Azərbaycan Təhlükəsizlik Şurasının üzvü kimi başqa ölkələrin də problemlərinin həllində iştirak edəcək

 

Bu günlərdə Azərbaycan Respublikası özünün xarici siyasətində növbəti dəfə mühüm bir strateji qələbə əldə edib. Ölkəmiz uzun müddətdən bəri uğrunda inadla mübarizə apardığı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Seçim ciddi mübarizə şəraitində keçsə də, son nəticədə Azərbaycan istəyinə nail olub. Ölkəmiz artıq dünyanın bu ən mötəbər və ən ali beynəlxalq təşkilatının üzvüdür.

 

Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə həmin gün - oktyabrın 25-də xüsusi bəyanatla çıxış edərək Azərbaycan xalqını təbrik edib. "Bu, həqiqətən də, böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar dünyanın ayrı-ayrı ölkələrinin rəhbərlərindən ölkəmizə təbriklər daxil olmaqdadır. ABŞ və Rusiya kimi böyük dövlətlər bu tarixi hadisəyə münasibət bildirərək 2012-ci ilin yanvarından etibarən BMT Təhlükəsizlik Şurasının işində Azərbaycanla birgə çalışmaqdan məmnun qalacaqlarını qeyd ediblər. Elə ölkəmizin bütün vətəndaşları, görkəmli ziyalılarımız, yazıçı və şairlərimiz, mədəniyyət xadimlərimiz də dövlətimizin beynəlxalq nüfuzunun durmadan artdığını göstərən bu hadisə ilə bağlı öz fikir və mülahizələrini bildirirlər.

Azərbaycanın növbəti qələbəsindən qürurlanaraq sevincini oxucularımızla bölüşmək istəyənlərdən biri Laçın rayonundan məcburi köçkün, əmək veteranı Abdulla Abdullayevdir. Onun ürək sözlərini təqdim edirik:

- Mən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün bütün ağrı-acılarını yaşamış, bu amansız təcavüz nəticəsində yurd-yuvasını itirmiş yüz minlərlə insandan biriyəm. 80-ə yaxın yaşım var. Ömrümün böyük hissəsini doğma rayonumda təsərrüatın inkişafına, əsasən heyvandarlıq sahəsinə həsr etmişəm. Çoxlu əmək qələbələrim, mükafatlarım, təltiflərim olub. Rayon sovetinə deputat seçilmişəm. Azərbaycan müstəqil dövlət kimi BMT-nin üzvü olanda da, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə də bu böyük uğurlarımıza ürəkdən sevinmişəm. Əsrlər boyu başı bəlalar çəkmiş Azərbaycan artıq dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınıb və bundan sonra bu müstəqilliyi heç kim onun əlindən ala bilməz. İndi isə sevinirəm ki, Azərbaycan daha da qabağa gedərək bu nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında özünün səsi ilə iştirak edəcək, sanballı sözünü deyəcək, təkcə bizim ölkənin deyil, başqa ölkələrin də problemlərinin həllinə kömək edəcək, qlobal məsələlərin həllində, ədalətli qərarların qəbul edilməsində həlledici rol oynayacaq.

Eyni zamanda, Azərbaycanın bu qurumda üzvlüyü Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına kömək edəcək. Mən on minlərlə məcburi köçkünün adından deyə bilərəm ki, biz doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik. Bunu ATƏT, onun Minsk qrupu təmin edə bilmirsə, qoy BMT etsin. İnanıram ki, Azərbaycan bu qurumdakı səlahiyyətlərindən istifadə edərək birinci növbədə ərazi bütövlüyü heç bir əsas olmadan pozulmuş ölkələrin problemini qaldıraraq həllinə çalışacaq. BMT beynəlxalq hüququn təminatçısı kimi Azərbaycan əhalisinin pozulmuş insan haqlarının bərpasına çalışmalıdır. İnsanlarımız itirdikləri evlərinə, yurdlarına qayıtmalı, azad yaşamalıdırlar. Mən əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin bundan sonrakı səyləri məhz bu istiqamətə yönələcək. Bilirəm ki, Prezidentimiz Dağlıq Qarabağ probleminin tez həll olunması üçün var gücü ilə çalışır. İnanıram ki, bundan sonra bu mübarizəni daha inadla aparmaq və qələbəyə çatmaq mümkün olacaq.

 

 

Söhbəti yazdı: Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2011.- 28 oktyabr.- S. 4.