BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan beynəlxalq aləmdə mühüm söz sahibinə çevrildi

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk gündən demokratik proseslərin inkişafına xüsusi önəm verdi. Söz yox ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, bir çox hallarda cəsarətsizlik və qeyri-prinsipiallıq nümayiş etdirmələri müstəqilliyimizi məhvə doğru aparırdı. 1993-cü ilin yayından başlayaraq, Azərbaycanda həyat tədricən öz axarına düşdü. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlişindən sonra Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında əsaslı dönüş yaradıldı. Yeni qəbul olunan qanunlar beynəlxalq standartlara uyğunlaşdırıldı, ölkəmizin digər dövlətlərlə əməkdaşlığı və mötəbər qurumlara üzvlüyü istiqamətində qətiyyətli addımlar atıldı.

 

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Əsas Qanunumuz tanınmış beynəlxalq ekspertlər tərəfindən çox dəyərəli demokratik sənəd hesab olundu. Müstəqil Azərbaycan 1993-cü ildən sonrakı dövrdə bütün sahələr üzrə böyük inkişaf yolu keçmiş, dünya birliyində mövqelərini möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir.

Ulu öndərin siyasi kursunu böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində Azərbaycan misilsiz nailiyyətlərə imza atmış, müasir, sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi özünü təsdiq etmiş və böyük nüfuz sahibinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində həlledici faktor olmuşdur. Oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu seçkidə dünyanın 155 ölkəsinin Azərbaycanı dəstəkləməsi ölkəmizin dünya birliyində mövqeyinin getdikcə artmasından xəbər verir. Dünya ictimaiyyətinə də çox yaxşı məlumdur ki, Azərbaycan uzun illərdir dünyada ardıcıl sülh və tərəqqi siyasəti yürüdür, beynəlxalq terrorizmə qarşı ciddi mübarizə aparır, sülhü və təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizənin fəal iştirakçısıdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqilliyi dövründə misilsiz nailiyyətlər qazanmışdır. Müstəqilliyimizin 20-ci ildönümündə isə artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilmişdir. Ölkəmizin xarici siyasətdə qazandığı bu uğur bir daha təsdiqlədi ki, bizim üçün keçilməz sədd, həlli mümkün olmayan problem yoxdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, bundan sonra beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Ölkəmiz regionun lideri statusunu möhkəmləndirməklə yanaşı, dünya siyasətində söz sahibi olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə xalqımızı təbrik edərək demişdir: "... BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür... Bu qələbə Azərbaycan xalqının qələbəsidir, siyasətimizin təntənəsidir".

Dövlətimizin başçısı bir daha Azərbaycan xalqını əmin etmişdir ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, qələbələrimizin sayı çox olacaq.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizə nə verəcək? İlk növbədə ölkəmiz çox böyük və mötəbər bir tribuna qazanmışdır. Ölkəmiz bu quruma üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi var. Lakin bu qətnamələrin qəbul edilməsindən uzun illər keçməsinə baxmayaraq, hələ də icra olunmayıb. Ermənistan tərəfi bu qətnamələrə əməl etməməklə BMT kimi nüfuzlu bir quruma qarşı saymamazlıq edir. Bütün bunlardan sonra Ermənistan da BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə keçirilən seçkilərə qatılmaq fikrində imiş. Lakin son anda özünün beynəlxalq aləmdəki "mövqeyini" ölçüb-biçərkən heç bir reytinqə malik olmadığını açıq-aydın hiss etdi. Bundan əlavə, deyəsən bu ölkənin rəhbərliyi, təbii ki, başda prezident Serj Sarkisyan olmaqla artıq dərk etməyə başlayıb ki, işğalçı bir dövlətin hər hansı bir mötəbər quruma üzvlüyə keçirilən seçkilərə qatılması gülüncdür və Azərbaycanla rəqabət apara bilməz. Ona görə də Ermənistan tərəfi bu seçkilərə qatılmadı.

Bütün dünyaya məlumdur ki, bu gün Azərbaycan iqtisadiyyatının sürət tempinə görə lider dövlətələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qısa dövr ərzində mühüm iqtisadi və siyasi layihələr həyata keçirilmiş, əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması sahəsində misilsiz nəticələr əldə edilmişdir. Artıq Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Ölkəmizin sülhsevər olması dünyadakı dostlarının və tərəfdaşlarının sayını getdikcə artırır. Azərbaycan daim sülh tərəfdarı kimi çıxış edir, böyük iqtisadi və hərbi potensialına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. İri infrastruktur layihələrin reallaşdırılmasında da ölkəmiz dünya miqyasında böyük reytinq qazanıb. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.

Azərbaycan regional təhlükəsizliyə mühüm töhfə verir, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmədiyinə görə bütün layihələrdən kənarda qalıb. Artıq bu işğalçı dövlət beynəlxalq aləmdə bir küncə sıxışdırılıb. Bu da Ermənistanın onsuz da ağır durumda olan iqtisadiyyatını iflic vəziyyətinə gətirib çıxarıb.

Bütün inkişaf imkanlarından məhrum olan işğalçı Ermənistanın iqtisadiyyatının çökməsi göz önündədir. Ölkə rəhbərliyi hər ay "artım" göstəricilərinə əsaslanaraq nikbin proqnozlar səsləndirsə də, işsizlik, aclıq və səfalətdən əziyyət çəkən Ermənistan əhalisini saxta rəqəmlərlə doyurmaq mümkün deyil. Yeri gəlmişkən, Sarkisyan rejiminin yalanlarını qəbul edə bilməyən Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan ölkənin üzləşdiyi ağır durumun əhaliyə olduğu kimi çatdırılmasını tələb edib. Ermənistanda iqtisadi tənəzzülün təhlükəli həddə olduğunu bildirən B.Asatryan ölkə iqtisadiyyatının əsas göstəriciləri ilə bağlı statistika xidmətinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini söyləyib. Onun proqnozlarına görə, ilin sonunadək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək. Keçmiş bank rəhbəri əlavə edib ki, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri sıfra bərabərdir.

Hadisələrin gedişi göstərir ki, Ermənistan iqtisadiyyatı elə bir qarşısıalınmaz fəlakətlə üzləşib ki, B.Asatryanın irəli sürdüyü faktları inkar etmək üçün rəsmi Yerevanın əlində heç bir əsas yoxdur. Ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır. İstehsal sahələrinin böhranlı vəziyyəti daxili tələbatı ödəyəcək qədər məhsul istehsalına imkan vermir. Bu səbəbdən müxtəlif növ məhsullara tələbatın ödənilməsi idxal hesabına həyata keçirilir. Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi işğalçı ölkəni daha da çökdürüb. Bu da Ermənistanı mövcudluğunu davam etdirə bilmək üçün xarici yardımlardan, ianələrdən tamamilə asılı vəziyyətə salıb.

İqtisadi gerilik təbii olaraq, hər şeydən əvvəl əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. Üstəlik, işğalçı ölkədə yeni müəssisələrin, sosial obyektlərin tikintisinin demək olar ki, yox səviyyədə olması yeni iş yerlərinin də yaranmasına əngəl törədir. Son 7 ildə Azərbaycanda 950 min iş yeri açıldığı halda, Ermənistanda əhali, xüsusilə gənclər iş tapmaq məqsədilə xarici ölkələrə üz tuturlar. Bu ölkədə ailələrin böyük əksəriyyətinin əsas dolanışıq mənbəyi onlara xaricdən göndərilən maliyyə vəsaitləridir. Bir çoxları isə ağır həyat şəraitinə dözməyərək ölkəni birdəfəlik tərk edirlər. Yerli mənbələrin yaydıqları məlumatlara əsasən əhalinin yarısı yaşamaq üçün xarici dövlətlərə köçüb. Bunun təsdiqi kimi nüfuzlu "Gallup" təşkilatının bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini xatırlatmaq olar. Həmin sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Yeri gəlmişkən, bir faktı da xatırladaq ki, bu ilin əvvəllərində açıqlanan başqa bir sorğunun nəticələrinə görə isə, Ermənistan gənclərinin 70 faizi ölkəni tərk etmək və xaricdə məskunlaşmaq istəyir. Bütün bunlar, əslində, ölkənin ağır durumu ilə bağlı ciddi siqnaldır. Kütləvi miqrasiyanın yaratdığı demoqrafik problemlər artıq Ermənistan ictimaiyyətində böyük təşviş yaradıb. Belə ki, əhalinin əsasən gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi şəkildə tərk edir.

Yoxsul həyat tərzi erməni cəmiyyətində başqa bir təhlükəli demoqrafik problem olan ana və uşaq ölümünün sayını artırıb. Ermənistan kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, ölkədə yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 51 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur. Ermənistanda iqtisadi durumun getdikcə ağırlaşdığını nəzərə alsaq, bu ölkədə demoqrafik problemlərin də paralel surətdə artmaqda davam edəcəyini söyləmək olar.

Ermənistan iqtisadiyyatının ağır duruma düşməsi ordudakı vəziyyəti də acınacaqlı hala salıb. Son vaxtlar Ermənistanın müdafiə sistemində vəziyyət daha da acınacaqlı hal alıb. Orduda şəxsi heyət arasında mənəvi-psixoloji durum və nizam-intizam xeyli zəifləyib. Bunu Ermənistan silahlı qüvvələrinin maddi-texniki təminatında yaranan problemlərlə əlaqələndirənlər də az deyil. Ermənistan ordusunda fərarilik və ölüm halları gündən-günə artır. Bu hallar ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır. Maraqlıdır ki, fərarilərin əksəriyyəti Azərbaycan hərbçilərinə təslim olmağa üstünlük verirlər. Bunun bir səbəbi təqibdən yaxa qurtarmaqdırsa, digəri burada təslim olan erməni əsirlərə göstərilən humanist münasibətdir. Ermənistan ordusundan qaçaraq Azərbaycan tərəfə keçən 3 erməni əsgəri də bunu etiraf etmişdi. Əsgərlərin dediyinə görə, işğal olunmuş ərazilərdə yerləşən Ermənistan ordusunun bölmələrində zülmdən yaxa qurtarmaq üçün Azərbaycan hərbçilərinə təslim olmağa üstünlük verənlərin sayı getdikcə artır. Son vaxtlar Dağlıq Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyalarda çoxlu sayda bıçaqlanma hadisəsi baş verib və daxili mübahisələr zamanı xeyli erməni hərbçi qətlə yetirilib. Ötən bir il ərzində isə 2 min 200-dən çox cinayət faktı qeydə alınıb. Bunun da 65-i ölümlə, 93-ü orta və ağır xəsarətlə nəticələnib.

Qlobal maliyyə böhranının təsiri ilə Ermənistanda iqtisadi vəziyyətin daha da pisləşməsi ordunun maddi-texniki təchizatında da problemlər yaradıb. Hərbi qulluqçuların maaşlarının yubadılması hallarıyla yanaşı, mənimsənilmə faktları da artıb. Bir sıra əlahiddə motaatıcı alaylarda aparılan yoxlamalar zamanı məlum olub ki, tabor və bölük komandirləri hərbi hissə komandirinin göstərişi ilə rütbəli hərbi qulluqçuların məvacibinin 50-80 faizini mənimsəyiblər. Yəni yaxın günlərdə erməni zabitləri də Azərbaycan hərbçilərinə təslim olsa, bu təəccüb doğurmayacaq.

Ermənistan ordusunda vəziyyətin ağır olduğu artıq ermənilərin özləri tərəfindən də təsdiq edilir. Bununla bağlı dəfələrlə araşdırmalar aparan yerli təşkilatlar durumun kifayət qədər ciddi olduğunu və belə davam edərsə, bir neçə ildən sonra Ermənistan ordusunun müqavimətsiz bir kütlə yığınağına çevriləcəyini deyirlər. Son vaxtlar isə vəziyyət bir qədər də dözülməz şəkil almağa başlayıb. Ermənistan Müdafiə Nazirliyi Rusiyaya məxsus köhnə sınıq-salxaq hərbi texnikanı nümayiş etdirməklə hərbi parad keçirmiş, guya bununla güclü orduya malik olduqlarını nümayiş etdirmək istəyirdi. Əslində isə özünü gülünc vəziyyətinə qoydu. Erməni politoloqları da etiraf edirlər ki, Ermənistan bu hərbi paradı ilə öz gücsüzlüyünü, hələ də Rusiyadan asılı vəziyyətdə olduğunu və bu ölkənin sınıq-salxaq, köhnə hərbi texnikasına güvəndiyini bir daha təsdiqlədi.

Bu gün Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur. Ümumiyyətlə, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə Azərbaycanın Ermənistandan qat-qat üstün olması göz önündədir. Bir neçə faktı diqqətə çatdırmaq istərdik. 2006-cı ilin fevral ayında Fransanın paytaxtı Parisin yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Robert Koçaryanın danışıqlarda özünə inamsızlığı onun qeyri-ciddi hərəkəti ilə nəticələndi. Əslində Prezident İlham Əliyevin arqumentləri qarşısında davam gətirə bilməyən Robert Koçaryan gülməli bəhanə ilə qaçıb aradan çıxdı. Ermənistan dövlət başçısının belə davranışı bu ölkənin idmançılarına da sirayət etmişdi. Moskvada "Birlik" kuboku uğrunda görüşdə Ermənistanın "Pünik" futbol komandası uduzacağını başa düşərək Bakının "Neftçi" futbol komandası ilə yarışmaya qatılmadı. Qorxma "xəstəliyi" Ermənistanın indiki prezidenti Serj Sarkisyana da keçib. Artıq son vaxtlar o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirilən danışıqılar prosesinə qatılmaqdan hər vasitə ilə yayınmağa çalışır.

Göründüyü kimi, Azərbaycanla Ermənistanı hər hansı bir sahədə müqayisə etmək qeyri-mümkündür. İndiki halda vəziyyət daha da mürəkkəbləşir. Çünki Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla, dünya siyasətini müəyyən edən on beş ölkədən biridir. Ermənistan isə tənəzzül, böhran, aclıq, səfalət içində boğulan bir ölkədir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 28 oktyabr.- S. 4.