Qəbələnin
tarixinə dair yeni
tapıntılar
Azərbaycan
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya
bu ilin iyul ayından qədim Qəbələ şəhərinin
Qala hissəsində başlanan çöl-tədqiqat işlərini
başa çatdırmışdır. Ekspedisiya rəisi,
tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə
işləyən arxeoloqlar iki ay ərzində qədim paytaxt
şəhərinin tarixinə dair bir sıra nadir maddi mədəniyyət
nümunələri aşkara çıxarmışlar.
Xatırladaq
ki, qədim Qəbələ şəhərinin qalıqları
Güllütala, Səlbir və Qala adı ilə tanınan
üç böyük ərazidən ibarətdir. Qala qədim
paytaxtımızda şəhər həyatının daha
çox davam etmiş olduğu ərazidir. Yəni, antik Qəbələ
kimi tanınan Güllütala ərazisində eramızdan əvvəl
IV-I əsrlərdə, Səlbir ərazisində isə I-X əsrlərdə
həyat olmuşdursa, Qala ərazisində eramızdan əvvəl
I əsrdən eramızın XVIII əsrinədək, təqribən
2000 ilə yaxın bir dövr ərzində intensiv şəhər
həyatı davam etmişdir. Orada mədəni təbəqənin,
yəni yaşayış izləri müşahidə olunan
torpaq qatının qalınlığı bir sıra yerlərdə
5-6 metrə çatır.
Məlumat
üçün onu da bildirək ki, Qala ərazisində ilkin
arxeoloji axtarışlara ötən əsrin əvvəllərindən
başlanılıb. Yəni 100 ilə yaxındır ki, burada
tədqiqat işləri aparılır. Koreya-Azərbaycan Mədəniyyət
Mübadiləsi Asosasiyasının (SEBA) maliyə və təşkilat
dəstəyi ilə işləyən ekspedisiya cari ilin
axtarışları zamanı 2008-2009-cu illərdə üst
təbəqəsi öyrənilmiş 600 kvadratmetrlik sahədə,
habelə yeni əlavə olunmuş 1044 kvadratmetrlik sahədə,
ümumilikdə 1644 kvadratmetrlik sahədə
axtarışları davam etdirilmişdir. Bu, indiyədək
Qala ərazisində tədqiqata cəlb olunmuş ən
geniş sahədir. Əlbəttə, belə geniş ərazidə
arxeoloji tədqiqatlar aparılması bütövlükdə
orta əsr şəhər mədəniyyətinin bir sıra
problemlərinin daha dərindən və hərtərəfli
öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.
2011-ci ilin tədqiqatları bu baxımdan xüsusilə
uğurlu olmuşdur. Bu tədqiqatlar mütəxəssislərə
imkan verir ki, şəhərin həm yüksəliş, həm
də tənəzzül dövrünün görüntüləri
əsasında müqayisəli təhlil və
araşdırmalar aparmaqla Qəbələdə min ilə
yaxın bir dövr ərzində həyat ritminin tarixi
dinamikasını izləyə bilsinlər. Təbiidir ki,
arxeoloji axtarışlar zamanı aşkara
çıxarılmış küçə və yol
qovşaqları, hasarlar, irili-xırdalı ictimai və fərdi
binalar, istehsalat ocaqları, çoxsaylı və rəngarəng
çeşidli digər maddi mədəniyyət nümunələri
tariximizin bir sıra qaranlıq məqamlarına işıq
salmağa imkan verəcəkdir.
Bu
baxımdan yeni aşkar edilən 4 ədəd dulus kürəsi
xüsusilə çox mühüm elmi əhəmiyyət kəsb
edir. Kürələrdən 2 ədədi XI əsrin
ortalarına aid olmaqla kərpic və kirəmit bişirilməsinə
xidmət edib. Digər 2 kürə isə XIV əsrin sonu - XV
əsrin əvvəllərində fəaliyyət göstərib.
İçərisindən tapılan məmulat nümunələrinə
əsasən bu kürələrdən birinin məişətdə
işıqlandırma vasitəsi kimi istifadə olunan gil
çıraqların istehsalı üzrə, digəri isə
çox nəfis şəkildə hazırlanan, üzəri
cızma və deşdəkləmə üsulu ilə bəzədilən,
boğaz hissədə süzgəci olan və süfrə
qabı kimi istifadə edilən enliboğaz kuzələrin
istehsalı üzrə ixtisaslaşan ustaya mənsub olduğu
müəyyənləşdirilib. Maraqlıdır ki, ikinci
kürədə qeydə alınan bütün nümunələr
bişirilmə prosesində yanaraq çıxdaş hala
düşüb. Çox güman ki, məmulatı bişirmək
məqsədilə usta kürəyə od vurandan sonra şəhərdə
hansısa fövqəladə hadisə baş verib və
bişmə prosesinə nəzarət unudulub. Bunun nəticəsində
də kürədəki nümunələr uzun müddət
yüksək hərarət altında qaldığından
yanaraq çıxdaş vəziyyətə düşüb.
Digər kürə sahibi də buna bənzər aqibətlə
üzləşib. Belə ki, bişmə prosesi başa
çatdırıldıqdan sora kürə
boşaldılmayıb və çıraq nümunələri
bütünlüklə kürədə qalıb. Və nəhayət,
bir-birinin yaxınlığında 4 ədəd dulus kürəsinin
aşkara çıxarılması tədqiq edilən ərazinin
uzun bir tarixi dövr ərzində şəhərin
dulusçular məhəlləsinə aid olduğunu
düşünməyə əsas verir. Aşkar olunmuş
tapıntılar içərisində ağzı
qurğuşun tıxacla bərkidilmiş şar-konusvari qab,
üzərində fars dilində səliqə ilə
yazılmış şeir parçası olan şirli
boşqab və digər yazılı nümunələr, gil qəlib,
daxili səthində insan, heyvan və quş təsvirləri
olan rəngarəng çeşidli keramika nümunələri,
ayrı-ayrı sənət sahələrində istifadə
olunan çoxsaylı əmək alətləri, bəzək əşyaları,
dünyanın bir sıra ölkələri və şəhərləri
ilə intensiv ticarət və mədəni əlaqələrin
olduğundan xəbər verən nadir əşyalar və sikkə
nümunələri də tariximizin ayrı-ayrı problemlərinin
araşdırılması baxımından çox
mühüm əhəmiyyət kəsb edir.
Bütün
bunlar onu deməyə əsas verir ki, antik və ilk orta əsrlər
dövründə 800 ilə qədər Qafqaz
Albaniyasının paytaxt şəhəri olan Qəbələ
şəhəri ərəb və monqol istilalarından
sonrakı dövrlərdə də nəinki ölkənin,
bütövlükdə regionun ən mühüm sənət,
ticarət və mədəniyyət mərkəzlərindən
biri olaraq qalmışdır.
Fariz XƏLİLLİ,
Qəbələ
arxeoloji ekspedisiyasının
üzvü, tarix üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 2 sentyabr.- S. 6.