Su tayfasının varisləri –
Susaylılar
Şahdağın
yaxın ətəyindəki kəndlərdən biri də
Susay kəndidir.Yerli camaatın dediyinə görə, bu kəndin
dörd min ildən çox yaşı vardır.Vaxtilə
burada yaşayan qədim Su, Şu türk tayfası yeddi para
bir-birinə çox yaxın olan kiçik kəndlərdə
məskunlaşıblarmış. Sonralar bu yeddi para kiçik
kəndlərdəki Su, Şu tayfası müxtəlif həmlələrdən,
hücumlardan, daşqınlardan və s.-dən qorunmaq
üçün bir yerə yığışmış,
birgə, birlikdə yaşamağa, bir kənddə -
hazırkı Susay kəndində məskunlaşmağa
üstünlük vermişlər. Hal-hazırda Susay kəndi
150 evdən və 276 təsərrüfatdan ibarətdir. Kəndin
təzə tikilmiş 250 nəfərlik məktəbi, tibb məntəqəsi,
klubu, kitabxanası, məscidi vardır. Yeri gəlmişkən
qeyd edək ki, Susay kəndinin məscidi 15-ci əsrdə
inşa olunmuşdur. Son dövrlərdə kənddəki məsciddə
müəyyən bərpa işləri də
aparılmışdır. Susay kəndinin gözəlliyi, bənzərsiz
mənzərəsi onun yerləşdiyi ərazinin təbiəti,
özünəməxsusluğu ilə sıx
bağlıdır. Kənddən baxdıqda çox aydın
şəkildə Susayüstü yüksəklikləri, zirvələri
görməmək mümkün deyildir. Susayüstü
yüksəkliklərə və zirvələrə göz
baxdıqca baxmaq istəyir. Adamda elə təsəvvür
yaranır ki, Susayüstü yüksəkliklərə və
zirvələrə Allahın özü qələm çəkmişdir.
Susaydan Susayüstü yüksəkliklərə, zirvələrə
baxarkən onların ardıcıl sıralanması bir-bir beləcə
görünür: Şahdağ, Bazardüzü, Samanlıq,
Tufandağ, Baltaqaya, Şişbərk, Qaranlıqdərə,
Mıxtökən, Məsdərgah, Atəşgah. Susay ərazisi
bu Susayüstü yüksəklikləri və zirvələri
ilə gözoxşayan, könülaçan
görüntü yaradır. Susaylıların orta və
yaşlı nəslinin nümayəndələrinin
böyük əksəriyyəti Susayüstü yüksəkliklərin,
zirvələrin hər birinin adının mənasını
yaxşı bilirlər. Bu barədə bildiklərini izah etməyə
də istəklərini və həvəslərini gizlətmirlər.
Odur ki, Susaylıların Susayüstü yüksəkliklər
və zirvələrlə bağlı verdikləri
izahatları, məlumatları nəzərdən keçirmək
yerinə düşər.
Bazardüzü.
Yerli camaat lap qədim zamanlarda bu ərazidə
alış-veriş etmişdir. Eyni zamanda, insanlar müxtəlif
ərazilərdən alış-veriş etmək
üçün buraya gəlmiş və bazarlıq etmişlər.
Məhz ona görə də buraya Bazardüzü adı
verilmişdir.
Samanlıq.
Samanlıq evin dam hissəsinə bənzəyir. Evin dam hissəsinin
görünüşü necədirsə,
Samanlığın görünüşü də elədir.
Qədim zamanlarda insanlar otu, samanı, alafı evin damına
toplamış və yağışdan, sudan, oddan
qorumuşlar. Evin dam hissəsi sağdan, soldan və yan tərəflərdən
bağlı olduğundan ora yığılan ot, saman, alaf
sudan, yağışdan, oddan daha yaxşı mühafizə
olunmuşdur. Bir daha qeyd edək ki, evin dam hissəsi kənardan
necə görünürsə, Samanlıq da elə o cür
görünür. Bir sözlə, zahiri
görünüşü evin dam hissəsinə bənzəyən
bu əraziyə Samanlıq adı verilmişdir. Yəni otun,
samanın, alafın qorunduğu, saxlandığı dama bənzəyən
yer-samanlıq: saman-lıq.
Tufandağ.
Burada dəhşətli dərəcədə boran, tufan olduğundan
(qış fəslində) yerli camaat bu zirvəni belə
adlandırmışdır. Hal-hazırda da buranın təbiəti
belədir. Yerli camaatın dediyinə görə, hətta
burada bəzən elə çən-duman olur ki,
göz-gözü görmür.
Baltaqaya.
Bu ərazi baltaya bənzər qayalarla zəngindir. Ona görə
də Susayüstü bu ərazi Baltaqaya adlanır.
Şişbərk. Yerli camaatın dediyinə görə, bu söz şiş və bərk sözlərinin birləşməsindən yaranmışdır. Hər iki söz və onların mənaları dilimizdə qorunur. Yerli camaat bu ərazidəki qayaların "şiş, sərt, dik, möhkəm" olmasını əsas götürərək ərazinin Şişbərk adlanmasını söyləyirlər. Qeyd etmək yerinə düşər ki, yerli camaat həm Şişbərkin, həm də Baltaqayanın təbiətinə dərindən bələddir. Onların dediyinə görə, bu ərazilərdə saysız-hesabsız dağ kəli, Qafqaz turu yaşayır.
Qaranlıqdərə. Qaranlıqdərə iki dağ arasında yerləşdiyindən buraya gün düşmür. Ona görə də Qaranlıqdərə həmişə qaranlıq olur. Qaranlıqdərənin adı oraya gün düşməməsi və nəticədə bu ərazinin hər bir zaman qaranlıq olması ilə bağlı yaranmışdır.
Mıxtökən. Bu ərazidə yerdə olan daşlar o qədər çoxdur ki, burada hətta atla hərəkət etmək çox çətindir. Yerli camaatın dediyinə görə, buradakı daşların çox olması hətta atların hərəkət etməsinə də maneəçilik göstərir və onların ayağındakı nalın mıxını tökür. Ona görə də yerli camaat bu əraziyə Mıxtökən adını vermişdir.
Atəşgah. Atəşgahda yerin altından qaz çıxır. Buraya gələn insanlar yerdən çıxan qazda asanlıqla xörək hazırlayır, hətta yanan qazın üstünə daş qoymaqla onun üzərində kabab bişirirlər.
Şahdağ. Susayüstü yüksəkliklər və zirvələr sırasında Şahdağ da özünəməxsus təbiəti və özəllikləri ilə fərqlənir. Onu da qeyd edək ki, Şahdağın ətəyindəki yaylaq yerlərinin əvəzi yoxdur. Bundan başqa, Şahdağın iki ətəyi də vardır ki, bunların hər biri bənzərsiz gözələ oxşayır. Bu bənzərsiz gözəllərdən biri Şahdağın Qusar, digəri isə Quba ətəyidir. Hər iki ətək Susayla çox bağlıdır. Belə ki, Susayın bir hissəsi Şahdağın Qusar, bir hissəsi isə Quba ətəyi ilə birləşir. Şahdağın Qusar ətəyinin Susaya yaxın olan kəndləri bunlardır: Ləzə, Sudur, Aladaş, Kuzun, Zindan-Moruq, Əniq. Şahdağın Quba ətəyinin Susaya yaxın olan kəndləri isə belə bir ardıcıllıqla Şahdağa gedib çıxır: Qırız, Qırız-Dəhnə, Qalaxudat, Bostankeş, Xınalıq. Şahdağın Quba ətəyinin kəndləri sırasında Əlik, Hapud, Cek, Buduq, Söhüb, Qarxun, Rük kəndləri də vardır. Qeyd etmək yerinə düşər ki, Susaydan Qubaya gedən yolda yerləşən kəndlər də bənzərsiz və gözəldir: Gəray, Uzunmeşə, Kürkün, Alpan, Xucbala, Digah, Qırmızı qəsəbə.
Susay kəndinin təbiəti insanları bu torpağa sevgi və məhəbbət hissi ilə bağlayır, onların hər biri qurub-yaratmaq həvəsiylə çalışır. Təmiz qəlbləri, əməli saleh olmaları ilə fərqlənirlər. Kənd əhli bulaq suyu kimi tərtəmiz, dupdurudur. Bulaq suyu demişkən, Susay kəndinə xüsusi gözəllik verən bir çay da vardır. Mənbəyini Şahdağdan başlayan və bulaq sularından qaynaqlanan bu çay yerli camaat arasında iki adla tanınır: Susayçay və Quruçay. Susayçayın səsi insanın ruhunu oxşayır, deyərdim ki, musiqi kimi ruha qidadır, məlhəmdir. Bu çayın suyu yaz fəslində çoxalır. Səbəbi isə dağlarda qarın əriməsidir. Qar əriyib qurtardıqdan sonra çay bulaq sularından qaynaqlanır. Susayçay bulaq sularından qaynaqlandığı üçün göz yaşı kimi dupduru və tərtəmizdir. Buz kimi sərin suyu olan bu çay kəndin sağ və sol nahiyyəsini bir-birindən ayırır. Kəndin sağ nahiyəsindəki evlər sol nahiyəsindəki evlərdən çoxdur. Ancaq çayın sol nahiyəsində-güney tərəfdə tikilən yeni evlər kəndə xüsusi gözəllik verməklə yanaşı, həm də çayın ətrafında gedən quruculuq işlərini nümayiş etdirir, diqqət mərkəzinə çəkir.
Susay kəndinin adı barəsində də yerli camaat maraqlı fikirlər söyləyir. Kənd camaatının fikrinə görə, kəndin adı qədim su, şu türk tayfasının adı ilə bağlıdır. Və bu tayfa digər türk tayfaları kimi çay kənarında, su ətrafında, bulaqların başında həyat qurmağa, yaşamağa, məskunlaşmağa üstünlük vermişdir.Yerli camaatın fikrincə, Susay sözü su və say sözlərindən əmələ gəlmişdir, Su türk tayfasının adı, say isə çay sözünün türk dillərində olan fonetik variantlarından biridir. Xalq etimologiyasına görə, Susay çay qırağında, kənarında yaşayan su tayfası deməkdir.
Tarixşünaslıqda Su
tayfası barədə maraqlı və əsaslı
araşdırmalar mövcuddur. Su tayfası Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən
biri kimi
tarixşünaslığın diqqət mərkəzində olmuşdur. Azərbaycan
tarixşünaslığında belə bir
fikir mövcuddur ki, Azərbaycan ərazisindəki ən qədim
dövlət quruluşları Urmiya gölü ətrafında meydana
gəlmişdir. Qonşuluqdakı Mesopotamiya
sivilizasiyasının mövcud olması Urmiya gölü ətrafında
ən qədim dövlət quruluşlarının meydana gəlməsi üçün
ən böyük səbəblərdən
biri olmuşdur. "Sonralar m.ö. 19-cu əsrdə
bu ərazidə (Urmiya
gölü ətrafı) Turukki
və Su dövlətləri meydana gəldi" (bax:
www.Veten.8k.com). Onu da qeyd edək ki, Su tayfası digər bir
sıra türk tayfaları kimi etnik baxımdan prototürk tayfası olmuşdur.
Turukki və Su
dövləti ilə bağlı bir məsələni
də qeyd etmək lazımdır ki, bu dövlətin hər
ikisi tayfa dövləti
olmuşdur. Sonralar su, turukki, kuti,
lullu, kassi
tayfalarının ittifaqı nəticəsində Manna dövləti yaranmışdır. Deməli,
tarixşünaslıqda qeyd edildiyi kimi, mannalılar su, kuti, lullu,
turukki, kassi
tayfalarının varisləridir. Bu tayfalar həm qədim şərq tarixində,
həm də Azərbaycan xalqının formalaşması
prosesində böyük rol
oynamışdır (bax: www.Wapedia.Mobi).
Bundan başqa, Sub, Subi, Sumbi
variantlarında işlənən tayfanın əsasında Su tayfası durur. Hətta
tarixşünas Y.B.Yusifova
əsaslanaraq qeyd olunur
ki, o, (yəni Y.B.Yusifov) " Sumbi tayfa adını Sibi sözünün əlavəsi kimi vermişdir. Bu göstərir ki, Sumbi sözü Subi tayfa adının bir tələffüz variantıdır və
adının əsasında su sözü duran bu tayfa türk
mənşəlidir. Mesi (me-is-si,
me-su, mes-si, mi-su) tayfası Urmiya gölünün cənubunda, Mannanın mərkəzində,
Uşkayanın şimalında, türk
tayfaları əhatəsində
lokallaşdırılmışdır və türk
mənşəli olduğuna heç bir şübhə
yoxdur" (bax: www.main-board.eu). Mannada su tayfasının adı ilə bağlı dağ və çay
adı da olmuşdur.
" Mannada su, sub tayfasının adından Su
dağ adı, Suva (Sua) çay adı da olmuşdur. Qədim türk dillərində suva-
çay, su mənasında
işlənmişdir" (bax: www.main-board.eu). Tədqiqatlarda qaynaqlara
əsaslanaraq Su tayfa
adı Subar, Subir, Subi sözü ilə
eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi
verilir. Odur ki, mövcud tədqiqatlarda
bu barədə belə bir
fikirlə qarşılaşırıq: "Qədim Mesopotamiya qaynaqlarında Su
tayfa adı bir çox halda Subar, Subir, Subi
sözü ilə eyniləşdirilir. Hətta
Assuriya çarı 2-ci Sarqonun
da yazılarında onlar
barədə müəyyən məlumatlar verilir
və bildirilir ki, Urartu insanları Subi
ölkəsinin əhalisini Mannalı adlandırırlar. Bu isə öz növbəsində
eradan əvvəl 8-ci əsrdə
yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada
Su tayfası ilə müəyyən etnik bağlılıqları olduğunu
göstərməkdədir" (www.Big.Az).
(ardı
var)
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2011.-
30 oktyabr.- S. 7.