Xalq yaradıcılığına
dövlət qayğısı artırılır
Bu il Lənkəran şəhəri
"Azərbaycanın folklor paytaxtı"elan edilmişdir
Mədəniyyət
və Turizm Nazirliyinin həyata keçirdiyi
"2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları" proqramına
uyğun olaraq cari ildə "Azərbaycanın folklor
paytaxtı" elan edilmiş Lənkəranda təntənəli
mərasimlər, respublika və beynəlxalq səviyyəli
elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə,
festival, sərgi və sair tədbirlərin təşkili
ardıcıl reallaşdırılır. Bu sıradan "Tarixin
canlı şahidləri" adı altında qocaman el sənətkarları
ilə görüşlər, "Bayatı
axşamları", "Nənələr və nəvələr"
folklor gecələri, "Lənkəran mətbəxi"
festivalı və digər tədbirlər yaddaqalan olmuşdur.
Lənkəranın
ərazisi başdan-başa folklor qaynağıdır. Elə şəhərə
çathaçatdakı dairənin yaxınlığında
"Xalq yaradıcılığı mərkəzi" ilk
baxışdan diqqət çəkir. Buradakı heykəllər,
qədim etnoqrafik eskizlər, rəmzi Qala divarları və nizəli-qalxanlı
gözətçilər, "Samovar" abidəsi adamı əsrarəngiz
bir aləmə qovuşdurur. Balıqçı
obrazını canlandıran abidə hər bir istəyi yerinə
yetirməyə hazır olan qızıl balıq
haqqındakı nağıl epizodlarını yada salır.
Bir qədər gedəndən sonra, Lerik yolunun üstündə
"Ay lolo" şadlıq sarayı görünür.
İstər-istəməz məşhur "Nənələr"
folklor kollektivini xatırlayırsan.
"Lənkərandan
İstanbula yar gələr,
Gümüş
kəmər incə belə dar gələr..."
Ötən
əsrin əvvəllərində Qori seminariyasını yenicə
bitirən, sonralar görkəmli bəstəkar olan
Müslüm Maqomayev bir müddət Lənkəranda dərs
deyib. O, şagirdlərinə bayatı və nəğmələr
topladar, mahnıları xorla oxumağı öyrədərdi.
Bir dəfə lənkəranlı dostlarından biri ondan
soruşur:
-
Müslüm müəllim, neçə ildir çəltik zəmilərində
oxuyan qızlardan, qadınlardan nəğmələr
toplayırsan. Bəs, bu nəğmələr
yığılıb qurtarmadımı?
M.Maqomayev
cavab verir:
- Nə
dəryada balıq qurtarar, nə də Talışda nəğmə...
Tarixdən
daha bir fakt: hələ 1930-cu ildə ilk dəfə Üzeyir
Hacıbəyli Lənkəran zonası xalq
mahnılarını toplayaraq onların dördünün əsasında
şedevr xor əsəri yaratmışdır.
Xalqımızın musiqi, rəqs və eləcə də ifaçılıq sənətində bu zonanın folkloru geniş yer tutur. Folklor ekspedisiyaları zamanı nota yazılıb toplanan materiallardan görünür ki, burada uzun müddət ərzində yaranıb, bu gün də yaşayan mahnı, rəqs və digər musiqi nümunələri forma, məzmun, melodiya və ritmik cəhətdən diqqəti cəlb edir. İfaçılıq üslubuna görə isə bunlar kollektiv mahnılar adlandırıla bilər. Qadınlar üz-üzə cərgələrdə dayanıb unison şəklində oxuyurlar: birinci iştirakçılar nəqaratı, ikincilərsə kupleti ifa edirlər. Toy adət-ənənələri ilə bağlı mərasimlər, lirik mahnılar, əmək, təbiət təsviri, vətənpərvərlik və sair mövzulu nəğmələr üstünlük təşkil edir.
Hamının maraqla
dinləyib zövq aldığı
"Yaxşı bəzək vurun bizim gəlinə", "Göndərin, hamama göndərin", "Əllərə
xına yaxarlar", "A nimtənə,
nimtənə", "Kinəlim", "Ağ
alma, qızıl alma",
"Ağlama, ceyran
balası, ağlama", "Yar gəldi", "Lampanı yanar qoydum" kimi el nəğmələri
məhz Lənkəranın folklor
bulağından süzülüb gələnlərdir.
İki gəmi gəlir Lənkəran üstə,
Birində şabalıd, birində
püstə...
("Ay dili-dili")
Düz
21 il öncə
"Lənkəran" adlı
sanballı bir kitab yazmış Böyükağa Hüseynbalaoğlu
ilə Mirhaşım
Talışlı folklor
və xalq sənəti sahələrinə
də işıq tutmuş, maraqlı məlumatları qələmə
almışlar. Ensiklopedik kitabın
müəllifləri ötən
əsrin əvvəllərində
məşhur "Molla
Nəsrəddin" jurnalının
açıq-gizli imzalarla
yazan müəlliflərindən,
eləcə də Lənkəranın məzhəkəçi
və hazırcavablarından
da ətraflı bəhs etmişlər.
Lənkəranlılar 1977-ci ildə Polşanın Zakopani şəhərində keçirilmiş
beynəlxalq folklor festivalında "Şənlik"
ansamblının "Qızıl
balta" mükafatını
qazanmasını, yəqin
ki, yaxşı xatırlayırlar. Cavad Rəcəbovun "Nur"
ansamblı, Şağlaser
kəndinin "Avesta"
talış folkloru kollektivi də xalq yaradıcılığının
təbliğində az rol oynamayıb.
Tanınmış soprano, xalq
artisti Həqiqət Rzayeva, əməkdar artistlər Cahan Talışinskaya, Münəvvər
və Həşim Kələntərlilər, həmçinin
mərhum xalq artisti Gülağa Məmmədov, eləcə
də Ağasaleh Abbasəliyev, Yalçın
Rzazadə, Canəli Əkbərov, Nazim Ağayev, Eldar Axundov, Oqtay Ağayev, bəstəkar Azər Rzayev və başqaları Azərbaycan mədəniyyətinin
fəxrləri sayılırlar.
Lənkəran şəhər mədəniyyət
və turizm şöbəsinin əməkdaşı
İlqar Əzimov il çərçivəsində
keçirilmiş tədbirlərdən
ətraflı bəhs
etdi:
- Şəhərimizin "Azərbaycanın folklor paytaxtı" elan olunması xalqımızın,
o cümlədən cənub
bölgəsi əhalisinin
şifahi xalq ədəbiyyatını, adət
və ənənələrini
bir daha dünyaya tanıdır, mədəniyyət tariximizdə
yeni bir səhifəyə çevrilir. Bu əlamətdar
hadisə ilə əlaqədar təşkilat
komitəsinin tədbirlər
planı təsdiqlənmiş,
"Folklor paytaxtı"nın rəsmi loqosu hazırlanaraq şəhərin bir neçə yerində vurulmuşdur. İlk tədbirimiz mart ayında
Heydər Əliyev xatirə parkında təşkil olunmuşdur.
Burada el sənətkarlarının əl
işlərinin, suvenirlərin
sərgiləri nümayiş
etdirilmiş, idmançıların
çıxışları təşkil olunmuş, milli mətbəximizin nümünələri nümayiş
olunmuşdur. Tədbir çərçivəsində
qədim oyun növləri olan kəndirdartma, milli güləş yarışları
unudulmaz təsir bağışlamışdır. Bayramın aparıcısı, dastan obrazı Dədə Qorqud, icra hakimiyyətinin
başçısı Tofiq
İbrahimova nazirliyimiz
tərəfindən hazırlanmış
kuboku təqdim etmişdir.
Tədbirin bədii hissəsində
"Nağıllar dünyasına
səyahət" başlığı
altında folklor kollektivləri, el sənətkarları,
rəqs ansamblları,
C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin folklor
kollektivləri, mədəniyyət
evlərinin özfəaliyyət
təmsilçiəri və
müğənnilərin iştirakı
ilə maraqlı konsert proqramı təşkil olunmuşdur.
Separadi kənd mədəniyyət evinin
"Nənələr" folklor mahnı və rəqs kollektivinin, Uşaq evi klubunun "Şənlik", Girdəni
kənd mədəniyyət
evinin "Vənəşə",
Boladı və Vilvan kənd klublarının qızlardan
ibarət rəqs ansamblının çıxışları,
qədim folklor bayramı "Novruz"un
atributları olan Kosa ilə Keçəlin
zarafatları, Bahar qızın faytonla gəlməsi maraqla qarşılanmışdır.
Liman şəhər klubunda, Girdəni, Türkəkəran,
Şağlaser, Separadi,
Şıxəkəran, Göyşaban,
Mamusta, Hirkan, Gərmətük kənd
mədəniyyət evlərində,
Haftonu, Vilvan, Kərgəlan, Veravul, Boladi, Xanbulan, İsti-su, Sütəmurdov
kənd klublarında da özfəaliyyət kollektivləri konsertlər
vermişlər. Heydər
Əliyev muzeyi, Tarix-diyarşünaslıq və
H.Aslanovun ev
muzeyində bayram münasibətilə açıq
qapı günləri
keçirilmiş, qonaqlara
folklorumuz, milli adət-ənənələrimiz haqqında geniş məlumat verilmişdir.
Həmin ayın sonunda mərkəzi kitabxananın
zalında qədim folklor adətlərimizi tanıtmaq məqsədi ilə folklorşünas alim Y.Ağazadə ilə görüş təşkil olunmuş,
"Folklorumuz və müasir mədəniyyət"
başlığı altında
mühazirə oxunmuşdur.
Apreldə şöbəmiz tərəfindən
tətbiqi sənət
ustalarının əl
işlərindən ibarət
sərgi təşkil
olunmuşdur. El sənətkarlarının
yaratdığı dulusçuluq
nümünələri, həsirlər
və s. sərgilənmişdir.
Tədbirin bədii hissəsində
"Nənələr" folklor mahnı və rəqs, "Vənəvşə" folklor
rəqs kollektivləri,
uşaq musiqi məktəblərinin muğam
ifaçiları çıxış
etmişlər. Lənkəran uşaq rəssamlıq məktəbində "Folklorumuz
və adətlərimiz
uşaqların gözü
ilə" adlı sərgidə gənc fırça ustalarının
milli folklorumuza, adət-ənənələrimizə aid rəsmləri nümayiş
olunmuşdur.
May ayında IV Ümumrespublika
ənənəvi kitab
bayramında dövlət
rəsmiləri, şəhər
sakinləri, yaradıcı
ziyalılar, müharibə
veteranları iştirak
edirdilər. Tədbirin keçirildiyi Mərkəzi
kitabxananın qarşısına
diqqəti cəlb edən tərtibat verilmiş və müxtəlif sərgilər
təşkil olunmuşdu.
Tədbir çərçivəsində
2011-ci il üçün Lənkəran
şəhərinin "Azərbaycanın
folklor paytaxtı"
elan olunması ilə bağlı tətbiqi sənət ustalarının və el sənətkarlarının əl
işlərindən ibarət
açıq hava sərgisində dulusçuluq
nümünələri, həsir
toxuma və gildən düzəldilmiş
müxtəlif əşyalar
nümayiş etdirilmişdir.
Eyni zamanda, kitabxananın qarşısında gənc
rəssamların əsərləri,
milli adətlərimizə
həsr olunmuş nəşrlər göstərilmişdir.
Tədbirdə çıxış edən folklorşünas alımlər, yazıçılar,
təhsil işçiləri
kitabın həyatımızda
rolu, milli adətlərimizin təbliği
barədə geniş
məlumat vermişlər.
Avqustun 13-də "Lənkəran şəhəri
Azərbaycanın folklor
paytaxtıdır" adı
altında açıq
havada folklor axşamı təşkil
olunmuşdur. Milli Məclisin deputatı Hadı Rəcəbli, folklorşünas alim Mirhaşım Talışlı,
ağsaqqallar şurasının
cədri Sərhəd
Məmmədov və başqaları çıxış
etmiş, Lənkəranda
folklor və milli adət-ənənələrin
tarixi haqqında məlumat verilmişdir. "Bacılar" talış folklor mahnı və rəqs kollektivi qədimdə Lənkəranda
ifa olunan nəğmələri oxumuşdur.
Qocaman mədəniyyət işçisi,
el sənətkarı Surxay
Əliyev qədim nəfəsli alətdə
maraqlı musiqi nömrələri ifa etmiş və bu alətin tarixi haqqında məlumat vermişdir.
Tədbir çərçivəsində
el sənətkarlığı nümünələri də
nümayış etdirilmişdir.
Tanınmış müğənni Cavad Rəcəbovun mahnıları maraqla qarşılanmışdır. Bütün tədbirlər
mətbuat və televiziyada geniş işıqlandırılmışdır...
İlin sonuna qədər "Azərbaycanın folklor paytaxtı"nda daha bir sıra maraqlı
tədbirlərin təşkili
nəzərdə tutulur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 5.