Zaqatala: ötən dərs ilinin yekunları uğurludur

 

Yeni tədris ilində isə qarşıda duran vəzifələr daha böyükdür

 

Müstəqilliyin şərəfli yolları ilə gələcəyə doğru inamla irəliləyən ölkəmizdə son illər ərzində aparılan davamlı islahatlar dövlətimizin əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi sayəsində Azərbaycan sürətlə tərəqqi edən dövlətlər sırasına daxil olmuşdur. "Ölkənin gələcəyi gənc nəslin çiyinləri üstündə qurulacaq" - deyən ulu öndər Heydər Əliyevin gənclər haqqında olan dahi ideyalarını əldə rəhbər tutan Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqındakı sərəncamı ölkədə gənclərə, onların savadlı, vətənpərvər , XXI əsrə - "Təhsil əsrinə" layiq olmalarına göstərilən qayğının , dəstəyin bariz nümunəsidir.

 

Bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində ulu öndərimiz, Böyük Azərbaycanlı Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi obyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblər, uşaq bağçaları, uşaq evlərinin tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, yeni dərsliklərin və tədris vəsaitlərinin çap edilərək şagirdlərə pulsuz çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedaqoji kadr hazırlığı, kadrlarla təminat və uzaq kəndlərə işləməyə gələn gənc müəllimlərə dövlət güzəştləri və sair bu kimi tədbirlər milli təhsilimizin möhkəm təməllər, elmi proqramlar əsasında qurulduğundan və düzgün inkişaf etdirildiyindən xəbər verir.

Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafin mühüm amilinə çevrilməsini təmin etməlidir fikrini əsas götürən ölkə rəhbəri 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında sərəncam imzalamış, artıq bu sahədə böyük iş başlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiyası, Təhsil İslahatlarına dair Dövlət Proqramları, ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Təhsil Qanunu, Azərbaycan Hökuməti və Təhsil Nazirliyinin hüquqi-normativ sənədlərindən irəli gələn vəzifələri əsas meyar kimi qəbul etmiş Zaqatala rayonunun təhsil işçiləri də başa vurduğumuz 2010-2011-ci tədris ilində gənc nəslin daha keyfiyyətli təhsilə yiyələnməsi üçün səylə çalışmışlar. 2011-2012-ci dərs ilində rayonda 67 ümumtəhsil məktəbi, 49 tam orta (orta məktəblərdən biri Humanitar fənlər təmayüllü gimnaziya, digəri, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydir), 14 ümümorta, 4 ibtidai məktəb, 39 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 17784 şagirdin təlim-tərbiyəsi ilə 2930 müəllim məşğul olur.

Rayon məktəblərinin 51-də təlim Azərbaycan dilində, 11-də Azərbaycan-rus dillərində, 4-də Azərbaycan-ingiloy (gürcü) dillərində aparılır. 18 məktəbdə azsaylı xalqların - 12 məktəbin birinci-dördüncü siniflərində avar, 6 məktəbin həmin siniflərində saxur dili tədris edilir. 55 məktəbdə tədris birnövbəli, 22 məktəbdə isə ikinövbəlidir. 30 məktəb birtipli layihə əsasında tikilmiş, 37 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşirdirilmişdir.

Ümumiyyətlə, rayonda fəaliyyət göstərən 111 təhsil müəssisəsindən 60-ı birtipli layihə əsasında tikilmiş binalarda, 51-i uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsinin öz binası olmadığına görə növbəti dərs ilində təhsil şöbəsi üçün ayrıca binanın tikilməsinə nail olmaq əsas məqsədlərimizdən biridir.

Dərs ilinin yekunlarına görə 1331 şagird birinci sinifdən ikinci sinfə keçirilmiş, doqquzuncu siniflərdən imtahana buraxılan 2085 şagirddən 1752 nəfəri imtahanlarda müvəffəq olub şəhadətnamə almış, 333 nəfər isə müvəffəq qiymət almadığı üçün payız imtahanına saxlanılmışdır. XI sinif şagirdlərindən imtahana buraxılan 1483 şagirddən 1163 nəfəri (gürcü sektorundan 65, fərdi 5), cəmi 1233 nəfəri buraxılış imtahanlarından müvəffəq olduqlarına görə attestat almış, 320 nəfəri qeyri-müvəffəq qiymət aldıqlarından attestat ala bilməmişdir. Təkrar imtahan verməyə buraxılan 60 nəfərdən 30 nəfəri attestat alıb. Rayon üzrə XI sinif buraxılış imtahanlarında müvəffəqiyyət 83 faiz olmuşdur. Rayon Təhsil Şöbəsi buraxılış imtahanlarından zəif göstəriciləri olan - Cimcimax, Fındıqlı, Kebeloba ümumi orta məktəbləri yeni tədris ilində daim nəzarətdə saxlayacaq, kadrların elmi-pedaqoji səviyyələrinin artırılması üçün tədbirlər həyata keçirəcəkdir.

İcbari təhsilin həyata keçirilməsi üçün rayonun ərazisində yaşayan 6-16 yaşlı uşaqların siyahıları dəqiqləşdirilmişdir. Xəstəliyə görə 102 nəfər şagird fərdi təlimə cəlb edilmişdir. Rayonun ərazisində təlimdən kənarda qalan və məktəbdən yayınan olmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin 24 avqust 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş " Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna uyğun olaraq rayon ərazisində müntəzəm iş aparılmışdır. Valideyn himayəsindən məhrum olan uşaqların və övladlığa uşaq götürmək istəyənlərin qeydiyyatı aparılmış, əlaqədar təşkilatlarla birgə qəyyum - himayəçilərlə görüşlər keçirilmişdir. 2011-cu ilin yanvar ayının 1-nə olan statistik məlumata görə rayon ərazisində valideyn himayəsindən məhrum olmuş 120 uşaq qeydiyyata götürülmüşdür. Bunlardan 53 nəfəri qəyyum himayəsinə verilmiş, 67 uşaq isə övladlığa götürülmüşdür. 2011-cu ildən keçən dövr ərzində valideyn himayəsindən məhrum olan 9 uşaqdan 3 nəfəri övladlığa , 2 nəfəri qəyyumluğa, 4 nəfəri isə himayəyə verilmişdir. Valideyn himayəsindən kənarda qalmış 18 nəfər azyaşlı həddi-buluğa çatdığından himayəçilərin fəaliyyətinə xitam verilmişdir.

Respublika Uşaq Fondunun Zaqatala rayon şöbəsi tərəfindən 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günündə "Dünya bizim evimizdir" adlı böyük rayon şənliyi keçirilmiş, aztəminatlı və qəyyum himayəsində olan uşaqlara 465 manat məbləğində müxtəlif hədiyyələr verilmişdir.

Artıq dördüncü ildir ki , Azərbaycan Respublikasının Təhsil Konsepsiyası - "Kurrukulum" təlimi qüvvəyə minib. Birinci-dördüncü siniflər üçün fənn kurrukulumları təsdiqlənib. Kurrukulum təlimi ilə işləyən ibtidai siniflər artıq dördüncü sinfə çatmışdır. Hər il olduğu kimi, 2011-2012-ci dərs ilində də ümumtəhsil məktəblərinin birinci siniflərində dərs deyəcək müəllimlər müəyyənləşdirilmişdir. Təhsil Nazirliyinin əmrinə əsasən hazırlanmış təlimçilər tərəfindən 250 nəfər müəllim öyrədici kurslara cəlb edilmiş və müvafiq sertifikatlar almışdır. "Təhsil sisteminin informasiyalaşdırılması" layihəsi üzrə keçirilən treninqlərə müəllimlər və məktəb rəhbərləri cəlb ediliblər. 1500-dən çox müəllim müxtəlif kurslardan keçmişdir. Artıq rayonun müəllimləri 2010-cu ildən keçirilən Avropa İnnovativ Müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsinə qoşulmuşlar.

İREX-Azərbaycan "MEDİA-ya Yardım" layihəsi çərçivəsində keçirilən "Məktəb şagirdlərinin tədqiqat layihəsi" respublika müsabiqəsində Humanitar fənlər gimnaziyasının onuncu sinif şagirdi Eltac Həsənova birinci, Yolayrıc məktəbinin yeddinci sinif şagirdi Ayşə Şabanova ikinci yerə layiq görülmüş və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Həmin müsabiqədə akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey və Car 1 saylı tam orta məktəbi sertifikat almışdır. Hər il olduğu kimi, bu il də rayon məktəblərində şagirdlərdə özlərinə inam yaratmaq, qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək üçün sinifdənxaric tədbirlər, müsabiqələr, elm və idman yarışları, olimpiadalar keçirilmişdir.

Bu ilin mart ayında Uşaq və Yeniyetmələr Mərkəzində "Fövqaladə hallar uşaqların gözü ilə "mövzusunda rəsm-plakat, şeir, inşa, hekayə, əl işləri, yanğın, qəza-xilasetmə texnikasının modelləri, yumşaq oyuncaqlar nominasiyaları üzrə müsabiqə keçirilmişdir. Müsabiqədə 8 nominasiya üzrə 35 məktəbli qalib gəlmiş və onların əl işləri respublika müsabiqəsinə göndərilmişdir. "Fövqaladə hallar uşaqların gözü ilə "Respublika müsabiqəsində rayonumuzun Texniki Yaradıcılıq Mərkəzinin şagirdi Murad Məmmədov, Tala 1 saylı məktəbin şagirdi Əfqan Şabanov, Çobankol kənd orta məktəbinin şagirdi Nilufər Talıbova birinci yerləri, Tala 1 saylı məktəbin şagirdi Pərvin Rəcəbova və şəhər 1 saylı orta məktəbin şagirdi Əmmənisə Quliyeva ikinci yeri, Tala 1 saylı məktəbin şagirdi Ramil Abakarov üçüncü yeri tutmuşlar. Ümumı nəticələrə görə Rayon Təhsil Şöbəsi fəxri fərmanla təltif edilmişdir.

Sevindirici haldır ki,Təhsil Nazirliyi, Fövqaladə Hallar Nazirliyi və YUNİSEF-in layihəsinin həyata keçirilməsi üçün rayonumuzun iki məktəbi - Suvagil 1 saylı və Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbləri pilot məktəblər seçilib. Xatırladaq ki, respublikada cəmi 10 pilot məktəb seçilmişdir. Hər iki məktəbimizdə layihənin həyata keçirilməsində göstərilən nəticələr nazirliklər və YUNİSEF tərəfindən yüksək qiymətləndirilmişdir.

Respublika məktəbləri arasında keçirilən dostluq və əməkdaşlıq görüşləri, təcrübə mübadiləsi tədrisin və təlimin inkişafına müsbət təsir göstərən amillərdəndir. Rayonun Ş.Qurbanov adına 3 saylı tam orta məktəbi ilə Qax şəhər 2 saylı tam orta məktəbi arasında belə görüş keçirilmiş və il ərzində təhsilin kefiyyətinin yüksəldilməsi naminə qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.

Zaqatala rayon Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçıları respublika və beynəlxalq yarışlarda müəyyən uğurlar qazanmış və rayonumuzu layiqincə təmsil etmişlər. Məktəbin yetirmələrindən Ruhəngiz Dibirova Macarıstanda keçirilən Avropa Çempionatında, Səbuhi Qurbanov isə İspaniyada keçirilən dünya birinciliyində iştirak etmək hüququ qazanmışlar .

Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği daim diqqət mərkəzində olmuş, rayon təhsil şöbəsinin təşəbbüsü ilə ulu öndərin anadan olmasının 88-ci ildönümünə aid "Tədbirlər Planına" əsasən məktəblərdə toplantılar, rəsm və mahnı müsabiqələri, idman yarışları keçirilib. "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsinin qalibi olan şəhər 1 saylı orta məktəbin onbirinci sinif şagirdi Günay Çingiz qızı respublika müsabiqəsində iştirak etmiş və inşa yazısı "Heydər Əliyev uşaqların gözü ilə" kitabında çap olunmuşdur.

Rayon Təhsil Şöbəsi öz fəaliyyətində "Təhsil sistemində tərbiyə işinin vəziyyəti, reallıqlar, perspektivlər haqqında" kollegiya qərarına uyğun, fənlərin tədrisi prosesində, sinifdənxaric və məktəbdənkənar tədbirlərin həyata keçirilməsi zamanı şagirdlərin ideya, əxlaqi, əmək və peşəyönümü, estetik, ekoloji, dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik tərbiyəsi sahəsindəki işinə xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarına əsasən ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ümumtəhsil və ilk peşə ixtisas təhsilli müəsisələrinin şagirdləri arasında altıncı Respublika spartakiadasının zona yarışları Zaqatala şəhərində keçirilmişdir. Bu yarışlarda Suvagil kənd 1 saylı tam orta məktəbin qızlardan ibarət və Suvagil kənd 2 saylı tam orta məktəbin oğlanlardan ibarət həndbol komandaları finala çıxmışlar. Rayonun qızlar və oğlanlardan ibarət voleybol komandası ikinci, futbol komandası birinci, basketbol (qızlardan ibarət komanda) birinci, basketbol (oğlanlardan ibarət komanda) ikinci, stolüstü tenis komandası ikinci yerə layiq görülmüşlər. Altıncı respublika spartakiadasının zona mərhələsində ümumi nəticələrə görə birinci yerə Zaqatala idmançıları tutmuşlar.

Müəllimlərin vəzifə funksiyalarının yerinə yetirilməsini təmin etmək, onların fəaliyyətini öyrənmək, metodiki hazırlığını, innovativ təlim üsullarına yiyələnmələrini təmin etmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq üçün rayon ərazisində olan "Dayaq məntəqələri"nin işi yenidən qurulmuş və Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının əməkdaşları həmin məntəqələri metodiki ədəbiyyatla təmin etmişlər. İl ərzində məktəblərdə "Açıq qapı" günlərində dayaq məntəqələrinin planına əsasən 200-dən çox açıq dərs keçirilmiş, qabaqcıl müəllimlərin yeni təlim üsulları ilə qurulan iş təcrübələri öyrənilib, yayılmışdır.

Bu il rayonun orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 1483 məzundan 687 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 257 nəfəri tələbə adını qazanmışdır. Rayon üzrə 14 nəfər 600-dən yuxarı, 33 nəfər 500-600 arası, 53 nəfər 400-500 arası, 176 nəfər isə 250- 400 arası bal toplamşdır. Təhsil sahəsinin qeyd olunan uğurlarını sadaladıqca xüsusilə bir məsələ də yada düşür. Belə ki, müəllimin səmərəli işləməsi və şagirdin lazımi səviyyədə oxuya bilməsi üçün əsas şərtlərdən biri də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu baxımdan Zaqatalada kifayət qədər iş görülüb. Yeni məktəb binalarının tikilməsi və mövcud binaların əsaslı şəkildə təmir edilməsi daim gündəlikdə olub və həmin proses davam etdirilir.

Azərbaycan cəmiyyətində nüfuzlu müəllim həmişə hörmətli insan kimi qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, mən müəllimdən yüksək ad tanımıram. Dövlətimiz müəllimlərin əməyinə həmişə yüksək qiymət vermişdir. Rayonumuzun müəllimlərindən 6 nəfəri son illər "Əməkdar müəllim" fəxri adına, 5 nəfəri "Tərəqqi" medalına, 16 nəfəri isə " Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Müəllim savadlı, kamil insan olmalıdır ki, hamı ondan nəyisə öyrənmək istəsin. Səriştəli, peşəkar müəllim olmaq üçün isə daim oxumaq, öyrənmək,yeniliyi işdə tətbiq etmək lazımdır. Müqəddəs kitabımız Qurani Kərimin buyurduğu kimi "İnsan beşikdən qəbrə kimi öyrənməlidir". Bu gün müəllimlərimizin sıralarında öz nümunəvi davranışı, yaradıcı əməyi ilə seçilən və vəzifə borcunu ləyaqətlə yerinə yetirən, müstəqil azərbaycanımızı gələcəyə doğru aparacaq yeni insanın fornalaşmasında iştirak edən , öz işinin ustası olan pedaqoqlarımız az deyildir.

Artıq 8-ci ildir ki , sentyabr ayının 15-i Respublika Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ümumxalq bayramı "Bilik günü" kimi qeyd olunur. 15 sentyabr Azərbaycanın hər yerində yüksək səviyyədə, mütəşəkkil surətdə keçirilir. Biz əminik ki, bu il də bu bayram təntənəli şəkildə qeyd olunacaq.

Biz bu il də Təhsil İslahatı Proqramının, Təhsil Qanununun, Təhsil Nazirliyinin əmr və təlimatlarının tələblərinə uyğun olaraq fəaliyyətimizi davam etdirəcək, şagirdlərin təlim-tərbiyəsinin müasir tələblər səviyyəsində qurulmasında bütün imkanlardan maksimum istifadə edəcəyik. Respublikanın təhsil naziri Misir Mərdanovun və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin gündəlik qayğısı sayəsində fəaliyyətimizi sürətlə inkişaf edən Azərbaycanın uğurları səviyyəsində quracağıq. Bu, zamanın tələbidir. Zaman isə daim irəli gedir.

 

 

Habil QURBANOV,

Zaqatala Rayon Təhsil

Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 4.