Azərbaycan
diplomatiyasının təntənəsi
Xalqımız əsl bayram əhval-ruhiyyəsindədir. Xəbər verildiyi kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə seçkilərdə parlaq qələbə qazanaraq öz tarixinə daha bir şanlı səhifə yazdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət Azərbaycanın dünya miqyasındakı nüfuzunu daha da yüksəltmiş, mövqelərini möhkəmləndirmişdir. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu seçkidə ölkəmizə dünyanın 155 ölkəsi etimad göstərib. Bu parlaq qələbə hər bir azərbaycanlını qəlbən sevindirir və fərəhləndirir.Əməkdaşımız Milli Məclisin bir neçə deputatı ilə görüşərək ölkəmizin qazandığı bu tarixi qələbə ilə əlaqədar münasibətlərini bildirməsini xahiş edib.
Musa QASIMLI, Milli Məclisin deputatı,
professor:
- Ölkəmizin
BMT Təhlükəsizlik Şurasının
üzvlüyünə seçilməsi, heç şübhəsiz
dövlətçilik tariximizin ən mühüm hadisələrindən
biridir. Bu, möhtərəm Prezidentimiz İlham
Əliyev başda olmaqla həyata keçirilən xarici siyasətimizin
uğurudur. BMT Təhlükəsizlik
Şurasına üzv olmaqla Azərbaycan Respublikası yeni
imkanlar qazanacaq. Bu, ölkəmizin beynəlxalq
nüfuzunun artmasını bir daha təsdiqləyir, çoxtərəfli
və ikitərəfli diplomatiyanın həyata keçirilməsində
əlavə imkanlar əldə edəcək, həmçinin
Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Azərbaycanın
bu təşkilata üzv seçilməsinin ölkəmiz
üçün böyük əhəmiyyəti var. Hər
şeydən əvvəl Azərbaycan BMT Təhlükəsizlik
Şurasında söz sahibi olacaq, bu təşkilatda
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
əlaqədar qəbul olunmuş qərarların yerinə
yetirilməsi üçün əlavə imkanlar qazanacaq. Bundan başqa ölkəmizin BMT çərçivəsində
əlaqələri daha da genişlənəcək və Azərbaycanın
dostlarının sayı artacaq. Mən bu
uğuru Azərbaycan diplomatiyasının təntənəsi
hesab edirəm.
Fəzail İBRAHİMLİ, Milli Məclisin deputatı,
professor:
- Təbii
ki, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının üzvü olması ölkəmizin ən
şərəfli, ən diqqətçəkən, deyərdim
ki, vaxtilə bizim üçün əlçatmaz hesab edilən
zirvənin fəthidir. Birləşmiş Millətlər
Təşkilatında bu seçim sadəcə olaraq hər
hansı bir dövlətin fərdi qaydada qəbulu deyil,
böyük bir səsvermənin nəticəsidir. Azərbaycanın
apardığı iqtisadi, siyasi və digər sahələrdəki
islahatları, beynəlxalq aləmdə söz sahibi olması,
regionda güclü, qüdrətli dövlətə
çevrilməsi, enerji sisteminə təsiri, ən önəmlisi
isə demokratik proseslərin Avropa qayəsinə uyğun
aparılması səsvermə zamanı qələbəyə
doğru aparan əsas amillərdən idi.
Vaxt var idi ki, biz Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə əlaqədar Birləşmiş Millətlər
Təşkilatının müəyyən iclaslarında
gündəmdə olan zaman kənardan bir dinləyici kimi
müşahidə edirdik. İndi isə
artıq bu prosesin iştirakçısı olacağıq.
Azərbaycanın haqq işinin dünyaya
çatdırılmasında bu məsələ böyük
rol oynayacaq. Bundan sonra Azərbaycan beynəlxalq
münasibətlər sistemində söz sahibinə
çevriləcək.
Azərbaycanın belə bir mötəbər təşkilata
üzv seçilməsi ölkəmizin apardığı
xarici siyasətin uğurlu addımlarından biri və qələbəsidir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 27 oktyabr.- S. 4.