Azərbaycanın
uğurlu xarici siyasəti
ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından keçən
20 il ərzində ölkəmizin bu dövrdə
yaşadığı tarixə nəzər salsaq, çoxlu
sayda uğurların qazanılmasının şahidi
olarıq. İki onililkdə Azərbaycan Respublikasının əldə
etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki
nüfuzunu getdikcə yüksəltdi və dünyanın
qüdrətli dövlətləri cərgəsinə
qoşdu. Xarici siyasət sahəsində əldə olunan
uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını
daha da sürətləndirdi. Bu illər ərzində
dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə
sıx əməkdaşlıq yaratdıq, həmin qurumlara
üzv olduq, NATO kimi mötəbər və qüdrətli
qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına
qoşulduq, müxtəlif sahələrdə genişmiqyaslı
tarixi uğurlara imza atdıq. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı
beynəlxalq aləmdə söz sahibinə çevrildi. Budur
daha bir tarixi nailiyyət: Azərbaycan BMT Təhlükəsizlik
Şurasına Şərqi Avropadan qeyri-daimi üzv
seçildi.
Ulu
öndərin işləyib hazırladığı möhtəşəm
xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Ulu öndərin müdrik kəlamlarının
birində deyilir: "Respublikamızın qarşısında
duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini
dünya miqyasında müdafiə edə bilən
ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir.
Qarşıda böyük vəzifələr durur. Bizim xarici
siyasətimiz birinci növbədə Azərbaycanın
dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir.
Vəzifə dünyanın bütün dövlətləri
ilə bərabərhüquqlu
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməkdən, bu əlaqələrdən həm
Azərbaycan Respublikasının beynəlxalq mövqelərini
möhkəmlətmək üçün, həm də
respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli
istifadə etməkdən ibarətdir".
Artıq
Azərbaycan beynəlxalq aləmdə inkişaf etmiş
demokratik, davamlı ictimai-siyasi sabitliyə nail olan,
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
xüsusi rolu olan dövlət kimi tanınır.
Ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını əks etdirən daha bir faktın şahidi olduq. Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Birinci raundda Macarıstan az səs toplayaraq kənarda qaldı. Səsvermənin digər raundlarında Azərbaycan tədricən Sloveniyanı üstələdi və 9 raundun nəticəsinə görə Azərbaycan 113, Sloveniya isə 77 səs topladı. Göründüyü kimi, fərq o qədər də kiçik deyildi. Oktyabrın 24-də növbəti səsvermənin nəticəsinə görə Azərbaycan tarixində ilk dəfə quruma üzv seçilib. Növbəti seçkilərdə keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verdi. 24 ölkə bitərəf qaldı.
Azərbaycanın nüfuzunun getdikcə artması beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Dünyanın mötəbər mətbuat nümayəndələri ölkəmizin şansını yüksək qiymətləndirdilər. Nüfuzlu CNN telekanalı, "Frans Press" agentliyi və digər orqanlar Azərbaycanın qələbəsini yüksək dəyərləndirdilər. Bütün bunlar dövlət başçımızın yeritdiyi uğurlu diplomatik fəaliyyətin parlaq nəticəsidir. Xarici siyasətimizin ən əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünə nail olmaqdır. Hadisələrin gedişi göstərir ki, artıq bu məqsədlərə də nail olmaq istiqamətində atılan qətiyyətli addımlar öz təsirini göstərməkdədir.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin istənilən istiqamətdə müvəffəqiyyətlə nəticələnməsinin bir sıra səbəbləri var. Təbii ki, bu səbəblər sırasında ilk yerdə müəyyən edilmiş siyasi kursun elmi şəkildə əsaslandırılması, yerli, regional və beynəlxalq reallıqların nəzərə alınması, dünyada gedən ictimai-siyasi proseslərin dərindən öyrənilməsidir. Müdrik şəxsiyyət Heydər Əliyev bu amilləri böyük ustalıqla, peşəkarcasına nəzərə almışdı. Ölkəmizin qazandığı diplomatik uğurların digər xüsusiyyətlərindən biri də Azərbaycanın bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olmasıdır.
Bu gün bir çox ölkələr zəngin təbii sərvətə malikdir və həmin ölkələrin yerləşdikləri geosiyasi məkan heç də Azərbaycanın geosiyasi əhəmiyyətindən az deyildir. Ancaq bu ölkələr beynəlxalq aləmdə Azərbaycan qədər nüfuz, söz sahibi səviyyəsində deyillər. Bunun əsas səbəbi ondadır ki, ölkəmizin həm təbii sərvətlərdən, həm də dövlətçilik təcrübəsindən layiqincə bəhrələnə bilən lideri var. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Bunu ölkəmizdə bu günlərdə rəsmi səfərlərdə olmuş Fransa və Avstriya prezidentlərinin, həmçinin mötəbər qurumların nümayəndələrinin Bakıda keçirdiyi görüşlər və mətbuat konfranslarında səsləndirdikləri fikirlər də təsdiqləyir.
Azərbaycanın xarici siyasət kursu regiondakı digər ölkələr üçün nümunədir. Hazırda ölkəmiz regionda lider dövlətə çevrilib. Ölkəmizin son 16-17 il ərzində daxili və xarici siyasət sahəsində nail olduğu uğurlar düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Bu illər ərzində Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və diqqət yetirilən ölkəyə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu onun məqsəd və vəzifələri daha da təkmilləşdirilmişdir. Hazırda Azərbaycanın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır və bu əlaqələr getdikcə möhkəmlənir. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, yüksək səviyyəli qarşılıqlı rəsmi dövlət səfərləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycanın müstəqilliyinin bərpa olunmasından keçən müddət ərzində ölkəmizin xarici siyasət strategiyası sahəsində əldə etdiyi uğurlar göz önündədir. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun inşasına başlanılması, digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxarmışdır. Dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Bununla yanaşı, ayrı-ayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə güclü təkan verdi.
Azərbaycanın dövlət başçısı xarici siyasətdə regional əməkdaşlığı sülhün və sabitliyin qorunub saxlanılması üçün əsas vəzifələrdən biri hesab edir. Ermənistan istisna olmaqla, Azərbaycan bütün yaxın qonşuları ilə qarşılıqlı-faydalı münasibətlər qurmuşdur. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəni regionda həyata keçirilən bütün iri layihələrə qoşulmaqdan kənarlaşdırıb. Dövlət başçımızın məqsədyönlü diplomatik fəaliyyəti Ermənistanı bütün dünyada işğalçı dövlət kimi tanıdıb. Möhtərəm Prezidentimiz rəsmi səfərləri zamanı keçirdiyi görüşlərdə, həmçinin nüfuzlu beynəlxalq qurumların tədbirlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin acınacaqlı nəticələri, torpaqlarımızın 20 faizinin hələ də işğal altında saxlanılması, bir milyondan artıq soydaşımızın öz doğma yurdundan didərgin salınması və insanların vəhşicəsinə qətlə yetirilməsi barədə təkzibolunmaz faktlar əsasında məlumat verir.
Dünyanın demək olar ki, bütün beynəlxalq qurumları, həmçinin qüdrətli dövlətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirlər. Hətta münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərin başçıları da Prezident İlham Əliyevin mövqeyinə tərəfdar olduqlarını gizlətmirlər. Dövlətimizin başçısı münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərini yeganə variant hesab edir. Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib: "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır".
Azərbaycanın uğurlu diplomatik fəaliyyəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində ölkəmizin lehinə 155 dövlətin səs verməsi bunun parlaq sübutudur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 1.