Ermənistan prezidenti törətdiyi qanlı əməllərə
görə cavab verməlidir
Serj Sarkisyanın mülki şəxslərin
kütləvi qətlində əli olduğuna görə
Amerikada yaşayan ermənilər onun bu ölkəyə gəlişini
boykot ediblər
Ermənistan
prezidenti Serj Sarksiyanın qeyri-ciddiliyi, riyakarlığı və
ikiüzlü siyasət yeritməsi artıq erməniləri də
təngə gətirib. Xarici ölkələrdə yaşayan
ermənilər Ermənistan prezidentinin dövlət
başçısına yaraşmayan hərəkətlərindən
cana doyduqlarını bildirirlər. Onlar yaşadıqları
ölkələrə Serj Sarkisyanın səfərini boykot
etmək üçün artıq imzatoplama kampaniyasına
başlayıblar.
Ermənistan
kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda
bildirilir ki, ABŞ-da yaşayan ermənilər prezident Serj
Sarkisyanın Birləşmiş Ştatlara gözlənilən
səfərinin qarşısını almaq üçün
imzatoplama kampaniyasına başlayıblar. Artıq Los-Ancelesdə
yaşayan ermənilər xeyli imza toplayıblar. Məlumatda
bildirilir ki, Ermənistan prezidenti bu ölkənin müstəqilliyinin
20-ci ildönümü ilə əlaqədar Los-Ancelesdə
ziyafət vermək üçün ABŞ-a səfərə
hazırlaşır. Bu ölkədə yaşayan ermənilər
isə bütün vasitələrlə bu səfərin
qarşısını almağa çalışırlar.
Çünki yaxşı bilirlər ki, Serj Sarkisyan burada da
qeyri-ciddi, dövlət başçısına yaraşmayan hərəkətlər
edəcək, onsuz da biabırçı vəziyyətdə
olan Ermənistanı daha çətin hala salacaq.
Ermənistan
kütləvi informasiya vasitələrinin yaydığı
daha bir məlumatda bildirilir ki, prezident Serj Sarkisyanın
qeyri-ciddiliyi, riyakarlığı inkişaf etmiş dövlətlərin,
həmçinin nüfuzlu beynəlxalq qurumların bu ölkədən
üz döndərmələri ilə nəticələnib.
Biz bunu ABŞ-ın Ermənistana verdiyi yardımların xeyli
miqdarda azaldılması və ya bəzi sahələrə
ayırdığı ianənin dayandırılmasında da
gördük. ABŞ rəsmiləri Ermənistana verilən
yardımların təyinatı üzrə xərclənmədiyini,
dövlət məmurları tərəfindən mənimsənildiyini
bildiriblər. Ona görə də yardımların verilməsi
birdəfəlik dayandırılıb. Digər tərəfdən
Ermənistan prezidenti Serj Sarksiyan insan hüquq və
azadlıqlarının pozulmasında, mülki şəxslərin
kütləvi qətlində fəal iştirak etdiyinə və
bu qətllərin törədilməsində təşkilatçı
olduğuna görə də ABŞ-a buraxılmaya bilər.
Çünki bu ilin avqust ayının əvvəllərində
ABŞ Prezidenti Barak Obama insan hüquqlarını pozan, hərbi
və mülki şəxslərin kütləvi qətlində
əli olan canilərin Amerikaya buraxılmasını
qadağan edən qərar qəbul edib. Bunun üçün
hətta, xüsusi komissiya da yaradılıb. Qərarda qeyd
edilir ki, belə qatillərin ABŞ-a səfəri bu ölkənin
maraqlarına ziddir və ölkənin beynəlxalq imicinə
zərbə vura bilər.
Göründüyü kimi, ABŞ Prezidentinin qəbul etdiyi qərar sanki Ermənistan prezidentinin boyuna biçilib. Çünki Ermənistan prezidenti həm öz ölkəsində, həm də beynəlxalq aləmdə insan hüquq və azadlıqlarını pozan, mülki şəxslərin, dinc əhalinin kütləvi qətlində, hətta günahsız uşaqların vəhşicəsinə öldürülməsində əsas təşkilatçı kimi tanınır. Dağlıq Qarabağ və ətraf rayonlarda on minlərlə azərbaycanlının qəddarcasına qətlə yetirilməsinin, dünyada analoqu olmayan Xocalı faciəsinin törədilməsinin, bir milyondan artıq soydaşımızın öz doğma ev-eşiklərindən didərgin salınmasının əsas təşkilatçısı prezident Serj Sarkisyan deyilmi? O, sanki günahsız insanların vəhşicəsinə qətlə yetirilməsindən, insanların ev-eşiklərinin, yurd-yuvalarının yerlə yeksan edilməsindən həzz alırmış kimi bu barədə xarici jurnalistlərə həyasızcasına, böyük həvəslə müsahibələr də verir. Xocalı soyqırımının törədilməsindən fəxrlə danışan Ermənistan prezidenti Serj Sarkisyan jurnalist Tomas de Vaala verdiyi müsahibədə deyir: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi qaldırmağın öhdəsindən gələ bildik".
Tomas de Vaal Ermənistan prezidentinin dediklərini şərh edərək yazır: "Sarkisyanın sözləri qətllərin, ən azı qismən, qorxu yaratma məqsədilə qəsdən törədilmiş kütləvi qətl aktı olmasından xəbər verərək, Qarabağ müharibəsinin ən dəhşətli qırğınına fərqli işıq salır". Tomas de Vaal Xocalının yerlə-yeksan edilməsindən, bu qəddarlıqdan, amansızlıqdan göz yaşlarını saxlaya bilmədiyini də gizlətməyərək yazır: "Xocalı mənim xatirəmdən silinməyəcək. O şəhər gözdən uzaq, könüldən iraq bir yerdəydi. İndi ora yerlə-yeksan olunub. Əlimdən heç bir şey gəlmədi, mən elə hey ağladım, ağladım".
Ermənistan prezidenti Serj Sarkisyanın dinc əhalinin qatili olması artıq beynəlxalq aləmdə də öz əksini tapıb. O, həm də öz ölkəsində qatil, cani kimi tanınıb.
2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra xalq küçə və meydanlara çıxaraq seçkinin saxtalaşdırılmasına, zorakılıq hallarının baş alıb getməsinə, prezidentliyə digər namizədlərin seçki qərargahlarının yandırılmasına və seçicilərə hədə-qorxu gəlinməsinə ciddi etirazını bildirdilər. O zaman dinc aksiya iştirakçıları gülləbaran edildi. Rəsmi məlumatda 13 nəfərin qətlə yetirildiyi bildirilirdi. Qeyri-rəsmi məlumatlarda isə 100-dən çox aksiya iştirakçısının öldürüldüyü barədə məlumat verilirdi. Bu, həmin vaxt Ermənistan prezidenti "seçilmiş" Serj Sarkisyandan öz xalqına ilk "töhfə" idi.
Ermənistanda nəşr olunan "Arm Today" qəzetinin yazdığına görə, prezident Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı 2008-ci ilin mart hadisələrini törədənlərin hələ də tapılmaması məsələsinə aydınlıq gətirərkən deyib ki, guya Ermənistanda bu cinayətin üstünü açmağa qadir olan mütəxəssis yoxdur. Hətta o, utanmaz-utanmaz Avropa Şurasının insan hüquqları üzrə komissarına müraciət edərək bu işin üstünün açılması üçün ekspertlər tapmaqda kömək olunmasını xahiş edib. Qəzetin yazdığına görə, Ermənistan prezidenti məlum cinayətin motivləri, kimlər tərəfindən təşkil olunduğunu və qatillərin kimliyini də çox yaxşı bilir. Sadəcə o, mütəxəssis çatışmazlığı bəhanəsi ilə özünü kompensasiya edir və əslində cinayətin üstünü ört-basdır edir. Artıq Ermənistanda yerli əhali Serj Sarkisyanı öz millətinin qatili kimi tanıyır. Bu yaxınlarda Ermənistanda keçirilən mitinqdə çıxış edən sabiq prezident Levon Ter-Petrosyan Serj Sarkisyanı bandit adlandıraraq deyib: "İndi çox əhəmiyyətli gün, ölkəmizin əsl sahiblərinə çevrilməmizlə başa çatacaq hərəkatın əvvəlidir. Bu məqsədə çatmaq üçün hamımız küçələrə çıxmalı, hakimiyyət qəsbkarı və bandit olan Serj Sarkisyanın istefasına qədər mübarizə aparmalıyıq. Laqeyd qalmamalıyıq. Əfsuslar olsun ki, bütün diktatorlar kimi, Ermənistandakı hakimiyyət də üzərinə düşən məsuliyyəti anlamır. Sarkisyan iqtidarı siyasi müxalifətə qarşı informasiya blokadası, mitinq və etiraz aksiyalarının qadağan edilməsi, polislə qorxutmaq, həbsxanalar və silahla ram etməyə çalışmaq vasitəsilə qanunsuzluqlara əl ataraq yalançı "stabillik" görüntüsü yaratmağa çalışır".
Mitinqdə hər dəfə Ermənistan prezidenti Serj Sarkisyanın adı çəkiləndə aksiya iştirakçıları "Qatilin, cinayətkarın, banditin, at oğrusunun adını çəkməyin. Beyində qəzəb doğurur, ürəyi də bulandırır" - deyə qışqırırlar.
Göründüyü kimi prezident Serj Sarkisyan öz ölkəsində də cani və qatil kimi tanınır. Ermənistanda nəşr olunan kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, bu ölkədə heç kim S.Sarkisyana hörmət etmir, onu prezident kimi saya salmır. Mitinqə toplaşanlar əllərində prezident Serj Sarkisyanın altında "Vampir" yazılmış portretini tutmaları da bunu təsdiqləyir. Mitinqdə çıxış edən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri David Şahnazaryan, Respublika Partiyasının lideri Aram Sarkisyan, Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan və digərlərinin öz çıxışlarında qatil və qəsbkar prezident Serj Sarkisyanın istefasını tələb etməklə yanaşı, xalqı inqilaba səsləmələri də diqqət çəkən məqamlardan olub.
Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a buraxılmamasına kifayət qədər əsas var. Çünki onun əlləri günahsız insanların qanına batıb. O, çoxlu sayda uşaqların, qocaların, qadınların vəhşicəsinə qətlə yetirilməsinin təşkilatçısı və iştirakçısı olub. İnsan hüquq və azadlıqlarının pozulmasında da onun tayı-bərabəri yoxdur. Ona görə də Ermənistanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar ABŞ-a səfərə hazırlaşan prezident Serj Sarkisyanın qarşısı elə ermənilər tərəfindən alınmaqdadır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 3.