Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi tarixi hadisədir
Müsahibimiz
respublika Dövlət Mükafatı laureatı Əliağa
Muxtarovdur.
- Əliağa
müəllim, bəlli olduğu kimi, Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilib. Bu şad
xəbəri eşidəndə hansı hissləri
keçirdiniz?
- Bu,
bütün xalqımıza başucalığı gətirən
bir hadisədir. Hər xalqa öz istiqlalına qovuşmaq nəsib
olmur. Azərbaycan xalqı həqiqətən bu böyük
şərəfə - istiqlala layiqdir. Azərbaycanın şərəfli
tarixi, xalqımızın yüksək elmi, mədəni
potensialı buna layiq olduğumuzu sübut edib. XX əsrin əvvəllərində
xalqımız ilk dəfə öz milli azadlığına
qovuşdu, Şərqdə ilk demokratik respublika qurdu. Lakin onu
qoruyub saxlamaq o dövrdə mümkün olmadı.
İkinci
dəfə Azərbaycan 20 il əvvəl dövlət müstəqilliyini
bərpa edə bildi. Yaxşı yadımdadır, 1992-ci ilin
martında ölkəmiz BMT-yə üzv qəbul olundu. Amma
müstəqilliyimizin ilk dönəmlərində yenidən
onu itirmək təhlükəsi yaranmışdı. Bu dəfə
ulu öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi
və titanik səyləri hesabına Azərbaycan xalqı
öz istiqlalını qoruyub saxlaya bildi.
Son səkkiz
ildə isə ulu öndərin layiqli davamçısı,
Prezident İlham Əliyev müstəqilliyimizin daha da gücləndirilməsi,
ölkəmizin dünya arenasında böyük nüfuz
qazanması üçün ardıcıl və davamlı
işlər gördü. Məhz bu ağıllı
düşünülmüş siyasət öz real bəhrəsini
verdi. Düşünürəm ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi
dünya birliyi dövlətlərinin müstəqil Azərbaycana,
onun liderinə, bütünlükdə xalqımıza olan dərin
inamını və hörmətini əks etdirir. Bir daha
xalqımızı bu böyük qələbə münasibəti
ilə təbrik edirəm.
- Siz
1977-ci ildə Azərbaycanın maşınqayırma sənayesindəki
böyük uğurlarına görə bir qrup mühəndislə
bərabər respublika Dövlət Mükafatına layiq
görülmüsünüz. Həmin anları necə
xatırlayırsınız?
- Əlbəttə,
belə bir yüksək mükafata layiq
görüldüyüm üçün həmişə fəxr
etmişəm. Bu mükafatı Azərbaycanın o dövrdəki
rəhbəri, ümummilli liderimiz Heydər Əliyev mənə
şəxsən təqdim etdiyi üçün ikiqat xoşbəxt
idim. Bu dahi siyasətçi hələ 1970-ci illərdə Azərbaycanın
iqtisadi müstəqilliyinin güclü bünövrəsini
qurmuşdu. Bu həqiqəti biz sonralar dərk etdik. Heydər Əliyev
Azərbaycanı keçmiş SSRİ-nin ən güclü,
yüksək tərəqqi etmiş respublikasına
çevirmişdi. Azərbaycan xalqı ulu öndərin həm
o dövrdəki, həm də müstəqillik ilərindəki
tarixi xidmətlərini heç vaxt unutmayacaq.
Mən
uzun illər Azərbaycanın maşınqayırma sənayesində
çalışmışam. Bir neçə ixtiranın,
60-dan çox səmərələşdirici təklifin
müəllifiyəm. Bu təkliflərin istehsalata tətbiqi
sayəsində ölkəmizin sənaye müəssisələri
vaxtilə yüz milyonlarla manat qazanc əldə etmişdi. Bu
gün təqaüddə olsam da, öz zəngin təcrübəmi
gənc mühəndislərlə yenə də həvəslə
bölüşürəm. Macal tapan kimi, Bakıdakı
maşınqayırma zavodlarına baş çəkirəm,
buradakı əmək kollektivlərinin yeni
uğurlarının şahidi olanda sevinirəm. Ürəyimdən
gələn sözdür: Azərbaycanın iqtisadi tərəqqisi
üçün hər birimiz əlimizdən gələni etməyə
borcluyuq. Zaman bizi sınağa çəkir. Azərbaycanın
parlaq gələcəyinə çox inanıram. Ən
yaxın illərdə ölkəmizin dünyanın yüksək
tərəqqi etmiş ölkələri sırasına
çıxacağına əminəm.
-
Sizcə, ölkəmizin BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
kömək edə bilərmi?
-
Heç şübhəsiz, bunun böyük təsiri olacaq. Bu problemin öz ədalətli həllini tapacağına daim inanmışam. Çox hörmətli dövlət
başçımız Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında bir daha qeyd etdi
ki, Azərbaycanın ərazi bütövlüyü
müzakirə obyekti olmayıb və ola bilməz.
Mən siyasətçi
deyiləm, amma hesab edirəm ki, Azərbaycanın Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi ölkəmizlə
bağlı həqiqətlərin
dünya birliyinin bütün dövlətlərinin
liderlərinin diqqətinə
çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin
ədalətli nizamlanması
üçün şans
yaradır. Təbii ki, diplomatlarımız bu tarixi şansdan
maksimum yararlanmağa çalışacaqlar.
Bir məqamı da vurğulamaq istərdim. Zaman keçdikcə, Azərbaycanın ədalətli
mövqeyi ilə Ermənistan rəhbərliyi
də hesablaşmağa
məcbur olacaq. Çünki vaxt Azərbaycanın xeyrinə
işləyir. Azərbaycanın
haqlı olduğu hər kəsə gün kimi aydın
olmağa başlayıb.
Kimin haqlı, kimin təcavüzkar olduğu dünyaya bəlli olur. Həqiqəti gizlətmək
mümkün deyil. Bu gün, təəssüf ki, qeyri-obyektiv, ikili siyasət yeridən dövlətlər
də var, lakin onlar da
bunu anlamalı, haqqı nahaqqa verməməlidir. Haqq, ədalət isə Azərbaycanın tərəfindədir!
Söhbəti yazdı: M.HACIXANLI
Xalq qəzeti.- 2011.- 27 oktyabr.- S. 4.