Cəlilabad: yeddi ildə otuz məktəb
Dünyanın
hər hansı bir yerində gözəl və
yaraşıqlı məktəb binaları görsəniz, əmin
olun ki, orada millətin xoşbəxt gələcəyinə təminat
var. Çünki, məktəb işıq deməkdir,
ağıl-kamal artımı, inkişaf deməkdir. Bir
çox faciə, məğlubiyyət və itkilərin
kökündə nadanlıq, savadsızlıq dayanır. Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə
vahid dövlət təhsil siyasətinin həyata keçirilməsi,
strateji sahə kimi təhsilin inkişafına daha çox
üstünlük verilməsi, ən ucqar yaşayış məntəqələrində
belə məktəb tikintisinin artırılması məhz
millətin gözəl gələcəyinin təminatı
amalına xidmət edir. Son illər ərzində şəhər
və kəndlərimizdə iki minə qədər yeni məktəb
inşa olunub, uğurlu təhsil islahatları aparılıb
ki, bu da çox önəmlidir.
Cəlilabad
rayonunun da sosial-iqtisadi inkişaf planlarında məktəblərin
tikintisi və əsaslı təmiri, maddi-texniki
bazasının genişləndirilməsi önəmli yer
tutur. Təkcə son yeddi ildə bu rayonda otuz yeni məktəb
binası tikilərək istifadəyə verilib, 34 əlavə
sinif otağı inşa olunub, on məktəb əsaslı təmir
edilib. Bunun nəticəsi olaraq, təhsilin səviyyəsi də
yüksəlib. Konkret fakt: ötən dərs ilinin
yekunlarına görə Cəlilabadın iki təhsil
ocağı respublika üzrə "Ən yaxşı məktəb"
adına layiq görülərək hər biri 10 min manat
mükafat alıb.
...Xatırlayıram ki, bir neçə il öncə Əziz Əzizov Cəlilabadın icra hakimiyyəti başçılığına yeni təyin olunanda rayonla tanışlıq görüşlərinin əksəriyyətini təhsil müəssisələrində keçirirdi. Belə görüşlərdən birində 7 saylı məktəbin müəllimləri və valideynləri dərslərin qəzalı vəziyyətdə olan binada keçirilməsindən narahatlıqlarını bildirmişdilər. O isə vəd etmişdi ki, ən yaxın vaxtda məktəbin yenidən tikilməsinə nail olacaq. Verilən söz tezliklə özünü əməli işdə doğrultdu - məktəbin inşası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına salındı. Sürət və keyfiyyətlə tikilən 1100 yerlik məktəb artıq növbəti dərs ilinin əvvəlində qapılarını müəllim və şagirdlərin üzünə açdı. Məktəbdə "Bilik günü"nə toplaşan kollektiv üzvlərinin çöhrələrindəki hədsiz sevinc və minnətdarlıq duyğularını oxumaq çətin deyildi. Hazırda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan bu məktəb artıq rayonun qabaqcıl təhsil ocaqları sırasındadır. Mən bu sətirləri yazdıqca o da yadıma düşür ki, 2008-ci ilin parlament seçkilərində rayona gələn xarici müşahidəçilərdən biri müsahibə zamanı məntəqənin yerləşdiyi bu məktəbi göstərərək demişdi ki, ucqar bölgədə belə möhtəşəm təhsil ocağının ucaldılması Azərbaycanın üzünü ağardan reallıqlardandır. Bu sözləri eşitmək bizim üçün son dərəcə xoş idi.
Ondan əvvəl də Cəlilabadda məktəblər tikilmişdi. 2005-ci ildə dövlət Proqramı üzrə 480 yerlik Komanlı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 240 yerlik Bəcirəvan və Kövüzbulaq, hər biri 100 yerlik Çünzəli və Cəlair kənd məktəbləri şagirdləri qoynuna almışdı. Sonra Təhsil Nazirliyinin qərarı ilə192 yerlik Sadatlı məktəbi tikildi. Şəhər 3 saylı məktəbi və Seyidbazar kənd məktəbi üçün hər biri 80 yerlik əlavə tədris korpusları inşa edildi. Qəzalı vəziyyətdə olan 240 yerlik Qarakazımlı kənd məktəbi yenidən tikildi. Dövlət Proqramı üzrə 360 yerlik Xəlilabad, 480 yerlik Günəşli, hər biri 260 yerlik Şiləvəngə və Zopun kənd məktəbləri araya-ərsəyə gətirildi. 2010-cu ildə Cəlilabad şəhər 1 və 4 saylı ümumtəhsil məktəbləri əsaslı təmir edildi.
Onu da qeyd edək ki, yeni məktəblərin hamısı istər Təhsil Nazirliyi, istərsə də Cəlilabad rayonunun rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunub. Maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris və texniki vasitələrlə təminat, kommunikasiyanın işləkliyi, binaların qızdırılması, cari təmirlər və sair bu kimi vacib məsələlər daim diqqətdə saxlanır.
Bu il Dövlət Proqramına əsasən rayonun Gülməmmədli kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın tikintisi tam başa çatdırılıb. İcra hakimiyyəti aparatı memarlıq və tikinti şöbəsinin müdiri Ağadadaş Abbasov məlumat verdi ki, hazırda Cəlilabadda daha üç məktəbin kollektivi yeni tədris binalarının inşa olunmasını gözləyir: 180 şagird yerlik Cəlilabad şəhər 6 saylı məktəbin tikintisində bünövrə işləri, demək olar ki, başa çatdırılıb. Tezliklə döşəmə və divar hörgüsü işlərinə başlanacaq. 640 şagird yerlik Cəlilabad şəhər 2 saylı və 480 yerlik Sabirabad kənd 1 saylı məktəbi üçünsə tikinti işlərinə hazırlıq aparılır. Tədricən rayonun bütün köhnə məktəbləri təzələnəcək. Ölkə rəhbərliyinin təhsil siyasətinə müvafiq olaraq geniş vüsət almış yeni məktəblərin tikilməsi, əlavə sinif otaqlarının inşası, təhsil müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi və onların maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması prosesi ardıcıl şəkildə davam etdirilir.
Cəlilabad rayon təhsil şöbəsinin müdiri, əməkdar müəllim Ədalət Əsgərov məktəb şəbəkəsinin genişləndirilməsindən, bu sahəyə dövlət qayğısının daha da artırılmasından hədsiz razılıq hisslərini ifadə etdi. O dedi ki, rayonda ard-arda məktəb tikilməsi, mükəmməl maddi-texniki bazanın mövcud olması bunların əsasında təhsilin keyfiyyətini və səmərəliliyini yüksəltmək vəzifəsini qarşıya qoyub. Bu istiqamətdə şöbənin və pedaqoji kollektivlərin göstərdikləri səylər nəticəsiz qalmır. Ötən dərs ilinin yekununda Cəlilabadda 1235 nəfər məzun attestat alıb ki, onların da 406 nəfəri qızlardır. Eyni zamanda, 3328 şagird, o cümlədən 918 qız IX sinif buraxılış imtahanlarını uğurla verərək ümumi orta təhsil haqqında şəhadətnamə alıb. Cəlilabadın tam orta məktəblərinin 649 məzunu ötən yay ali məktəblərə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 232 nəfəri universitetlərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul edilmişdir. Qəbul üzrə faiz göstəriciləri ilbəil artmaqdadır. İnişil bu rəqəm 22 faiz idisə, bu il 35 faizə çatıb. Bir il qabaq 178, bu il isə 208 qız ali məktəblərə sənəd vermişdir. Onların qəbul dinamikası 39 - 61 nisbətindədir. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı inişil 6, keçən il 8, bu ilsə 11 nəfər olub.
Təhsilə qayğı ilk növbədə uşaqlara qayğı, onların xoşbəxt gələcəyinə təminat deməkdir. Cəlilabadda məktəb tikintisi bu qayğının bir qoludursa, istedadlı uşaqların qabiliyyətlərinin üzə çıxarılması digər qoludur. Ötən il rayonda Prezident İlham Əliyevin xeyir-duası ilə yeni Şahmat məktəbi istifadəyə verilib. Bu obyekt Dövlət Proqramında nəzərdə tutulmuşdu. Məktəbdə yarış, məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları var. Bütün mərtəbələrdə müasir elektron və maqnit şahmat lövhələri quraşdırılıb. Binanın qarşı tərəfində qoyulmuş şahmat fiqur-abidələri məktəbin ümumi ansamblını gözəl tamamlayır. Zəka oyununun sirlərinə yiyələnən onlarca məktəbli artıq yarışlarda da inamla çıxış edir.
Əli HƏCƏFXANLI
Xalq qəzeti.- 2011.-28 oktyabr.- S. 7.