Xocalı həqiqətlərini dünyaya çatdırmaq bizim ümdə vəzifəmizdir

 

Bu gün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşır və öz siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ problemini nizama salmaq üçün mövqeyi həmişə birmənalı olaraq dəyişməzdir. Dövlətimizin başçısı cənab İlham Əliyev mötəbər tribunalardan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin sülh variantına üstünlük verdiyini dəfələrlə bəyan edib. Problemin aradan qaldırılmasında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmağın yeganə yol olduğunu bildirən dövlət başçımızın mövqeyi dünya birliyində hörmətlə dəstəklənir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi öz doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların dədə-baba yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan heç bir zaman öz ərazi bütövlüyünü müzakirə obyektinə çevirməyəcəkdir.

 

Ancaq dövlətimizin başçısından fərqli olaraq Ermənistanın prezidenti Serj Sarkisyan münaqişənin həllini müxtəlif yollarla uzadır. Ona görə ki, o bir prezident kimi fikirlərini müstəqil demək iqtidarında deyil. Serj Sarkisyan hər hansı bir danışıq masası arxasında oturmazdan əvvəl sanki öz havadarlarından aldığı məsləhətlərlə hərəkət edir. Serj Sarkisyan münaqişənin həllini sülh yolu, barış yolu ilə həll etmək əvəzinə, Azərbaycanı müharibə ilə hədələyir, Ermənistan gənclərinin qarşısında çıxış edərək "Qarabağı düşmənlərdən biz almışıq, Ağrı dağını da almaq sizin üzərinizə düşür" deyən S.Sarkisyanın işğalçı siyasət apardığı bir daha sübut olunur. Ermənistan hökuməti hər hansı beynəlxalq təşkilatın, hətta Birləşmiş Millətlər kimi nüfuzlu bir təşkilatın işğalçı Ermənistan ordusunun zəbt etdiyi ərazilərdən öz qoşunlarını tez və qeyri-şərtsiz çıxartması barədə qəbul etdiyi 822, 853, 874, 884 saylı qərarlarına belə məhəl qoymur. Ancaq Serj Sarkisyan başa düşməlidir ki, möhtərəm Prezidentimiz İlam Əliyevin dediyi kimi "vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir".

Qarşıdan XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü gəlir. Faciənin üzərindən 20 il keçməsinə baxmayaraq, hadisələr sanki dünən cərəyan edib. Bu faciənin ağırlığı ondadır ki, vaxtilə Azərbaycana qonaq kimi köçürülən və sonradan postsovet məkanında onillərlə birgə yaşayan ermənilər azərbaycanlılara qarşı belə bir vəhşilik aktını həyata keçirdilər. Belə bir faciəyə, soyqırıma məruz qalan, yüzlərlə şəhidi olan xocalıların həyatında ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra yeni dövr başlandı. Ulu öndərin hələ də faciənin şokunu yaşayan Xocalı uşaqları ilə Bakı şəhərində, Filarmoniyadakı görüşü bütün xocalılara böyük ruh verdi. Sonra ulu öndər ilk olaraq işğal edilmiş rayonlardan Xocalı nümayəndələrini qəbul etdi, onların fikirlərini dinlədi, dərdlərinə şərik oldu. Tədbirin sonunda ulu öndər xocalıların qəhrəmanlığını, mətinliyini vurğuladı və cinayətkarların beynəlxalq aləmdə cavab verəcəyini bəyan etdi. Bundan sonra Prezident Heydər Əliyev xocalıların dərdinə şərik olmaq üçün Qızıl-qum sanatoriyasında şəhidlərin ruhuna hazırlanmış ehsan süfrəsində iştirak etdi və bir daha geniş nitq söylədi.

Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Faciənin dünyaya çatdırılmasında, soyqırım qurbanlarının fotoşəkilləri, kinolentləri, kitablar, bukletlər və digər materiallar fondun köməkliyi ilə əldə olunur və yayılır. Bundan əlavə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət kampaniyası" layihəsi üzrə artıq dünyanın 50-yə yaxın ölkəsində tədbirlər keçirilmiş və imzalar toplanmışdır. Xocalı məktəbliləri də imzatoplama devizinə qoşulmuşlar.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi çətin vəziyyətdə yaşayan Xocalı köçkünlərinin istifadəsinə verildi. 2008-2010-cu illərdə Aşağı Ağcakənd qəsəbəsi ətrafında əlavə daha 4 yeni qəsəbə Xocalı köçkünləri üçün inşa edildi. Bu qəsəbələrdə tikilən müasir tipli orta məktəblər, uşaq bağçaları, mərkəzi rayon xəstəxanası, mədəniyyət mərkəzi, musiqi məktəbləri xocalılara xidmət edir.

Aşağı Ağcakənd qəsəbəsi 2003-cü ilin yanvar ayında istifadəyə verildikdən sonra Xocalı Rayon İcra Hakimiyyəti və rayona aid bütün idarə və təşkilatlar Aşağı Ağcakənd qəsəbəsinə köçürüldü. Hazırda qəsəbədə yeniyetmə və gənclərimiz müasir tipli məktəblərdə təhsil alır, mini idman meydançalarında müxtəlif idman növləri ilə məşğul olurlar. Burada həmçinin körpələr eviuşaq bağçaları balacalara xidmət göstərir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi İdarə Heyətinin üzvü kimi bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət bölgədə, o cümlədən Xocalı rayonunun ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanır. Bu siyasətin reallaşması üçün bizöz köməyimizi əsirgəmir, bir sıra tədbirlər görürük. Bu işlərin əsasını yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, dövlət atributlarına hörmət etmək və onları sevmək, gənclərimizi hərbi xidmətə hazırlamaq, işğal altında olan torpaqlarımız və orada olan tarixi abidələr haqqında tam məlumatları əldə etmək və rayonların coğrafi mövqeyini öyrənmək təşkil edir. Son iki ildə rayonumuzda məktəblilərin və gənclərin təşəbbüsü ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 2010-cu il fevral ayının 22-də Xocalı şəhər 4 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə "Erməni terroruonun acı nəticələri" mövzusunda, fevralın 24-də Qarabağ döyüşlərində fərqlənən gənc döyüşçü Natiq Qasımova həsr edilmiş poemanın təqdimatı, 2011-ci il fevralın 22-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Mübarizləri olan Vətən basılmaz" devizi altında elmi-praktik konfrans, aprelin 23-də Xocalı şəhər 4 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdlərinin Mübariz İbrahimovun valideyinləri ilə görüşü, mayın 24-də rayon ümumtəhsil məktəb şagirdləri arasında "Azərbaycan tarixindən nələri bilirəm" mövzusunda bilik yarışmaları keçirilən tədbirlərə aiddir.

Azərbaycan Milli Musiqi Akademiyasının rektoru, professor Siyavuş Kəriminin 2010-cu ilin iyun ayında qəsəbəmizə gəlməsi yeniyetmə və gənclərimizin eləcə də mədəniyyət işçilərimizin böyük sevincinə səbəb olmuşdur. Keçirilən belə tədbirlər, gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.

Hazırda respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Məhz bu məqsədlə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin 25 iyul 2011-ci il tarixdə keçirilmiş iclasında Şuşa, Xocalı, Xocavənd rayonlarının ümumi təhsil müəssisələrində VII-XI sinif şagirdləri arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə "Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi qərara alınmışdır. Müsabiqənin nəticəsinə görə hər məktəbdən ən yaxşı hesab olunan inşaların seçilməsi və icmanın dəstəyi ilə toplu şəklində çap olunması nəzərdə tutulmuşdur. Keçiriləcək bu müsabiqəni müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yola məktəblilərin gözü ilə bir baxış kimi də qiymətləndirmək olar.

İclasda qərara alınmışdır ki, idarə heyətinin tərkibində olan alimlərin müntəzəm olaraq icmaya daxil olan rayonların məktəblərində yuxarı sinif şagirdləri ilə görüşləri təşkil edilsin, onların iştirakı ilə "açıq dərslər" keçirilsin. Həmçinin təklif olunmuşdur ki, idarə heyətinin üzvləri hərbi hissələrdə xidmət edən əsgər və gənc zabitlərlə vaxtaşırı görüşlər keçirsinlər. Belə bir tədbir bu günlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri B.Səfərov və İdarə Heyətinin üzvlərinin iştirakı ilə Beyləqan rayonunun ərazisində yerləşən hərbi hissədə olmuşdur.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu il avqustun 23-də icmanın idarə heyəti üzvləri Beyləqan rayonunda məskunlaşmış Xocavənd rayon sakinləri ilə də görüşmüşlər.

Dağlıq Qarabağ icmasının hər bir üzvü Azərbaycan vətəndaşıdır. Bütün bu işləri biz də görməliyik və görürük. Hazırda biz köçkünlər arasında nə qədər gəncin olduğunu, qocaların və dünyaya gələn uşaqların sayını və digər məsələləri təhlil edirik. Bununla yanaşı, göruşdüyümüz beynəlxalq təşkilatların nümayəndələrinə Qarabağ haqqında bilgilər verir, buranın tarixi Azərbaycan torpağı olduğunu faktlarla sübut etməyə çalışırıq. Hazırda təbliğatımızı aparmaq üçün internet resurslarından da istifadə edirik. İcmanın veb saytı da fəaliyyət göstərir. Bu saytda Qarabağın abidələri, mədəniyyəti, görkəmli şəxsləri, həqiqətlər barəsində ətraflı məlumatlar yer alır.

Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı Xocalı RİH-in və Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcmasının dəstəyi ilə xüsusi kitab yazılır, bukletlərin hazırlanması üçün materiallar toplanır. Xocalı RİH saytının internetdə yerləşdirilməsi yekunlaşmaq üzrədir. Sayt açılandan sonra soyqırımı materialları internet vasitəsilə beynəlxalq aləmə çatdırılacaq.

Eyni faciəyə düçar olmuş Xocalı və Lidiçe şəhərlərinin adlarını əbədiləşdirmək üçün Lidiçedə və Aşağı Ağcakənddə iki küçəyə həmin şəhərlərin adları verilmiş, orada abadlıq işləri görülmüş, küçələrə xatirə lövhələri vurulmuşdur. 2011-ci ilin iyun ayının 8-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın və Lidiçe xatirə kompleksinin nümayəndəsi Vladimir Kovaçikin, eləcə də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi R.Ağayevin, Milli Məclisin deputatı E.Məmmədovun, Goranboy RİH başçısı N.Quliyevin və Xocalı RİH başçısı Ş.Usubovun, həmin rayonların gənclərinin, həmçinin televiziya, mətbuat işçilərinin iştirakı ilə Lidiçe küçəsinin açılış mərasimi keçirilmişdir.

Ermənistanın hakim dairələri tərəfindən Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla həyata keçirilmiş Xocalı soyqırımı bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur. Ermənilərin törətdiyi bu soyqırımı Xatın, Xirosima, Naqasaki, Lidiçe cinayətləri ilə bir sırada durur. Bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

 

 

Cavid ƏLİYEV,

Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı

İcması İctimai Birliyi İdarə Heyətinin üzvü,

Xocalı rayon rabitə qovşağının rəisi

 

Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 3.