Ana təbiətin fəryadı, yaxud ekoloji kabus
Təbiət
insan tərəfindən toxunulmaz qaldığı
üçün min illər boyu bütün mərhəmətini
bəşəriyyət yolunda əsirgəməmişdi. Günəş
nəvazişlə işıq saçırdı, səma
parlaq göy rəngdə idi. Dağların bitki
örtüyü də sıx idi, güllü-çiçəkli
geniş çəmənliklər göz oxşayırdı.
Hava və suyun ideal təmizliyi adamları valeh edirdi.
İnsanlar təbiəti, təbiət də insanları
qoruyurdu. Təbiət insanların
sağlamlığı keşiyində duran
ən yaxşı həkim idi.
Yaxın keçmişədək Bakı sakinləri kranlardan axan dum-duru şollar suyu içir və qaynanmış su içməyin nə olduğunu bilmirdilər. Xəzərin suyu öz lacivərd rəngini saxlamışdı. Bakılı qadın və qızlar xalça-palazlarını dənizin sahillərində yuyurdular. Dənizdən dəniz qoxusu gəlirdi. Deyilənlərə görə, İkinci Dünya savaşında Bakı camaatı şəhəryanı vətəgələrdən tutulan balıq hesabına pis yaşamamışdı. Təmiz səmadan boylanan günəş adamların sağlamlığına xidmət edirdi. Qız qalasının yaxınlığında dirəklər üstündə qurulmuş, "dəniz solyarisi" bakılıların sevimli istirahət yeri idi. Özlərini günə verib qaraltmaq istəyən şəhər sakinləri bura gəlirdilər. Üzə bilməyən yeniyetmələrin çimməsi üçün qapalı "çimərlik" də var idi. Üzməyi bacaranlar isə solyari meydançasından suya tullanmağı xoşlayırdılır. Dəniz suyu büllur təmizlikdə idi.
Səhər erkən Bakı həyətlərini dolaşan balıq ticarətçilərindən su qiymətinə alınan ağ balıqdan hazırlanan kababın xoş ətri çox uzaqlara yayılırdı. Balığın balıq dadı vardı. Xəzərdən tutulan və duzlanandan sonra satışa verilən, amin turşuları, A, D vitaminləri, olein turşuları, kalium, kalsium kobalt, fosfor, dəmir, manqan və mis ilə zəngin, yodun miqdarına görə mal ətindən üstün olan siyənək balıqları süfrələrin bəzəyi idi. Xəzər siyənəyinin şahı duza qoyulandan və hisə veriləndən sonra bəh-bəhlə yeyilən "zalom" adlı bir qədər iri və çox yağlı balıq idi.
Azərbaycanlılar ilk dövrlərdə ağbalıq, nərə, uzunburun balıq yemirdilər ki, onların pul örtüyü yoxdur və deməli, haramdır. Ona görə də dənizdən çıxarılan nərəkimiləri təzədən dənizə buraxırdılar. Yerli əhalinin nərəkmilərə bu cür münasibətini yaxşı bilən üzdəniraq erməni işbazları - İ.L. və D.L. Mailov qardaşları bir vaxtlar çox ucuz qiymətə aldıqları nərə balıqlarının və qara kürünün xarici ölkələrə satışından əldə etdikləri ölçüyəgəlməz miqdarda kapital sayəsində dünyanın qara kürü kralı kimi tanınırdılar.
Ötən əsrin ortalarında Bakının balıq dükanları qarşısında çəki, kütüm balıqlarından qalaq vurulurdu, bakılılar çəki balığına ( ona sazan da deyirdilər) bir o qədər də əhəmiyyət vermirdilər. Onların yedikləri balıq kütüm, xəşəm idi. Bu qida ərköyünlüyü balığın həddən ziyadə bol olması ilə əlaqədar idi. Azərbaycanlı qadın və qızlar o illərdə saçlarının yaxşı təmizlənməsi və tez uzanması üçün başlarını çox təmiz sayılan yağış suyu ilə yuyurdular. Bakı bazarlarında qaz, ördək və s. su quşları, habelə turac və qırqovul kimi çöl quşları satılırdı. Bütün bunlar sağlam ana təbiətin öz övladlarına hədiyyəsi kimi qəbul olunurdu.
Elmi ədəbiyyatda göstərildiyi kimi, insan dağıdıcı fəaliyyəti ilə planetin təbiətinə böyük zərbə vurmaqla özünə də zərər yetirmiş oldu. Meşələrin intensiv qırılması torpaqların məhsuldar qatının eroziyaya uğraması, su mənbələrinin azalması, bitki örtüyünün zəifləməsi, fauna və floranın varlığı üçün mühitin pisləşməsi ilə nəticələndi. Özünü təbiətin sahibi hesab edən insan təbiətə qarşı düşünülməmiş əməlləri ilə sanki, onu küsdürdü.
Müasir dünyamızda ekoloji prolemlər öncül yerə keçib. Tarazlığının pozulmasına dözməyən təbiət öz fəaliyyəti ilə ona "yaralar vuran" insanı fəlakətlər qarşısında qoyub. Planetin resurslarının sürətlə tükənməsi, havanın və suyun faciəvi dərəcədə çirklənməsi, münbit torpaqların səhralıqlara çevrilməsi, meşə sahələrinin gözgörəsi kiçilməsi buna misal göstərilə bilər. Havanın getdikcə istiləşməyə meylli olması, atmosferin Ozon qatının incəlməsi, turşu yağışlarının yağması, sututarların "göyərməsi", toksik və radioaktiv tullantıların getdikcə artması insanları "olum ya ölüm" seçimi qarşısında qoyub. Bu problem getdikcə qlobal miqyas almaqdadır. Bəşəriyyət biosferin tərkib hissəsi, onun təkamül məhsuludur. Bu, təkzibolunmaz həqiqətdir. Onu da deyək ki, insan və təbiət arasında münasibət heç vaxt problemsiz ötüşməmişdir. Qədim insanın ovçuluq fəaliyyəti, əlbəttə ki, çox sayda iri otyeyən heyvanları məhv etmişdir. Ovçuluq məqsədilə bitki örtüyünün yandırılması ərazilərin səhralaşması ilə nəticələnmişdir. İnsan heyvandarlığa və əkinçiliyə keçid ilə əlaqədar təbiətə istədiyini etmişdir. Əkinçiliyin inkişafı gedişində torpaqların qeyri-düzgün şumlanması münbit qatın su və külək ilə aparılmasına, ifrat suvarma isə torpaqların şoranlaşmasına səbəb olmuşdur.
Son yüz ildə iki mühüm dəyişiklik baş vermişdir. Birinci, Yer kürəsi əhalisinin sayca kəskin dərəcədə artması, ikinci isə sənaye və enerji istehsalının, kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artması ilə əlaqədar olmuşdur. Nəticədə bəşəriyyət bütün biosferin fəaliyyətinə nəzərəçarpacaq dərəcədə təsir göstərməyə başlamışdır. İyirminci yüzilliyin sonunda Yer kürəsinin resurslarından istifadə onların təkrar istehsalı tempini xeyli üstələdiyindən təbii ehtiyatların tükənməyə başlaması onların istifadəsində əngəllər törətmiş, milli və dünya iqtisadiyyatına mənfi təsir göstərmiş və bununla da litosferin və biosferin bərpaolunmaz yoxsullaşması baş vermişdir.
Daha bir ağırlaşdırıcı situasiya istehsalat və məişət tullantılarının biosferi çirkələndirməsi, ekoloji sistemlərə xətər yetirməsi, maddələrin qlobal dövranını pozması və insan sağlamlığı üçün təhlükə yaranmasıdır.
Canlı təbiətin tarazlıq qanunauyğunluqlarından kənaraçıxma hallarından biri də planetimizdə əhalinin sürətlə artmasıdır. Ekologiya probemləri ilə məşğul olan bəzi alimlərin proqnozlarına görə, 2025-ci ildə Yer üzündə 7,6 milyarddan 9,4 milyardadək adamın yaşayacağı gözlənilir. Əhalinin belə bir artımı qida məhsulları istehsalının artırılmasını, yeni iş yerlərinin yaradılmasını, sənaye istehsalının genişləndirilməsini tələb edir. Bizim əsrimizin ortalarına qədər Yer üzündə yaşayan bütün adamlara hər gün təqribən 2 milyon ton qida, 10 milyon kubmetr içməli su, tənəffüs üçün 2 milyard kubmetr oksigen tələb olunur. İnsanın təsərrüfat fəaliyyətinin bütün sahələrində hər gün təqribən 300 milyon ton yanacaq hasil edilir, 2 milyard kubmetr su və 65 milyard kubmetr oksigen işlədilir. Bütün bunlar isə təbii ehtiyatların sərfi və ətraf mühitin geniş miqyasda çirklənməsi ilə müşayiət olunur.
İnsan fəaliyyətinin təbiətə dağıdıcı zərbəsi çirkləndirici maddələrin ayrılması ilə əlaqədardır. Atmosferə, torpağa yaxud sulara düşərək orada gedən bioloji, bəzən də fiziki, kimyəvi prosesləri pozan maddələr çirkləndirici vasitələr hesab olunur. Radioaktiv şüalanma və istilik də çirkləndirici amillərdir. İnsan fəaliyyəti nəticəsində atmosferə karbon və dəm qazı, kükürd dioksidi, metan, azot oksidləri daxil olur. Onların əsas mənbəyi mədən yanacağının, meşələrin yandırılması və sənaye müəssisələrinin tullantılarıdır.
Antropogen qazların sayəsində turşu yağışları və smoq əmələ gəlir. Smoq ingilis sözü olub tüstü dumanı mənasındadır, fotokimyəvi kanserogen dumandır. Turşu yağışı göllərə yağanda balıqların və digər canlıların məhvinə səbəb olur. Turşu yağışının təsirindən ağacların yarpaqları zədələnir, bitkilər quruyur, metalların korroziyası və bina konstruksiyalarının zədələnməsi sürətlənir. Turşu yağışları çox vaxt sənayecə inkişaf etmiş regionlarda yağır.
İnsanın antropoloji fəaliyyəti nəticəsində atmosferdə ozon qatının getdikcə dağılması müşahidə olunur. Alimlərin fikrinə görə, bunun əsas səbəblərindən biri sənaye və məişətdə xlorflüorkarbonun (freonun) tətbiqidir. 1990-cı ildə dünyada 1300 min ton ozondağıdıcı maddə istehsal edilmişdir. Ozon mavi rəngli və kəskin qoxulu qazdır. O, üzvi maddələr qarışığını oksidləşdirir. Atmosferdə əsas ozon kütləsi 10-50 km hündürlükdə yerləşir və ozonosfera deyilən qat əmələ gətirir. Ozon qatı Günəşdən gələn öldürücü ultrabənövşəyi şüaları əks etdirməklə, canlı orqanizmləri radiasiyadan qoruyur. Məhz hava oksigenindən ozonun əmələ gəlməsi sayəsində Yer üzündə həyat mümkün olmuşdur.
Yer atmosferində təqribən
2 milyard il bundan əvvəl oksigen ilə
birlikdə ozon da əmələ
gəlmişdir. Ozon qatı olmasaydı
ultrabənövşəyi şüalar təmiz
Arktika sularının dərinliklərinə
keçməklə fitoplankton
xromosomlarına təsir göstərib onu
məhv edərdi. Okeanın bütün
ekopiramidası isə fitoplanktonun möcudluğundan aslıdır. Ekopiramidanın
ilkin elementinin
pozulması, yaxud məhvi nəticəsində
dəniz fauna və florasının qlobal məhvi qaçılmaz olardı. Fitoplanktonun oksigen əmələ
gəlməsində rolu planetimizin
bütün meşələrinin rolundan üstündür.
Hazırda okeanoloji ekspertlər Antarktidada plankton
biokütləsinin 25% azaldığını güman
edirlər. Əgər fitoplanktonun
miqdarı 10% də azalsa, atmosferdə hər
il 5 milyard ton izafi karbon
qazı qalacaqdır. Bu isə planet canlılarının məhvi deməkdir.
(ardı var)
Arif HÜSEYNOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 7.