"Mən Azərbaycanın
xoşbəxt gələcəyinə inanıram"
31 oktyabr 2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin
andiçmə mərasimi olmuşdur
Mən
Azərbaycanın xoşbəxt gələcəyinə
inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da
inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda
demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm,
söz azadlığı təmin olunacaqdır. Ölkəmiz
müasir dövlətə çevriləcəkdir.
Bütün bunları etmək üçün Azərbaycanda
çox işlər görmək lazımdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Səkkiz il əvvəl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində
səsləndirdiyi fikirlər bu gün ölkəmizin bütün
sahələrində özünü
göstərir. İndi dünyanın
tanınmış ictimai-siyasi xadimləri,
ekspertləri və görkəmli xadimləri də etiraf edirlər ki, 2003-cü ildə Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin
əsası qoyuldu. Ötən səkkiz il ərzində Azərbaycanın iqtisadi, siyasi və mədəni
sahələrində əsaslı dönüş
yaradılmış və ölkəmiz dünyanın inkişaf etmiş qüdrətli
dövlətləri sırasına qoşulmaqdadır. İndi regionda Azərbaycanın
iştirakı olmadan hər hansı iri infrastruktur layihəsinin
reallaşdırılması qeyri-mümkündür.
Bu, ölkəmizin nüfuzunun,
iqtisadi gücünün
və qüdrətinin yüksək səviyyədə
olmasından xəbər verir.
2003-cü
ildə prezident seçkilərinin keçirildiyi
dövrün özünəməxsus reallıqları
mövcud idi. Ölkədə demokratik şəraitin
inkişafı, azad, ədalətli, şəffaf seçkilərin
keçirilməsi üçün hər cür şərait
yaradıldığından mübarizənin gərgin
keçəcəyi bəlli idi. Siyasi mənsubiyyətindən
asılı olmayaraq, hər bir namizəd seçiciləri ilə
heç bir maneə, süni əngəl olmadan
görüşür, platformasını
açıqlayırdı. Bu da Azərbaycanda hüquqi, sivil,
dünyəvi, demokratik dövlətin bərqərar
olmasından irəli gəlirdi. Ölkəmizin siyasi, iqtisadi,
mədəni həyatında baş verən yeniliklər irəliləyişin
sonrakı uğurlu davamiyyəti üçün xalqın məhəbbətinin
kiminlə olması ilə şərtlənirdi.
Seçki
ərəfəsində Azərbaycanda nə iqtidarda, nə də
müxalifətdə olanlar, həmçinin prezident
seçkisini böyük maraqla izləyən beynəlxalq
qurumların nümayəndələri şübhə etmirdilər
ki, prezidentliyə namizədlər arasında İlham Əliyev
milli müstəqilliyin gələcəyi, habelə dövlətçiliyimizin
inkişafı, Azərbaycanın beynəlxalq aləmdə
böyük nüfuz qazanması üçün böyük
işlər görə bilər. Xalq çox yaxşı dərk
edirdi ki, prezidentliyə namizəd İlham Əliyev
böyük siyasi xadim, Heydər Əliyev siyasi məktəbinin
yetirməsidir. Bu bir həqiqətdir ki, İlham Əliyevin
gücünün miqyası böyükdür, bu güc
hakimiyyət və xalq arasında həmrəyliyin ifadəsidir.
Prezidentliyə
ən şanslı namizəd İlham Əliyevin biliyinin,
siyasi uzaqgörənliyinin, təcrübəsinin müəyyən
hissəsi gendən gəlib. Axı, o, Heydər Əliyev kimi
dünya şöhrətli dövlət xadiminin siyasi məktəbində
yetişmişdir. Onun təcrübəsinin qalan hissəsi isə
fərdi planda qazandığı biliyin, bacarığın nəticəsi
idi. Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın
1-də xalqa müraciətində də bunu xüsusi
vurğulayaraq demişdir: "İlham Əliyev yüksək
intellektli, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyətdir...
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm".
2003-cü
il oktyabrın 15-də seçicilərin mütləq əksəriyyəti
qəti mövqeyini ortaya qoyarkən ilk növbədə
dayanıqlı və təhlükəsiz gələcək,
firavan həyat, güclü, qüdrətli, demokratik Azərbaycanda
yaşamaq arzusunu, istəyini bildirdi. Bütün bunlar ulu
öndər Heydər Əliyev siyasi kursuna olan inamdan, etibardan
irəli gəlirdi.
Azərbaycan
Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 31-də
andiçmə mərasimində bu məsələni
xüsusi vurğulayaraq dedi: "Oktyabrın 15-də Azərbaycan
xalqı seçki məntəqələrinə gələrək
Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə,
əmin-amanlığa, tərəqqiyə, inkişafa,
quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda
alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana
böyük uğurlar gətiribdir. Bütün sahələrdə
Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq
aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır.
Azərbaycan beynəlxalq aləmdə özünə layiq
yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır.
İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət
edirlər. Regionda bütün beynəlxalq miqyaslı layihələr
Azərbaycanın iştirakı ilə, onun milli
maraqlarının nəzərə alınması ilə həyata
keçirilir".
Heydər
Əliyev siyasi məktəbinin öncül prinsiplərinə
yaradıcılıqla yanaşan möhtərəm Prezidentimiz
İlham Əliyev 2003-cü il oktyabrın 31-də Prezident kimi
təntənəli and içəndən dərhal sonra Azərbaycanı
ümummilli liderin yolu ilə irəli aparacağını
bildirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev imzaladığı ilk fərman və
sərəncamlarla sübut etdi ki, bu istiqamətdə
aydın, geniş və ölçülüb-biçilmiş
fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk
növbədə əhalinin sosial durumu diqqət mərkəzində
saxlanılmış, minimum əmək haqqı və
pensiyalar artırılmış, ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin
möhkəmləndirilməsi. əlaqələrinin daha da
genişləndirilməsi istiqamətində qətiyyətli
addımlar atmışdır.
2003-cü
ildən başlayaraq, Azərbaycanın sosial-iqtisadi
inkişafında keyfiyyətcə yeni mərhələnin əsası
qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və
inkişaf perspektivləri müəyyən edildi. Ölkədə
sosial-iqtisadi inkişafın davamlı dinamikasını təmin
etmək üçün qeyri-neft sektorunun sürətlə
inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq
standartlara uyğun yenidən qurulması əsas vəzifə
kimi qarşıya qoyuldu. Ölkədə əlverişli
investisiya mühiti və yeni iş yerləri yaratmaq
üçün digər sahələrlə yanaşı,
azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin
etmək, sahibkarlıq strukturlarının dövlət
köməyi vasitəsilə daha da təkmilləşdirilməsi
prioritet vəzifələrdən idi. Çünki özəl
sektorun inkişafı ilə ölkə iqtisadiyyatını
daha da möhkəmləndirmək mümkün idi. Azərbaycan
Prezidenti andiçmə mərasimində bu məsələni
də diqqətə çatdıraraq demişdir: "Azərbaycanda
özəl sektor uğurla inkişaf edir. Çox sevindirici
haldır ki, ümumi daxili məhsulun formalaşmasında
özəl sektorun payı 70 faiz təşkil edir.
Sahibkarlıq sinfi yaranır. Genişmiqyaslı özəlləşdirmə
proqramı həyata keçirilir. Torpaq islahatı
aparılıbdır və torpaq artıq kəndlilərin
özəl mülkiyyətinə verilibdir. Bunun nəticəsində
kənd təsərrüfatı istehsalı artır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda Heydər
Əliyevin rəhbərliyi altında aparılan iqtisadi
islahatlar öz gözəl nəticələrini verməkdədir".
Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı "Dövlət
Proqramı"nı (2004-2008-ci illər) təsdiq etməklə
regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və
iqtisadi potensialdan səmərəli istifadə etmək,
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək
və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin
məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini
azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri
yaratmaq istiqamətində sistemli tədbirlərin həyata
keçirilməsi üçün hüquqi baza yaratdı.
Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin
həyata keçirilməsi özünü bütün sahələrdə
göstərdi. Regionlarda dünya standartlarına cavab verən
istehsal və sənaye müəssisələri
yaradıldı. İş axtarmaq üçün xarici
ölkələrə gedən soydaşlarımız Vətənə
qayıtdılar. Son 8 ildə ölkədə 950 mindən
çox yeni iş yerinin yaradılması Prezidentin andiçmə
mərasimində verdiyi vədə yüksək səviyyədə
əməl etməsindən xəbər verir.
"Bakı
şəhərinin qəsəbələrinin 2006-2007-ci illər
üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Dövlət Proqramı"nın "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
həyata keçirilməsi ilə Azərbaycanın
bütün regionlarında əsaslı dönüş
yaradılmış, insanların yaşayış tərzləri
daha da yaxşılaşdırılmış, yollar əsaslı
təmir olunmuş, yeni parklar salınmış, abadlıq və
yenidənqurma işləri geniş vüsət
almışdır. Dövlət proqramlarının uğurlu
icrası ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi, tarazlı
regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasına böyük təkan
vermişdir.
Prezident
İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və
Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin
inşasının uğurla davam etdirilməsinə nail oldu.
Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ətrafında
müzakirələr başlandı. Möhtərəm
Prezidentimizin iqtisadiyyatın daha da inkişaf etdirilməsi
istiqamətində yeritdiyi siyasət Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin
həyata vəsiqə alması ilə reallaşdı. Bu iri
infrastruktur layihələrin gerçəkləşdirilməsindən
sonra Azərbaycan dünya miqyasında həmin sahədə
böyük təcrübəsi olan dövlət kimi
tanındı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa,
İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya,
Norveç, Almaniya, Çin və digər inkişaf etmiş
dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində
mühüm iqtisadi layihələrdə iştirak edirlər.
Belə layihələrin reallaşdırılması ölkəmizin
beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək
verir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam
etdirilir. İri layihələrin
reallaşdırılmasında böyük təcrübə
qazanmış Azərbaycan bu layihənin də həyata vəsiqə
alması istiqamətində işləri sürətləndirib.
Azərbaycan
Prezidentinin daxili və xarici siyasət sahəsində həyata
keçirdiyi tədbirlər inkişaf etmiş xarici dövlətlərin
və mötəbər beynəlxalq təşkilatların da
diqqətindən yayınmadı. Ona görə də Azərbaycanla
faydalı əməkdaşlıq qurmaq istəyən dövlətlərin
sayı getdikcə artdı. Aparıcı dövlətlərin
Azərbaycan Prezidenti İlham Əliyevin həyata
keçirdiyi siyasəti dəstəkləmələri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesində də özünü büruzə verdi.
Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin
düzgün müəyyənləşdirilmiş xarici siyasəti
Ermənistanı dünyada işğalçı dövlət
kimi tanıtdı. Azərbaycan isə beynəlxalq hüquq
norma və prinsiplərinə böyük hörmətlə
yanaşan, sülh tərəfdarı olan dövlət kimi
tanınır.
Bu
gün Azərbaycanın dünya birliyində nüfuzunun
artması, yüksək tribunalar qazanması da dövlət
başçımızın verdiyi vədlərə
sadiqliyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi altında ölkəmizin müstəqil siyasət
aparması və bu siyasətin xalqımızın
maraqlarına xidmət etməsi daha bir parlaq qələbəyə
imza atdı. Məlum olduğu kimi, BMT Baş Məclisinin bu il
oktyabrın 24-də keçirilmiş plenar iclasında Azərbaycan
2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini
bu təşkilatın Təhlükəsizlik Şurasında təmsil
edəcək yeni qeyri-daimi üzv seçilmişdir. Bu,
ölkəmizin 20 illik müstəqillik tarixində
qazandığı ən parlaq qələbələrdəndir.
Bu
gün Azərbaycan dünya siyasətini müəyyən edən
ölkələrdən birinə çevrilib. Ölkəmizin
daxili və xarici siyasət sahəsində qazandığı
uğurlar bir daha təsdiqləyir ki, dövlətimizin
başçısı İlham Əliyev andına sadiq
Prezidentdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 3.