Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafı diqqət
mərkəzində saxlanılır
Dövlət
başçısı İlham Əliyev regionlarla
yanaşı, Bakı şəhəri və ətraf qəsəbələrin
də inkişafına xüsusi diqqət və qayğı
göstərir.Bununla əlaqədar son illər bir sıra tədbirlər
həyata keçirilmişdir. Xatırladaq ki, hələ bu il
mayın 4-də Prezident İlham Əliyev "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının təsdiq edilməsi haqqında" sərəncam
imzalamışdır. Bu mühüm sənədin həyata
keçirilməsi paytaxt və ətraf qəsəbələrin
sürətli inkişafına böyük təkan
vermişdir.
Hazırda
proqram çərçivəsində paytaxt rayonlarında
tikinti-quruculuq, abadlıq işləri geniş vüsət
almışdır. İndiyədək yol-nəqliyyat sisteminin
əsaslı təmiri və yenidən qurulması, əhalinin
kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Nəticədə, Bakının,
Bakıətrafı qəsəbə və kəndlərin
sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş,
qaza, suya, elektrik enerjisinə olan tələbatının
ödənilməsi, küçə və məhəllədaxili
işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın
fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin
- məktəblərin, uşaq bağçalarının, xəstəxanaların,
mədəniyyət evlərinin tikintisi və bərpası,
müasir avadanlıqla təchiz edilməsi ilə bağlı
xeyli iş görülmüşdür.
Prezident
İlham Əliyev görülən işləri yüksək
qiymətləndirməklə bərabər, dövrün tələblərinə
uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin
sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsilə
bağlı demişdir: "Bu gün verilən
tapşırıqlar növbəti illərdə icra
olunmalıdır. Şəhərimizdə bütün işlər
yüksək səviyyədə görülməlidir, sakinlərin
rahatlığı üçün bütün şərait
yaradılır, yaradılacaqdır. Bakı şəhərinin
qəsəbələrinin yeni inkişaf proqramının qəbul
olunmasından sonra qəsəbələrə yeni həyat gələcək,
güclü təkan veriləcəkdir. Bütün dövlət
qurumları, yerlərdəki nümayəndələr bu
proqramın icrasında fəal iştirak etməlidirlər.
Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir.
Elə etməliyik ki, Bakı şəhərində
bütün işlər yüksək səviyyədə
getsin".
Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb etmişdir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrinin həyata keçirilməsi istiqamətlərində görülən işlər bu qəbildəndir.
Dövlət başçısının mart ayından başlayaraq paytaxtın şəhərətrafı qəsəbələrinin inkişaf etdirilməsi, bütün növ ən modern texnologiyalarla təmin edilməsi ilə bağlı həyata keçirdiyi sistemli tədbirlər öz müsbət nəticələrini verir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilən Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından ötən müddət ərzində genişmiqyaslı işlər görülmüş, kənd və qəsəbələrin bir çoxunda infrastruktur və kommunal xidmət sahələri tamamilə yenilənmişdir.
Dövlət başçısı proqramın icra vəziyyəti ilə tanış olmaq üçün paytaxtın qəsəbə və kəndlərinə səfər etməkdədir. Ötən dövrdə Xəzər, Sabunçu, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Nizami, Xətai və digər rayonların qəsəbə və kəndlərinə baş çəkən Prezident İlham Əliyev burada yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər sosial infrastruktur və kommunal sahələrin vəziyyəti ilə tanış olmuş, müvafiq göstərişlərini vermişdir.
Prezident İlham Əliyevin davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir. Dövlət başçısı istər Bakı kəndləri, istərsə də regionlardakı kənd və qəsəbələrin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını reallaşdırır. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.
Bu günlərdə Xəzər rayonunun Şağan qəsəbəsində olan Prezident İlham Əliyev Dövlət Proqramı çərçivəsində görülən işlərin mühüm əhəmiyyətinə toxunmuş, qısa müddət ərzində xeyli irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırmışdır. "Bizim bütün təşəbbüslərimiz, qəbul edilmiş qərarlar, proqramlar, müşavirələr konkret xarakter daşıyır və orada müzakirə edilən məsələlər, verilən tapşırıqlar tezliklə icra edilməyə başlamışdır" deyən dövlət başçısı Bakıətrafı qəsəbələrin və kəndlərin hazırda böyük quruculuq-abadlıq mərkəzinə çevrildiyini bildirmişdir. Prezident İlham Əliyev bütün qəsəbələrdə sürətli iş getdiyini xatırladaraq yaxın 2 il ərzində buradakı problemlərin birdəfəlik həll ediləcəyini vurğulamışdır. "Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaqdır. Şağan qəsəbəsinin timsalında görürük ki, bu işləri biz bir neçə ay ərzində icra edə bilmişik...Ölkəmiz bu cür inkişaf edir. Ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar".
Dövlət başçısına Şağan qəsəbəsində bildirilmişdir ki, burada 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Prezident İlham Əliyev Şağan sakinlərinə müraciətlə demişdir ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı burada da uğurla həyata keçirilir. Şağanda yollar qısa müddət ərzində çəkilmişdir. Bəli, iş davam edir. Əminəm ki, proqramda nəzərdə tutulan bütün məsələlər yaxın zamanlarda öz həllini tapacaqdır.Beləliklə, Şağan qəsəbəsi daha da gözəlləşəcək, abadlaşacaqdır. Burada əvvəlki dövrdə də işlər görülmüşdür. İndi təbii qazın verilməsi təmin edilmişdir. Mənə verilən məlumata görə, qaz təchizatı ilə problem yoxdur. Elektrik enerjisi məsələləri daha əvvəl həll olunmuşdur. İçməli su layihəsi icra edilir. İndi kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulur, bir də ki, bax bu yolların çəkilişi...
Dövlət başçısı daha sonra demişdir: "...Əvvəlki dövrdə, yadınızdadır, bax burada gözəl Olimpiya Mərkəzi tikilmişdir. Bu da çox əlamətdar hadisə idi. Çünki adətən Olimpiya Mərkəzləri böyük şəhərlərdə, rayon mərkəzlərində yaradılır. Qəsəbədə Olimpiya Mərkəzinin yaradılması təcrübəsi yəqin ki, ancaq Azərbaycanda vardır. Mənim yadımdadır, o kompleksin açılışında bərabər iştirak etmişdik. Bəli, o, indi də işləyir. Həm Bakıdan idmançılar gəlir, həm də yerli uşaqlar məşğul olurlar. Bir daha demək istəyirəm ki, qəbul edilmiş proqram - 2011-2013-cü illəri əhatə edən proqram tezliklə icra edilməyə başlanmışdır. Əminəm ki, qəsəbə sakinləri də bu işlərdə fəal iştirak edirlər və bütün bu müsbət təşəbbüslərə qoşulurlar.
İndi mən soruşmaq istəyirəm ki, əlavə hansı işlər görülməlidir? Çünki proqramda məsələlər nəzərdə tutulub. Məktəbin təmiri nəzərdə tutulub. Düzdür, əlavə korpusun tikintisi nəzərdə tutulmayıb, ancaq onu da əlavə edəcəyik. Burada yəqin ki, tibb məntəqəsi də vardır, amma bilmirəm vəziyyəti necədir. Əgər təmirə ehtiyac varsa, deyərsiniz, onu da edərik. Bəlkə bundan da əlavə nəsə etməliyik. Xahiş edirəm ki, mənə bu barədə fikirlərinizi söyləyin".
Azərbaycan Prezidenti ölkədə yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yenidən qurulması ilə bağlı sərəncam və göstərişlərinə əsasən paytaxtda və bölgələrdə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yol qovşaqları və piyada keçidləri inşa edilir.
Dövlət başçısı bu günlərdə Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafında olan 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Tikintinin layihəsi barədə Prezident İlham Əliyevə məlumat verilmişdir. Bildirilmişdir ki, layihə üzrə yolun bu hissəsinin ümumi uzunluğu 2,8 kilometr, eni isə 41,5 metr olacaq. Səkkiz hərəkət zolağından ibarət yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcək. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində hazırda piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq yüksək zövqlə həyata keçirilir.
Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrlik hissəsində aparılan inşaat işləri ilə paralel Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də uğurla icra edilir. Xatırladaq ki, 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi, burada abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi. Layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti görülən işlərlə yerindəcə tanış olmuşdur. Burada həyata keçirilən inşaat işləri barədə dövlət başçısına bildirilmişdir ki, layihəyə uyğun olaraq Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılacağı nəzərdə tutulur. Eyni zamanda əhalinin istirahəti üçün lazım olan bütün şəraitin yaradılacağı vurğulanmışdır. Bir əsrdən çox yaşı olan məşhur Bakı bulvarı 2011-ci ildən yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olaraq aparılan inşaat işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini də vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də isə Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına Binəqədi qəsəbəsində əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında məlumat verilmişdir. Bildirilmişdir ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulmuş, qəsəbədaxili küçələrdə 100-dən çox xaricdən gətirilmiş yeni işıq dirəkləri quraşdırılmışdır.
Prezident İlham Əliyev qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir. Yəni biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq. Buraya gəlməzdən əvvəl böyük bir məktəbin təmiri ilə maraqlandım. Mən indi göstəriş vermişəm ki, yeni məktəbin tikintisi üçün yer müəyyən edilsin. Bakıda və ətraf qəsəbələrdə indi məktəblərin təmiri də sürətlə gedir. İlin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcəkdir...
Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində".
Görülən işlərlə tanış olan dövlət başçısı kənd sakinləri ilə görüşüb söhbət etmişdir. Binəqədi qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər dövlət başçısına arzu və istəklərini çatdırmışlar.
Vaqif BAYRAMOV
Xalq qəzet.- 2011.- 7 sentyabr.- S.1.