Azərbaycan
Cənubi Qafqaz regionunun lider dövlətidir. Bunu tək biz
demirik. Bu gün Avropa və dünya siyasətçiləri də
Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi təqdim
edirlər. Bölgədə lider olan ölkəmiz,
ümumilikdə Qafqazda söz sahibidir. Yəni bu, o deməkdir
ki, bundan sonra Qafqaz regionu ilə bağlı məsələlərdə
həm də daha çox Azərbaycan ilə hesablaşacaqlar.
Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi, dünyada gedən geosiyasi proseslər fonunda
ölkəmizin özünü çox rahat hiss etməsi mənasına
gəlir. Yəni kiməsə dünyada baş verən proseslər
mürəkkəb görünür, o cümlədən
regionumuzda da mürəkkəb münasibətlər sistemi
formalaşmışdır. Burada Rusiyanın, ABŞ-ın,
Türkiyənin, İranın, Avropa Birliyinin maraqları kəsişir.
Fərqli mövqelər bəzən ziddiyət yaradır. Azərbaycan
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə namizədliyini irəli sürməklə
göstərdi ki, bütün regional və qlobal məsələlərin
həllində fəal iştirak etmək əzmindədir !
BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməyimizdə
çox önəmli məqamlar var. Onlardan biri də budur ki,
biz 116, daha sonra isə 155 dövlətin daimi səsini
qazanmış olduq. BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvlərin seçilməsi üçün təxminən
15 dəfə səsvermə keçirildi. Hamısında da
bizə 110-dan çox dövlət səs verdi. Bu, o deməkdir
ki, istənilən məsələdə biz bu dövlətlərə
bel bağlaya, sözümüzü deyə bilərik. Söz
yox, sonuncu turda bizim diplomatların fəal səyi nəticəsində
45 dövlət də bizi dəstəkləyən ölkələrin
sırasına qoşuldu. Beləliklə, biz 155 səs
aldıq və Azərbaycanın BMT Baş Assambleyasında 155
səs alması həqiqətən də böyük nailiyyətdir.
Regionumuzda bu qədər səs ala biləcək ikinci bir
ölkənin olmaması da bizim uğurumuzun miqyasını
göstərir.
BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməyimiz bizim
qarşımızda böyük üfüqlər, perspektivlər
açır, yeni inkişaf strategiyası müəyyənləşdirir.
Dünyanın problemlərinin həllində iştirak etməklə
yanaşı, biz çalışacağıq ki, regionun da
problemlərini həll edək. Dünyanın problemlərinin
həllində iştirak etmək üçün çox
böyük maddi bazaya malikik. Bu gün Azərbaycanın 40
milyard dollaradək valyuta ehtiyatı var. 40 milyard dollar
dünyanın kasıb ölkələrinə yardım etməyə,
aclıqla, xəstəliklərlə mübarizədə bizə
şərait yaradır. Azərbaycanın siyasi rəhbərliyinin
uğurlu daxili və xarici siyasəti var. Bunun özü də
önəmli amildir və dünya ölkələri bunu
qeyd-şərtsiz qəbul edirlər. Yəni bizim həm
böyük valyuta ehtiyatlarımız, həm də müasir
dünyanın tələblərinə cavab verən
düzgün siyasətimiz var. Bu isə bizə həm də
regional problemlərin həllində fəal iştirak etməyə
imkan verir. Ümumilikdə, bunu deyə bilərəm ki,
ölkəmizin BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi bizim indiyədək
gördüyümüz işlərin dünya dövlətləri
tərəfindən dəstəklənməsinin bariz nümunəsidir,
təsdiqidir.
-
Oxucularımız üçün daha aydın olması
üçün BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvünün fəaliyyət mexanizmi barədə
də məlumat verərdiniz.
- BMT Təhlükəsizlik
Şurası, əslində BMT-nin dünyanı idarə edən
ən ali qurumudur. Təhlükəsizlik Şurasının 5
daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük
Britaniya və Fransadır. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvləri olan 10 dövlət
isə iki ildən bir seçilir. BMT Təhlükəsizlik
Şurasının 15 üzvünün hamısının istənilən
məsələni şuranın iclasının müzakirəsinə
çıxarmaq hüququ var. Yəni Azərbaycan da Rusiya,
ABŞ, Çin kimi BMT Təhlükəsizlik
Şurasının iclaslarının gündəliyinə istədiyi
məsələni sala, müzakirə edə bilər, digər
dövlətlərin problemlərini gündəmə gətirə
bilər. Amma bir fərq var ki, o da veto qoymaq hüququdur. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvünün veto qoymaq
hüququ yoxdur. Yəni burada bir məsələ gündəmə
gələrsə, 5 daimi üzvdən biri buna veto qoysa, o məsələ
gündəmdən çıxarılacaqdır. Ancaq
qeyri-daimi üzvün belə bir hüququ yoxdur.
- Məlumdur
ki, Ermənistan da BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv olmaq arzusundaydı. Lakin real mənzərəni
nəzərdən keçirən erməni ekspertləri belə
qənaətə gəliblər ki, ölkə ancaq 20 ildən
sonra bu arzusunu reallaşdırmaq imkanına malik ola bilər.
Azərbaycan isə bu gün 155 səslə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilib. Bu,
ayrı-ayrılıqda Azərbaycanın və Ermənistanın
dünyadakı nüfuzunun hansı səviyyədə
olmasının aydınlaşdırılması
baxımından da önəmli bir hadisədir. Bunu həm də
dünyanın rəsmi İrəvana bir mesajı kimi qəbul
etmək olarmı?
- Burada
iki vacib mesaj var. Bunlardan birincisini Azərbaycan Ermənistana
ünvanlayıb. Bakı bu addımı atmaqla Ermənistanı
başa salmağa çalışır ki, kiminlə
qonşudur və kiminlə ayaqlaşmağa cəhd göstərir.
Ermənistan kimdir ki, bizimlə rəqabət aparmaq
sevdasına düşsün. Rusiyanın siyasətşünasları
da Azərbaycanın dünyada böyük nüfuz
qazandığını açıq-aşkar ifadə edirlər.
Erməni saytlarının yazdığına görə, vəziyyəti
qiymətləndirən rus ekspertlər Azərbaycanın 110
dövlətin dəstəyini alması faktını ortaya
qoyaraq İrəvana tövsiyə ediblər ki, rəsmi
Bakının mövqeyi ilə hesablaşsın.
İkinci bir məsələ dünyanın Ermənistana verdiyi mesajdır. Dünya dövlətləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməklə onun çox böyük etibara sahib, statusu yüksək bir ölkə olduğunu ortaya qoymuş oldular. Həqiqətən də kiçik dövlət olan Ermənistanın 4,5 milyard dollar həcmində xarici borcu olduğu halda, Azərbaycanın 40 milyard dollar valyuta ehtiyatı var və onu istədiyi yerə sərf edə bilər. Bu gün Avropa maliyyə böhranı içərisindədir. Biz istəsək bu vəsaiti Avropaya da yönəldə bilərik. Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan Balkanlara və Şimali Qafqaza investisiyalar qoyacaq. Bütün bunları görən beynəlxalq birlik Ermənistana yerini göstərdi.
Ən maraqlısı isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasında həyasızcasına Azərbaycanın əleyhinə çıxış etdi. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin yolverilməz olduğunu bildirdi. Ancaq bundan bir neçə gün sonra Azərbaycan 155 ölkənin səsini qazanaraq mötəbər quruma üzv seçildi. 155 dövlət səsini Azərbaycana verməklə Ermənistana və onun prezidentinə yerini göstərdilər. Dünya dövlətləri bir daha göstərdi ki, Ermənistan artıq sözü heç yerdə eşidilməyən forpost, Azərbaycan isə xüsusi əhəmiyyətə malik tərəfdaş ölkə, önəmli müttəfiq və nüfuzlu dövlətdir.
Müsahibəni
apardı: Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 27 oktyabr.- S. 4.