Türkiyə
Cümhuriyyəti - 88. Türk
dünyasının parlayan ulduzu - Türkiyə
Türkiyənin
son illər ərzində əldə etdiyi uğurlar bizi
çox sevindirir. Türkiyə bu gün dünya
çapında güc mərkəzidir, güclü dövlətdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Qardaş
Türkiyə Cümhuriyyətinin qurulmasından 88 il
ötür. Bütün türk dünyasının güvənc
yeri Türkiyə bu illər ərzində çox şərəfli
yol keçmişdir. Hələ 1923-cü il oktyabrın 29-da
yaradılan gənc türk dövlətinin çağdaş
sivilizasiyaya qovuşması istiqamətində böyük
işlər görülmüşdür.
O
dövrdə çağdaşlığı özündə
əks etdirən bir sıra qanunlar qəbul edildi, elmin, mədəniyyətin
inkişafına ciddi əhəmiyyət verildi. Türk tarixi və
türk dili təşkilatları yaradıldı, türk millətinin
genefonduna dair geniş araşdırmalar aparıldı. Mədrəsələr
ləğv olunaraq, yerinə müasir dünya standartlarına
uyğun "Cümhuriyyət məktəbləri"
açıldı. Təlim-tədrisdə dünyəvi və
milli əsaslar mənimsənildi. "Hərf inqilabı"
gerçəkləşdi: ərəb əlifbasından
latın əlifbasına keçildi. Universitetlərdə təhsil
müasirləşdirildi və yeni çağdaş
fakültələr yaradıldı. Miladi təqvimi qəbul
edildi, türk qadınına seçmə və seçilmə
hüququ verildi. Gənc Türkiyə dövlətində
bütün bu işləri xarizmatik lider, türk
dünyasının dahi şəxsiyyəti Mustafa Kamal
Atatürk həyata keçirdi.
Türk
xalqının Atatürkə olan sonsuz məhəbbətinin
bir səbəbi də onun Türkiyəni xarici dövlətlərin
müstəmləkəsinə çevrilməkdən xilas etməsi
idi. Belə ki, Birinci Dünya müharibəsində məğlubiyyətə
uğrayan Osmanlı hökuməti 1918-ci il oktyabrın 30-da
qalib Antanta dövlətləri ilə Mudros müqaviləsini
imzalayaraq, Türkiyəni qeyd-şərtsiz həmin dövlətlərə
təslim etmişdi. Ermənilər və yunanlar isə xarici
ölkələrin təşviqi və köməyi ilə
onun torpaqları hesabına dövlət qurmaq xülyasına
düşmüşdülər. Yunan ordusu Anadolunun qərb
bölgələrini işğal edirdi. Erməni hərbi birləşmələri
isə Türkiyənin şərq əyalətlərində
dünyada analoqu olmayan qətllər törədirdilər.
Antanta dövlətləri də hərəsi bir istiqamətdən
Anadoluya qoşun yeridirdi. Artıq ölkə ərazisinin əksəriyyətində
xarici dövlətlərin bayraqları dalğalanırdı.
Düşmən bütün bunları edərkən,
unutmuşdu ki, türk millətinin azadlıq sevgisi, yurdsevərliyi,
böyüklüyü və qətiyyəti bir gün
sıyrılmış qılınc kimi, onun başına enəcəkdir.
Bunun üçün türk xalqının iradəsini əks
etdirən, hər bir türkü ətrafında birləşdirən,
onu mücadiləyə, savaşa ruhlandıran liderə ehtiyac
var idi. Bu lider böyük öndər və sərkərdə
Mustafa Kamal Paşa oldu.
Mustafa
Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək,
Anadolunun düşmən işğalından azad edilməsi
üçün türk millətini səfərbər etməyə
başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə
Amasyadan bütün Anadoluya yayılan müraciətdə
deyilirdi: "Vətənin bütövlüyü, millətin
istiqlalı təhlükədədir. Millətin
istiqlalını yenə millətin əzmi və qərarı
xilas edəcəkdir..." Bu çağırış
artıq Anadoluda vüsət almağa başlayan milli
azadlıq hərəkatını daha da alovlandırdı.
1919-cu
il iyulun 23-də Atatürkün təşkilatçılığı
ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl
daşı sayılan Ərzurum konqresi öz işinə
başladı. Burada milli mücadilənin ilkin prinsipləri təyin
olundu. 1920-ci il aprelin 23-də isə Ankarada Anadolunun hər tərəfindən
gələn təmsilçilərdən ibarət Türkiyə
Böyük Millət Məclisi (TBMM) öz işinə
başladı. Mustafa Kamal milli iradəni təmsil edən bu məclisə
və onun etimad etdiyi hökumətə başqan seçilərək,
türk millətinin siyasi və hərbi liderinə
çevrildi. Və Türk Milli Qurtuluş Savaşı
başlandı. Düşmənlər diz
çökdürüldü, ölkədən qovuldu.
1923-cü
il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı. Bu
müqaviləyə əsasən, Türkiyə dövləti
bütün dünya dövlətləri tərəfindən
tanındı. Həmin il oktyabrın 29-da TBMM Anayasanın 1-ci
maddəsinə dəyişiklik edərək "Türkiyə
dövlətinin hökumət formasının cümhuriyyət"
olduğunu bəyan etdi...
Hazırda
Türkiyə Cümhuriyyəti Avropanın ən qüdrətli
ölkələrindən biridir. Dünyanın 16-cı ən
böyük iqtisadiyyatına malik olan qardaş ölkənin
güclü ordusu bölgədə sülhün, təhlükəsizliyin
və tarazlığın qorunmasında mühüm rol
oynayır. Türkiyə NATO-da və digər beynəlxalq təşkilatlarda
əhəmiyyətli və strateji tərəfdaş kimi
böyük nüfuza malikdir. Bu gün o, Avropa Birliyi yolunda qətiyyətlə
irəliləyir.
Azərbaycan-Türkiyə
münasibətlərinə gəlincə, türk
dünyasının böyük oğlu, ulu öndər Heydər
Əliyevin "Bir millət, iki dövlət" kəlamını
xatırlatmaq kifayətdir. Bu gün ulu öndərin yolunu
uğurla davam etdirən Prezident cənab İlham Əliyev
Türkiyə ilə ölkəmiz arasında mövcud
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində
davam etdirilməsinin qarantıdır. Ötən günlərdə
Vanda baş verən zəlzələ zamanı Prezident
İlham Əliyevin tapşırığı ilə
böyük xilasedici heyyətin və lazımi ləvazimatların
3 təyyarə ilə dərhal hadisə yerinə
çatdırılması da Azərbaycanın Türkiyəyə
olan qardaşlıq münasibətinin göstəricisidir.
Çünki Türkiyənin kədəri bizim kədərimiz,
sevinci bizim sevincimizdir. Türkiyə Cümhuriyyətinin
quruluşunun 88-ci ildönümünün Azərbaycanda da
yüksək səviyyədə qeyd olunması da bunun bariz
nümunəsidir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 7.