AMEA Geologiya İnstitutu müstəqilliyimizin 20 ili ərzində

 

2011-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdi. Azərbaycan elminin bu müddətdə keçdiyi yol kifayət qədər çətin və mürəkkəb olmuşdur. XX əsrin 90-cı illərində respublikanın, demək olar ki, bütün fəaliyyət sahələri, o cümlədən siyasət, mədəniyyət, təhsil və elmdə olduqca gərgin vəziyyət yaranmışdı. Elm maliyyə imkanlarının kəskin azalması, istedadlı gənc tədqiqatçıların elmdən kütləvi surətdə ayrılmaları, təşəbbüskar adamların biznes sahəsinə keçməsi, Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) elmi təşkilatları və alimləri ilə əlaqələrin qırılması problemi ilə üz-üzə qalmışdı. Ümumiyyətlə, Azərbaycan elmində dərin böhran yaranmışdı.

 

Bu gün Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümündə görkəmli dövlət xadimi və siyasətçi, ümummilli lider Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycan elmi bu gün hərtərəfli nüfuz qazanmışdır. Ulu öndərin təşəbbüsü ilə başlanan fundamental elmlər sahəsindəki islahatlar onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Onun 4 may 2009-cu il sərəncamı ilə Azərbaycan elmi üçün strateji əhəmiyyət kəsb edən iki sənəd qəbul olunmuşdur: "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı". Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra 1991-ci ildə AMEA-nın alim-geoloqları əvvəllər mövcud olan elmi əlaqələrini o vaxt yeni qurulmuş MDB ilə qoruyub saxlamağa cəhd edirdilər. Eyni zamanda, Qərb alimləri ilə də elmi əlaqələrə maraq kifayət dərəcədə yüksək idi. Bu isə, şübhəsiz, Geologiya İnstitutunun əsas inkişaf məqsədi olan dünya elm birliyinə inteqrasiyanın şərtlərinə cavab verirdi.

Zənnimizcə, Azərbaycanda geologiya elminin tərəqqisi XX əsrin ikinci yarısına təsadüf edir. Bir neçə nəsil alimlərin gərgin fəaliyyəti nəticəsində, regionun geoloji quruluşunun əsas xüsusiyyətləri və təkamülü hərtərəfli şərh edilmişdir. Bu fundamental nailiyyətlərin əsasında neft, qaz, polimetal, filiz və qeyri-filiz faydalı qazıntı yataqları mütəmadi olaraq kəşf edilmişdir. Azərbaycan geoloqları tərəfindən respublika iqtisadiyyatının uzun illər dayanıqlı inkişafına töhfələr verilmişdir. Bununla yanaşı, son onilliklərdə neft sənayesinin sürətlə inkişafı və filiz sənayesinin bəlkə də bir qədər gecikmiş dirçəlişi o dövrün geoloqlarının gərgin əməyinin bəhrəsidir.

Lakin başqa bir zaman, mürəkkəb və ziddiyyətli 90-cı illərin başlanğıcı idi. Sanki bir an içində hər şey dağıldı. Maliyyələşmənin praktiki olaraq olmamağı, bütövlükdə elm məkanında ənənəvi əlaqələrin qırılması institutu real fəlakət və dağılma təhlükəsi qarşısında qoydu. Bununla belə, gözlənilməz olsa da, dünya elminin nüfuz cədvəlində institutumuzun yeri real imkanından yuxarı səviyyədə qalmaqda idi.

İnstitut dünya elminə sürətli inteqrasiya, qabaqcıl texnologiya və metodlara nail olmaq, kadr hazırlığı və təkmilləşdirilməsi istiqamətlərində gələcək fəaliyyətini müəyyən etdi. Zaman göstərdi ki, bu yol həqiqətən, yeganə strateji yol kimi qəbul edilə bilərdi. XX əsrin 90-cı illərinin əvvəllərində məhz belə yanaşmanın həyata keçirilməsinə nail ola bildik. O zaman institutun dünya geoloji elminə inteqrasiya prosesi intensivləşdirildi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması dünyanın nəhəng neft korporasiyaları ilə müştərək işlərin aparılmasına geniş imkan yaratdı. Bu şirkətlərin elm mərkəzlərinə ezamiyyətlər institutun beynəlxalq əməkdaşlığının xarakterini və inkişaf tempini köklü surətdə dəyişdirdi. "Britiş Petrolium", "Ekson", "Şell", "Amoko", "Mobil", "Yunokal", "Statoyl", "Total" və s. bu kimi dünyanın nəhəng şirkətləri ilə uzunmüddətli müştərək işləri, bu gün beynəlxalq elm məkanına sıçrayış kimi səciyyələndirmək olar.

Lakin xüsusi qeyd edilməlidir ki, neft geologiyası və geokimyası istiqamətində aparılan tədqiqatlar Geologiya İnstitutunu maliyyə, kadr və mənəvi böhrandan tədricən böyük çətinliklərlə çıxaran "lokomotiv" oldu. Neft geologiyası tədqiqatlarının ardınca paleogen və neogenin stratiqrafiyası və paleontologiyası xarici alimlər ilə şərikli tədqiqatlar miqyasını genişləndirdi. O dövrdə müasir eksperimental bazanın yaradılmasının qeyri-real olduğunu düşünərək əsas cəhdlərimiz elmin inkişafında mühüm rol oynayan kompyuterləşdirmə və informasiya texnologiyalarının mənimsənilməsinə yönəldildi.

Bu dövr ərzində əsasən gənc alimlərin kiçik qrupundan ibarət olan kollektivlə birgə geologiya, paleontologiya və stratiqrafiya, neft və qazın geokimyası, geofizika və geodeziya üzrə 69 elmi layihə yerinə yetirilmişdir.

20 il ərzində Geologiya İnstitutu əldə edilmiş qrantların sayına görə Azərbaycanda elmi müəssisələr sırasında mütləq liderliyə malik oldu. İnstitut "Soros" , "İNTAS", "NATO" , "CRDF" ,"KOPERNİCUS", Ukrayna Elmi Fondu, Amerikanın Milli Elmi Fondu və bu kimi başqa tanınmış fondlarla aktiv qarşılıqlı fəaliyyətdə olmuş və bu gün də bir çox beynəlxalq fondlarla sıx əlaqədə çalışır.

Bizim tərəfdaşlarımızın coğrafiyası günü-gündən genişlənirdi. Buna misal olaraq İngiltərənin Kembric, Aberdin Universitetlərinin, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Koliforniya, Massaçusets Texnoloji İnstitutunun və s. Fransanın Pyer və Mariya Küri Universiteti, Neft İnstitutu, Karlsruye və Qannover Universitetləri (Almaniya), Moskva Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) və bir çox başqa elm ocaqlarının alimlərini qeyd etmək olar. MDB ölkələri və Sakit okean regionunun alimləri ilə elmi əməkdaşlıq əlaqələri bərpa olunur və aktivləşir. Yaponiyanın Milli Şirkəti, Cənubi Koreya İnstitutları (KİQAM), Çanq-Konq Universiteti (Tayvan), İndoneziyanın Milli Neft Şirkəti və başqaları ilə müştərək işlər institutun elmi və elmi-təşkilatı fəaliyyətinin yeni mərhələsini əks etdirir.

Bu gün İnstitutun simasını - dünyanın palçıq vulkanizminin paylanma qanunauyğunluqlarının analizi və uzun müddətli vizual, aero-kosmik, geofiziki sahələrin instrumental və telemetrik monitorinqinə və palçıq vulkanlarının fəaliyyət məhsullaının dərin öyrənilməsinə söykənən pioner işləri əks etdirir. Məhz bu istiqamətdə aparılan işlərimizə görə, bildiyiniz kimi, 2010-cu ilin may ayında AMEA Geologiya İnstitutunun bir qrup alimi, palçıq vulkanizminin və Cənubi-Xəzər hövzəsinin neft-qazlılığının tədqiqatları sahəsində silsilə işlərinə görə, elm üzrə müstəqil Azərbaycan Respublikasının birinci Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.

Geologiya elminin fundamental istiqamətlərindəki işlərlə yanaşı, İnstitut Respublikanın iqtisadi inkişafının mühüm problemlərinin həllində də aktiv iştirak edir.

Respublika müstəqilliyinin 20 ili ərzində geologiya elminin müxtəlif sahələrində mühüm nəticələr əldə edilmişdir. Cənubi Xəzər hövzəsində karbohidrogenlərin generasiyasının və saxlanılmasının geniş stratiqrafik və dərinlik diapazona malik olması müasir geoloji, geofiziki materiallar əsasında təsdiq edilmiş, karbohidrogenlərin generasiya, miqrasiya və toplanmasının ekstremal sürəti və miqyası müəyyən edilmiş, hövzə modelləşdirilmədən istifadə olunaraq Cənubi Xəzər hövzəsinin çöküntü qatında neft və qazın əmələ gəlməsi, anomal yüksək məsamə təzyiqinin təkamülü təsvir edilmiş və neft-qaz potensialının realizə qiyməti verilmişdir.

Yerin fizikası sahəsində mühüm nəticələr əldə edilmişdir: ifrat yüksək temperatur və təzyiqlərdə süxurların tədqiqinə əsaslanaraq mühitin fiziki modelləri yaradılmış, müasir dib çöküntülərinin paleomaqnit xarakteristikası müəyyən edilmiş, Xəzər regionun seysmikliyi və qrafitasiya rejimi tədqiq olunmuş, fiziki sahələrin mühitin geodinamikasına və neft və qaz yataqlarının işlənilməsinə təsiri nəzəri və eksperimental cəhətdən əsaslandırılmışdır.

Azərbaycanda geologiya elminin 20 ildəki inkişafının qısa analizi göstərir ki, institutun yaxın gələcəyə çəkinmədən tədqiqatlarını planlaşdırmağa imkan verən kifayət qədər möhkəm bünövrəsi vardır.

Burada hər şeydən əvvəl Cənubi Xəzər Hövzəsinin (CXH) dərinlik quruluşu modelinin yaradılmasının vacibliyi və geotektonik inkişaf tarixinin öyrənilməsi nəzərdə tutulur. Ən yeni kosmik, geodezik və geofiziki məlumatların analizi göstərir ki, CXH-in çökmə kompleksində karbohidrogenlərlə zəngin regional və lokal sıxlığı az olan zonalar mövcuddur. Bu halda karbohidrogen mənbələrinin formalaşması, miqrasiya yollarının paylanması və onların yığımlarının yerləşmə zonalarının lokallaşması, çox güman, eyni vaxtda baş verir ki, bu da neft və qaz əmələgəlməsinin ənənəvi modeli çərçivəsinə sığmır. Deməli, prinsip etibarı ilə yeni modelə ehtiyac vardır ki, artıq geoloq və geofiziklər belə bir modelin işlənilməsinə başlamışlar.

Azərbaycan Respublikası əhalisinin və ölkənin əsas iqtisadı potensialının 70 faizindən çoxunun yerləşdiyi Abşeron yarımadası və ona qovuşan Xəzər dənizi akvatoriyası müasir geoloji proseslərin (seysmiklik, palçıq vulkanizmi, sürüşmələr, qruntun çökməsi, subasma, qrifonəmələgəlmə və s.) və onlarla bağlı olan təbii və texnogen xarakterli təhlükələrin yüksək intensivliyi ilə səciyyələnir. Son 10-15 ildə bu proseslərin müşahidə edilən aktivləşməsi bir sıra məlum neqativ hadisələrə səbəb olmuşdur. Neft və qaz yataqlarının genişmiqyaslı istismarı, stansionar dəniz platformalarının inşası, sualtı və yerüstü boru kəmərlərinin çəkilməsi, intensiv mülki tikintilər regionun geoloji mühitinə yüksək texnogen gərginlik yaradır və beləliklə vəziyyəti daha da mürəkkəbləşdirir. Bütün bu amillər birlikdə Azərbaycan ərazisinin yer qabığının müasir kinematikası və geodinamikasının GPS ölçmələrindən istifadə etməklə öyrənilməsi problemi üzrə işlərin davam etdirilməsinin vacibliyini şərtləndirir.

Beləliklə, ətraf mühitin yuxarıda göstərilən geoloji aspektləri, baş verən proseslərin miqyasına, qloballaşma səviyyəsinə, həll edilən məsələlərin əhəmiyyətinə görə XXI əsrin başlanğıcında ekoloji geologiya sahəsində mühüm problem olaraq meydana çıxmışdır. Güman edirəm ki, buraya habelə ekoloji sedimentologiya, ekoloji geokimya və ekoloji geofizika kimi bilik istiqamətlərinin də prioritetliyini aid etmək lazımdır. Antropogen dəyişilmələrin tempi ildən-ilə artır, lakin insanlar onların gələcəkdə ətraf mühitə təsiri barədə nisbətən bu yaxınlarda düşünməyə başlamışlar. Beləliklə, alim-geoloqlar qarşısında gündəlikdə duran mühüm vəzifə - təbii mühitdən səmərəli istifadə planlaşdırılmasında fəal iştirak etməkdən ibarət olmalıdır.

Məlumdur ki, XX əsrin axırlarında geologiya sahəsində mühüm elmi nailiyyətlərdən biri - struktur əmələgətirən proseslərdə flüid selinin fəal rolunun müəyyən edilməsidir və bu da, mahiyyət etibarilə, əsrlərin qovuşmasında, yeni tədqiqat istiqamətinin meydana çıxmasına səbəb oldu. Söhbət neft və filizəmələgəlmə sahəsində yeni ideyaların yaradılmasından gedir ki, bunların da sırasında sözsüz ki, aparıcı istiqamət - flüidodinamik konsepsiyadır. Flüidodinamik sistemlərin yaranma və inkişaf proseslərinin tədqiqi, şübhəsiz, neft-qaz və filiz formasiyalarının mürəkkəb poligen və polixron formalaşma tarixinin dərk edilməsi üçün əsas ola bilər.

Neft strategiyasının həyata keçirilməsi yolunda Azərbaycan, bildiyiniz kimi, nəzərə çarpan uğurlar əldə etmişdir. Buna dünya əhəmiyyətli irimiqyaslı layihələr - Azəri-Çıraq-Günəşli neft yataqlarının, Şahdəniz qazkondensat yatağının mənimsənilməsi, magistral Bakı-Tiflis-Ceyhan boru kəmərinin istismara verilməsi əyani sübutdur. Lakin son illərdə təkcə bu layihələr dünya ictimaiyyətinin diqqətini cəlb etmir. Məlum olduğu kimi Xəzər dənizi "Böyük İpək Yolu" və "Şimal-Cənub" transport koridoru yolunda həlledici strateji qovşaqdır. Geoloji baxımdan Xəzər dənizi təbii flüidodinamik sistemlərin kəskin sürətdə dəyişən fəal texnogen proseslər qurşağı olub seysmikliyin və palçıq vulkanizminin aktivləşməsinə səbəb olur; digər tərəfdən Xəzər dənizi iqliməmələgətirici amil olub xarici təsirə olduqca həssas bir ekosistemdir. Nəhayət, Xəzər dənizi Azərbaycan alimləri tərəfindən kəşf edilmiş, lakin hələ nisbətən zəif öyrənilmiş, XXI əsrin ən perspektivli alternativ enerji mənbəyi hesab edilən qazhidrat yığımlarının zəngin mənbəyidir. Xəzər hövzəsinin qeyd edilən spesifik xüsusiyyətləri qarşıya mühüm problemlər çıxarır və onların həlli üçün, fikrimizcə, elmi əsaslandırılmış kompleksli dissiplinalararası tədqiqatların aparılması bu gün təxirə salınmazdır.

Əsası 1995-ci ildə Geologiya İnstitutunda qoyulmuş "Nafta-Press" nəşriyyatı respublika nəşriyyatları sırasında mühüm yer tutur. Bu gün nəşriyyatın qrifi ilə çap olunmuş elmi əsərlərin sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Guman edirəm ki, akademiya sistemində hələ heç bir institut Geologiya İnstitutu qədər kitab çap etməmişdir. Rəqəmlərə nəzər salsaq görürük ki, 2000-ci ildən indiyə kimi "Nafta-Press" nəşriyyatında 210 adda kitab və monoqrafiyalar, dövri jurnallar, görkəmli geoloq alimlərin "Seçilmiş əsərləri" və biblioqrafiyaları, habelə bir neçə fundamental nəşrlər işıq üzü görmüşdür. 8 cılddən ibarət "Azərbaycanın geologiyası", "Azərbaycan mineralları", "Geologiya terminlərinin izahlı lüğəti" "Geologiya institutu simalarda" kimi möhtəşəm nəşrlər gözlərimiz önündə canlanır. Bir daha vurğulamaq istəyirəm ki, Geologiya İnstitutunun kollektivi tərəfindən yaradılmış 8 cildlik "Azərbaycanın geologiyası" unikal fundomental əsəri, hazırlığını apardığımız 9 cild - "Tədbiqi geologiya" həmçinin "Azərbaycan mineralları" ensiklopedik əsər və "Azərbaycanın geoloji xəritəsinin" yeni nəşri - bütün bu nəşrlər öz elmi və tədris əhəmiyyətini bir çox onilliklər ərzində saxlayacaqdır.

Beləliklə, Azərbaycan öz müstəqilliyinə nail olduğu gündən artıq 20 il keçmişdir. Bu illər ərzində respublika öz inkişafında nəhəng uğurlara nail olmuşdur. İqtisadiyyat, mədəniyyət, elm və təhsil yüksək templə inkişaf edir. AMEA Geologiya İnstitutu öz ənənələrinə sadiq qalaraq, bu gün də fundamental və tətbiqi problemlər sahəsində tədqiqatlarını uğurla davam etdirir.

Perspektivdə həlli nəzərdə tutulan məsələlərdən biri Geologiya İnstitutunda MDU-nin Bakı filialının "Neftlərin geokimyası" ixtisası üzrə baza kafedrasının yaradılmasıdır. Bu proqram çərçivəsində müasir elmi-tədris yönümlü geokimyəvi laboratoriyanın yaradılması planlaşdırılır. Digər bir perspektiv məsələ Respublika Prezidenti yanında Elmin İnkişaf Fondu və ARDNŞ-nin Elmin İnkişaf Fondunun vəsaitləri hesabına institutun eksperimental bazasının modernləşdirilməsi, bu məqsədlə neftlərin, orqanik maddələrin və süxurların tədqiqatı üzrə yeni analitik laboratoriyanın yaradılması nəzərdə tutulur. Bu işin əsas məqsədi - Cənubi-Xəzər neftli-qazlı hövsənin karbohidrogen, qaz-maye modelinin yaradılması və onun potensiual ehtiyat bazasının qiymətləndirilməsidir. Buna nail olmaq üçün Cənubi-Xəzər neftli-qazlı hövsənin neft və qaz-kondensat yataqları üzrə bütün faktiki materialların (termobarik şəraitlərin, yatım dərinliklərinin, lay neftinin müxtəlif parametrlərinin, lay qazlarının kondensat tutumunun, qazabənzər və maye flüidlərin fiziki-kimyəvi səciyyəsinin) sistemləşdirilməsinə nail olmaq niyyətindəyik.

Massaçusets Texnoloji İnstitutun metodik dəstəyi ilə MEA Seysmoloji Xidməti ilə şərikli olaraq telemetrik və GPS stansiyalar şəbəkəsinin, o cümlədən, neft-qaz yataqlarının işlənilmə zonalarında unikal dib seysmoqraflarının quraşdırılması aparılır. Beləliklə, Azərbaycanın quru və dəniz sahələrinin geodinamik monitorinqinin təməli qoyulur ki, bu da respublikanın geodinamika və seysmologiya elmi istiqamətdə bir çox yeni eksperimental nəticələrinin əldə edilməsinə imkan verəcəkdir.

2009 - cu ildən institutun ilk Milli Elmin İnkaşafı Fondu (EİF) ilə əməkdaşlığı başlamış və onun çərçivəsində 7 layihə işlənilərək təqdim edilmişdir. Onun ikisi, həmçinin müasir skanirləşdirən elektron mikroskopun alınması və onun tədbiqilə Cənubi Xəzər hövzəsinin neftli - qazlı çöküntülərinin biostratiqrafiyasını, submikron və nano səviyyələrdə kimyəvi və fiziki - mexaniki xüsusiyyətlərin öyrənilməsini nəzərdə tutan layihə artıq EİF - nun qrantları ilə dəstəkləmişdir.

1998 - ci ildən başlayaraq institut "Şərqi Aralıq dənizi - Qafqazın GPS" layihəsi çərçivəsində Massaçusets Texnoloji İnstitut ilə əməkdaşlıq şəraitində GPS ölçülmələrindən istifadə etməklə, Azərbaycan ərazisində yer qabığının kinematikası və dinamikasının öyrənilməsi üzrə işlər aparılmışdır. Qafqaz kollizion zonasında müasir geodinamik vəziyyət tədbiq edilmiş, deformasiya enerjisinin toplandığı məntəqələr aşkar edilmişdir.

İnsitutun apardığı tədqiqatlar sırasında Rusiya, Qazaxıstan, Orta Asiya respublikaları və Çin Xalq Respublikası ilə birlikdə apardığı "Mərkəzi Avrasiyanın litoloji - paleocoğrafi, struktur, palinspatik və geoloji xəritələr Atlası" (1:2500000 miqyasında) layihə böyük maraq doğurur. 2002 - ci ildə səkkiz ölkənin geoloqlarının səyi nəticəsində müfəssəlliyə və geoloji informasiyanın həcminə görə dünya praktikasında analoqu olmayan nadir Atlas yaradılmışdır. Bu atlasın tərtibi üzrə aparılan işi nəinki MDB ölkələri, həm də Çin Xalq Respublikası ilə səmərəli beynəlxalq əməkdaşlığın nümunəsi kimi qeyd etmək olar. Atlasın yaradılması göstərdi ki, geologiya elmində inzibati sərhədlər yoxdur və hətta iqtisadi reformaların mürəkkəb dövrlərində belə maraqlı və mühüm şərikli layihələr həyata keçirmək mümkündür.

2002 - ci ildə institutda nüvə partlayışları və zəlzələlərin monitorinqi məlumatlarının Milli Mərkəzi təşkil edilmişdir. Bu mərkəz Azərbaycan ərazisində və qovuşuq Xəzər dənizi akvatoriyasında dünya monitorinqi sisteminin bir hissəsi kimi fəaliyyət göstərir və seysmoloji, radionuklid, hidroakustik və infrasəs monitorinq aparmaq və həm monitorinq obyektləri, həm də beynəlxalq məlumatlar Mərkəzi ilə əlaqə yaratmaq məqsədi daşıyır. Bu məqsədlə institutda "Nüvə sınaqlarının hər tərəfli qadağan edilməsi haqqında saziş Təşkilatının (NSHQST, Avstriya)" texniki dəstəyi ilə Yer kürəsinin müxtəlif sahələrində yerləşmiş 300 - dən artıq geofiziki stansiyadan informasiya əldə etməyə və Mərkəzi Asiya və Qafqazda nüvə partlayışları və terrorizm təzahürlərinə müəyyən dərəcədə effektiv nəzarət rejimini həyata keçirməyə imkan verən sistem yaradılmışdır.

2003 - cü ildə geofiziki məlumatların GİS analizi üzrə işlərə başlanılmışdır. Bu gün biz sizinlə Geologiya İnstitutunun yaratdığı dəqiqliyi, informativliyi və fasiləsizliyi ilə unikal olan Abşeron "məhsuldar qatının" sedimentoloji kəsilişinin nadir elektron rəqəmli versiyası yaradılmışdır. Bundan başqa, "Azərbaycan ərazisinin və ona qovuşan Xəzər dənizi akvatoriyasının litoloji - paleocoğrafi xəritələr Atlasının" (1:1000000) elektron - rəqəmli versiyası da işlənib hazırlanmışdır. Bu Geologiya İnstitutunun ilk innovasiya layihəsi olmaqla onun innovasion inkişafını bərqərar etmiş başlanğıc səhifəsi, nəinki elmi, eyni zamanda, kommersiya marağı doğurur. Onun ardınca daha üç buna bənzər layihə hazırlanmışdır. Multikanal kosmik məlumatların rəqəmli işlənilməsi və imic - spektral analiz metodları ilə karbohidrogen flüidlərinin öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır. Regionda palçıq vulkanizmi və seysmik hadisələrin zaman - məkan korrelasiyasının alqoritmləri işlənib hazırlanmışdır.

 

 

Akif ƏLİZADƏ,

AMEA-nın vitse-prezidenti,

Geologiya İnstitutunun direktoru,

Akademik

 

Xalq qəzeti.- 2011.- 28 oktyabr.- S. 5.