Səsin möcüzəsi, sənətin zirvəsi

 

Ələsgər Abdullayev – 145

 

Muğam sənəti dünyasına çox sənətkarlar gəlib. Eləsi olub ki, ötərgi səs kimi tez unudulub, eləsi də olub ki, yaddaşlarda əbədi məskən salıb, sənəti mənəviyyatımızın bir parçasına çevrilib. Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan, indi də adı iftixar hissi ilə çəkilən xanəndələrdən biri də Ələsgər Abdullayevdir. Ələsgər Abdullayev (Şəkili Ələsgər) 1866-cı ildə Şəki şəhərində anadan olmuşdur. Valideynləri yoxsul olduğu üçün o, gənc yaşlarından bənna köməkçisi işləmişdir ki, ailəyə kömək etsin.

 

Hər istedadın bir çıraqyandıranı olur, deyirlər. Məhz xanəndə Keştazlı Həşimlə təsadüfi görüş yeniyetmə Ələsgərin həyatında əsaslı dönüş yaratdı...

Şəkidə bir toy məclisində Keştazlı Həşimi maraqla dinləyirdilər. Xanəndə dəstgahı başa vurduqdan sonra qoca bir bənna "toy bəyinə" müraciət etdi:

- Bəy, icazə verin bu uşaq da oxusun.

Bənnanın təklifini şübhə və narazılıqla qarşılayanlar da oldu. Xanəndə işə qarışmaq məcburiyyətində qaldı. Camaatı sakitləşdirib öz qavalını gəncə verərək mehribancasına dedi:

- Oğlum, istəyirəm sənin səsini yoxlayım. Odur ki, bizə bir "Qatar" oxu.

Ələsgərin bulaq kimi çağlayan səsi, vurduğu zəngulələr elə ilk oxunuşdan məclisin diqqətini cəlb etdi. Oxuyub qurtarandan sonra məclisi alqış sədaları bürüdü.

Gəncin gözəl səsinə və istedadına heyran qalan Keştazlı Həşim onu bağrına basaraq dedi:

- Oğlum, halal olsun, sənin gözəl səsin var, amma muğamata bələdliyin yoxdur. Mən nə qədər Şəkidəyəm, tez-tez yanıma gəl, sənə bir-iki muğam, təsnif öyrədim...

Gənc Ələsgər Keştazlı Həşimin qayğısı sayəsində öz səsinin qüdrətinə inandı, məclislərə, toy şənliklərinə yol tapdı. Məlahətli səsi, muğamatı mükəmməl bilməsi qısa müddətdə ona xalq məhəbbəti qazandırdı.

Cabbar Qaryağdıoğlu yazırdı ki, Ələsgər Keştazlı Həşimdən "Bayatı-Şiraz" və "Segah" muğamlarını tam incəlikləri ilə öyrənmişdi. Onunla el şənliklərinə gedirdi.

Ələsgər Abdullayevin ikinci müəllimi Bakı tacirlərindən Ağa Səid oğlu Ağabala olmuşdur. O, bir gün Şəkiyə qonaq gedir. Şəhərə daxil olarkən bir gəncin divar hörə-hörə yanıqlı səslə "Segah" oxuduğunu eşidib faytonu saxlatdırır. Gənc bənna "Segah"ı oxuyub qurtardıqdan sonra tacir onu yanına çağırır və deyir:

- Sənin gözəl səsin, musiqi qabiliyyətin var. Tale sənə böyük bir vergi verib. Mənimlə Bakıya gedib xanəndəlik təlimini orada öyrənərsən.

Beləliklə, Ələsgər Ağa Səid oğlu Ağabala ilə Bakıya gəlir, ondan dərs alır, yorulmaq bilmədən musiqi təhsilini artırır və muğamın sirlərini daha da dərindən öyrənir.

Bir müddətdən sonra xanəndə nəinki Bakıda, bütün Qafqazda, Orta Asiyada, İranda şöhrət qazanır. Onu Şəkili Ələsgər kimi tanıyırdılar.

Görkəmli bəstəkar və alim Əfrasiyab Bədəlbəyli Ələsgərin zamanının ən məşhur nəğməkarlarından biri sayıldığını qeyd etmişdir (Ə.Bədəlbəyli, İzahlı monoqrafik musiqi lüğəti, Bakı, 1969-cu il, səh. 171). Seyid Şuşinski belə bir əhvalat nəql edir: "Bir gün Bakı məclislərinin birinə Cabbarı, Ələsgəri və məni dəvət etmişdilər. Nahara qədər Cabbar, nahardan sonra Ələsgərlə mən oxumalı idik. Onu da deyim ki, Cabbardan sonra oxumaq asan deyildi. Rəhmətlik Cabbarın bir dəstgah oxumağı üç-dörd saat çəkər, bəzən bir muğamdan başqa birisinə elə ustalıqla keçərdi ki, nəinki dinləyicilərin, hətta mahir musiqişunasların ruhu belə inciməzdi. Sözün qısası, Cabbar "Mahur"u qurtardı. Amma xəbər gəldi ki, nahar 20-25 dəqiqə gecikəcək. Mən fürsətdən istifadə edib Ələsgərə dedim:

- Cabbardan sonra oxumaq mənasız olsa da, əlac yoxdur, nahar vaxtınadək oxumalıyıq. Başla, görək nə olur.

Usta Şirin tarı köklədi. Ələsgər bir "Segah" oxudu, nə deyim. Xanəndədə də belə yağlı səs, belə gözəl guşələr, xallar, belə xırdalıqlar və belə də ayaqlar olardı? Bütün məclis Ələsgərin oxumağından sanki bihuş olmuşdu ("Azərbaycan gəncləri" qəzeti, 18 may 1962-ci il).

Mirmehdi Seyidzadə isə dostu Mikayıl Müşfiq haqqındakı "Alovlu sənət aşiqi" adlı xatirəsində yazır: "İstedadlı şair Azərbaycan xalq musiqisini odlu bir ürəklə sevirdi. Muğamatdan böyük zövq alırdı. Bir dəfə Müşfiqlə bağda Ələsgər Abdullayevin oxuduğu "Şur", "Mahur" və "Rast" muğamlarına patefonla qulaq asırdıq. Müşfiq qələmi alıb bayatı formasında dörd misralıq bir şeir yazdı:

 

Bilbül uçdu qəfəsdən,

Gül açıldı həvəsdən.

Gözüm gözəldən doymaz,

Qulağım incə səsdən.

 

(M.Seyidzadə, "Unudulmaz xatirələr", Bakı, 1975, səh.36.)

M.Müşfiq kimi həssas söz ustası Ələsgər sənətindəki şairanəliyi, dərin lirizmı görməyə bilməzdi. Elə böyük ustad Seyid Şuşinski də qeyd edirdi ki, Ələsgər kimi sənətkarlar çox nadir hallarda yetişir.

Ələsgərin müasiri olan həmsənətləri, məşhur xanəndələr onun oxuduğu muğamlar barəsində ayrı-ayrı vaxtlarda yüksək fikirlər söyləmişlər. Onun olduqca ürəyəyatımlı səsindən başqa, bu sənət sahəsində təkrarsız, orijinal xüsusiyətləri də vardı. İncə duyğulu, minor havaların misilsiz ifaçısı olan Ələsgərin oxuduğu muğamlar bizim mədəni irsimizin nadir incilərindəndir. Hər məşhur xanəndənin fəaliyyəti boyu yüksəklikdə qərar tutması ilə yanaşı, mütləq fəth etdiyi zirvə - möhür vurduğu ifalar da olur. Ələsgər "Rahab" oxumaqda məşhur idi. Musiqi tariximizdə xanəndə Dəli İsmayıldan (XIX əsrin ikinci yarısında yaşamış məşhur Qarabağ xanəndəsi idi - R.İ.) sonra Ələsgər "Rahab" oxumaqda birinci sayılırdı.

Şəkili Ələsgərin dəfn mərasimində Cabbar Qaryağdıoğlu bunu yada salaraq demişdir: - "Ələsgər, biz səni yox, "Rahab"ı dəfn edirik". Söz xiridarları da xanəndənin sənətini yüksək qiymətləndirmişdir:

 

Oxu, bülbül "Rahab" üstə,

Xilas olaq dərd-bəladən.

Yaxın, Orta, Uzaq Şərqdən

Pərvazlanıb gəlsin sədan...

 

(İnqilab Nadirli, "Muğamlı dünyam", Bakı, 2009, səh.38)

Seyid Şuşinski ilə sənət yoldaşlığı etmiş şəkili tarzən Məhərrəm İsmayılov xatırlayırdı: "1930-cu illərin ortalarında Şəkidə Seyidlə bir məclisdə idik. Ondan xahiş elədilər ki, ağa, bizə bir "Rahab" oxu. Seyid dedi: - İcazə verin, başqa muğam oxuyum. Məşədinin (Ələsgəri nəzərdə tuturdu) səsi hələ qulaqlardan getməyib. Razı olmayın ki, mən o böyük sənətkarı təqlid edim".

S.Şuşinski özü muğamların, o cümlədən "Rahab"ın ən gözəl ifaçılarından olub. Ancaq bu sözlərlə, o, Ələsgərin "Rahab"ının misilsiz olduğunu və bu muğamı yaxşı oxumaq istəyən hər bir xanəndənin onun təsirindən çıxa bilməyəcəyini etiraf etmişdir.

Şəkili Ələsgər 1912-1918-ci illərdə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində dəfələrlə konsertlər vermiş, dinləyicilərin sonsuz məhəbbət və hörmətini qazanmışdı. O, İranda gözəl ifaçılıq qabiliyyətinə görə Şah tərəfindən qızıl medalla təltif olunmuşdu.

Ələsgər bütün muğamları və dəstgahları böyük bir məharətlə oxuyardı. Xüsusilə "Şur"u son dərəcə lirik tonda, özünəməxsus əlavə zəngulələrlə dinləyiciyə çatdırırdı. Unudulmaz tarzən Əhməd Bakıxanovun 1960-cı ildə yazdığı "Muğamlar haqqında" məqaləsində oxuyuruq: "Maraqlıdır, "Şur"u bizim hansı xanəndələrimiz daha yaxşı ifa etmişlər? Xanəndə Ələsgər Abdullayev! Onun çox yüksək zil səsi vardı. Həm də yaxşı, yeni yollar tapmağı bacarırdı. Ələsgər Abdullayev özünəməxsus zəngulələr vurmağı çox sevirdi. Buna görə də "Şur"u ən yaxşı oxuyanlardan biri sayılır" (Ə.Bakıxanov, "Ömrün sarı simi". Bakı, 1985-ci il, səh. 28).

Xanəndə Əbdürrəşid Məcidov eşitdiyi bir deyimi belə çatdırır: "Ələsgər bir "Şur" oxumaqla eşidənləri üç hala salırdı: "Şur"la "Şur-Şahnaz"da ağladırdı. "Bayatı-Türk"lə "Şikəsteyi-Fars"da yuxuladırdı, "Şimayi-Şəms"lə "Hicaz"da oyadırdı".

Şəkili Ələsgər 1902-1903-cü illərdə Bakı şəhərində verilən "Şərq konsertləri"ndə yaxından iştirak etmişdi. Birinci "Şərq konserti"ndə (11 yanvar 1902-ci il) Ələsgər "Çahargah" muğamını məharətlə oxumuşdu. "Kaspi" qəzeti yazırdı: "Konsertin ikinci şöbəsində xanəndə Ələsgər öz dəstəsi ilə çıxış etdi. O, çətin "Çahargah" muğamını düzgün və ustalıqla oxudu" ("Kaspi" qəzeti, 13 yanvar 1902-ci il, ¹-11). Ələsgər eyni zamanda, ikinci (25 yanvar 1902-ci il) və üçüncü (27 yanvar 1903-cü il) "Şərq konsertləri"ndə "Bayatı-Şiraz", "Şüştər" muğamlarını müvəffəqiyyətlə ifa etmişdir ("Kaspi" qəzeti, 25 yanvar 1902-ci il, ¹-20, 29 yanvar, 1903-cü il, ¹-24).

Şəki ziyalılarının ağsaqqalı, mərhum Baxşəli Axundov söyləyərdi ki, görkəmli ədib və maarif xadimi Rəşid Bəy Əfəndiyev Ələsgərin "Nəva" oxumasını çox sevərdi, "Bunu hər xanəndə oxuya bilməz" - deyərdi. Rəşid bəy Ələsgər olan məclisə gəlsəydi, xanəndə təklif gözləmədən, "Nəva" dəstgahını başlayardı. "Elm və həyat" jurnalının 1982-ci il, 6-cı sayında "Səs-söz sintezi" başlığı ilə jurnalist Telman Əliyevin muğam ustası Hacıbaba Hüseynovla müsahibəsi dərc edilmişdir. Həmin müsahibədə Hacıbaba Hüseynov deyir: "Bir dəfə səhv elədim İslam Abdullayevə dedim: - İslam əmi, "Segah"ı Ələsgər yaxşı oxuyurdu, sən? Mənə bərk acığı tutdu, ağladı. Dedi: - Ə, belə sual verərlər? Mən nəçiyəm ki, Ələsgərlə məni yan-yana qoyursan?" Hacıbaba Hüseynov sonra əlavə edir: - Bu sözü "Segah İslam" adını almış adamdan eşitmək tərbiyə məktəbi keçməkdir. Gənc musiqiçilərimiz sənətkar babalarının ruhuna həmişə hörmət etməlidirlər."

"Segah" muğamından söz düşmüşkən, gözəl və mahir qaval çalan Xalıq Babayev tarzən Bəhram Mansurova belə bir əhvalat söyləmişdir: "Mərdəkanda toyda idik. Bura üç musiqi dəstəsi dəvət olunmuşdu. Zurnaçı Dağlı Mehdinin dəstəsi, Şəkili Ələsgərlə tarzən Salyanlı Şirin, bir də Əhəd Əliyevlə (məşhur qarmon ifaçısı olub) mən. Toyun şirin vaxtında Ələsgərə "Segah" sifariş verdilər. O, elə bir "Segah" oxudu ki, hamı heyran qalmışdı. Bir də gördüm, Əhəd ağlayır. Dedi: - Apar məni Ələsgərin yanına (xəstəlik nəticəsində uşaqlıqdan Əhədin gözləri tutulmuşdu - R.İ.) Xahişinə əməl elədim. O, qızıl zəncirli iri cib saatını çıxardıb uzatdı Ələsgərə. Ələsgər götürmək istəmədi, ancaq Əhəd saatı təkidlə ona verdi. Sonradan mən Əhədə dedim ki, sən hər "Segah"a bir qızıl saat bağışlasan, axırı necə olar? O dedi: - Bu "Segah" başqalarına bənzəməz. Nəinki qızıl saatımı, bütün dövlətimi də verərdim Ələsgərin "Segah"ına".

Şəkili Ələsgər Şərq musiqisini dərindən öyrənmişdi. O, ustad xanəndə idi. Məclisdə oxuyarkən dinləyicilərin diqqətini özünə cəlb etməyi, səsi ilə onları ovsunlamağı bacarırdı. Ələsgərdə elə bir ustalıq vardı ki, o, həmişə məclisdə oturanların musiqi zövqünü nəzərə alar, onların ruhuna uyğun muğam və qəzəllər oxuyardı.

Şəkili Ələsgəri yaxından tanıyan məşhur tarzən Qurban Pirimovun dediklərindən: "Mən Cabbardan sonra ikinci bir xanəndə Ələsgəri gördüm. Toyda bir yerə düşəndə, Cabbar ona vaxt verməzdi ki, o oxusun. Özü bir saat oxuyardı, sonra bizim pərdədə Ələsgər "Segah" oxuyardı. Məsələn, biz "Mahur" çalardıq, orda "Segah" var, "Şikəsteyi - Fars"da, "Segah" da olar. Orda Şirin tarı kökləyirdi. Bilirdi ki, Ələsgər nə oxuyacaq. O, ağzını açan kimi hər yerdə "Sağ ol, Ələsgər!" deyərdilər". Ələsgərin çox ipək kimi yumşaq "boğazı" var idi. Rəhmətlik Cabbar həmişə deyirdi: "Əgər Ələsgərin boğazı məndə olsaydı, bülbülü ağacdan yerə endirərdim".

Sənətkarın oğlu, tarzən Mikayıl Abdullayevin atası haqqında fikirləri: "Atam "Mahur" dəstgahının "Vilayəti" və "Şikəstəyi-Fars" şöbələrini nə qədər yanıqlı oxuyurdusa, "Mahur"a keçərkən o qədər əzəmətlə oxuyurdu. Həmin dəstgahda o sanki məhəbbətlə igidliyi yan-yana qoyurdu. Ona görə də deyirdilər ki, Ələsgər "Mahur" oxuyanda öldürür, amma ölməyə qoymur".

Şəkili Ələsgəri digər ölkələrin musiqiçiləri də yaxşı tanıyır, onun sənətinə rəğbət bəsləyirdilər. Qafqaza qastrol səfərinə çıxmış məşhur türk müğənniləri Nübar Əfəndi və Mələk xanım öz konsertlərinə Şəkili Ələsgəri də dəvət etmişdilər. Konsertdə Ələsgər tarzən Şirin Axundov və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə əvvəl "Mahur", sonra isə "Heyratı" ritmik muğamını oxumuşdur. Tamaşaçılar və qonaqlar tərəfindən məhəbbətlə qarşılanan Ələsgər türklərin ikinci konsert tamaşasında da çıxış etmişdi.

Ələsgər Abdullayev 1913-1914-cü illərdə "Sport Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuş, onun ifasında "Çahargah", "Rast", "Mahur-Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər" və sair muğamlar vala yazılmışdır.

O, Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak edirdi.

Adətdir, hər xanəndənin bir güclü tərəfi olur. Yəni o, hansı muğamısa digər muğamlardan daha yaxşı oxuyur. Həmin muğamın ifasında o, başqa sənətkarlardan seçilir. Bu, hər şeydən əvvəl, səsin hansı muğamlara daha çox uyğun olması ilə bağlı məsələdir. Amma Ələsgər tamam başqa aləmdir. Ələsgərin oxuması bütün dəstgahların ifası zamanı zildə də, bəmdə də, ortada da eyni dərəcədə mükəmməl id. Muğamat aləmində onun üçün əlçatmaz heç nə yox idi. İfasında son dərəcə yetkin və kamil idi. Xanəndələrdən yalnız Xan Şuşinskidə belə qüdrətli səs olub.

İstedadlı sənətkar Ələsgər Abdullayev 1929-cu il aprel ayının 1-də Bakıda vəfat etmişdir.

Bir əsrdən artıqdır ki, onun adı musiqisevərlərin dilindən düşmür. Kim Ələsgərin oxumağını bircə dəfə eşidibsə, onu heç vaxt unutmayıb. Hər kəs bu sənətkar haqqında ürək sözünü bir cür deyir, kimi əsərlərində, kimi mətbuat səhifələrində, kimisə sevgi ilə dolu xatirələrdə yaşadırlar. Bu təbiidir. Çünki ömür əmanət olsa da, sənət daimidir.

 

 

Xalq qəzeti.- 2011.-4 sentyabr.- S. 6.