Neft strategiyasının uğurları ölkəmizin iqtisadi qüdrətini artırır

 

Cari ilin ilk yarısında "Əsrin müqaviləsi" çərçivəsində 19 milyon ton neft hasil olunmuşdur

 

Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən yeni neft strategiyasının uğurları ilbəil artır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının reallaşdırılmasından əldə olunan gəlirlər ölkəmizin maliyyə dayaqlarının getdikcə möhkəmlənməsinə səbəb olur. Bu da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə imkan yaradır. Bütün bunlara baxmayaraq, neft-qaz sektoru hələ uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalacaq.

 

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda neftin hasilatı, demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. 2011-ci ilin yeddi ayı ərzində ölkəmizdə 27 milyon 691,1 min ton neft hasil edilmişdir ki, onun da böyük hissəsi ixrac olunmuşdur. Bundan əlavə, hesabat dövrü ərzində Azərbaycanda hasil edilən 15 milyard 145,7 milyon kubmetr qazın da xeyli hissəsi ixraca yönəldilmişdir. Göründüyü kimi, Azərbaycanın neft-qaz sənayesi hazırda sürətli inkişaf dövrünü yaşayır. "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi - "Əsrin müqaviləsi"nin imzalanmasının 17-ci ili tamam olur. Azərbaycanı beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmiş bu tarixi saziş çərçivəsində də mühüm nailiyyətlər əldə edilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2011-ci ilin ilk yarısının nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-iyun ayları ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 325,3 milyon dollar, əsaslı məsrəflərinə isə 874,9 milyon dollar xərclənmişdir.

2011 ci ilin birinci yarımilliyi ərzində müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 19 milyon ton və ya 140,4 milyon barrel neft hasil olunmuşdur. Xatırladaq ki, həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı 775,700 barrel təşkil etmişdir. Bunun da 78,700 barreli "Çıraq", 216,100 barreli "Mərkəzi Azəri", 218,600 barreli "Qərbi Azəri", 131,900 barreli "Şərqi Azəri" və 130,400 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. İlin əvvəlindən müqavilə sahəsində 60 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 24 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.

Məlum olduğu kimi, "Azəri", "Çıraq" və "Günəşli" (dərinsulu hissəsi) yataqlarından neftlə bərabər, səmt qazı da çıxarılır. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti cari ilin birinci yarısı ərzində "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, "Çıraq" platformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. İlin altı ayı ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 10,5 milyon kubmetr olmaqla 1,9 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Bütövlükdə isə il ərzində "Azəri-Çıraq-Cünəşli" layihəsi çərçivəsində Azərbaycanın qazpaylama sisteminə 2,3 milyard kubmetr qaz təhvil verilməsi nəzərdə tutulur. "Azəri" yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.

"Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı ilə yanaşı, qazma işləri də uğurla davam etdirilir. Konsorsium iştirakçıları ilin əvvəlindən bu sahədə bir sıra uğurlara imza atmışlar. Təkcə onu demək kifayətdir ki, cari ilin ilk yarısı ərzində müqavilə sahəsində üç hasilat quyusunun qazıntısı başa çatdırılmışdır. Bundan əlavə, ötən ilin mart ayında "Çıraq" platformasında qazılan yeni hasilat quyusunda işlər başa çatdırıldıqdan ötən dövr ərzində layihə çərçivəsində daha bir neçə öncə qazma quyusunda da işlər başa çatdırılmışdır. Xatırladaq ki, adıçəkilən layihənin 16 quyudan ibarət qazma proqramına 2010-cu ilin aprel ayında başlanılıb. Ötən müddət ərzində üç quyu qoruyucu boruyadək qazılaraq gələcək istifadə məqsədilə bağlanmışdır. Yeri gəlmişkən, "Çıraq" platformasındakı qazma qurğusunda aparılan planlaşdırılmış profilaktik işlər gələn ilin birinci rübünün sonunadək davam edəcək. Ötən il "Azəri" yatağında da qazma işləri xeyli intensivləşmişdir. Belə ki, cari ilin mart ayında "Azəri" yatağının mərkəzi hissəsində yanaqazma hasilat quyusu tamamlandıqdan sonra platformadakı qazma qurğusunda profilaktiki işlərə başlanmışdır. Qazma işləri isə ilin üçüncü rübü ərzində bərpa olunacaq. Gələn ilin birinci rübünün sonunadək burada bir hasilat və daha bir qaz injektor quyusunun qazıntısı nəzərdə tutulur.

Qazma işləri "Azəri" yatağının qərb və şərq hissələrində də uğurla davam etdirilir. Cari ilin ilk yarısında "Qərbi Azəri" platformasından yeni bir hasilat quyusunun qazıntısı uğurla tamamlanmışdır. İlin üçüncü rübü ərzində burada daha bir hasilat quyusunun təhvil verilməsi planlaşdırılır. "Şərqi Azəri" platformasında isə bir hasilat və bir pilot quyusunun qazıntısı tamamlanmışdır. Hazırda pilot quyusunun lülə hissəsindən daha bir quyunun qazıntısı davam etdirilir.

İstismarına bir qədər gec başlanmış "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində isə hazırda yeni bir hasilat quyusunda qazma işləri davam etdirilir. Həmin quyunun cari ilin üçüncü rübündə istismara verilməsi nəzərdə tutulur. İlin sonunadək qazıntısına başlanılacaq növbəti quyu isə gələn ilin birinci rübündə təhvil veriləcək .

2010-cu ilin mart ayında tikinti-quraşdırma işlərinə başlanılmasına dair müqavilə imzalanmış "Çıraq" neft layihəsi çərçivəsində də öncə qazma işləri sürətlə davam etdirilmişdir. Əvvəlcə "İstiqlal" yarımdalma qurğusu vasitəsilə ilk quyunun qazıntısına başlanılmışdır. Gələcəkdə quraşdırılması nəzərdə tutulan platformanın dayaq tavası dənizin dibinə bərkidildikdən sonra isə öncə qazma əməliyyatları "Dədə Qorqud" qurğusu vasitəsilə davam etdirilmişdir. Ötən müddətdə "Çıraq" neft layihəsi çərçivəsində dörd quyuda qazma işləri həyata keçirilmiş və həmin quyular qoruyucu boruyadək qazılaraq gələcək hasilat üçün müvəqqəti olaraq bağlanmışdır. 2011-ci il ərzində isə "Çıraq" yatağında öncə qazma proqramı çərçivəsində daha dörd quyuda qazma əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Çıraq" neft layihəsi çərçivəsində tikinti-quraşdırma işləri də qrafikə uyğun davam etdirilmişdir.

"Əsrin müqaviləsi" çərçivəsində ixrac əməliyyatları da uğurla həyata keçirilir. Belə ki, ilin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin sualtı nəql sistemi vasitəsilə Səngəçal sahil terminalına daşınması davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, hazırda terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. Cari ilin ilk yarısında Səngəçal terminalından 154,5 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 135,7 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 15,2 milyon barreli Bakı-Supsa kəmərləri, 3,6 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.

Yeri gəlmişkən, Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti getdikcə genişlənir. 2011-ci ilin yanvar-iyun ayları ərzində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 8 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Yanvar-iyun ayları ərzində kəmərlə dünya bazarına 18,2 milyon ton xam neft ixrac olunmuşdur. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından indiyədək kəmər vasitəsilə nəql edilmiş 169 milyon ton xam neft 1624 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, Bakı-Tbilisi-Ceyhan kəməri üçün hələlik ən yüksək nəql göstəricisi 1,044 milyon barrel təşkil etmişdir.

Hazırda "Azəri-Çıraq-Günəşdi" layihəsi üzrə xam neftin "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən Türkmənistan nefti daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın "Tengiz" yatağından neft həcmlərini daşımaq haqqında sazişlər mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır.

Göründüyü kimi, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının getdikcə artması ölkəmizin ixrac imkanlarının genişlənməsinə səbəb olur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 4 sentyabr.- S. 1.