Cəza cinayətlərin
ekvivalentidir
"Ən cahil insan cinayətə və pisliyə
vərdiş etmiş adamdır. Hər ikisi həlak
olmağın başlanğıcıdır."
Müqəddəs
kitabdan
Ölkədə davam edən demokratik islahatlara uyğun olaraq Azərbaycan polisi özünün fəaliyyətində, xidməti və etik davranışlarında korrektlər etmiş, cinayətkarlıqla mübarizə işində peşəkarlığına, ideya səviyyəsinin yüksəldilməsi kimi dəyərlərə xüsusi önəm vermişdir. Polis çətin və şərəfli peşə sahibi kimi xidməti fəaliyyətini tənzimləyən qanunlara, beynəlxalq normalara hörmətlə yanaşır, tələblərə ciddi riayət edir. Qeyd olunanlar polisi peşəkarlığına inanmağa, vəzifəsinin icrasına inamla və sədaqətlə xidmət etməsinə bələdçilik edir!
Bu mənada polis həm də qanunların müdafiəsinə səfərbər olunur. Biz vətəndaşlar isə konstitusion qanunlara əməl etmək və onlara hörmətlə yanaşmaqla iltifat və nicat tapa bilərik.
Neolit dövründən bu günə kimi
çox az insan tapılar ki, özünə aid olan
azadlıqların müəyyən qismini ümumi rifah
üçün qurban etmiş olsun. Hər şey də burdan
başlayır. Polis özünün istirahət və digər
hüquq və azadlıqlarını vətəndaşların
mənafeyinə sərf edir. Paytaxtın müxtəlif
yerlərində interaktiv sorğu keçirilsə müəyyən
qrup insanlar "Nə üçün Azərbaycan
Respublikasının vətəndaşıdır və ya vətəndaşlıq
üçün hansı əsaslar olmalıdır, vətəndaşın
hansı vəzifələri var?" suallarına cavab verə
bilməzlər. Biz, bəzən Azərbaycan dövləti
ilə siyasi və hüquqi
bağlılığımızı, ona mənsub
olmağımızı unuduruq. Konstitusion vəzifələrimizi,
heç olmasa hüquqlarımız kimi bilsək və o vəzifələrin
icrasına məsuliyyət hissi ilə yanaşsaq, demək vətəndaşıq.
Belə
olarsa qədim Spartalılar kimi monolit birlikdə, vahid milli
ideologiya ilə yaşayarıq. Ölkədə cinayətkarlığa
aparan yol da daralacaq. Sabitliyin
özülü möhkəm olacaq. "Dövlət
mənim üçün nə edib?" yox, mən dövlət
üçün nə etmişəm?" kimi xüsusi əhəmiyyət
kəsb edən sualın mahiyyətini və cavabını
anlayarlar.
Azərbaycan polisinin 9 aylıq hesabatına və yaxud 9
ayda keçdiyi yola nəzər salsaq zahirən çox asan
görülə bilən işin, bu orqanın nahamar və
çətin vəziyyətinin də şahidi olarıq. Statistikaya nəzər yetirək:
2011-ci
ilin 6 ayı ərzində respublika daxili işlər
orqanları tərəfindən 11520 (keçən ilin
müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox, yəni 600 fakt artıq qeydə
alınıb) cinayət statistikada özünə yer alıb.
Bu cinayətlərin 5626-sı az
ağır; 4791-i böyük ictimai təhlükəyə səbəb
olmayan; 1099-u isə ağır və xüsusilə
ağır cinayətlər olmuşdur. Cinayətlərin
dinamikasında 3942 fakt şəxsiyyət əleyhinə
yönələn əməllər təşkil edir. Belə
cinayətlərin 97,1 faizinin
açılmasının təmin edilməsini polisin peşəkarlığının,
fəaliyyətini tənzimləyən qanunların tələblərinə
riayət edilməsinin nəticəsi kimi də qeyd etmək
olar. 6 ay ərzində dələduzluq cinayətlərinin 87
faizinin; insan alveri ilə bağlı cinayətlərin 82,3 faizinin; qəsdən adam öldürmə
faktlarının 82,1 faizinin açılması təqdir edilməli
olan fəaliyyətin canlı təzahürüdür.
DİO tərəfindən
aparılan profilaktik və xəbərdarlıq tədbirləri
nəticəsində ağır və xüsusilə
ağır cinayətlər 19 faiz; insan alveri cinayətləri
isə keçən ilin 6 ayı ərzində 147, cari ilin 6
ayı ərzində isə 127 fakt qeyd olunmuşdur. Yəni 20 fakt azalmışdır.
"Hüquq" sözü "güc"
sözünə həmahəng olduğuna görə
hüquq qorunanda və ya pozulduğu hallarda cəza tətbiq
edilməklə də onun gücü hiss olunur. Hüquq bir
növ gücün görüntüsü kimi həmişə
əksəriyyətin xeyrinə olur. Onda yenə sual
yaranır: Niyə bəzən hüquqlarımızdan
sui-istifadə etməklə, digərlərinin
hüquqlarına qəsd edirik?! Bax burada
hüququn gücü ictimai münasibətləri mühafizə
etmək üçün meydana çıxır.
Qənaətimə görə bəzən baş
vermiş cinayətlərin açılmasına sərf edilən
qüvvə insanları cinayət törətməkdən
çəkindirməyə sərf edilən qüvvədən
daha çox olur. Cinayətləri doğuran səbəb və
şəraitin öyrənilməsi, cinayəti törətməkdən
çəkinmək məqsədilə maarifləndirmə,
profilaktik tədbirlərin həyata keçirilməsi prioritet
məsələ kimi həmişə DİN rəhbərliyinin
diqqət mərkəzində olmuşdur. Burada
isə təkcə DİO deyil, Nazirlər Kabinetinə daxil
olan digər qurumlar da koordinasiya qaydasında
çalışmalıdırlar.
Beləliklə, baş vermiş cinayətlə tətbiq
edilən cəza arasında uyğunsuzluq halları aradan
qalxdıqca, ədalət və bərabərlik, habelə təqsirə
görə məsuliyyət prinsipləri arasında balans
saxlayıcı kriteriyalar vəhdətdə olanda ictimai
müzakirələrin predmeti üçün də yer qalmır. İnsanlığa
ziyan gətirən neqativ halların tam aradan
qaldırılması və yaxud xəbərdarlıq tədbirləri
vasitəsilə qarşısının alınması
heç bir cəmiyyətdə mümkün
olmamışdır. Bu gün də
mümkün deyil. Çünki belə
hallar əhalinin sayına uyğun olaraq artan maraqların
toqquşması nəticəsində həmişə dəyişən
artımla müşahidə edilib.
Bəzən ictimai orqanizmə ziyan vuran cinayətlərə
görə cəzanın yüngüllüyü də
müzakirələrə səbəb olur, yaxud ağır
cinayətlərə görə cəzadan vaxtından qabaq
azad edilməsi halları cinayətlə cəza arasındakı
prosesual tarazlığın pozulmasına gətirib
çıxarır.
Ölüm hökmü qüvvədə olan dövrdə
yüksək cəza növünə layiq
görülmüş bir qisim cinayətkarlara humanizm prinsipinə
uyğun olaraq rəhm edildi. Dövlət
başçısı mərhum Heydər Əliyev
ölüm hökmünün ləğvinə fərman verməklə
həmin şəxslərin ölüm cəzası
ömürlük həbs cəzası ilə əvəz
olundu. Qanunun geriyə qüvvəsi olmasa
da, yüngülləşdirici hallarda bu mümkün
olduğu üçün Şərq aləmində ilk dəfə
ölüm hökmünü ləğv edən dövlət
xadimi kimi tarixə düşən mərhum Heydər Əliyev
həmin şəxslərin cəzasını yüngülləşdirdi,
mərhəmət göstərdi. İndi
həmin cinayətkarlar ömürlük yox, müddətli cəza
tələb edirlər. Təəssüf
doğuran hal ondan ibarətdir ki, bəzi hüquq müdafiəçiləri
də onları müdafiə etmək xəttini tuturlar. Axı, xüsusilə təhlükəli olan belə
cinayətkarların əməllərini necə unutmaq olar?
Bəs bu cinayətlərin qurbanlarını necə
ovunduraq? Arxayın ola bilərikmi ki,
belə "şəxslər" müəyyən müddətdən
sonra vaxtından əvvəl cəzasını çəkməkdən
azad olmaq tələbi ilə çıxış etməyəcəklər?
Bax, burada cinayətə görə cəzanın
tətbiqi məsələsində ədalət tərəzisinin
mizanı pozulur.
Statistika
özü-özlüyündə cox sualların
cavabını verir: 2011-ci ilin 6 ayı ərzində əvvəllər
məhkum edilmiş şəxslər tərəfindən 963
cinayət baş vermişdir. Bu rəqəm
keçən ilin müvafiq dövrünə nisbətən
68 fakt çoxdur. Göründüyü
kimi cəzaçəkmə müəssisələrində
kitabxananın olmasına, əyləncələrin və digər
mədəni-kütləvi tədbirlərin keçirilməsinə
baxmayaraq, azadlığa qovuşan məhkum olunmuşlar yenə
cəmiyyətə və əxlaqa zidd əməllərindən
peşmançılıq çəkməyərək, qəsdən
cinayətlər törədirlər. Cinayəti
törətmək belə şəxslərin xislətindən
doğur. Cəmiyyət belələrini
"müalicə etmək" arzusunda deyil.
Cəzanın məqsədi ondan ibarət
olmalıdır ki, təqsirkarın ictimai orqanizmə ziyan gətirə
biləcək davranışı məhdudlaşdırılsın
və digər fərdlər tərəfindən belə
halların baş verməsinin qarşısı
alınsın.
Bu, profilaktik və xəbərdarlıq tədbirlərinin
davamı olmaqla, həm də latent xarakterli cinayətlərin
lokallaşmasına təsir edə bilər.
Cəza cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə
görə elə bir həddə uyğun olmalıdır ki,
uzun müddət insanlarda sosial ədalətin bərpası
kimi təəssürat və bundan fərqli olaraq cinayətkarın
qəlbində də üzücü bir hal yaratsın, hərəkətlərindən-qonşusunu
qətlə yetirməsindən, kimisə qarət etməsindən
uzun müddət xəcalət və əziyyət çəksin. Əslində
əsil insan-Adəm övladı öz şüurlu və
arzu etdiyi əməli törətdiyinə görə cəzasını
simvolik də olsa özü istəməlidir. Həyatdan məhrum etdiyi, quldurluq hərəkətilə
başqalarını vahimədə qoyduğu zərərçəkənlərin-cinayətin
qurbanlarının istəyi nəzərə alınmalı və
belə şəxslər daha sərt cəzaya layiq
görülməlidir. Bu mənim subyektiv
fikrimdir. Humanistlik və ədalət
prinsipləri cəmiyyətin maraqları fövqündə fərdə
şamil edilməlidir. Mütləq deyil,
nisbi xarakter daşısın. Çünki,
fərdin formalaşması cəmin tərkibində
mümkün olur.
Afina hüququna görə dünya fəlsəfəsinin
incilərindən sayılan Sokrat da "cinayətkar"
sayılırdı və onun mühakimə olunması "ədalətli"
idi. Onun cinayəti, ələlxüsus sərbəst
fikirləri bütün bəşəriyyət və onun vətəni
üçün çox faydalı olsa da, cəzasını
özü hakimdən istədi. Bu fikirlər
həm də o vaxt Afinanın ehtiyac duyduğu yeni əxlaqın
və yeni inamın hazırlanmasına xidmət edirdi.
Cəza cinayətə görə nə qədər tez
tətbiq edilərsə, bir o qədər ədalətli və
səmərəli olur. Ədalətlidir ona görə ki, təqsirkar
ehtimal etdiyi, tətbiq oluna biləcək cəzanı
düşünməklə, əziyyətlərdən xilas
olur. Hökmə qədər şəxsin
həbs edilməsi əməlinə görə ədalətlidir.
Həbs qətimkan tədbirinin sərtliyi
yalnız təqsirkarın saxlanıldığı yerdən
qaça bilmək imkanlarını məhdudlaşdırmaq və
ya sübutların gizlədilməsinin qarşısını
almaqdan ibarətdir. Bu həm də ibtidai
istintaqın prosesual qaydalara əməl edilməsinin məntiqli
davamı, dövlətin məcburetmə metodundan irəli gələn
adekvat reaksiyasıdır.
2011-ci ilin oktyabr ayına qədər axtarışda olan
1000-dən çox şəxs yaxalanmışdır. Bu sırada
165 nəfər ağır və xüsusilə ağır
cinayəti törədən subyektlərdir.
Unutmaq olmaz ki, cəza cinayətlərin ekvivalenti,
dövlətin cinayətin subyektinə qarşı reaksiyasıdır. Tarixən cəzanın
məqsədi və vahiməsi ictimai-təhlükəli əməl
nəticəsində əldə edilən "xeyir"dən
yuxarıda dayanıb. Təqsirkar hiss etməlidir ki, onun
"qazandığı", tətbiq edilən
cəzanın fövqündə xardal dənəsi qədərdir
və sonrakı peşmançılığı fayda verməz.
O, əməlinə görə əziyyət çəkməlidir.
Ş.Monteskyö qeyd edirdi ki, mütləq zərurətdən
doğmayan, ədalətdən kənar hər bir cəza qəddar
və müstəbiddir. Ona görə də, ayrı-ayrı
şəxslərin ictimai münasibətlərə və
rifaha yönələn qəsdləri məhz elə cəzaların
tətbiqi ilə bir növ onlardan mühafizə edilir, təkrar
törədilən sosial hadisələrin qarşısı
alınır. İnsanlar əmin olur ki,
sağlamlıqlarına və azadlıqlarına yönələn
hər bir qəsdin subyekti son nəticədə ədalətli
cəzasını alır.
6 ay ərzində işləməyən və təhsilini
davam etdirməyənlər tərəfindən 7235 cinayət
törədilmişdir. Burada isə aidiyyəti qurumlar
işsizliyin aradan qaldırılmasına, vətəndaşlarda
təhsilini davam etdirməyə həvəs oyadılması və
şəraitin yaradılması üçün tədbirlərin
həyata keçirilməsinə məsuldurlar.
Konstitusiyanın 80-ci maddəsində ehtiva edildiyi kimi... "konstitusion vəzifələrin yerinə yetirilməməsi
qanunla müəyyən edilən məsuliyyətə səbəb
olur."
Bütövlükdə cinayətlər sosial hadisə
kimi cəmiyyətə müstəsna hörmətsizliklə
və həyasızlıqla müşayət edildiyindən, əxlaqa
və qanuna zidd əməl kimi qarşısı
alınmalı, onu doğuran mövcud şəraitin aradan
qaldırılmasına, xəbərdarlığına daha
çox yer verilməli, hamı bu istiqamətdə
çalışmalıdır.
"Təcili yardım" maşınının,
yanğınsöndürənin və ya polisin həyəcan
siqnalına cəmiyyətin bəzən qeyri-etik və yaxud
laqeyd münasibətini hiss edəndə çox narahat oluram. Bəziləri
yuxudan oyandığına təəssüflənir. Vətəndaşların
polisin, yaxud da yanğınsöndürənin nədən tələsdiyinə
varmadıqlarını duyanda: - "Niyə biz təcili
yardımın, polisin və yanğınsöndürənin
yanına tələsdiyi insanların halına
acımağı özümüzə
sığışdıra bilmirik? " - sualına cavab tapa bilmirəm. Axı
bu laqeyidlik sonradan çox böyük bəlalara gətirib
çıxarır.
Əslində biz hər hansı bir ictimai-təhlükəli
əməldən əziyyət çəkən insanların
xilasına tələsən polis əməkdaşları
üçün ən azından dua etməliyik. Bu, hər
birimizin imkanında olan ən sadə bir yoldur. Niyə etməməliyik? Axı
bəzən cəmiyyətin təhlükəsizliyini təmin
edən polisin də həyatı təhlükədə olur.
Şəmsəddin ƏLİYEV,
"Polisə dəstək"
İB-nin sədri
Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 7.