Türkiyənin milli qurtuluş savaşının şanlı avqust səhifəsi

 

Türkiyə - Azərbaycan qardaşlığı barədə yüzlərlə məqalə, onlarla kitab yazılıb. Bunun səbəbi həm də odur ki, eyni etnik kökə, eyni dilə, eyni dinə malik olan hər iki xalqın tarix boyu sevinci də, kədəri də bir olub, həlledici məqamlarda biri-birinə qanıyla, canıyla qardaşlıq dəstəyi verməkdən çəkinməyiblər. Azərbaycan ilə Türkiyənin tarixində baş verən həmin hadisələr qardaşlığın, dostluğun, birliyin, sədaqətin ən gözəl nümunəl əridir. 1915-ci ildə Çanaqqala döyüşü, 1918-ci ildə Bakının düşməndən azad olunması da həmin nümunələrdən biridir. 1919-cu ildə başlayan Türk qurtuluş savaşının 1922-ci il avqust ayının sonunda böyük zəfərlə sona çatmasının səbəbi türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi ilə yanaşı, həm də ümumtürk həmrəyliyindən doğan gücdür.

 

Avqust zəfərinə aparan yol o qədər də hamar olmayıb. 1918-ci ildə I Dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı imperiyası həmin il oktyabrın 30-da Mondoros atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldı. İngilislər, fransızlar, italyanlar və yunanlar Anadoluya qoşun yeridərək, dünya türklərinin Qərbdəki qalası hesab olunan bu torpaqları öz aralarında parçalamaq niyyətindəydilər. Uzun illər davam edən müharibədən yorğun düşmüş Osmanlı türkləri düşmənə müqavimət göstərirdi, lakin bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı. Məhz belə bir ağır məqamda Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək, xalqı həmrəyliyə səslədi, milli qurtuluş savaşının başlandığını elan etdi.

Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər döyüş silah-sursatının alınmasına, maşınların yanacaqla təmin olunmasına və digər maddi-texniki təminatın reallaşmasına kifayət etmirdi. Türkiyə xalqının kədərini öz kədəri, sevincini öz sevinci bilən Azərbaycan xalqı ölkədə milli mübarizənin başlamasıyla birlikdə maddi-mənəvi dəstəklərini onlardan əsirgəmədilər. Bu barədə daha sonra qeydlərimizi oxuyacaqsınız. Öncə 1922-ci ilin avqust ayında baş verən hadisələr barədə.

Türkiyənin milli qurtuluş savaşının dönüş nöqtəsi - 30 Avqust zəfəri

Türkiyənin və qəhrəman Türk Ordusunun tarixində 30 Avqust zəfəri milli qurtuluş savaşının dönüş nöqtəsi hesab olunur. 1919-cu ildə böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz 1922-ci ilin avqust ayında özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bütün dünyanı heyrətə salmışdı.

Milli qurtuluş savaşının qələbə ilə nəticələnməsində "Türk Ordusunun böyük hərbi hücumu" adı ilə tarixə düşmüş hərbi əməliyyatın böyük rolu olmuşdur. Bu əməliyyatdan əvvəl bütün hücum planları dəqiqliklə və məxfiliklə hazırlanırdı. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər hesabına döyüş üçün silah-sursat alınmışdı. Ölkənin hər tərəfindən əli silah tutan yeniyetmə və gənclər, hətta qocalar da düşməni Vətəndən qovmaq üçün ordu sıralarına qoşulmağa can atırdılar. Xalq işğala məruz qalmış torpaqları azad etmək məqsədilə öz lideri ətrafında sıx birləşdi.

1922-ci il yay aylarında azadlıq mücadiləsinin banisi Mustafa Kamal Paşa cəbhədəki vəziyyəti yerində öyrənmək və ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsinə şəxsən nəzarət etmək üçün qərb cəbhəsinə yollanmaq istəyirdi. Ancaq Yunanıstan və maraqlı digər dövlətlər onun hər bir addımını diqqətlə, qorxu içərisində izləyirdilər. Onların Mustafa Kamal Paşanın qərb cəbhəsinə gəlməsindən xəbər tutmaları, böyük öndər tərəfindən hazırlanan hərbi əməliyyat planının uğurla həyata keçirilməsinə maneçilik törədə bilərdi. Ona görə də səfərin sirr olaraq saxlanılması mühüm əhəmiyyətə malik idi.

Ankara bu məqsədlə guya, Mustafa Kamal Paşanın 1922-ci il iyulun 24-də Konyaya gələrək ingilis generalı Tovnşedlə g örüşəcəyi barədə xəbərlər yaydı. Atatürk iyulun 23-də qərb cəbhəsi qərargahında İsmət Paşadan cəbhədəki vəziyyət haqqında məlumat aldı. İyulun 28-də isə o, Ağşəhərdə Fevzi Çakmak və İsmət İnönü ilə keçirdiyi məxfi toplantıda özünün hazırladığı hərbi əməliyyat planını müzakirəyə çıxardı. Bu əhəmiyyətli toplantının daha geniş bir diskussiya və müşavirə mahiyyəti qazanması məqsədilə bəzi hərbi korpusların komandirləri də Ağşəhərə çağrılmışdılar. Belə gərgin günlərdə komandirlərin müşavirə keçirmələri şübhə yarada bilərdi. Buna görə də iyulun 28-də zabitlər arasında futbol yarışı təşkil olundu. Hərbi korpuslara mənsub zabitlərlə keçirilən bu yarışı korpus komandirləri də "seyr etdilər". Türkiyə mətbuatı da Ağşəhərdə keçirilən futbol matçına geniş yer verdi. Hətta Mustafa Kamal Paşanın, İsmət Paşanın sahə qərargah rəisi Asim bəyin yarışı izləməsinin zabitlərdə böyük ruh yüksəkliyi yaratdığı barədə məlumatlar da qəzetlərdə dərc olundu. Bununla da gizli keçirilən fövqəladə müşavirədən heç kəsin xəbəri olmadı.

Türk Ordusu hücuma tam hazır vəziyyətə gətirilmişdi. Ancaq bəzi dövlətlər "sülh"dən dəm vurduqlarına görə, Yunanıstanla sülh danışıqları aparılmadan hərbi əməliyyatlara başlanılması həmin dövrdə beynəlxalq ictimaiyyət tərəfindən "düzgün" başa düşülməzdi. Buna görə də Türkiyə diplomatları qonşu ölkənin diplomatları ilə növbəti danışıqlara başladılar. Türk tərəfi, öz ordusunu qeyri-şərtsiz Anadoludan çıxarmağı Yunanıstandan bir daha tələb etdi. Ancaq yunanlar bu tələbi ciddi-cəhdlə rədd etdilər və həmin ərazilərin onlara aid olduğunu dəfələrlə vurğuladılar. Beynəlxalq ictimaiyyətin "gözləri" qarşısında aparılan sülh danışıqları bir daha nəticə vermədi.

Mustafa Kamal Paşa aparılan danışıqlar barədə ətraflı məlumat aldıqdan sonra - 1922-ci il avqustun 18-də gecə Ankaradan qərb cəbhəsinə getdi. Bunu gizli saxlamışdılar. Hətta mətbuata və xəbər agentliklərinə Mustafa Kamal Paşanın avqustun 21-də Çankaya köşkündə ziyafət verdiyi bildirilmişdi. Əslində isə o, qərb cəbhəsi qərargahında "Böyük hərbi hücum" əməliyyatına hazırlıqları yoxlayırdı.

Atatürk Konyada olması haqda xəbərlərin yayılmaması üçün poçtları nəzarət altına aldırmış, onların xarici dövlətlərlə əlaqəsini tamamilə kəsmişdi. Avqustun 20-də gecə o, korpus komandirləri ilə növbəti müşavirəni keçirdi və bu müşavirədə qərara alındı ki, Anadolunun düşmən işğalından azad olunması üçün hərbi əməliyyatlar avqustun 26-da başlansın. Hücuma hazırlaşan Türk Ordusu avqustun 26-da sübh cağını gözləyərkən, yunan ordusunun zabitləri general Trikopislə birlikdə Afyonda keçirilən əyləncəli gecədə "Böyük Yunanıstan" şərəfinə badələr qaldırır, tostlar deyirdilər.

"Böyük hərbi hücum" planlaşdırıldığı kimi avqustun 26-da başlandı. Yunanıstan və Türkiyə hökumətləri isə müharibənin başlanması ilə əlaqədar ilk rəsmi açıqlamalarını avqustun 28-də yaydılar. Türkiyə mətbuatı da cəbhə barədə xəbərləri elə həmin gün dərc etmişdi.

Türk Ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək avqustun 30-da düşməni tam məğlubiyyətə uğratdı. Bundan sonra böyük öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə "Ordular, hədəfiniz Aralıq dənizidir, irəli!" əmrini verdi. Türk Ordusu bu əmri qəhrəmanlıqla yerinə yetirdi.

Azərbaycanın qardaşlıq köməyi

Türkiyənin tanınmış jurnalisti Əbdülhəmid Avşar ölkəsində apardığı uzunmüddətli araşdırmalar nəticəsində ərsəyə gətirdiyi "Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri" adlı kitabında qeyd edir ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müxtəlif yollarla Amasyada olan Cəmil Cahit bəylə yazışır və Kazım Qarabəkir Paşa vasitəsi ilə Anadoludakı milli mübarizəyə hər cür yardımı göstərməyə hazır olduqlarını bildirirdi. Həmin vaxtlarda AXC-nin Baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımını göstərən çeki və neft qəbzlərini Türkiyəyə göndərmişdi. Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən analarımız, bacılarımız qulaqlarındakı sırğaları, əllərindəki üzükləri çıxararaq ayrı-ayrı şəxslər vasitəsiylə Türkiyəyə göndərmişdilər. Kazım Qarabəkir Paşa "İstiqlal hərbimiz" adlı əsərində yazır ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa silah, sursat verməyə hazır olduqlarını bildirmişdi.

AXC süquta uğradıqdan sonra isə sayı tam məlum olmayan silahlı müsavat dəstələri polkovnik Səməd Sayqının komandanlığı ilə Cənubi Azərbaycanın ərazisindən keçərək Ərzuruma gəlmiş, Anadoluda müharibədə iştirak etmişlər. Bu barədə ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisinin (TBMM) həmin il iyulun 8-dəki iclasında yeni millət vəkillərinə çatdırılır. İclasda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü bildirir ki, kömək məqsədi ilə Azərbaycandan silahlı dəstələr gəlir. Onların yanlarında türk ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) da vardır.

Tarixi mənbələrdən belə məlum olur ki, bir piyada və süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilir. 15-ci süvari alayına qoşulan bu birlik 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən azad olunması uğrunda gedən döyüşlərə qoşulublar. Azərbaycan əsgərləri Sarıqamışın, Qarsın, Gümrünün düşməndən azad olunmasında böyük xidmətlər göstəriblər. Daha sonra Azərbaycan türklərindən ibarət 15-ci süvari alayı nəzdində 6-cı süvari tüməni yaradılıb. Həmin tümən milli qurtuluş savaşının sonunadək böyük rəşadət göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Döyüşən türk ordusu daxilində könüllü olaraq müharibədə iştirak edən azərbaycanlıların sayı da az olmayıb. Onların önəmli bir qismi savaşdan sonra türk ordusunda xidməti davam etdirmiş və ali zabit rütbəsinədək yüksəlmişlər. Bunlar arasında generallar - Cahangir Berker, Hüseyin Turqut, Nuri Berköz, Mahmud Berköz, polkovniklər - Yusif Xəzərli, Mehmed Akpolad, Salih Aksoy, Hüsameddin Topaç və digərlərini göstərmək olar.

1920-ci ili aprel ayında Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başladıqdan sonra qarşıda duran əsas vəzifə silahlı müqavimətin gücləndirilməsi məsələsi idi. Məlumdur ki, güclü və nizami ordu qurulanadək işğalçılara qarşı "Kuvayi Milliye" adlandırılan məhəlli milis dəstələri vuruşmuşdu. Nizami ordunun yaranması yolunda ən böyük maneə maddi çətinliklər idi. Ancaq Anadolu türkləri bu köməyin qardaş Azərbaycandan göstəriləcəyinə şübhə etmirdilər. Bu, Mustafa Kamal Paşanın 1920-ci il mayın 3-də komandan Kazım Qarabəkirə göndərdiyi teleqramda da öz əksini tapmışdı. Teleqramda deyilir: "Əlimizdə beş para olmadığı zatı-alinizə məlumdur. Hələlik daxildə heç bir maddi təminatımız, mənbəyimiz yoxdur. Özümüzü təmin edənədək Azərbaycan hökumətindən mümkün qədər çox istiqraz aktı alınmasının araşdırılmasını və təmin olunmasını rica edirəm. Böyük Millət Məclisi rəisi M.Kamal".

Azərbaycan hökuməti Mustafa Kamal Paşanın bu müraciətini cavabsız qoymadı. Böyük miqdarda hesab olunan pulla yanaşı, ən çox ehtiyac duyulan şeylər, o cümlədən neft, benzin və maye qaz Anadoluya göndərilmişdir. Məsələn, İnönü savaşlarında qazanılan zəfərdən (1921-ci il yanvar və mart aylarında) sonra Azərbaycan bu sevincə şərik olduğunu bildirmək məqsədi ilə Bakıdan təmannasız olaraq 32 vaqon mazut və benzin, 8 vaqon isə maye qaz göndərmişdir. Bu xəbər həmin illərdə dərc olunan qəzetlərdə də yayılmışdır. Türkiyənin "İkdam" qəzeti 2-ci İnönü savaşından dərhal sonrakı sayında yazırdı: "Azərbaycan hökuməti Qarsa 40 vaqon neft göndərdi".

Həmin illərdə Azərbaycandan Ankara hökumətinə göndərilən məktubda deyilirdi ki, milli qurtuluş savaşı qələbəylə sona çatanadək hər ay Bakıdan 62 vaqon neft və benzin, 3 vaqon maye qaz göndəriləcəkdir. Bununla yanaşı, 1922-ci ildə savaşın taleyini həll edən böyük hərbi hücumdan sonra Azərbaycan Batumi yolu ilə Anadoluya 350 ton neft və 9 min tondan artıq maye qaz göndərmişdir.

1921-ci ilin əvvəllərindən etibarən artıq ordu quruculuğunda irəliləyiş nəzərə çarpmağa başlamışdı. Azərbaycandakı sovet hökuməti könüllü olaraq ordu quruculuğuna lazımi dəstəyi verirdi. 1920-ci il avqustun 15-də TBMM Mehmet Şövkət bəyin Azərbaycana təmsilçi olaraq göndərilməsinə qərar verir. Bu, yeni qurulmuş hökumətin xaricdəki ilk təmsilçiliyi idi. Bundan 13 ay sonra isə Azərbaycan sovet hökuməti İbrahim Əbilovu Türkiyəyə səfir təyin edir. Əbilov 1921-ci il oktyabrın 14-də TBMM başqanı Mustafa Kamal Paşanın qəbulunda olarkən Türkiyəyə olan qardaşlıq hissimizi bu sözlərlə ifadə etmişdir: "...Azərbaycan türkləri bir vücud kimi türk xalqının şadlığını öz şadlığı və matəmini öz matəmi bilərək son qətrə qanları qalıncaya qədər Türkiyənin və bütün Şərq məzlumlarının xilas olması üçün əziz övladlarını qurban verməkdən vaz keçməzlər".

Bunun müqabilində Atatürk bu şəkildə cavab vermişdir: "Azərbaycan türklərinin dərdi bizim dərdimiz, sevincləri də bizim sevincimizdir. Onların muradlarına çatmaları, azad və müstəqil bir şəkildə yaşamaları bizi çox sevindirir".

Milli qurtuluş savaşı dönəmində Azərbaycan tərəfi həm də düşmənə əsir düşən türk əsgərlərinin geri qaytarılması üçün təşəbbüslər göstərirdi. Bu, İzmir millət vəkili Mahmud Əsədin (Bozkurd) 1920-ci il oktyabrın 23-də TBMM-yə verdiyi təklifdə də öz əksini tapmışdı. Burada deyilirdi: "Qardaş Azərbaycan hökuməti Maltada ingilislər tərəfindən əziyyətlərə, mərhumiyyətlərə məruz qalan vətəndaşlarımızın sərbəst buraxılmadığı müddət ərzində əsir ingilis əsgərlərinin İngiltərə hökumətinə verilməyəcəyini rəsmən bəyan etmişdir. Atəşkəs anlaşması aktından sonra daim təhqir olunan milli qürurumuzu müdafiə etmək üçün fədakarlığını və qardaşlığını göstərən sevgili Azərbaycana hökumətimiz adından təşəkkür edilməsini rica və təklif edirəm".

Bu arada Azərbaycan daim maddi və mənəvi yardımını Türkiyədən əsirgəməmişdir. Tədqiqatçı Hüseyin Adıgözəlin yazdığına görə, Mustafa Kamal Paşa 1921-ci il martın 17-də, yəni 2-ci İnönü savaşından öncə Nəriman Nərimanova məktub ünvanlayaraq, maliyyə dəstəyinə böyük ehtiyac duyulduğunu bildirmişdi. Nərimanov dərhal büdcədə olan 500 kiloqram qızılı Ankaraya göndərmişdir. Bundan başqa, xeyli miqdarda silah-sursat da Anadoluya göndərilmişdir.

Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Bunun ən gözəl izahını isə biz Nəriman Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubda daha yaxşı görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir vaxtda N. Nərimanov yazırdı: "Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə biri-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil".

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.-2 sentyabr.- S. 6.