Azərbaycanın
müstəqilliyi möhkəmləndikcə məcburi
köçkünlərin də sosial vəziyyəti
yaxşılaşmaqda davam edir
Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondu bu istiqamətdə çox uğurlu
layihələr həyata keçirir
Dövlət müstəqilliyimizin bərpasından
ötən 20 il ərzində Azərbaycan
çox şərəfli bir
inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin
başladığı islahatlar Azərbaycanı
çətin sınaqlardan çıxardı. "Müstəqilliyimiz
əbədi və dönməzdir", deyən ulu öndər Azərbaycanın gələcək
inkişafını təmin etmək üçün
bütün imkanları səfərbər
etdi. "Əsrin müqaviləsi"
imzalandıqdan sonra müstəqil Azərbaycanın
inkişafında yeni dövr
başlandı.
Heydər
Əliyevin uzaqgörən, məqsədyönlü siyasi
kursunu uğurla davam etdirən cənab İlham Əliyevin
dövründə ulu öndərin başladığı
islahatlar daha da sürətləndi, Azərbaycan iqtisadi cəhətdən
gücləndi, ölkəmiz Cənubi Qafqazda lider dövlətə
çevrildi. Cənab Prezident demişdir: "2003-cü ildən
bu günə qədər Azərbaycanda gedən uğurlu
inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir,
müstəqil Azərbaycanın təntənəsidir".
Müstəqilliyin
əldə olunması böyük çətinliklər
bahasına başa gəlmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyon əhali
öz doğma yurd-yuvasından didərgin
salınmışdır. Son illər ölkəmizin suveren
hüquqlarının bərpa olunması istiqamətində
dövlətimiz davamlı siyasət həyata keçirir. Azərbaycan
dövləti sülh yolu ilə bu torpaqların
qaytarılması üçün bütün imkanlardan
istifadə etməyə çalışır. Lakin bədnam
qonşularımız öz havadarlarının təsiri ilə
mümkün qədər sülh danışıqlarına
maneəçilik törədir. Cənab Prezident İlham Əliyevin
apardığı müdrik daxili və xarici siyasət nəticəsində
biz gec-tez torpaqlarımızın qaytarılmasına nail
olacağıq. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı
nitqində demişdir: "Azərbaycanın dünya birliyi tərəfindən,
Birləşmiş Millətlər Təşkilatı tərəfindən
tanınan ərazi bütövlüyü bərpa edilməlidir.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi
qeyd-şərtsiz icra edilməlidir. İşğalçı
qüvvələr torpaqlarımızdan
çıxarılmalıdır".
Güclü
orduya malik olan Azərbaycan Respublikası, söz yox ki, sülh
yolu ilə torpaqlarımızın boşaldılması
mümkün olmasa güc tətbiq etməklə düşmənə
qələbə çalmaq əzmindədir. Müstəqillik
illərində möhkəmlənən iqtisadiyyatımız
hərbi büdcəmizin də artmasına şərait
yaratmışdır. Bu gün bizim hərbi xərclərimiz
Ermənistanın dövlət büdcəsindən 500 milyon
dollar artıqdır. Söz yox ki, gələcəkdə bu
daha artıq olacaq. Ona görə də biz yaxın gələcəkdə
torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin
suveren hüquqlarının bərpa olunacağına əminik.
Müstəqillik
dövründə qaçqın və məcburi
köçkünlərimizin həyat şəraiti də ildən-ilə
yaxşılaşmışdır. Bunun üçün
dövlətimiz tərəfindən ardıcıl tədbirlər
həyata keçirilmiş, bir neçə Dövlət
Proqramı qəbul olunmuşdur. Ulu öndər çadır
şəhərciklərində məskunlaşmış
insanlarla daim ünsiyyət saxlamış, onların güzəranını
yaxşılaşdırmaq üçün bir sıra tədbirlərin
həyata keçirilməsini təmin etmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq istiqamətində görülən çoxmiqyaslı işlərdən biri də Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun təşkilidir. Fond Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Əsas məqsəd isə Azərbaycan hökuməti və digər beynəlxalq donor təşkilatları tərəfindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını, əsasən sosial infrastrukturun bərpasını təmin edən layihələrin həyata keçirilməsindən ibarət idi.
Fond praktiki fəaliyyətə 2001-ci ildən başlamışdır və əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 milyon ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olmuşdur. Sonradan fondun fəaliyyəti genişlənməyə başladı və maliyyələşmə mənbələri artdı. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dövlət büdcəsi, Dövlət Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. donorlar daxildir.
MKSİF-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamlarına əsasən 2001-ci ildən başlayaraq MKSİF ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə başlamışdır. Ümumiyyətlə, qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 67 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunlardan da 50 qəsəbə (20 minə yaxın ev və mənzil) MKSİF tərəfindən tikilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" müvəffəqiyyətlə həyata keçirilmişdir. Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə edilmiş əlavələrin icrası da uğurla reallaşdırılmışdır.
Həmin proqrama uyğun olaraq 2010-cu ildə Yevlax şəhərinin ərazisində 612 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllə, Ağdam rayonu Quzanlı bələdiyyəsi ərazisində 689 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət qəsəbə bütün zəruri sosial-texniki infrastrukturu (şaquli planlaşdırma, drenaj şəbəkəsi, içməli su, elektrik, qaz və istilik təchizatı, yol və abadlıq işləri, 440 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina və s.) ilə birlikdə artıq istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2009-cu tarixli sərəncamının icrası ilə əlaqədar Naftalan şəhəri, Naftalan Sanatoriya-Kurort Birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi (1-ci növbədə 164 ailə) üçün 5 mərtəbəli yaşayış binalarından ibarət məhəllənin (3 ədəd 5 mərtəbəli yaşayış binası bütün zəruri-texniki infrastrukturu ilə birlikdə) tikintisi başa çatmışdır.
Eyni zamanda, Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin, Şəki rayonu ərazisində 423, İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin və eləcə də Ağcabədi rayonu ərazisində 556 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət olan yeni məhəllənin salınması davam etdirilir. Ağcabədi rayonu ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin tikintisi üçün müqavilələr bağlanmış və artıq tikinti-quraşdırma işləri başa çatdırılmışdır.
Bərdə rayonunda 195, Balakən rayonunda 43, İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsi üçün yeni yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Hacıqabul rayonunda da məcburi köçkünlər üçün yaşayış binasının tikintisi nəzərdə tutulur. Burada 101 məcburi köçkün ailəsinin yerləşdirilməsi planlaşdırılmışdır. Beyləqan rayonunda tikiləcək yeni yaşayış qəsəbəsi 320 məcburi köçkün ailəsi üçün nəzərdə tutulur. Bunun üçün isə 385 hektar torpaq sahəsi ayrılmışdır. Bakının Qaradağ rayonu ərazisindəki Müşfiqabad qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınacaq yeni məhəllədə isə 1410 məcburi köçkün ailəsi yerləşdiriləcək.
Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilən proqramlar üzrə də işlər davam etdirilir. Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 3 ədəd (2 ədəd 60 mənzilli və 1 ədəd 45 mənzilli) 5 mərtəbəli binaların Dövlət Qəbul Komissiyasının aktı rəsmiləşdirilib. 360 şagird yerlik məktəbin 50 nəfərlik uşaq bağçasının tikintisi başa çatmışdır və hazırda Dövlət Qəbul Komissiyasının aktı rəsmiləşdirilib. Mühəndis kommunikasiyalar, abadlıq və yaşıllaşdırma üzrə işlər davam edir.
Goranboy şəhəri ərazisində inşa edilən məhəllənin ikinci mərhələsində qalan 9 ədəd 5 mərtəbəli yaşayış binasının (8 ədəd - 60 mənzilli, 1 ədəd - 45 mənzilli) və sosial obyektlərin (musiqi məktəbi və inzibati bina) tikintisi ilə əlaqədar podrat təşkilatları ilə müqavilələr bağlanmış və hazırda tikinti işləri intensiv şəkildə davam edir, ilin sonunadək işlərin başa çatdırılması planlaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamında da bir sıra yeni yaşayış evlərinin tikintisi nəzərdə tutulurdu. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə çoxmərtəbəli binalardan ibarət məhəllənin layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2010-cu il tarixli sərəncamı ilə Abşeron rayonunun Masazır bələdiyyəsinin ərazisində yeni məhəllənin salınması üçün 12 hektar torpaq sahəsi ayrılmışdır. Yeni məhəllənin müvafiq mühəndis kommunikasiyalarla təmin edilməsi üçün MKSİF tərəfindən aidiyyəti təşkilatlara müraciətlər edilmiş və texniki şərtlər alınmışdır.
Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən tikintisi yarımçıq qalmış 4 mərtəbəli binada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1 ədəd 80 mənzilli 5 mərtəbəli binanın tikintisi üçün Ramana qəsəbəsinin yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindən perspektiv inkişaf və sosial obyektlərin tikintisi üçün saxlanılmış müəyyən boş sahələrdə torpaq sahəsi ayrılmışdır. Binanın tikintisi ilə əlaqədar podrat təşkilatı ilə müqavilə bağlanmış və hazırda tikinti işləri intensiv şəkildə davam edir. İlin sonunadək işlərin başa çatdırılması planlaşdırılır.
Qazax rayonunda konserv zavodu ərazisində məskunlaşmış məcburi köçkün ailələri üçün 24 mənzilli binanın tikintisi ilə əlaqədar 0,27 hektar torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış, "Azərdövləttikintilayihə" DLİ ilə müqavilə bağlanmış və hazırlanmış layihə-smeta sənədləri Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir.
Dünya Bankı fondun ilk illərdə əsas donoru olmuşdur. Hazırda da Dünya Bankı fondun ən vacib donorlarından biri olaraq qalır. Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün fondun müvafiq fəaliyyətini maliyyələşdirmək məqsədilə Dünya Bankı Azərbaycan hökuməti ilə artıq ardıcıl olaraq üç güzəştli kredit sazişi bağlamışdır.
Dünya Bankının 10 milyon ABŞ dolları həcmində ayırdığı birinci güzəştli kredit sazişi çərçivəsində həyata keçirilən layihə 2001-ci ilin yanvar ayında başlanmış və 2005-ci ilin sentyabr ayında başa çatmışdır.
2008-ci ilin sonunda Dünya Bankı və Azərbaycan hökuməti arasında "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi"nin həyata keçirilməsi məqsədilə bağlanmış kredit sazişi də başa çatmışdır (sazişin icrasına 2005-ci ilin noyabr ayında başlanmışdır). Layihənin ümumi dəyəri 12,6 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 11,5 milyon ABŞ dolları Dünya Bankı tərəfindən, 1,1 milyon ABŞ dolları isə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilmişdir. Bu mikrokredit proqramından 17 mindən artıq adam faydalanmışdır (faydalananların 50 faizi məcburi köçkünlərdir). 2008-ci il mayın 15-də Bakıda Dünya Bankı və Azərbaycan hökuməti arasında 15 milyon ABŞ dolları həcmində "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"ni həyata keçirmək məqsədilə yeni kredit sazişi imzalanmışdır. 3 ilə nəzərdə tutulmuş bu layihənin maliyyələşdirilməsində Azərbaycan hökumətinin payı 8,69 milyon ABŞ dolları olmuşdur. Bu layihənin ümumi dəyəri 24,19 milyon ABŞ dollarıdır. Layihə 2008-ci ilin sonunda başa çatmış kredit sazişi çərçivəsində həyata keçirilən layihənin davamıdır. Saziş çərçivəsində bu günə qədər 232 icma mikrolayihəsinin icrası başa çatmışdır. Daha 11 icma mikrolayihəsinin icrasına başlanmışdır. Ümumiyyətlə, bu mikrolayihədən 135,1 min adam faydalanmışdır ki, onların da 111,6 min nəfəri məcburi köçkünlərdir.
Kredit sazişi üzrə MKSİF-in mikrolayihələr portfeli 2011-ci il oktyabrın 1-nə 20,77 milyon ABŞ dolları həcmində olmuşdur.
Bütün bunlar müstəqillik illərində məcburi köçkünlərə dövlət qayğısının əsas göstəricilərindəndir. Əlbəttə, müstəqilliyimiz möhkəmləndikcə, ölkəmizin iqtisadi qüdrəti artdıqca məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşacaq.
Ayaz ORUCOV,
Milli Məclisin deputatı,
Məcburi Köçkünlərin
Sosial
İnkişaf Fondunun direktoru
Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 6.