Hövsan Olimpiya İdman Kompleksi öz fəaliyyətini genişləndirir
Gələcək
nəslin sağlamlığının təminatçısı
olan idman hər hansı bir dövlətin beynəlxalq miqyasda
tanınmasında, onun milli mədəniyyətinin təbliğində
əvəzsiz rol oynayır.
Ümummilli
lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun
illər ərzində idmanı dövlət siyasətinin
mühüm qollarından biri kimi hesab etmiş, onu ümummilli
mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirmişdir.
Nəticədə bu sahə yüksək sürətlə
inkişaf etmiş, onun maddi-texniki bazası möhkəmlənmiş,
bədən tərbiyəsi və idman kütləviləşmişdir.
Ulu öndərin dövlət səviyyəsində həyata
keçirdiyi idman siyasəti onun layiqli varisi Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri
cənab İlham Əliyev tərəfindən inamla davam
etdirilir.
Müstəqillik illərində inşa edilmiş müxtəlif təyinatlı idman qurğuları - müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, mərkəzlər, zallar, stadionlar uşaq, yeniyetmə və gənclərin idmanla daha fəal məşğul olmaları üçün şərait yaratmışdır. Paytaxtda, ölkəmizin demək olar ki, bütün bölgələrində inşa olunmuş, tikintisi davam etdirilən və inşası planlaşdırılan Olimpiya idman komplekslərini xüsusilə qeyd etmək olar.
"İdmanla və Masallıdakı kimi bu cür gözəl komplekslərin tikintisi ilə Siz Avropanın lap ürəyində yer tutursunuz"
Ölkəmizdə ilk Olimpiya İdman Kompleksi 2000-ci ildə inşa edilib və onun açılışında Avropa Olimpiya Komitəsinin o vaxtkı prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin indiki rəhbəri Jak Roqq da iştirak etmişdir. 2000-ci ildən indiyə qədər ölkəmizdə müasir tipli daha 30 Olimpiya idman kompleksi tikilərək, gənclərin ixtiyarına verilib. Masallıda istifadəyə verilən Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey Azərbaycan rəhbərinə müraciətlə ölkəmizin hər bir vətəndaşının ürəyindən olan belə bir fikir söyləyib: "Hörmətli cənab Prezident, ola bilsin, coğrafi baxımdan ölkəniz Avropanın mərkəzindən uzaq olsun. Amma idmanla və Masallıdakı kimi bu cür gözəl komplekslərin tikintisi ilə Siz Avropanın lap ürəyində yer tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, idman sözün əsl mənasında, xalqları birlik və dostluq şəraitində bir araya gətirən vasitə kimi çıxış edə bilər. Azərbaycan xalqı milli ruhu, qonaqpərvərliyi və idmana olan məhəbbəti ilə özünə layiq nüfuz qazanmışdır. Qoy bu nailiyyət uzun illər davam etsin!"
Ölkəmizdə səfərdə olan ali qurumların nümayəndələri, mütəxəssislər qısa müddət ərzində paytaxt və regionlarda inşa edilmiş və müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin tikintisini yüksək qiymətləndirmiş, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğını xüsusi qeyd etmişlər.
Müasir standartlara cavab verən Hövsan Olimpiya İdman Kompleksində hər cür şərait yaradılıb
Təqdirəlayiq haldır ki, olimpiya idman kompleksləri təkcə mərkəzlərdə deyil, ucqar rayonlarda da inşa edilir və onların xidmətindən əhali yararlanır. Son illər Bakı kəndlərində inşa edilən Olimpiya idman kompleksləri əhali üçün əvəzsiz nemətdir. Belə komplekslərdən biri də Bakının Hövsan qəsəbəsində inşa edilib. Tikintisinə 2007-ci ildən başlanılan və 2009-cu il oktyabrın 19-da təhvil verilən Hövsan Olimpiya İdman Kompleksinin ümumi ərazisi 4,5 hektardır. İdman kompleksi üçmərtəbəlidir və binanın sahəsi 19 min kvadratmetrdir. Burada üzgüçülük hovuzu, idmanın müxtəlif növləri üzrə yarışların və təlim-məşq proseslərinin keçirilməsi üçün 2 universal zal, soyunub-geyinmə otaqları, kafe var.
Binanın böyük idman zalının uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb. Uzunluğu 36 metr, eni 24 metr olan üzgüçülük hovuzunun ətrafında 125 oturacaq vardır. Kiçik idman zalı güləş, boks və digər növlər üçün nəzərdə tutulub və burada 200 tamaşaçı yeri quraşdırılıb. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları, digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə ölkədaxili turnirlərlə yanaşı, beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. İki ilə yaxın bir zaman ərzində fəaliyyət göstərən idman kompleksinin xidmətindən təkcə Hövsanın yox, Türkan, Zığ, Zirə və Qaraçuxurun sakinləri də istifadə edirlər. Bu günlərdə Hövsan Olimpiya İdman Kompleksinin direktoru Məmməd Eyvazovla görüşüb, idman ocağının fəaliyyəti barəsində geniş məlumat aldıq.
"Olimpiya idman kompleksləri idmanımızın inkişafına misilsiz töhfələr verəcək"
Məmməd müəllim kompleksin hövsanlılar üçün böyük əhəmiyyət daşıdığını bildirdi. O qeyd etdi ki, olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növləri ilə də məşğul olmaq üçün kompleksdə lazımi şərait vardır. Hövsan və Hövsanətrafı rayonların sakinlərinin bu idman qurğusunun fəaliyyətindən yararlandığını bildirən M.Eyvazov dedi ki, hər bir yeniyetmə və gənc burada idmanla məşğul olmaqla həm sağlam olur, həm də müxtəlif idman növlərinin sirlərinə yiyələnir. "Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk illərdə idman sahəsində güclü maddi-texniki bazaya ehtiyac olduğunu və idman infrastrukturu yaradılmasının, möhkəmləndirilməsinin vacibliyini qeyd edirdi. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da sürətli inkişafa nail olmaq üçün böyük quruculuq işlərinə başlanıldı, təxirəsalınmaz tədbirlər həyata keçirildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Respublikamızda inşa edilən saysız-hesabsız idman qurğuları idmanın sürətli inkişafını təmin etməklə yanaşı, həm də gənc nəslin sağlam yetişməsində əsaslı rol oynayır. Hövsan Olimpiya Kompleksində olimpiya və qeyri-oimpiya idman növlərinin sirlərinə yiyələnmək üçün yaxşı şərait yaradılmışdır. Yeniyetmə və gənclər, eləcə də orta və yaşlı nəslin nümayəndələri günün istənilən vaxtında kompleksə gəlib, maraqlandıqları idman növü ilə məşğul olmaqla, həm sağlamlıqlarının qeydinə qalır, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Bütün həyatını idmana həsr etmiş insan kimi deyə bilərəm ki, ölkəmizdə inşa edilmiş Olimpiya idman kompleksləri idmanımızın inkişafına böyük tövfələr verəcək", - deyə o əlavə etdi.
Haşiyə. Boks üzrə təcrübəli mütəxəssis Məmməd Eyvazovun müstəqil Azərbaycanda bu idman növünün inkişafında böyük xidmətləri olub. 1992-ci ildən 1998-ci ilə qədər Türkiyə millisinin baş məşqçisi vəzifəsində çalışan M.Eyvazov qardaş ölkədə fəaliyyəti dövründə bu komandaya bir çox perspektivli boksçular verib (onun rəhbərliyi altında Malik Bəyləroğlu Atlanta Olimpiadasının gümüş medalını qazanıb. Bu, Türkiyənin boks tarixində ilk belə böyük nailiyyət olub). 1999-cu ildə Bakıya gələn mütəxəssis milli komandamıza baş məşqçi təyin olunub. Yığma komandamız onun rəhbərliyi altında böyük nailiyyətlər əldə edib. 2002-ci ildə Şahin İmranov Permdə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Həmin il Ağası Məmmədov Tailandda dünya çempionatının qalibi olub, Tofiq Əhmədov, Ruslan Xairov mundialın bürünc medalını qazanıblar. Afina Olimpiadasında Ağası Məmmədov və Fuad Aslanov ölkəmizi bürünc medalla sevindiriblər. 2005-ci ildə Çində keçirilmiş dünya çempionatında isə Ramal Amanov, Elçin Əlizadə ikinci, Emin Məhərrəmov üçüncü yeri tutublar. 2006-cı ildə Samir Məmmədov, Şahin İmranov, Rahib Bəylərov Bolqarıstanda Avropa çempionatının gümüş, Elçin Əlizadə isə bürünc medalını əldə ediblər. 2007-ci ildə Çikaqoda dünya çempionatında bürünc medala sahib olan Samir Məmmədov Pekin Olimpiadasına lisenziya qazanıb. Şəxsi yetirməsi Şahin İmranov Pekin Olimpiadasının bürünc mükafatına sahib olub.
"Bundan sonra yeniyetmə və gənclərimiz daha böyük nailiyyətlər əldə etməlidirlər"
2010-cu ilin yanvar ayından fəaliyyətə başlamış kompleksə axın son vaxtlar xeyli çoxalıb. Kompleksdə Hövsan və Hövsanətrafı kəndlərdən orta hesabla hər gün 700-ə yaxın yeniyetmə, uşaq və gənc məşğul olur. Məmməd Eyvazov kompleksdə beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili üçün əlindən gələn köməyi əsirgəmədiyini dedi. "Bu gün burada gimnastika, üzgüçülük, güləş, boks, taekvondo, karate üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün şərait var. Bundan sonra yeniyetmə və gənclərimiz daha böyük nailiyyətlər əldə etməlidirlər. Bir sıra idman növləri üzrə kompleksdə mütəmadi olaraq təlim-məşq prosesləri keçirilir. Kamandan oxatma üzrə yığma komandanın əsas bazası buradadır. Kompleksin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, onun yetirmələri artıq bir sıra turnirlərdə yüksək nəticələr əldə ediblər. Çalışacağıq ki, idman kompleksi öz fəaliyyətini bundan sonra daha da genişləndirsin", - deyə Məmməd Eyvazov əlavə etdi.
Əməkdar məşqçi, SSRİ idman ustası, "Tərəqqi" medallı və Prezident təqaüdçüsü Məmməd Eyvazov bu yaxınlarda yubileyini qeyd edəcək. Yubiley münasibəti ilə biz də bacarıqlı mütəxəssisi təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 8.