Binəqədi rayonunda 2011-ci ilin 9 ayına yekun vurulmuşdur

 

Binəqədi rayonunda bu ilin 9 ayının sosial - iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ötən aylar ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar, eyni zamanda, rayonda həyata keçirilən tədbirləri təhlil edərək, həlli vacib problemlərin aradan qaldırılması barədə danışmışdır.

 

Başçı həmçinin vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanın bu mötəbər təşkilata qeyri-daimi üzv seçilməsi çox böyük və möhtəşəm bir qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi bu qurumun üzvüdür. Bu qələbə möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti sayəsində əldə edilmişdir.

İclasda geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bildirmişdir ki, bu ilin yanvar-sentyabr aylarında rayon üzrə 124 milyon 5 yüz 54 min 800 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü üçün 8,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Həmin dövrdə istehlakçılara 136 milyon 84 min 800 manatlıq və ya bütün sənaye istehsalından 9,3 faiz çox sənaye məhsulu göndərilmişdir. Sənaye sahəsində işləyən işçilərin orta aylıq əməkhaqqı 445,7 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31,2 faiz çoxdur. Bu sahədə çalışan işçilərin sayı 5235 nəfər olmuşdur. Nəqliyyat xidmətlərinin yüksəldilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Ölkə Prezidentinin "Nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər"ə dair müvafiq sərəncamına əsasən, bu sahəyə daim diqqət göstərilir, yeni magistral yollar çəkilir, yeni yol qovşaqları beynəlxalq standartlara cavab verəcək səviyyədə quraşdırılır. 2011-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 16 milyon 102 min 500 manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artmışdır. Rabitə müəssisələri tərəfindən 3253,3 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox rabitə xidməti göstərilmişdir.

Natiq qışa hazırlığın vəziyyətinə də toxunmuşdur. Göstərmişdir ki, Binəqədi 10/6/0,4 kv-luq və Biləcəri EETS İŞ-lərin (İstismar Şöbəsi) xətti ilə rayonun 7, 8-ci mikrorayonlarında, Azadlıq prospekti, 14,1/2, 16,18, 24, 30, 36 ünvanlarında, Biləcəri, Rəsulzadə və Sulutəpə qəsəbələrində, Dərnəgül və Xutor yaşayış massivlərində 6 ədəd transformator quraşdırılmış, 8 ədəd mövcud transformatorlar yenisi ilə əvəz olunmuşdur.

Rayon sakinlərinin təbii qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması və əhalinin fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə cari ilin yanvar-sentyabr aylarında bir sıra işlər görülmüşdür. Belə ki, 2200 metr yeni qaz xətti çəkilmiş, 11700 ədəd köhnə tipli qaz sayğacı fərdi yaşayış evlərinin həyətlərindən çıxarılaraq "Smart-kart" tipli yeni qaz sayğacları ilə əvəz olunmuşdur. Rayonun müxtəlif ərazilərində 12 ədəd QTŞ (qaz tənzimləyici şkaf) quraşdırılmış, 8 ədəd QTŞ (qaz tənzimləyici şkaf) təmir olunmuşdur. Bundan əlavə Sulutəpə, Xocasən, Biləcəri, Binəqədi qəsəbələri istiqamətində hazırda 4,3 kilometr uzunluqda müxtəlif diametrli qaz xətləri çəkilir.

Rayonda hesabat dövründə əhalinin içməli su ilə təchizatı sahəsində müəyyən işlər görülmüşdür. Xırdalan dairəsi yaxınlığında 500 metr uzunluğunda, Binəqədi qəsəbəsində 250810 metr uzunluğunda, ümumiliklə rayon ərazisində müxtəlif diametrli 2315 metr su xətti çəkilmiş və yenisi ilə əvəz olunmuşdur.

Məruzəçi bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və nəzarəti altında sosial-müdafiə sistemində aparılan sürətli islahatlar yalnız əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmişdir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 32402 pensiyaçıya xidmət göstərilir. Bunlardan 21661 nəfəri yaşa görə, 2865 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2011-ci ilin 9 ayında yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 157 manat olmuşdur. Eyni zamanda, pensiya və müavinətlərin təyinatının avtomatlaşdırılması sahəsində də müvafiq işlər görülmüşdür. Nəticədə pensiya məbləğinin təyini və artırılması mexanizmləri sadələşmiş, bu sahədə şəffaflıq təmin edilmiş və hər bir şəxsə pensiyanın və pensiyasına artımların məbləğini özünün hesablayaraq dəqiqləşdirməsinə imkan yaranmışdır.

Toplantıda əldə olunmuş uğurlarla yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olunmuşdur. Biləcəri enerjitəchizat və enerjisatış sahəsinin rəisi İlham Dostəliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Rəşad Cabbarov, Binəqədi qaz istismar sahəsinin rəisi Fərhad Vəzirov, "Poladtökmə" ATSC-nin sədri Oqtay Rəfiyev müvafiq sahələrdə görülmüş işlər barədə çıxış etmiş, üzləşilən problemlərin həlli ilə bağlı mülahizələrini bildirmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 6.