Dövlət
qayğısı neftçiləri yeni
nailiyyətlərə ruhlandırır
Son
illər ölkə iqtisadiyyatının aparıcı sahəsi
sayılan neft sənayesinə dövlət
qayğısının artırılması, neftçilərin
rifah halının yaxşılaşdırılması istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilir. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyevin
diqqət və qayğısı sayəsində Dövlət
Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin
maddi-texniki bazası xeyli gücləndirilmiş, mütərəqqi
texnologiyaların tətbiqinə diqqət
artırılmışdır. Bütün bunların nəticəsidir
ki, son illər neft və qaz hasilatına dair dövlət
tapşırıqları vaxtından əvvəl və
artıqlaması ilə yerinə yetirilir...
Ölkənin
neft sənayesi üzrə mühüm uğurların
qazanılmasında "Azneft" İstehsalat Birliyinin
Hacı Zeynalabdin Tağıyev adına Neft və
Qazçıxarma İdarəsinin kollektivi də yaxından
iştirak edir. Bir vaxtlar adı ölkəmizin neft sənayesinin
qabaqcılları sırasında çəkilən bu qocaman
neft və qazçıxarma müəssisəsi indi yeni bir
yüksəlişin astanasındadır. Belə ki, hazırda
idarə üzrə neft və qaz hasilatına dair proqnoz
tapşırıqların vaxtında və artıqlaması
ilə yerinə yetirilməsi, neftçilərin rifah
halının yaxşılaşdırılması sahəsində
mühüm tədbirlər həyata keçirilir. Bu
baxımdan 2011-ci ilin ötən aylarını da adı
çəkilən idarənin kollektivi üçün uğurlu
hesab etmək olar. Elə müəssisənin cari ilin doqquz
ayının təsərrüfat fəaliyyətinin nəticələri
də bunu deməyə əsas verir. Belə ki, hesabat
dövründə idarə üzrə 46643 ton neft hasil
edilmiş, dövlətə 46226,5 ton "qara
qızıl" təhvil verilmişdir.
Hesabat
dövründə H.Z.Tağıyev adına NQÇİ-nin
qaz hasilatı və təhvili üzrə əldə etdiyi
göstəricilər isə daha uğurlu olmuşdur. Belə
ki, cari ilin yanvar-sentyabr ayları ərzində idarə üzrə
2 milyon 730 min kubmetr əvəzinə 3 milyon 455 min kubmetr qaz
hasil edilərək dövlət proqnoz
tapşırığına 126,6 faiz əməl olunmuşdur.
Bununla yanaşı, ilin ötən doqquz ayında dövlətə
3 milyon 287,6 min kubmetr səmt qazı təhvil verilmişdir ki,
bu da nəzərdə tutulduğundan iki dəfə
çoxdur.
H.Z.Tağıyev adına NQÇİ "Buzovna-Maştağa", "Qala", "Köhnə Qala" və "Zirə" yataqlarının istismarını həyata keçirir. Adı çəkilən yataqlar uzun illər istismarda olmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin rəyinə görə, bu yataqlarda çıxarılması mümkün olan neft ehtiyatları çoxdur. Məhz buna görə də işlənmənin son mərhələsində olan həmin yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumat üçün bildiririk ki, hazırda H. Z. Tağıyev adına NQÇİ-nin istismar fondunda 224 quyu var. İstismar fondundakı quyuların 151-dən neft çıxarılır. Əsaslı təmir olunmuş bir quyu isə mənimsəmə prosesindədir. İşlək quyulardan 121-i ştanqlı dərinlik nasosu, 16-sı elektrik dalma nasosu, 12-si kompressor üsulu ilə istismar olunur. İki quyudan isə neft fontan üsulu ilə çıxarılır. 2011-ci ilin doqquz ayında idarənin 4 neft-qazçıxarma sexi üzrə hasil olunmuş neftin 25269 tonu ştanqlı dərinlik nasosu, 13647 tonu isə kompressor üsulu ilə çıxarılmışdır. Hesabat dövründə elektrik dalma nasosu və fontan üsulu ilə müvafiq olaraq 7614 ton və 113 ton neft hasil edilmişdir. Yanvar-sentyabr aylarında fəaliyyətsiz fonddan 11 quyu istismara daxil edilmiş, bunun da hesabına 1444 ton əlavə neft çıxarılmışdır. Bu dövrdə mədənlərdən çıxarılmış neftin 45 min 199 tonu isə keçici quyuların payına düşmüşdür.
İdarənin rəisi Saleh Yarməmmədov ilin ötən dövrü ərzində kollektivin əldə etdiyi uğurların başlıca səbəbini neft sənayesinə, bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısı ilə əlaqələndirdi. Söhbət əsnasında onu da dedi ki, son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkəti qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısını daim hiss edən neftçilər də öz növbəsində tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlməyə çalışırlar. S. Yarməmmədovun dediyinə görə, 2011-ci il sentyabr ayının 20-də ölkəmizin neft sənayesi üçün əlamətdar hadisə olan "Əsrin müqaviləsi"nin imzalanmasının 17-ci ildönümü və "Neftçilər Günü" peşə bayramının təntənəli şəkildə qeyd edilməsi neftçiləri yeni-yeni nailiyyətlərə ruhlandırmışdır. Məhz bunun nəticəsində də idarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Hər şeydən əvvəl, neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji-texniki tədbirlərin sayı xeyli artırılmışdır. Belə ki, ilin doqquz ayında nəzərdə tutulmuş 450 əvəzinə 556 texniki tədbir həyata keçirilmiş, bunun da hesabına 3400 tona qarşı 5275,2 ton neft hasil olunmuşdur. Bundan əlavə, hesabat dövründə mədənlərdə aparılmış 139 (plan 80) geoloji tədbir hesabına 9022,7 ton neft çıxarılmışdır ki, bu da həmin göstərici üzrə nəzərdə tutulduğundan 2158,7 ton çoxdur.
Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. Məhz bu sadə həqiqəti dərk edən təmir briqadaları 2011-ci ilin ötən doqquz ayı ərzində yüksək əzmkarlıq göstərmişlər. Belə ki, idarənin 10 yeraltı və 8 əsaslı təmir briqadasının gücü ilə mədənlərdə 961 cari və 143 əsaslı təmir işi həyata keçirilmişdir. Onu da deyək ki, quyularda aparılmış əsaslı təmir işləri yüksək iqtisadi səmərə vermiş, 6859,5 ton əlavə neft hasil olunmuşdur.
Məlum olduğu kimi, hazırda Dövlət Neft Şirkəti üzrə mühüm ekoloji layihələr həyata keçirilir. Həmin layihələrin böyük əksəriyyəti isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlıdır. Bu baxımdan H.Z.Tağıyev adına NQÇİ üzrə 2011-ci ilin ötən dövrü ərzində görülmüş işlər də diqqəti cəlb edir. Belə ki, cari ilin ötən dövrü ərzində "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən 2 saylı neft-qazçıxarma sexinin ərazisi ilə sərhəd olan "Qala" gölünün sahil ətraflarında neftlə çirklənmiş 48 min kubmetr torpaq təmizlənmiş, ümumi sahəsi 22,68 hektar olan ərazidən çıxarılan çirklənmiş torpaq zərərsizləşdirilmişdir. Hazırda isə "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən 3 və 4 saylı neft-qazçıxarma sexlərinin ərazilərindəki neftlə çirklənmiş sahələr torpaqlama yolu ilə təmizlənir. Artıq ümumi sahəsi 144 hektar təşkil edən həmin ərazinin 130 hektarının təmizlənməsi başa çatdırılmışdır.
İdarənin 3 və 4 saylı neft-qazçıxarma sexlərinin neft yığımı məntəqələrinin ərazisində "Socar-Baglan" ASC tərəfindən torpaqların təmizlənməsi üçün ümumi gücü gündə 190 kubmetr təşkil edən mini zavod tikilir və avadanlıqlar quraşdırılır. Quraşdırma işlərinin başa çatdırılması və torpaqların təmizlənməsinə isə bu ilin sonlarında start verilməsi nəzərdə nəzərdə tutulur.
Bundan əlavə, adı çəkilən mədənlərin ərazisində qapalı su sisteminin tədbiqi üçün 15 ədəd 50 kubmetrlik, 4 ədəd 30 kubmetrlik yeraltı tutumlar və 1 ədəd 200 kubmetrlik su hovuzu tikilmiş, istismara hazır vəziyyətə gətirilmişdir. Artıq quyulardan həmin tutumlara 10526 metr plastmas boru çəkilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Mədən ərazilərinin abadlaşdırılması məqsədilə Buzovna-Maştağa sahəsində bütün buruqlar və mancanaq dəzgahları rənglənir. Uzun illər baxımsız qalan mədən əraziləri abadlaşdırıldıqdan sonra yaşıllıqların salınması da kollektivin başlıca fəaliyyət istiqamətlərindəndir. Təkcə cari ilin sentyabr ayında təmizlənmiş sahələrdə 1700 ədəd müxtəlif növ ağac əkilmişdir. Bütövlükdə isə idarənin ərazisində indiyədək əkilmiş 14500 ədəd ağac vaxtilə neftlə çirklənmiş bu yerləri indi yaşıllıqlar diyarına çevirmişdir. İdarənin inzibati binasının yaxınlığında salınmış "Ekoloji park" isə bu yerlərə əlavə yaraşıq gətirir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 6.