Mərvan SUDAH: Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsinə biz İordaniyada
çox sevindik
Dünən
elektron poçtumdakı bir mesaj dərhal diqqətimi çəkdi.
1970-ci illərin axırlarında Moskva Dövlət
Universitetində oxuduğum illərdə tanış
olduğum, İordaniyadan olan jurnalist Mərvan Sudah Azərbaycanın
BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi
ilə əlaqədar xalqımıza təbrik məktubu
ünvanlamışdı. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi ilə
bağlı jurnalist dostum yazır ki, Azərbaycanın siyasi,
iqtisadi sahədəki uğurları barədə məlumatlı
idi, lakin diplomatik cəbhədəki son qələbəsi onu
xüsusilə sevindirib.
İordaniyalı
həmkarım paytaxt Əmmanda 110 min tirajla nəşr olunan
"Əl-Rai" ("Rəy") qəzetinin siyasi
icmalçısıdır, ölkəsində çox
nüfuzlu qələm sahiblərindəndir. Sevindirici
haldır ki, M.Sudah son illər İordaniya mətbuatında Azərbaycanı
böyük məhəbbətlə təbliğ edir. O,
müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni
sahələrdəki heyrətamiz uğurları barədə
bir-birindən maraqlı yazılarla çıxış edir,
ərəb oxucularına Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini
açıb göstərməyə çalışır.
M.Sudahla
telefon bağlantısı yaradaraq bu əlamətdar hadisə
ilə bağlı ondan eksklüziv müsahibə
almağı qərara aldım. Düşünürəm ki,
tanınmış ərəb jurnalistinin fikirləri
oxucularımız üçün də maraqlı olacaq.
-
Hörmətli Mərvan, bir siyasi icmalçı olaraq Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini
necə dəyərləndirirsiniz?
- Bu, çox böyük qələbədir. BMT Təhlükəsizlik Şurası çox mötəbər bir qurumdur, beynəlxalq sülhün qorunması sahəsində böyük söz sahibidir. Belə bir qurumda Azərbaycanın təmsil olunması sizin ölkəniz üçün nə qədər əhəmiyyətlidirsə, dost ölkələr, o cümlədən İordaniya üçün də çox vacibdir. Belə ki, Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmalara yol verməmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə sahibdir. İnanıram ki, Azərbaycan diplomatları bu istiqamətlərdə uğurla çalışa biləcəklər.
- Siz bu yaxınlarda Bakıda 10-11oktyabr tarixində keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmisiniz. Bu tədbir yaddaşınızda necə qalıb?
- Bakı forumu barədə çox unudulmaz, zəngin təssüratlarım var. Forumda Azərbaycan xalqının sivil, mədəni, azadlıqsevər ruhunu duydum. Bakıya gəlməyimdən çox məmnun olmuşdum. Fikrimcə, forum qarşısına qoyduğu əsas vəzifələrə nail oldu. Bildiyiniz kimi, forum çox mühüm bir problemə - dünyada humanitar əlaqələrin genişləndirilməsi məsələsinə həsr olunmuşdu. Hər kəsə bəllidir ki, çağdaş dünyamızda humanitar əməkdaşlığın çox güclü sabitləşdirici rolu var. Belə ki, humanitar sahədə faydalı əməkdaşlıq dayanıqlı inkişafa təkan verir, ölkələr arasında münasibətlərə müsbət təsir göstərir, dünyada təhlükəsizlik üçün təminat yaradır.
Bu gün sürətlə qloballaşan dünyada heç bir toplum özünü xarici aləmdən təcrid edə bilməz. Buna ehtiyac da yoxdur. Təcrid eqoizmə, nifrətə, radikalizmə sövq edir. Dialoq isə sülhə, ədalətə, tolerantlığa yol açır. İnsani ünsiyyət xalqları, mədəniyyətləri birləşdirməklə bərabər, inkişafa maneə törədən amillərin də aradan qaldırılmasına kömək edir. Bir sözlə, beynəlxalq əməkdaşlığın, bəşəri humanizmin alternativi yoxdur.
Bütün bu məsələlər Bakı forumunda həm fəlsəfi aspektdə, həm də praktik müstəvidə geniş şəkildə araşdırıldı. Ümidvaram ki, forumda səslənən dəyərli fikirlər, mülahizələr çağdaş dünyamızda dialoq ideyasına yeni stimul verəcək. Hər bir bəşər övladı planetin, bəşəriyyətin ümumi gələcəyi üçün məsuliyyət daşıdığını dərk etməlidir.
Dünyamız bu gün narahatdır, görün nə qədər gərginlik ocaqları var, lokal müharibələr səngimir, vətəndaş qarşıdurmaları güclənir. Minlərlə insan hər il dini, etnik münaqişələrin qurbanı olur. Bəşəri, humanist dəyərlər milli, dini, etnik toleratlığa yol aça bilər. Bunu Azərbaycan öz multukulturalizmi ilə, tarixin sınaqlarından çıxan tolerantlıq nümunələri ilə sübut edib. Bu mötəbər forum məhz buna görə Azərbaycanda keçirildi. Dünyanın elmi, siyasi, dini elitası bu səbəbdən Bakıya gəlmişdi.
- Bu gün müstəqil Azərbaycan İordaniyadan, bütün ərəb dünyasından necə görünür?
- Bilirəm ki, Azərbaycan xalqı bu günlərdə öz milli istiqlalının 20 illiyini qeyd etdi. Bu gün ölkəniz həqiqətən çox sürətlə inkişaf edir, biz jurnalistlər adətən belə hallarda yazırıq ki, Azərbaycan tarix yazır. Bunu təkcə rəqəmlər sübut etmir. Mən Azərbaycanda bunun şahidi olmuşam. İordaniya ilə Azərbaycan dost ölkələrdir. İordaniya və Azərbaycan xalqlarını qədim tarixi ənənələr bağlayır. Bizim çox hörmətli dövlət başçılarımız arasında da möhkəm dostluq münasibətləri yaranıb. Bu, çox yaxşı haldır. İnanıram ki, əlaqələrimiz bundan sonra daha da güclənəcək.
Sizin bir yaxşı zərb-məsəliniz
var. Deyirsiniz ki, yüz dəfə eşitməkdənsə, bir
dəfə görmək
yaxşıdır. Mən Əmmanda
Bakının iqtisadi,
mədəni tərəqqisi
barədə nə qədər yazsam da, onun zahiri
simasını təsəvvür
edə bilməzdim.
Bakını öz gözlərimlə
görüb onun gözəlliyinə heyran
qaldım, şən,
mehriban, istiqanlı sakinlərinə valeh oldum. Burada hər şey
yüksək inkişafdan,
sivil dəyərlərdən
xəbər verir.
Bakıda olarkən tədbir başlamazdan bir gün qabaq tələbə yoldaşım
tanınmış publisist
Bahadur İmanquliyevlə
Qubaya getmişdim. Azərbaycanın
şimalına elə
bir yol çəkilib
ki, adam
sadəcə olaraq buna heyran qalır.
Belə yüksək infrastrukturu hər dövlətdə yarada bilmirlər. Azərbaycan şimalındakı kəndlərdə
yaşayan əhalinin də rifahı yaxşı idi. Yəqin ki, başqa bölgələrinizdə
də belədir. Bütün bunlara görə çox sevinirəm.
- Marvan, bir jurnalist
olaraq peşə marağı sizə belə bir sual
verməyə sövq
edir. Sizin "ərəb baharı" deyilən hadisələrə
münasibətinizi bilmək
istərdim.
- Çox yerində olan sualdır. Öz xalqını qəlbən sevən, tarixini yaxşı bilən bir ziyalı kimi deyirəm ki, heç bir "ərəb baharı" deyilən şey olmayıb. Tunisdə, Misirdə, son günlər
Liviyada baş verənlər böyük
güc sahibləri olan dövlətlərin dirijorluğu ilə baş verib və ərəb xalqına yalnız məhrumiyyətlər vəd
edir. Liviyaya dinc adamların başına bomba yağdırmaq üçün
Fransa Prezidenti Nikola Sarkozi hərbi təyyarələr göndərmişdi.
Lakin 60 ildən çox davam edən Fələstin probleminin həlli üçün nə həmin N. Sarkozi, nə başqa Qərb liderləri heç bir əhəmiyyətli addım
belə atmır. Bu, düşündürücü və danılmaz faktdır.
Ərəb dünyasının ağıllı,
düşünən başları
dərk edirlər ki, həqiqi demokratiyanın yalnız bir yolu var. Bu yol sabit inkişaf,
təkamül yoludur. Yalnız hər cür eyforiyadan uzaq, həqiqi təkamül, mənəvi
intibah xalqlara dayanıqlı əmin-amanlıq,
rifah gətirə bilər. Demokratik islahatlar iqtisadi islahatlarla qoşa getməlidir. Belə bir siyasətin bəhrəsi Azərbaycanda
özünü açıq-aşkar
göstərib. Rəsmi
Bakı demokratik islahatları dayanıqlı
iqtisadi inkişaf üzərində qurur. Sizin ölkənizin tərəqqidən, sabitlikdən
qaynaqlanan, ondan boy göstərən uğurlarına
sevinirəm. Azərbaycanın
demokratik inkişaf yolu bir çox
ölkələr üçün
örnək ola bilər.
Söhbəti yazdı: M.HACIXANLI
Xalq qəzeti.- 2011.- 30 oktyabr.- S. 4.