Gədəbəy: Müasirləşmə və təşəbbüskarlıq həyatın bütün sahələrinə hakim kəsilir

 

2006-cı il noyabrın 1-ni gədəbəylilər xoş təəssüratla xatırlayırlar. Ölkə Prezidenti İlham Əliyevin bu ucqar dağ rayonuna ilk səfəri, onun yerli əhali ilə görüşləri, bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində iştirakı, dəyərli məsləhət və tövsiyələri, sosial məsələlərin həlli ilə bağlı verdiyi göstərişlər onların hədsiz razılığına səbəb olmuşdur. Beş il zaman baxımından o qədər də böyük olmasa da, Gədəbəy üçün məhz bu illər əsl inkişaf, tərəqqi dövrüdür. Rayonda elə bir sahə yoxdur ki, son beş ildə inkişaf etməsin. Sosial obyektlərin inşası, yeni yolların salınması, sənaye potensialının genişləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması məhz bu illərin payına düşür.

 

Gədəbəy haqqında, onun dünəni, bugünü, sabahı haqqında qəzetimizdə vaxtaşırı yazılar gedib. Budəfəki söhbətimiz isə rayonun son beş ildə qazandığı uğurlara həsr olunur.

 

Asfalt yollar, yeni körpülər

 

Gədəbəyin relfeyi elədir ki, burada rahat yol, yaxşı körpü olmadısa, vəziyyət çətinləşir. Xüsusilə payız-qış aylarında bu özünü daha qabarıq göstərir. Təbii ki, ən əsas yol rayonu qonşu Şəmkir, Gəncə və qərb bölgəsində yerləşən digər şəhər və rayonlara birləşdirən əsas magistral yoldur. Ölkə Prezidentinin Gədəbəy rayonuna ilk gəlişinə kimi həmin magistral yol olduqca pis vəziyyətdə idi. İndi Gəncədən Gədəbəyə 35-40 dəqiqəyə çatmaq mümkündürsə, o vaxtlar bu yolu heç 2-3 saata da qət etmək olmurdu. Çala-çuxurlu, palçıqlı-tozlu yollarda nəqliyyat vasitələri hərəkət edə bilmirdi, sıradan çıxırdı, adamlar əziyyət çəkirdilər. Ölkə Prezidentinin tapşırığına əsasən çox qısa vaxt ərzində uzunluğu 45 kilometrə çatan gözəl bir yol salındı. İndi hətta qışın, necə deyərlər, oğlan çağında belə heç bir təhlükə hiss etmədən füsunkar Gədəbəyə getmək olur. Rayon sakinləri ən rahat, müasir avtobuslarla, şəxsi nəqliyyat vasitələri ilə Bakı və digər şəhərlərə üz tuta bilirlər. Yeri gəlmişkən, ötən soyuq qış günlərinin birində yolumuz Gədəbəyə düşmüş       dü. Magistral yolun kənarlarına toplanan qarın hündürlüyü az qala bir metrə çatırdı. Amma asfaltın üstü tərtəmiz idi. Çox rahat, adi günlərdə olduğu kimi, qısa vaxt ərzində rayon mərkəzinə çatdıq...

Rayondakı 24 saylı yol-istismar idarəsinin rəisi Firudin İbrahimov deyir ki, cənab Prezidentimizin köməyi ilə Gədəbəydə hətta digər sosial obyektlər, zavodlar, obyektlər tikilməsəydi belə, tək bu yolun inşası kifayət idi.

Digər yollar da ölkə Prezidentinin qayğısı və köməyi sayəsində bərpa edilmiş və ya yenisi çəkilmişdir. Novosaratovka-Şınıx yolunun 17 kilometri, Novosaratovka-Novoivanovka yolunun 9 kilometri, Söyüdlü-Pirbulaq yolunun 4 kilometri əsaslı təmir olunmuşdur. Söyüdlü-Nərimankənd avtomobil yolunun böyük bir hissəsində də əsaslı təmir işləri aparılmış və asfalt örtüyü salınmışdır. Yolların salınmasında, təmir-bərpa işlərinin aparılmasında Azərbaycan kənd investisiya layihəsi çərçivəsində də xeyli iş görülmüşdür. Samanlıq, İsalı, Zamanlı, İnəkboğan, Əli-İsmayıllı, Arıqıran, Novoivanovka, Moruxlu və Söyüdlü kənd avtomobil yolları təmir edilmişdir. Bundan başqa, Düzyurd-Ləyə-Qarabulaq avtomobil yolunun 8 kilometrində, Gərgər-Şəkərbəy yolunun 5 kilometrində qum-çınqıl örtüklü yol salınmışdır. Söyüdlü-Soyuqbulaq yolunda uzunluğu 12 metr olan körpünün istifadəyə verilməsi adamları bir çox əziyyətdən xilas etmişdir.

Təbii ki, bu sahədə müəyyən problemlər qalmaqdadır. Lakin işlərin gedişi göstərir ki, tezliklə Gədəbəydə yol, körpü tikintisi və əsaslı təmiri işində mövcud olan çatışmazlıqlar tədricən aradan qaldırılacaqdır. Rayon rəhbərliyi müvafiq nazirlik, şirkət və baş idarələrlə əlaqə saxlayır, mövcud vəziyyət barədə onlara məlumat verir.

 

Odun sobaları yığışdırılır...

 

Ölkə Prezidentinin tapşırığına əsasən Gədəbəydə təbii qaz olmayan kənd qalmayacaq. Hətta ən ucqar sərhəd kəndləri belə qazlaşdırılacaqdır. Artıq 2007-ci ildən bu istiqamətdə ciddi işlərə başlanılmışdır. Heç vaxt təbii qaz üzü görməyən Novosaratovka və Düz Rəsullu kəndlərində bu "mavi" yanacaqdan istifadə etməyə başlayıblar. Dövlət Proqramı əsasında uzunluğu 32 kilometr olan Qaradağ-Novosaratovka, uzunluğu 17,3 kilometr olan Novosaratovka-Şınıx istiqamətində magistral qaz kəməri çəkilmişdir. Yəqin ki, beş il əvvəl şınıxlılar inanmazdılar ki, vaxt gələcək onlar da evlərində odun sobası əvəzinə qaz sobasından istifadə edəcəklər. Bu yaxınlarda Qaraməmmədli kəndi də təbii qazla təmin olunmuş və hazırda 345 mənzilə qaz sayğacı quraşdırılmışdır. Böyük Qaramurad, Alaxal və Şınıx kəndlərinin sakinləri də tezliklə sevinəcəklər. Yaxın günlərdə bu kəndlərə qaz çəkilişi ilə bağlı işlər başa çatdırılacaqdır. Bütün bunlardan əlavə Zəhmət kəndində qazpaylayıcı stansiya tikilib istifadəyə verilmiş və buradan Xar-Xar kəndinə təbii qaz verilmişdir. Hazırda bu kənddə 299 abonent təbii qaz alır.

Rayon qaz-istismar sahəsinin rəis əvəzi Məzahir Hüseynov söhbət zamanı qeyd etdi ki, əhali ölkə Prezidentinin gədəbəylilərə göstərdiyi bu qayğıdan hədsiz razılığını bildirir. Hazırda rayonda təbii qaz alan abonentlərin sayı 550 nəfəri keçmişdir. Amma hələ qarşıda çox işlər var. Abonentlərin sayı tezliklə 25 mini keçməlidir. Bunun üçün əlaqədar nazirlik və şirkətlərin köməyi ilə bütün qüvvələrimizi səfərbərliyə almışıq.

M.Hüseynov onu da əlavə etdi ki, hətta sovetlər birliyi dönəmində Gədəbəyin kəndlərinin qazlaşdırılması məsələsi heç gündəmdə belə yox idi.

Əhalinin elektrik enerjisi ilə təminatı işində böyük dəyişiklik var. Gədəbəy əhalisi hazırda fasiləsiz olaraq 24 saat ərzində elektrik enerjisi alır. Bu, əvvəllər mümkün deyildi. Hava xətlərinin əsaslı və cari təmir olunması, transformatorların yenilənməsi, nəzarətin gücləndirilməsi, işə məsuliyyət hissinin artırılması vəziyyəti nizama salmışdır.

Bununla yanaşı, qeyd etmək istəyirik ki, Gəbədəydə elektrik dayaqları və naqilləri ötən əsrin 60-cı illərində istismara verildiyindən tez-tez qəza vəziyyətləri yaranır və müəyyən fasilələr əmələ gəlir. Yeni xəttin çəkilişinin tezliklə başa çatdırılması yəqin ki, bu sahədə yaranan problemlərə son qoyacaqdır.

Rayon mərkəzində su və kanalizasiya sisteminin yenidən qurulması da artıq gündəmdədir və bu sistem dünya standartlarına cavab verəcəkdir.

 

Son beş ildə 28 yeni məktəb binası

 

Gədəbəydə 20-25 il əvvəl 86 məktəbdən yalnız 4-ü birtipli layihə əsasında tikilmiş məktəblər idi. Qalanları uyğunlaşdırılmış və qəza vəziyyətində olan binalarda yerləşirdi. Amma indi vəziyyət tamamilə dəyişib. Rayonun bir çox məktəbləri heç də iri şəhərlərin məktəblərindən seçilmir. Hətta elə məktəb binaları inşa olunub ki, xarici görünüşünə, maddi-texniki təchizatına görə istənilən şəhər məktəbi ilə müqayisə oluna bilər. Təkcə son yeddi ildə Gədəbəydə 28 yeni məktəb binası tikilib istifadəyə verilib. Xüsusilə ölkə Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 1-də rayona səfərindən sonra bir-birindən yaraşıqlı neçə-neçə məktəb binasının istifadəyə verilməsi uzun illərdən bəri bu sahədə yaranan geriliyə birdəfəlik son qoyub.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov bizə bir siyahı göstərdi. Bu, 2007-ci ildən başlayaraq indiyədək inşa olunan məktəb binalarının siyahısı idi. Slavyanka, Pirsultanlı, Xar-Xar, Dəyəqarabulaq, Arıqıran və digər kəndlərdə inşa olunub istifadəyə verilən bu binalar ölkə prezidentinin Gədəbəyə, təhsilimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu illərdə rayonda 40 məktəbin də əsaslı təmirini buraya əlavə etsək, görərik ki, tezliklə Gədəbəydə qəzalı, uyğunlaşdırılmış binada yerləşən məktəb binası qalmayacaq.

Yeni məktəblərin tikilib istifadəyə verilməsi, əsaslı təmir olunması təhsilin keyfiyyətinə əməlli-başlı təsir edib. Gədəbəydən ölkənin ali məktəblərinə daxil olanların sayı ilbəil artır. Hətta ölkənin ali hərbi məktəblərinə maraq artıb və keçən il bu məktəblərə bir neçə məzun daxil olub. Yeri gəlmişkən, qeyd edək ki, rayon təhsil şöbəsi bu sahədə artıq konkret işə başlayıb. Kəndlərdə, məktəblərdə valideyinlərin iştirakı ilə görüşlər təşkil edir, hərbi hissələrlə əlaqə saxlayır, hərbi-vətənpərvərlik mövzularında maraqlı tədbirlər keçirir, ideoloji-siyasi işləri gücləndirirlər. Ramiz müəllim deyir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü və köməyi sayəsində həyata keçirilən tədbirlər səmərə verir və biz əminik ki, tezliklə elə məktəb qalmayacaq ki, heç olmasa hər il bir məzunu ali hərbi məktəbə daxil olmasın. Şöbə müdiri onu da əlavə etdi ki, bu gün torpaqlarımız işğal altındadır. Gədəbəyin özü neçə-neçə şəhid verib, mənfur qonşularla 128 kilometr sərhəddə yerləşirik. Bütün bunlar bizi daim ayıq-sayıq olmağa, torpaqlarımızı geri qaytarmağa səfərbər etməlidir. İnanıram ki, indi ali hərbi məktəbdə təhsil alan hər bir gədəbəyli gələcəkdə Vətəninin əsil zabiti olacaq və istənilən an düşmənə cavab verəcəkdir.

Bir məsələni də qeyd edək ki, Gədəbəy məktəblərinin son illər inkişafı həm də yeni texnologiyaya, xüsusilə kompyuter texnologiyasına, onun şagirdlər tərəfindən öyrənilməsinə xüsusi diqqətlə yanaşılması ilə bağlıdır. Təkcə 2008-2011-ci illərdə rayon təhsil şöbəsi tərəfindən büdcə vəsaiti hesabına 335 kompyuter və 15 ədəd noutbuk alınmışdır. Hazırda məktəblərdə 500-ə yaxın kompyuter vardır. Halbuki 2003-cü ilə kimi rayon məktəblərində bir dənə də olsun kompyuter yox idi.

...Rayonda səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazası nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2005-2010-cu illər ərzində 10 çarpayılıq Z.Əliyeva adına Mərkəzi Rayon Xəstəxanası, Ağamalı və Novoivanovka kənd sahə xəstəxanaları tikilib istifadəyə verilmişdir. Adları çəkilən tibb müəssisələrindən başqa, hazırda rayonda 25 çarpayılıq uşaq xəstəxanası, 3 kənd sahə xəstəxanası, 19 həkim ambulatoriyası, 24 tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Bütövlükdə 2003-cü ildən indiyədək 4 xəstəxana, 1 diaqnostika mərkəzi, 3 həkim ambulatoriyası, mərkəzi rayon xəstəxanası üçün morq və mətbəx, 3 həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.

Ötən il mərkəzi rayon xəstəxanasında və iki kənd həkim məntəqəsində 40 min manatlığa yaxın əsaslı təmir işləri aparılmışdır.

Mədəniyyət müəssisələri sanki "ikinci həyatı" yaşayır. Son 7 ildə rayonda 17 mədəniyyət müəssisəsində təmir işləri aparılmış, o cümlədən, 9 mədəniyyət evi, 6 kitabxana, 1 klub, 1 muzey əsaslı təmir olunmuşdur. Təkcə ötən il rayonun mədəniyyət ocaqlarının əsaslı və cari təmirinə 118 min manatdan çox vəsait xərclənmişdir. İndiyədək xüsusi evlərdə fəaliyyət göstərən 55 kitabxana ictimai binalara köçürülmüşdür.

Rayon icra hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Ləzgi Zeynalov deyir ki, ölkə Prezidentinin qayğısı sayəsində indi Gədəbəydə ən mühüm respublika tədbirlərini keçirmək mümkündür və keçirilir. Məsələn, ötən ilin oktyabrında Birinci Beynəlxalq Aşıq Festivalı ən yüksək səviyyədə təşkil olundu və bir çox xarici ölkələrin qonaqları rayondan xoş təəssüratla ayrıldılar. Yaxın vaxtlarda respublikamızda ilk aşıq musiqi məktəbinin binası istifadəyə veriləcək. Bu da ölkə rəhbərinin Gədəbəyə səfərindən sonra ərsəyə gələn əvəzsiz bir hədiyyədir.

 

"XIX əsrdə Qafqazın inkişaf etmiş bölgəsi sayılan Gədəbəy bu gün də öndədir"

 

Yarımsərlövhəyə çaxırdığımız sözlər rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadənin iftixarla dediyi sözlərdir. Başçının dediyi sözlərdə böyük həqiqət var. Məhz XIX əsrin ikinci yarısında Gədəbəyin şöhrəti hər yerə yayılmışdı. 1855-1856-cı illərdə misəritmə zavodunun tikilməsi, Gədəbəydə mis filizinin çıxarılması, 1883-cü ildə ikinci zavod - Talakənd misəritmə zavodunun inşası, dəmiryolu xəttinin çəkilməsi böyük hadisə idi. Talakənddə misi elektrik üsulu ilə əritmək üçün Rusiyada ilk dəfə olaraq elektrik stansiyası tikilmişdi. Rusiyada istehsal olunan misin dörddə bir hissəsi Gədəbəyin payına düşürdü və burada istehsal olunan məhsul dünya bazarına çıxarılırdı. Gədəbəy o illərdə çox inkişaf etmişdi.

Gədəbəy bu gün inkişafının yeni mərhələsinə qədəm qoyub. Açılışında ölkə Prezidentinin də iştirak etdiyi Qızıl-mis emalı zavodu artıq iki il yarımdır ki, fəaliyyət göstərir. Təkcə keçən il Gədəbəy yatağından 65 min 797 unsiya, başqa sözlə, 2 ton 46 kiloqram qızıl hasil olunmuşdur ki, onun da dəyəri 81,5 milyon manatdır. Artıq Azərbaycan qızılı "Ayrım" brendi adı ilə dünya bazarına çıxarılır. Gümüş hasilatı da qaydaya salınmışdır.

Gədəbəydə çoxmərtəbəli yaşayış və inzibati binaların, digər sənaye müəssisələrinin sayı ilbəil artır. Kartof emalı və tədarükü zavodu, Mineral sular fabriki və digər istehsal xarakterli müəssisələr rayonda iqtisadiyyatın inkişafına böyük təsir edir.

Kənd təsərrüfatı sahəsində böyük artım var. Kartof istehsalı 200 min tonu keçib. Rayon heyvandarlıqda respublikada ön sıralarda gedir.

...Gədəbəy uğurlu yoldadır. Bu yolu 2003-cü ilin oktyabrından Azərbaycana rəhbərlik edən və bu müddətdə ucqar bir dağ rayonuna - Gədəbəyə iki dəfə səfər edən cənab Prezidentimiz açıb. Yolun işıqlı olsun, Gədəbəy!

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 6.