Azərbaycanın
xarici siyasəti milli
və dövlətçilik maraqlarımızın
reallaşdırılmasına xidmət edir
Ölkəmiz regional və beynəlxalq
layihələrdə həlledici söz sahibi, etibarlı tərəfdaşdır
Öz
dövlət müstəqilliyinin bərpasının 20 illik
yubileyi ərəfəsində olan Azərbaycan Bizim xarici siyasətimizin
əsas prinsipləri ondan ibarətdir ki, istənilən sahədə
ölkəmizin maraqlarının beynəlxalq aləmdə
yüksək səviyyədə təmin edilməsinə nail
olaq... Ancaq ən əsas məqsədimiz odur ki, Azərbaycanın
ərazi bütövlüyünə nail olaq. Biz həmin məqsədlərə
nail olacağıq. Azərbaycanın bütün şəhərlərində
bizim dövlət bayrağımız
qaldırılacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Respublikasının
bu iki onillikdə yaşadığı tarixə nəzər
salanda çoxsaylı uğurların şahidinə çevrilirik.
Ölkədə daxili ictimai-siyasi sabitliyə nail
olunmasından tutmuş kosmosa rabitə peykinin
çıxarılmasınadək, NATO-nun Sülh Naminə Tərəfdaşlıq
Proqramına qoşulmağımızdan başlayaraq müasir
dünya düzənində öncül yerlərdən birini
tutmağımızadək, "Əsrin müqaviləsi"ndən
etibarən həyata keçirdiyimiz nəhəng layihələr
nəticəsində Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində əsas ünvanlardan birinə
çevrilməyimizədək bütün məqsədlərdə
genişmiqyaslı uğurlara imza atmışıq. Ulu öndər
Heydər Əliyevin işləyib hazırladığı bu
möhtəşəm siyasi kursun mükəmməlliyi
ondadır ki, burada daxili siyasət xarici siyasəti, xarici siyasət
isə daxili siyasəti tamamlayır. Bəzi ölkələrdə
bu iki istiqamət sırf spesifik xətlər üzrə
inkişaf etdirilir. Azərbaycanda isə reallıq bir qədər
fərqlidir və hətta bu reallıqları əcnəbi həmkarlarımız
Azərbaycan nümunəsi kimi qiymətləndirirlər.
Rəsmi
Bakının yeritdiyi xarici siyasətin istənilən istiqamətdə
uğurla başa çatmasının bir neçə səbəbi
vardır. Təbii ki, birinci yerdə müəyyən edilmiş
siyasi kursun elmi şəkildə əsaslandırılması,
yerli, regional və beynəlxalq reallıqların nəzərə
alınması, dünyada gedən ictimai-siyasi proseslərin dərindən
öyrənilməsi və ən nəhayət tarixi təcrübələrdən
ibrət götürülməsi kimi mühüm amillər
dayanır. Ulu öndər bütün bu amilləri
böyük peşəkarlıqla nəzərə
almışdı. Sonrakı əsas səbəblər isə
Azərbaycanın bütün dünya üçün
mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda
yerləşməsi və nəhayət, ölkəmizin zəngin
təbii sərvətlərə malik olmasıdır. Bu
üç mühüm amil Azərbaycanın xarici siyasətinin
uğurlarını təmin edir.
Bu
zaman bir məsələni də xüsusilə qeyd etmək zərurəti
var. Belə ki, bu gün dünyada çox böyük təbii
sərvətlərə malik olan ölkələr var ki,
onların yerləşdiyi geosiyasi məkan heç də Azərbaycanın
geosiyasi əhəmiyyətindən az deyil. Üstəlik, həmin
dövlətlərin bir qismində mükəmməl siyasi
kurs da mövcud idi. Ancaq həmin ölkələrin bir
çoxu beynəlxalq aləmdə söz sahibinə
çevrilə bilmədi. Nə üçün?
Çünki həm təbii sərvətlərdən, həm
də dövlətçilik təcrübəsindən layiqincə
bəhrələnmək üçün xalqın lideri
olmalıdır. Öndəri, lideri olmayan xalq
qızılın içərisində də yoxsulluq və məhrumiyyətlərə
düçardır. Bu məsələdə Azərbaycan
xalqının bəxti daha çox gətirmişdir.
Müstəqilliyin
ilk illərinin məhrumiyyətlərini görmüş
soydaşlarımız bir-birinə sual verirdilər ki, bizim bu
qədər sərvətimiz, ölkəmizin geosiyasi əhəmiyyəti
ola-ola nə üçün aclıq və yoxsulluq içərisindəyik?
İnsanlar bir-birinə bu sualları verə-verə bəlaların
səbəbini tapdılar və lidersizlik ucbatından üzləşdiyimiz
problemlərin həllini ümummilli lider Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışında gördülər.
Bu
gün Azərbaycanın xarici siyasətdəki möhtəşəm
uğurlarından fəxr və iftixarla
danışırıq. Dünyanın aparıcı kütləvi
informasiya vasitələri və ən mötəbər beynəlxalq
təşkilatların təmsilçiləri də bu
mövzuda ürək açıqlığı ilə
danışır, səmimiyyətlə söz
açırlar. Ancaq 1993-1994-cü illərdə - Heydər Əliyev
xarici siyasət kursunun ilk addımlarının
atıldığı illərdə nəinki hansısa
uğurdan danışmaq mümkün deyildi, hətta, beynəlxalq
aləmdə kimin bizə inanıb-inanmayacağını
müəyyənləşdirmək də çətin idi.
Ancaq ulu öndər üfüqdə Azərbaycanın xarici
siyasətinin uğurlarını gördüyü
üçün qətiyyətli, inamlı idi. Məhz həmin
qətiyyətin sayəsində dünyanın aparıcı
ölkələrini təmsil edən güclü neft şirkətləri
Azərbaycana cəlb edildi, "Əsrin müqaviləsi"
adlı möhtşəm beynəlxalq saziş imzalandı. Ulu
öndər həmin müqavilə ilə ölkəmizin təbii
sərvətlərindən milli dövlətimizin qüdrətlənməsi
üçün istifadə etdi. Özü də,
böyük ustalıq və peşəkarlıqla.
Azərbaycan
xalqı təbii sərvətlərdən milli maraqların təmin
edilməsi üçün atılan addımlardan
böyük məmnunluq hissləri yaşadı. Qeyd etdiyimiz həmin
müqavilənin ardınca isə Heydər Əliyev milli
maraqlarımızın təmin olunması üçün
daha gərəkli olan addımları atdı. Məhz
ümummilli liderin səyləri nəticəsində Azərbaycanda
Böyük İpək yolunun bərpasına dair beynəlxalq
forum təşkil edildi. Həmin forumda dünyanın 42
ölkəsinin nümayəndəsi iştirak edirdi ki, onlardan
səkkizi prezidentləri ilə təmsil olunurdu. 1998-ci ilin
sentyabrında Bakıda keçirilən həmin forumda ulu
öndər demişdi: "Bu zirvə görüşü əməkdaşlığın
inkişafında, sülhün qorunmasında, hər bir
ölkəyə və ümumiyyətlə, bütün
Avrasiya məkanına firavanlıq və rifahın gətirilməsində
öz rolunu oynayacaqdır". Nəticədə nə oldu? Bu
layihə bölgədə yerləşən ölkələrin
ticarət-iqtisadi əlaqələrinin inkişafını,
beynəlxalq yük və sərnişin
daşınmasının intensivliyini, tranzit
daşımalarının əlverişli olmasını,
yük daşımalarının müddətinin
qısaldılmasını, nəqliyyat siyasətinin səmərəliləşdirilməsini,
müxtəlif nəqliyyat sahələri arasında əlaqələrin
koordinasiya edilməsini və bir çox başqa göstəriciləri
təmin etdi. Yəni Azərbaycan çoxsaylı dostlar
qazandı ki, bu da beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin
daha çox səslənməsinə zəmin yaratdı. Deməli,
ulu öndər Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə nail olmaq üçün növbəti
mühüm addımı atmış oldu.
Azərbaycanın
milli maraqlarının təmin edilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyünün bərpası şərtiylə
həll olunması üçün atılan növbəti
addımlar Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
ixrac kəmərlərində, Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin reallaşdırılması üçün
Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətdə
özünü göstərdi. Həm ulu öndər Heydər
Əliyevin siyasi müdrikliyi, həm də Prezident İlham Əliyevin
əzmi və iradəsi ilə artıq nəinki Avropanın,
həm də dünyanın bütün ölkələri Azərbaycanın
dostuna çevrilib. Son beş-altı ildə Avropanın enerji
təhlükəsizliyi ilə bağlı elə bir zirvə
toplantısı olmur ki, Prezident İlham Əliyev orada ən
mötəbər nümayəndə heyətinin rəhbəri
kimi iştirak etməsin. Əgər 5-6 il əvvəl Azərbaycan
Xəzər dənizi - Qara dəniz regionunda söz sahibi idisə,
indi Avropanın bütün guşələrinin dövlət
başçıları rəsmi Bakının təkliflərini
qəbul edir, Azərbaycanın mövqelərini dəstəkləyir,
Prezident İlham Əliyevlə razılaşırlar.
Bəzi
ekspertlər bütün bunları Azərbaycanın iqtisadi
layihələrdəki nailiyyətləri kimi qəbul edirlər.
Ancaq unudurlar ki, ulu öndər Heydər Əliyevin məşhur
"neft diplomatiyası" ifadəsi var idi. Rəsmi Bakı
həmin diplomatiyadan böyük məharətlə istifadə
edir. Bu gün dünyanın bütün beynəlxalq təşkilatlarının
Ermənistanı işğalçı dövlət kimi
tanıması, ABŞ, Rusiya, Fransa, Türkiyə,
Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran,
İtaliya, Rumıniya, Polşa kimi ölkələrin birmənalı
şəkildə Azərbaycanın ərazi
bütövlüyünü tanıması məhz uğurlu
xarici siyasət kursunun nəticəsidir. BMT, Avropa
Şurası, Avropa İttifaqı, ATƏT, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı, NATO,
Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli
Dövlətlər Birliyi və eləcə də
bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tezliklə və
Azərbaycanın ərazi bütövlüyünün bərpası
şərtiylə həll olunmasını tələb edirlər.
Prezident İlham Əliyevin xatırlatdığı kimi,
bütün bunlar ulu öndər Heydər Əliyevin
formalaşdırdığı xarici siyasət kursunun nəticələridir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 1.