Xızı rayonunda sosial-iqtisadi sahələrdə uğurlu göstəricilər əldə edilir

 

Azərbaycanda hazırda ikinci regional Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilir. Yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələrinin reallaşdırılması əhalinin rifah halını daha da yaxşılaşdırır. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda dinamik artım müşahidə olunur. Dövlət başçısı cənab İlham Əliyevin ikinci regional Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlaması, mütəmadi şəkildə yerlərdə olması, görülən işlərlə ciddi şəkildə maraqlanması, qarşıya çıxan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verməsi də, şübhəsiz ki, regionların inkişafının dinamik xarakter almasına öz müsbət təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyul ayının 19-da Xızı rayonuna səfəri də bunun bariz ifadəsidir.

 

Xatırladaq ki, dövlət başçısı Xızıda diaqnostika-müalicə mərkəzinin açılış mərasimində çıxış edərkən, Azərbaycanda sosial-iqtisadi inkişafın dinamik xarakter aldığını vurğulamış, eyni zamanda, adı çəkilən rayonun son illər simasının xeyli dərəcədə dəyişdiyini diqqətə çatdırmışdır. Ölkə Prezidenti demişdir: "Bütövlükdə ölkəmizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. İqtisadi inkişaf sürətlidir, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıtdırıb və qəbul edilmiş proqramlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin. O cümlədən, Xızı rayonunda da müsbət dəyişikliklər göz qabağındadır. Rayonun infrastrukturunun inkişafı üçün çox vacib tədbirlər görülmüşdür, yol çəkilibdir. Həm magistral yol - Bakı-Rusiya sərhədi magistral yolunun bir hissəsi xızılılara da xidmət edir, eyni zamanda, trasdan Xızıya çəkilmiş yeni yol da yüksək səviyyədədir. Mənə indi verilən məlumata görə, Xızıda işıq problemi yoxdur, qaz problemi yoxdur, qazlaşdırma demək olar ki, yüz faizə çatıbdır. Bu, böyük uğur, böyük nailiyyətdir. İndi içməli su-kanalizasiya layihələri icra edilir, əminəm ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaqdır. Məktəblərin tikintisi, təmiri gedir, gözəl diaqnostika-müalicə mərkəzi tikilibdir. Yəni insanların sağlamlığı, normal yaşaması üçün bütün şərait var".

Ölkə Prezidenti tərəfindən 2011-ci il "Turizm ili" elan olunmuşdur. Hazırda Azərbaycanda turizmin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Reallaşdırılan layihələr deməyə əsas verir ki, gələcəkdə turizm Azərbaycan iqtisadiyyatında çox vacib yer tutacaq, ümumi daxili məhsulda turizmin payı artacaqdır. Xızıda dağ turizmi ilə yanaşı, eko və etno turizmin inkişafı üçün də münbit şərait vardır. Rayonun Xəzər dənizi ilə 30 kilometr məsafədə sərhədi olduğunu nəzərə alsaq, burada turizmin inkişafı üçün böyük potensial yaranır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan turizmin inkişafı haqqında dövlət layihəsində Xızının 1-ci iqtisadi-coğrafi zonaya aid edilərək hazırda cari və baş inkişaf planı hazırlanır.

Rayon digər sahələrdə də müsbət nəticələr əldə edir. Bu ilin birinci yarısında Xızının sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərə nəzər salaq. Əvvəlcə bir məqama diqqət yetirək. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)" nın icrası ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planının müddəaları mütəmadi icra edilir.

Cari ildə Xızı şəhərində Heydər Əliyev parkında 2min ədəd müxtəlif növ ağac əkilmiş və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Vüsaqi küçəsində 2500 kvadratmetr sahədə qırma daşla təmir işləri aparılmış, Heydər Əliyev prospekti və Cəfər Cabbarlı küçələrində 650 metr məsafədə gecə işıqlarının çəkilişinə başlanmışdır. Xızı-Altıağac avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində yararsız vəziyyətə düşmüş işıq dirəkləri dəyişdirilmişdir. Şəhərdaxili rabitə xətlərində 1200 metr məsafədə təmir işləri aparılmış, 7 ədəd dirək yenisi ilə əvəz olunmuşdur. Şəhərdaxili avtomobil yolları, küçələr, piyada səkiləri, park və meydançalarda abadlıq, təmizlik işləri aparılmışdır. Dövlət Neft Şırkəti tərəfindən Xızı şəhərində Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir.

Daxili imkanlar hesabına Xızı şəhərinin giriş hissəsində yolun sağ və sol tərəflərində 420 metr məsafədə ağaclar əkilərək yaşıllıq salınmış, yolun sol tərəfində 420 metr məsafədə çay daşından hasar tikilmiş, 3 min kvadratmetr sahəyə qazon döşənərək yaşıllıq salınmışdır. B.Səfəroğlu küçəsində 150 metr məsafədə asfalt döşənmişdir. Şəhərin Heydər Əliyev prospektində, Vüsaqi və B.Səfəroğlu küçələrində 40 ədəd müasir elektrik dirəyi basdırılaraq küçə işıqları çəkilmiş, ümumilikdə 1350 metr məsafə işıqlandırılmışdır.

Heydər Əliyev muzeyi daxili imkanlar hesabına genişləndirilərək Heydər Əliyev mərkəzinə çevrilmiş, Heydər Əliyev parkı əsaslı təmirdən sonra sakinlərin ixtiyarına verilmişdir. Parkda bayraq meydanı inşa edilmişdir.

Altıağac qəsəbəsindəki Cəfər Cabbarlı küçəsində yararsız vəziyyətə düşmüş yol və 2 piyada körpüsündə cari təmir işləri aparılmışdır. Baxışlı kəndinə gələn içməli su xətti qaydaya salınmışdır. Fındığan kəndinə gedən yola qırma daş verilərək yayılmış, Fındığan-Sərəki su xəttində cari təmir işləri aparılmış, su siyirtmələri dəyişdirilmişdir. Qarabulaq kəndinə gedən yolun yararsız vəziyyətə düşmüş hissəsinə çınqıl daşınaraq yayılmış, əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik dirəkləri yeniləri ilə əvəz olunmuşdur. Yeni Yaşma kəndində kənddaxili yollara asfalt qırıntıları verilmişdir.

Rayon təhsil şöbəsi 2010-2011-ci dərs ilində də rayonun təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işləri davam etdirmişdir. Belə ki, 2011-ci ilin yanvar ayından Xızı şəhər uşaq bağçası 2 qruplu bağçadan 3 qrupluya çevrilmiş, uşaq bağçaları üçün avadanlıq və yumşaq inventarlar alınmış, Sitalçay 1 saylı tam orta məktəbdə və Altıağac qəsəbə uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Şahmat məktəbi əsaslı təmir edilmiş, Xızı şəhər orta məktəbinin fasadı rənglənmişdir.

Xızı elektrik şəbəkəsi tərəfindən 2011-ci ilin 6 ayı ərzində Giləzi qəsəbəsində sıradan çıxmış 1 ədəd 160 KVA-lıq transformator yenisi ilə əvəz olunmuş, Altıağac qəsəbəsində yanmış transformator dəyişdirilmişdir. 10 kv-lıq Tıxlı, Altıağac -Yarımca, Altıağac -Qarabulaq, Xızı Rayon İcra Hakimiyyəti hava xətlərində 3500 metr "AS-50" markalı naqil istifadə edilmişdir.Təmir cədvəlinə uyğun olaraq transformator məntəqələrində əsaslı və cari təmir işi aparılmışdır. "Azərenerji" - Sitalçay hava xəttində, Giləzi qəsəbəsində yerləşən 400 KVA-lıq transformator məntəqəsində cari təmir işləri görülmüşdür.

Xızı qaz istismar sahəsi tərəfindən yaşayış məntəqələrində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə Şuraabad qəsəbəsi üzrə daşıyıcı və küçə qaz xətləri yenisi ilə əvəz olunmuş, yeni qaz xətlərinin çəkilməsi işləri başa çatdırılmış, mənzillərdə yeni qaz sayğacları quraşdırılmışdır. Yeni Yaşma kəndi ərazisində qaz xəttinin 12 metr hissəsi təmur olunmuş, Giləzi qəsəbəsində isə 25 metr təmir olunaraq dayaqlar üzərinə qaldırılmışdır.

Kənd və qəsəbələrdə 11 QTŞ və 8 siyirtmə yağlanıb təmir olunmuşdur. Son 6 ay ərzində əhali abunəçiləri üzrə 25, qeyri əhali sektorunda isə 7 yeni abonent qeydiyyata alınmışdır. Əhali abunəçiləri üzrə təbii qazın dəyərinin yığım faizi yanvarda 50,6 faiz, fevralda 62 faiz, martda 61 faiz, apreldə 57,3 faiz, mayda 73,2 faiz, iyunda isə 87 faiz təşkil etmişdir.

Əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə 2011-ci ilin 6 ayı ərzində Giləzi-Xızı və Xızı-Altıağac avtomobil yolunda 4450 kvadratmetr çala təmiri işləri aparılmış, 9888 kvadratmetr yol çiyinləri bərkidilmiş, lazım olan yerlərdə yol nişanları yeniləri ilə əvəz edilmişdir.

Əhalini içməli su ilə təmin etmək məqsədilə 2011-ci ilin 6 ayı ərzində Xızı şəhərinin Dahar dibi su anbarı təmizlənmiş, anbarın 35 kvadratmetr hissəsinə 20 santimetr qalınlıqda beton tökülmüşdür. Qars xəttindəki ikinci 100 kubmetrlik su anbarı da bərpa olunmuş, anbarın dibinə beton verilmiş və divarları suvaqlanmişdır. Şəhərdaxili kuçələrin, Baxşılı, Fındığan, Xələnc və Sitalçay kəndlərinin su xətlərində cari təmir işləri aparılmışdır.

Xızı Telekommunikasiya Qovşağı tərəfindən cari ilin yarım ili ərzində 40 ədəd yeni telefon çəkilişi aparılmış, abunəçilər fasiləsiz rabitə ilə təmin olunmuşlar. Xızı-Altıağac birləşdirici xətlərinin 7-ci və 11-ci kilometr hissəsində tam təmir işləri aparılmış, izolyatorlar dəyişdirilmişdir. Giləzi EATS-dəki dizel generatoru təmir edilmiş, sıradan çıxmış 4 ədəd qida qurğusu düzəldilərək EATS-lərə quraşdırılmışdır. Xızı-Təzəkənd xəttindən transmissiya çıxarılmış, 7 ədəd ağac dirək abonentlərin xətt təsərrüfatında işlədilmişdir. TKQ-da genişzolaqlı internetdən istifadə üçün Xızı mərkəzi EATS-də 48 portluq, Giləzi EATS-də 16 portluq, Sitalçay EATS-də 16 portluq ADSL avadanlığı əhaliyə xidmət göstərmək üçün quraşdırılmışdır.

Xızı Rayon Maliyyə Şöbəsi tərəfindən 2011-ci ilin 6 ayı ərzində mədaxil proqnozu ümumilikdə 576 min 30 manata qarşı faktiki 642 min 656 manat yerinə yetirilmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 23,5 faizini təşkil edir.Ümumilikdə büdcənin məxaric hissəsi 2 milyon 177 min 676 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 1 milyon 987 min 590 manat icra olmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Buna baxmayaraq, əmək haqqı və sosial müdafiə xərclərinin vaxtında ödənilməsi tam təmin edilmiş, bu sahədə problem olmamışdır.

2011-ci ilin iyulun 1-i tarixinə rayonda 1470 nəfər əmək pensiyaçısı vardır. Onlardan 1022 nəfəri yaşa görə, 123 nəfəri ailə başçısını itirməyə görə, 325 nəfəri isə əlilliyə görə pensiya alanlardır. Rayonda 1414 nəfər pensiyaçının pensiyaları bankomat vasitəsi ilə ödənilir.

"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli sərəncamına əsasən 2011-ci ilin yanvarın 1-dən 597 nəfərin pensiyasının sığorta hissəsinə 5,7 faiz artım tətbiq edilərək yenidən hesablanıb ödənilməsi təmin edilmiş və aylıq tələb 865,25 min manat artmışdır. Bu artım ümumi pensiyaçıların 38,3 faizinə şamil edilmişdir.

Hazırda əhalinin Sosial Müdafiəsi Mərkəzindən sosial müavinət alanların sayı 374 nəfərdir. Onlardan 151 nəfəri əlil, 38 nəfəri sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlar, 60 nəfəri ailə başçısını itirmiş şəxslər, 76 nəfəri qocalığa görə müavinət alanlar, 44 nəfəri müharibə veteranı, 5 nəfəri şəhid ailəsidir. Bundan başqa, mərkəz uşaq müavinəti alan 14 ailəyə də xidmət göstərir.Bu ilin ötən 6 ayı ərzində mərkəzə 100 nəfər ünvanlı yardım üçün müraciət etmiş və 57 ailəyə ünvanlı yardım təyin olunmuşdur. Bu isə 246 ailə üzvünü əhatə edir.

Xızı Rayon İcra Hakimiyyəti yanında əlaqələndirmə komissiyası rayon Məşğulluq Mərkəzi ilə birlikdə əhalinin sosial rifahının yaxşılaşdırılması, işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması istiqamətində 2011-ci ilin birinci yarımilində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Rayonun iqtisadi siyasətində işsizliyin azaldılması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ərazi məşğulluq proqramının hazırlanıb həyata keçirilməsi həmişə ön planda olmuşdur. Hesabat dövrü ərzində Xızı Rayon Məşğulluq Mərkəzində 20 nəfər işaxtaran kimi qeydiyyata götürülmüşdür ki, onlardan 4 nəfəri qadındır. 33 nəfər vətəndaş rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda daimi işlə təmin olunmuş, cari ilin 6 ayı ərzində işsiz kimi qeydiyyatda olan vətəndaşlardan 12 nəfəri müvafiq peşə kurslarına cəlb edilmişdir.

Xatırladaq ki, 24 iyun 2011-ci il tarixdə Cəfər Cabbarlı adına mədəniyyət evində keçirilən "Əmək yarmarkası"na rayonda fəaliyyət göstərən 10 idarə, müəssisə və təşkilat tərəfindən 72 boş iş yeri təqdim edilmişdir ki, həmin müəssisələrdə orta aylıq əmək haqqı 276 manat təşkil etmişdir."Əmək yarmarkası"nda iştirak edən 110 nəfər işaxtaran vətəndaşdan 15 nəfərinə müvafiq vakant vəzifələrə göndərişlər verilmişdir.

Xızı rayonunda 8 tam orta, 6 ümumi orta məktəb, 1 Uşaq Gənclər İdman Məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi, 1 Uşaq Gənclər Şahmat Məktəbi və 8 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 2293 şagird təhsil alır ki, onların təlim- tərbiyəsi ilə 276 müəllim məşğul olur. Bu il iyunun 4-də Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşdirilmiş qaydada XI siniflərdə 8, IX siniflərdə isə 2 fənn üzrə buraxılış imtahanları keçirilmişdir. XI siniflər üzrə imtahana buraxılan 144 şagirddən 2 nəfəri imtahanda iştirak etməmiş, 138 nəfər şagird imtahanları müvəffəqiyyətlə başa vuraraq attestat almışdır. IX siniflər üzrə isə imtahana buraxılan 221 şagirddən 207 nəfəri imtahanları müvəffəqiyyətlə vermişdir.

Hesabat dövründə əhaliyə tibbi xidmət Xızı Rayon Mərkəzi Xəstəxanası, 6 həkim məntəqəsi və 5 tibb məntəqəsi tərəfindən göstərilmişdir. Xızı Mərkəzi Rayon Xəstəxanasında poliklinika və stasionar şöbələr fəaliyyət göstərir. 2011-ci ildən təcili tibbi yardım xidməti yeni bina ilə təmin olunmuş və sutka ərzində həkimlər və orta tibb işçiləri əhaliyə tibbi xidmət göstərirlər.

Mərkəzdən uzaqda yerləşən kəndlərdə, tibb işçiləri olmayan yaşayış ərazilərində əhaliyə xidmət göstərmək məqsədi ilə Xızı Mərkəzi Rayon Xəstəxanasında həkimlərdən və orta tibb işçilərindən ibarət briqada yaradılmış və briqada tərəfindən 123 nəfərə baxış keçirilmiş, 23 nəfər xəstəyə müvafiq müalicələr tətbiq olunmuşdur.

Cari ildə Sitalçay kənd klubu, Heydər Əliyev muzeyi, mədəniyyət sarayı və tarix-diyarşünaslıq muzeyində müvafiq təmir işləri aparılmışdır. Mərkəzləşdirilmiş kitabxana sisteminin binası cari təmir edilmişdir.Görülmüş işlərlə yanaşı, 2011-ci ildə M.Müşfiq muzeyinin yenidən qurulması və həyətyanı torpaq sahəsində müasir tələblərə cavab verən parkın salınması, C.Cabbarlı muzeyində əsaslı təmir işlərinin aparılması və yenidən qurulması rayon icra hakimiyyətinin müraciəti əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış layihəyə daxil olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə idmanı dinamik inkişaf etməkdədir. Artıq beynəlxalq aləmdə Azərbaycanı idman ölkəsi kimi tanıyırlar.Son vaxtlar rayon idmançılarının da beynəlxalq turnirlərə vəsiqə qazanmaları və bu turnirlərdə yüksək nəticə göstərmələri rayonda idmanın inkişafına və idmana olan marağın bariz nümunəsidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonda İdman Sağlamlıq Mərkəzinin tikilməsi nəzərdə tutulmuşdur ki, bu mərkəzin inşası Xızıda idmanın inkişafına böyük təkan verəcəkdir.

Xatırladaq ki, kənd təsərrüfatı rayon iqtisadiyyatının əsas hissəsini təşkil edir. 2011-ci il aprelin 1-i tarixinə rayonda 11 min 270 baş mal-qara, 101 min 245 baş davar olmuşdur. Arı ailələrinin sayı 750 ədəd təşkil edir.Süd istehsalı 57 min 234 sentner, ət istehsalı (diri çəkidə) 4 min 540 sentner, yumurta istehsalı 630 min ədəd, yun istehsalı 1445 sentner olmuşdur.

Rayonda 2011-ci ilin iyulun 4-nə kimi 420 hektar arpa sahəsindən 6230 sentner, 130 hektar buğda sahəsindən 2020 sentner məhsul toplanmışdır. Hektardan orta məhsuldarlıq 15 sentner olmuşdur.

Xızı rayonu üzrə 2011-ci ilin 6 ayı ərzində 47 nəfər çağırışçı hərbi xidmətə yola salınmış və çağırış planı 100 faiz yerinə yetirilməklə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" müvafiq fərmanının icrası təmin edilmişdir.

Cari ilin 6 ayı ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən yaşayış məntəqələrində 21 səyyar görüş-qəbul keçirilmişdir ki, bu qəbullarda 778 nəfər iştirak etmiş, başçıya müvafiq məsələ ilə bağlı müraciət edənlərin sayı 128 nəfər olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev deyir ki, qarşıda çox mühüm və ciddi vəzifələr dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən irəli sürülmüş həmin vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək, Xızı rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 6 sentyabr.- S. 4.