"Dövlətin
iqtisadi siyasəti: Dayanıqlı və
davamlı inkişafın təntənəsi"
Bu
yaxınlarda Azərbaycan Dövlət İqtisad Universitetinin
kafedra müdiri, əməkdar elm xadimi, Beynəlxalq Menecment
Akademiyasının üzvü, iqtisad elmləri doktoru,
professor Arif Şəkərəliyevin "Heydər Əliyev
siyasəti yaşayır və qalib gəlir. Dövlətin
iqtisadi siyasəti: Dayanıqlı və davamlı
inkişafın təntənəsi" monoqrafiyası
çapdan çıxmışdır. Monoqrafiyada göstərilir
ki, bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın
siyasi kursunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətcə
daha yüksək mərhələnin təməlini qoyub.
Keçid dövrünə xas olan problemlərin tamamilə
aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli
və çoxşaxəli tərəqqisinə,
xalqımızın rifah halının yüksəldilməsinə,
sosial tələbatların daha dolğun ödənilməsinə
münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və
iqtisadi qüdrətini daha da yüksəldib.
Müəllif
yazır ki, Azərbaycanın öz dövlət müstəqilliyini
bərpa etməsindən sonra uğurlu sosial-iqtisadi
inkişafın, eləcə də dövlətçilik
bazasının əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Xalqının sosial rifah
halının yüksəldilməsi ulu öndərin fəaliyyətinin
əsas məqsədlərindən birini təşkil
etmişdir. Ölkəmizin yeni tarixinə həlledici mərhələ
kimi daxil olmuş 1993-2003-cü illərdə Azərbaycan
ümummilli liderinin titanik əməyi sayəsində sürətli
və sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla
yanaşı, daxili əmin-amanlığa da qovuşmuş,
özünü beynəlxalq hüququn müstəqil subyekti
kimi təsdiqləməyi bacarmışdır. Məhz bütün
bunların məntiqi nəticəsi olaraq çoxmilyardlı
xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif
sahələrinə, o cümlədən neft-qaz sektoruna gəlişi
təmin edilmiş, sürətli tərəqqiyə xidmət
edən islahatlar başlanmış, dövlətçiliyin əsasları
tam şəkildə qurulmuşdur. Dövlət quruculuğu
prosesinin ayrılmaz tərkib hissələrindən biri kimi
çıxış edən güclü iqtisadiyyatın
yaradılması hesabına xalqın sosial rifahının
artırılması Heydər Əliyevin fəaliyyətində
hər zaman mühüm əhəmiyyət
daşımış, bu məsələnin praktiki həlli
sosialyönümlü iqtisadiyyatın
formalaşdırılmasında əsas strategiya xətlərindən
biri kimi müəyyən edilmişdir.
Qeyd
etmək lazımdır ki, professor Arif Şəkərəliyev
monoqrafiyada Azərbaycan iqtisadiyyatının dövlət tərəfindən
tənzimlənməsi, bazar iqtisadiyyatı şəraitində
iqtisadiyyat və siyasət, onların qarşılıqlı əlaqəsi,
dövlətin iqtisadi siyasəti və onun reallaşması
istiqamətləri, xarici ticarət siyasəti, gömrük
siyasəti, Azərbaycan dövlətinin neft strategiyası,
dövlətin iqtisadi siyasəti və digər məsələləri
məntiqi ardıcıllıqla tədqiq etmişdir. Həmçinin
diqqəti cəlb edən əsas məsələlərdən
biri monoqrafiyada dövlətin büdcə-vergi, pul-kredit siyasətinin
düzgün aparılmasının ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsində oynadığı rolun real faktlar və
təhlillər əsasında izah edilməsidir.
Müəllifin
ən böyük xidmətlərindən biri ölkədə
aparılan uğurlu siyasətin əhalinin maddi
rifahının yüksəlməsinə, ölkədə
ekoloji təhlükəsizliyin təmin edilməsinə,
davamlı və dayanıqlı inkişafa təsiri və onun
reallaşması istiqamətlərinin müəyyən edilməsindən
ibarətdir.
Kitabda
göstərilir ki, ulu öndər Heydər Əliyevin
inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirərək
zamanın tələblərinə uyğun şəkildə
böyük müvəffəqiyyətlə davam etdirən
möhtərəm Prezident İlham Əliyev tərəfindən
yürüdülən, praqmatizmə söykənən səmərəli
siyasət nəticəsində Azərbaycanın sosial-iqtisadi
tərəqqisi daha intensiv xarakter daşımağa
başlamış, bu baxımdan ölkə vətəndaşlarının
rifahı ildən-ilə nəzərəçarpacaq dərəcədə
yüksəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici
xüsusiyyətləri bu sahədə sürətli
inkişafa xidmət edən bütün istiqamətlər
üzrə fəaliyyətin paralel şəkildə həyata
keçirilməsi və əlaqələndirilmiş proqramlar
üzrə aparılmasıdır. Bu zaman ənənəvi
xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi
ilə mütərəqqi dünya təcrübəsindən
istifadə olunması, sosialyönümlülük prinsiplərinin,
iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə
alınması əsas şərtlər sırasında yer
alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu
siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin
qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək
ehtiyatlarından səmərəli istifadə edilməsinə,
əhalinin məşğulluğunun artırılmasına və
ölkədə yoxsulluğun səviyyəsinin
azaldılmasına xidmət edir.
Monoqrafiyada
göstərilir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin
qeyd etdiyi kimi, aparılan islahatlar və əldə edilən
iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının
maddi rifah halının yüksəldilməsinə yönəlmişdir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə
işsizlik probleminin həlli istiqamətində
qazanılmış nailiyyətlərin miqyası son illərdə
nəzərəçarpacaq dərəcədə genişlənmiş,
ümumi iqtisadi inkişaf bu məsələnin
çözümünə böyük töhfələr
vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın
uğurlu diversifikasiyası, enerji gəlirlərinin səmərəli
istifadə olunması, sahibkarlığın inkişafı
üçün yaradılan şərait qeyri-neft sektorunun
dirçəlməsinə, regionların inkişafına xidmət
edən dövlət proqramlarının uğurla reallaşdırılması
və bu qəbildən olan digər addımlar sayəsində
mümkün olmuşdur. Yoxsul əhalinin müvafiq iş yerlərinə
və istehsal vasitələrinə çıxış
imkanlarının yaxşılaşdırılması tədbirlərinin
həyata keçirilməsi, məşğulluğun
artırılmasına istiqamətlənmiş addımlar insanların
gəlir əldə etmək imkanlarının genişlənməsində
mühüm rol oynamışdır.
Azərbaycanın
dünya iqtisadiyyatına fəal inteqrasiya olduğu şəraitdə
milli iqtisadiyyatın davamlı və dayanıqlı
inkişafının təmin edilməsi məqsədilə
investisiya siyasəti və milli innovasiya sisteminin
yaradılması əsasında respublikada innovasiya və
iqtisadiyyatın inkişaf etdirilməsi mühüm əhəmiyyətə
malikdir. Qeyd etmək lazımdır ki, müasir dövrdə
davamlı və dayanıqlı sosial inkişafın problemlərini
həll etmədən nə iqtisadi inkişafı, nə də
onun təhlükəsizliyini təmin etmək
mümkündür. Belə ki, milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyi
qiymətləndirilərkən xüsusi sosial göstəricilərdən
də geniş istifadə olunması olduqca vacibdir.
Monoqrafiyada
milli iqtisadiyyatın uzunmüddətli iqtisadi təhlükəsizliyinin
təmin edilməsinin həlledici dərəcədə
ölkədə sənaye, elmi-texniki və innovasiya siyasətinin
xarakterindən birbaşa asılı olduğu geniş şərh
edilir. Bu prinsipial müddəanın dövlətin iqtisadi
siyasətində nəzərə alınmaması perspektivdə
ölkəmizin müstəqil və davamlı
inkişafını, xüsusən onun iqtisadi təhlükəsizliyini
şübhə altına ala bilər. Ona görə də Azərbaycanda
milli maraqların reallaşdırılması və davamlı
inkişafın təmin edilməsi innovasiya əsasında
iqtisadiyyatın yenidən qurulmasını tələb edir.
Dünyada baş verən qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması və "orta insan inkişafı ölkələri" qrupunu tərk edərək "yüksək insan inkişafı ölkələri" qrupuna daxil olması buna əyani sübutdur.
Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. Beynəlxalq müstəvidə uğurlu siyasət aparılmasını vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə gedən proseslərə təsiri artmaqda olan ölkədir: "Elə eləməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin".
Monoqrafiyada göstərilir ki, son dövrdə Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirmiş olduğu işlər diqqəti cəlb edir. Belə ki, respublikada qlobal informasiya mühitinin yaradılması cəmiyyətin və davamlı inkişafın ən başlıca amilidir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm dövlət tədbirləri uğurla həyata keçirilir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Milli Strategiya (2003-2012-ci illər)" hazırlanaraq 2003-cü ilin 17 fevralında təsdiq edilmişdir. Bu strategiyada İKT sahəsində elmin daha da geniş istifadə olunması, rəqabətədavamlı məhsullar və xidmətlər göstərən müəssisələrin təşkili, təhsil sistemi üzrə informasiya infrastrukturunun, internet və informasiya xidmətlərinin genişləndirilməsi, yerli və regional informasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, elektron imza, elektron biznes-kommersiya və elektron sənəd hazırlanması, icra olunması ən əsas prioritet hesab edilir. Artıq bu istiqamətlərdə respublikamızda uğurlu işlər həyata keçirilir.
Monoqrafiyada xüsusi vurğulanır ki, respublikamızda təhsilin, səhiyyənin, mədəniyyət və incəsənətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Belə ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin hamisi kimi Mehriban xanım bu sahədə böyük layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsindən, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehriban xanım Əliyeva olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyev bütün görülmüş işləri ətraflı təhlil edərək, uğurlarımızın səbəbini belə açıqlamışdır: "Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyasət, həm də möhkəm iradə vardır".
Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Arif Şəkərəliyevin "Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi" monoqrafiyasında bütün bu məsələlər geniş şərh edilmişdir. Heç şübhəsiz, bu monoqrafiya ictimai və humanitar elmlərin tədqiqatçılarının, ali məktəb müəllimlərinin, magistr və tələbələrin böyük marağına səbəb olacaqdır.
Məmmədhəsən MEYBULLAYEV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
kafedra müdiri, iqtisad elmləri
doktoru,
professor
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 5.