Azərbaycan
diplomatiyasının böyük uğuru
Müsahibimiz Milli Məclisin
deputatı, politoloq Rasim Musabəyovdur.
- Rasim müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizdə böyük əks-səda doğurdu. Aparıcı dövlətlərin liderləri, tanınmış ekspertlər bu hadisəni ümumilikdə ölkəmizin tarixində ən böyük uğur kimi qiymətləndirdilər. Onlar belə hesab edirlər ki, müstəqlliyinin cəmi 20 yaşı olan Azərbaycan dünyanın təhlükəsizlik sistemində iştirak edən 15 dövlətdən biri olmaqla, beynəlxalq aləmdə böyük nüfuz qazandığını təsdiqlədi. Bu mənada sizin fikirləriniz də oxucularımız üçün maraqlı olardı.
- Mən də belə hesab edirəm ki, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi 20 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır. Azərbaycan xalqının sevinc hisslərini bəlkə də ən yaxşı şəkildə Prezident İlham Əliyev ifadə etmişdir. Prezident diplomatiyamızın möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda demişdir: " Ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür".
Fərəhləndirici haldır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, mən deyərdim ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırdı. Bu barədə kütləvi informasiya vasitələrində ətraflı məlumatlar yayılsa da, mən bu prosesi bir daha yada salmaq istərdim. Çünki məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir. Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Bu məqamda xatırlatmaq istərdim ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. Ölkənin xarici işlər naziri Samuel Zboqar bəyan etdi ki, indiyədək keçirilən səsvermədə ölkələr öz mövqeyini ortaya qoydu və hansı dövlətin daha çox dəstək aldığı aydın oldu. Ona görə də Sloveniya BMT Təhlükəsizlik Şurasına namizədliyini geri götürür. Məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını daha da artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi.
Bu, bizim çox böyük qələbəmiz, parlaq uğurumuzdur. Yəni demək istədiyim odur ki, burada təkcə nəticə deyil, BMT Baş Assambleyasında gedən mübarizənin özü də bizim üçün çox müsbət məqamlarla yadda qaldı. İlk səsvermə zamanı bəziləri hesab edirdilər ki, namizədlər arasında daha çox şansı olan ölkələr Macarıstan ilə Sloveniyadır. Hətta antiazərbaycan əhval-ruhiyyəli bəzi ekspertlər belə bir fikir səsləndirirdilər ki, guya Azərbaycan ən çoxu 25 ölkənin səsini ala bilər. Elə səsvermənin birinci mərhələsində məlum oldu ki, onların "öncəgörmələri" bizim ölkəmizə deyil, digərlərinə aid imiş.
Hesab edirəm ki, səsvermənin nəticələrinə Azərbaycanın uğurla apardığı daxili və xarici siyasəti və diplomatik fəallığı əsaslı təsir göstərdi. Məlumdur ki, bizim ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Bir çox aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu çəkinmədən bəyan edirlər. Ölkəmiz bir neçə dünya əhəmiyyətli möhtəşəm layihə həyata keçirib. Bu da reallıqdır ki, hazırda Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ölkəmiz sülh, sabitlik, əməkdaşlıq məkanı kimi artıq diqqətləri üzərinə çəkib.
Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycan hətta bu məsələnin də sülh yolu ilə həllinə çalışır. Mübaliğəsiz deyə bilərəm ki, tolerantlıq, dini, milli dözümlülük baxımından biz dünyaya nümunə ola bilərik. Biz dinlərarası, mədəniyyətlərarası dialoqa böyük töhfələr veririk, humanizm prinsiplərinin bütün dünyaya yayılmasına səy göstəririk. Bu məsələ ilə bağlı çox önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Son olaraq Bakı Humanitar Forumu bunun ən bariz nümunəsidir. Amma bəzi Qərb ölkələrinə nəzər yetirdikdə, görürük ki, burada ictimai rəy elə formalaşıb ki, keçirilən seçkilərdə cəmiyyətin, səsvermə hüququ olan insanların böyük əksəriyyəti radikal milliyətçilərə səs verirlər. Dini, milli dözümlülük isə hər gün daha da zəifləməkdədir. Yəni Azərbaycan həm də Qərb ölkələri üçün nümunədir. Təbii ki, bütün bunlar diqqətdən yayınmır və nəticə etibarilə hətta Macarıstanın və Sloveniyanın üzv olduğu nüfuzlu qurumlardakı ölkələr də Azərbaycanı dəstəklədilər. Azərbaycanı təkcə İslam Konfransı Təşkilatına üzv olan dövlətlər deyil, Ermənistan istisna olmaqla bütün MDB ölkələri və digərləri dəstəklədilər. Bunu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan 15 MDB ölkəsi arasında Ukraynadan (2000-2001) sonra ikinci ölkədir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir.
- Məlumatlara görə, Ermənistan da bu iddiaya düşmüşdü...
- Bəli,
Ermənistanın belə bir iddiası vardı. Lakin BMT-dəki
real mənzərə ilə tanış
olanda, onlar təşviş keçirdilər. Hər
halda digər ölkələrin nümayəndələri ilə
erməni diplomatlarının keçirdiyi görüşlərdə
bir daha anlaşıldı ki, ermənilərin heç bir
şansı yoxdur. Ermənistanda
demokratiyadan, insan hüquqlarının qorunmasından danışmaq
olmaz. Bu ölkə təcavüzkarlığı,
pis əməlləri ilə ad çıxarıb. Ətrafdakı qonşularının hamısına
qarşı torpaq iddiası irəli sürür. Azərbaycanın 20 faiz torpağı məhz Ermənistan
tərəfindən işğal edilib. Ermənilər
Gürcüstanın Cavaxetiya bölgəsinə iddialıdırlar.
Qərbi Anadolunu, Cənubi Azərbaycanın böyük bir ərazisini
öz torpaqları hesab edirlər.
Ermənistanın daxilində, hətta ABŞ-da və
digər ölkələrdə erməni kriminal dəstələrinin,
mafiyalarının mövcudluğu və onların rəsmi
İrəvan ilə birbaşa əlaqədə olduğu heç
kəsə sirr deyil. Xatırlayırsınızsa, kriminal erməni
dəstələrinin bəzi üzvləri ABŞ-da həbs
olunmuşdu. Ölkədə sosial-iqtisadi
vəziyyət də acınacaqlı haldadır. Dözülməz durumdan bezən əhali xarici
ölkələrə pənah aparır. Görün
nə həddə çatıblar ki, onlar düşmən
bildikləri Azərbaycana da sığınmaqdan çəkinmirlər.
Bu yaxınlarda bir neçə erməni hərbçisinin
və bir erməni ailəsinin bizim tərəfə
keçdiyini yəqin ki, xatırlayırsınız. Bütün bunları dünya ictimaiyyəti də
bilir. Bütün bunlardan sonra ermənilər nə
üzlə BMT Təhlükəsizlik Şurası kimi ali orqana öz namizədliklərini verə bilərlər?
Ermənistan namizədliyini irəli sürsəydi belə
çox az sayda ölkənin dəstəyini
ala və biabır ola bilərdi.
Ermənilərin məqsədi yalnız o idi ki, BMT
Baş Məclisində Azərbaycanın əleyhinə təbliğat
aparsınlar və bu yolla ölkəmizin Təhlükəsizlik
Şurasına üzv seçilməsinin
qarşısını alsınlar. Erməni
diplomatları bu istiqamətdə çox səy göstərdilər.
Onlar görüşdükləri hər bir
dövlətin nümayəndəsini inandırmağa
çalışırdılar ki, Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində tərəfdir və buna görə
də adıçəkilən quruma seçilməsi
doğru deyil. Ermənistan prezidenti Serj
Sarkisyan da BMT tribunasından Azərbaycanın əleyhinə
çıxış etdi. Lakin heç kəs
nə erməni diplomatlarına, nə də Sarkisyana əhəmiyyət
vermədi. Çünki, qeyd etdiyim kimi,
hamı bilirdi ki, Azərbaycan misilsiz nailiyyətlərə
imza atan, müasir, sürətlə inkişaf edən, beynəlxalq
arenada etibarlı tərəfdaş kimi özünü təsdiq
edən ölkədir. Bütün bunlar Azərbaycanın
BMT TŞ-yə üzv seçilməsində həlledici amillər
olmuşdur. Erməni lobbisinin, Ermənistanın
Azərbaycana qarşı məkrli və düşmən
siyasəti şəraitində 193 BMT üzvündən 155-i tərəfindən
dəstəklənmək ölkəmizin beynəlxalq
nüfuzunun, Azərbaycanın xarici siyasətinin təntənəsinin
əyani göstəricisidir.
- BMT Təhlükəsizlik
Şurasının funksiyası nədən ibarətdir? Ümumiyyətlə, bu mötəbər quruma
üzv olmaq Azərbaycana hansı üstünlükləri
qazandırır?
- Əvvəla onu vurğulamaq istəyirəm ki, bir
çox beynəlxalq təşkilat olsa da, BMT dünyanın ən
nüfuzlu təşkilatı kimi qalmaqdadır. Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası isə çox mötəbər bir qurum, fəaliyyətdə
olan siyasi orqandır. BMT-nin Nizamnaməsinə
əsasən Təhlükəsizlik Şurası beynəlxalq
sülhün və təhlükəsizliyin qorunub saxlanması
kimi vəzifələri öz üzərinə götürüb.
Şura beynəlxalq münasibətləri tənzim
etmək, dövlətlər arasında hərbi toqquşmaya
yol verməmək, hər bir təcavüzü aradan
qaldırmaq və beynəlxalq sülhü təmin etmək
üçün böyük səlahiyyətlərə
malikdir. BMT-nin digər komitə və
qurumlarının qərarları tövsiyə xarakterli
olduğu halda, yəni ölkələr tərəfindən
yerinə yetirilməsi, əsasən, məsuliyyət
doğurmadığı halda, Təhlükəsizlik
Şurasının qərarları mütləq yerinə
yetirilməlidir.
Təhlükəsizlik
Şurası BMT-nin hərbi gücü ilə hər hansı
bir əməliyyatı aparmaq səlahiyyətinə malikdir və
bu təşkilatın hərbi gücünün
yaradılmasına və ondan istifadə olunmasına, başqa
sözlə, hərbi qüvvənin yaradılması və
istifadəsi funksiyalarının və
tapşırıqların sayının, komanda vermək
strukturunun, əməliyyat rayonuna qəbul edilmə müddətinin
müəyyən edilməsi, həmçinin əməliyyata
rəhbərlik etmək və maliyyələşdirmə
qaydalarını müəyyən etmək və s. səlahiyyətlərə
malikdir.
Məlumdur
ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü vardır. Onlar
Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.
Bundan başqa qurumun 10 qeyri-daimi üzvü var. Həmin
üzvlər aşağıdakı regionlardan seçilir:
beşi Afrika və Asiyadan, biri Şərqi Avropadan, ikisi
Latın Amerikasından, ikisi Qərbi Avropadan (Avstraliya, Kanada
da daxil olmaqla) digər regionlardan seçilir.
Təhlükəsizlik Şurası fasiləsiz olaraq fəaliyyət
göstərir və onun üzvlərinin nümayəndələri
daimi BMT-nin mənzil-qərargahında olur. Sədrlik bir
ay müddətində onun hər bir üzvünə təqdim
olunur və sədrlərin adı ingilis əlifba
sırası ilə yazılır. Qərar
qəbul etmək üçün bütün daimi üzvlərin
səsləri nəzərə alınmaqla doqquz səs tələb
olunur. Ancaq qeyri-daimi üzvlərdən fərqli
olaraq, daimi üzvlərin veto hüququ olduğuna görə,
onlardan biri və bir neçəsi hər hansı bir qərarın
əleyhinə səs verdiyi halda, qərar qəbul olunmur.
Daimi üzvün bitərəf qalması da, onun
həmin qərara veto qoyması deməkdir.
Şuraya sülhün təhlükədə olması
barədə şikayətlər daxil olarsa, qurum ilk növbədə
tərəfləri məsələni sülh yolu ilə həll
etməyə çağırır. Bəzi hallarda qurumun
özü tədqiqat apararaq vasitəçilik xidməti
göstərir. Təhlükəsizlik
Şurası məsələnin araşdırılması
üçün xüsusi nümayəndə təyin edə
və ya Baş katibə bu təyinatı etmək
üçün müraciət edə bilər. Proseslər nəzarətdən çıxdıqda
və sülh çağırışları cavabsız
qaldıqda, Təhlükəsizlik Şurası hərbi
müdaxilə barədə qərar qəbul edə bilər.
Bu funksiyanı isə adətən qurumun
sülhməramlı qüvvələri həyata keçirir.
Sülhməramlıların məqsədi
münaqişə rayonunda gərginliyi azaltmaq, düşmən
tərəflər arasında toqquşmaların
qarşısını almaqdır.
Məlumdur
ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi 822, 813, 874 və 884 saylı qətnamələrində
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığının zəruriliyi
bildirilirdi. Lakin Təhlükəsizlik
Şurasının daimi üzvləri olan böyük dövlətlər
Ermənistanın təcavüzkar dövlət kimi
tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin
işğal etdikləri Azərbaycan ərazilərindən dərhal
çıxmasına deyil, münaqişənin atəşkəs
və danışıqlar yolu ilə həll olunmasına
üstünlük verdilər. Ümidvaram
ki, Təhlükəsizlik Şurasına üzvlüyü
dövründə Azərbaycan bu məsələləri
gündəmə gətirmək imkanına malik olacaqdır.
Söhbəti qələmə
aldı: Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 29 oktyabr.- S. 3.