Qazax: Dövlət Proqramı necə yerinə yetirilir?

 

Əhalinin sayı 90 min nəfərdən çox olan, Ermənistanla 168 kilometr məsafədə həmsərhəd olan Qazax 7-8 il qabaq belə deyildi. Rayon bu dövrdə çox dəyişib, inkişaf edib. Elə sahə yoxdur ki, tərəqqi hiss olunmasın. İstər iqtisadiyyatı, istərsə də abadlığı, adamların sosial durumu indi tamamilə başqadır. Təkcə sənaye məhsulunun həcmi nə az, nə çox, düz 17 dəfə artıb. Söhbət 2003-cü illə müqayisədən gedir. Əsas kapitala yönəldilən investisiyalar, tikinti-quraşdırma işlərinin, kənd təsərrüfatı məhsullarının həcmi nəzərəçarpacaq dərəcədə artıb. Zarafat deyil, təkcə son illər 167 müəssisə yaradılıb, 6700-dən çox yeni iş yeri açılıb ki, onun da təxminən 4500-ü daimidir.

 

Bu illərdə açılan obyektlərin şərh vermədən təkcə adlarını sadalasaq, bir qəzet yazısına sığışmaz. Ümummilli liderimizin adını daşıyan park, onun əzəmətli abidəsi, 4 hektar ərazisi olan göl, özündə rəqəmsal planetarium, elektron kitabxana və funksional əlaqə studiyasını birləşdirən Heydər Əliyev mərkəzi, "Mütəfəkkirlər parkı", "Dədə Qorqud abidə kompleksi", "Ana və uşaq parkı", Dövlət Rəsm Qalareyası, S.Vurğun poeziya evi və daha nələr, nələr...

Yollar, səkilər, xiyabanlar, məktəb, səhiyyə, təhsil, mədəniyyət binaları, fərdi yaşayış evləri, inzibati tikililər, körpülər və s. son vaxtlar öz görkəmini dəyişib, adamların böyük razılığına səbəb olub.

Olimpiya idman kompleksi, Müalicə Diaqnostika Mərkəzi, illik gücü 110 min ton olan "Azprominvest" birgə istehsal müəssisəsinin birinci və ikinci növbələri, ildə 100 min ton qarışıq yem istehsal edən və 5 min ton taxıl elevatoru olan yem istehsalı zavodu və digər müəssisələr, obyektlər Qazaxın bugünkü həyatında mühüm rol oynayır.

İllik gücü 5 min ton olan müasir konserv zavodunun isə tayı-bərabəri yoxdur. Artıq birinci hissəsində məhsul qəbuluna başlanan və hazırda inşası davam etdirilən bu zavodun əhəmiyyətindən danışmağa ehtiyac da yoxdur. Təsəvvür edin ki, Azərbaycanın qərb bölgəsindən başqa, Gürcüstanın azərbaycanlılar yaşayan hissəsi də öz məhsullarını bura təhvil verəndən sonra nə qədər problem aradan qaldırılacaq. Adamların əzab-əziyyətlə yetişdirdikləri məhsul daha çöldə qalıb zay olmayacaq.

Bu gün heç kim inkar edə bilməz ki, Qazaxda inkişaf, tərəqqi necə sürətlə gedir. Qəzetimizin səhifələrində rayonda gedən bu proseslər haqqında ara-sıra yazılar vermişik. Bu yazıda isə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Qazax rayonu üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin gedişi və problemlər haqqında söhbət açacağıq.

Rayon üzrə müxtəlif sahələri əhatə edən 18 tədbir nəzərdə tutulub. Gəncə-Qazax iqtisadi rayonu çərçivəsində nəzərdə tutulan işləri də bura əlavə etsək, o zaman daha 8 sahənin inkişafı proqramda öz əksini tapıb. Tədbirlərdən biri belə adlanır: heyvandarlıq, quşçuluq, taxılçılıq, üzümçülük və digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsinin davam etdirilməsi (2009-2013-cü illər).

Qeyd edək ki, 2009-cu ildən başlayaraq rayonda 25 hektar yeni üzüm bağları salınmış və hazırda sahəsi 348 hektara çatdırılmışdır. Qazax şəhərində 2 min tonluq meyvə-tərəvəzsaxlama kameralarının tikintisi yekunlaşmışdır. Çaylı kəndində isə 3 min tonluq taxılsaxlama anbarının inşası başa çatdırılmışdır. Bu kənddə 250 tonluq saxlama kameralarının tikintisi işləri sona çatır.

Rayonda sahə baytarlıq məntəqələrinin tikintisi ilə bağlı proqramda nəzərdə tutulan maddə də unudulmayıb. Şəhərdə rayon baytarlıq idarəsi və diaqnostika kabinetinin inzibati binası və İkinci Şıxlı kəndində sahə baytarlıq məntəqəsinin inşası yekunlaşmaq üzrədir.

Yolların, o cümlədən regionda ölkə əhəmiyyətli yolların əsaslı təmiri, tikintisi sahəsində də müəyyən işlər görülmüşdür. Uzunluğu 14 kilometrə yaxın olan Yuxarı Salahlı-Kəmərli və uzunluğu 7 kilometr olan Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunda artıq tikinti işlərinə başlanılmışdır. Qazax-Sınıq körpü arasındakı magistral yolda isə yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Amma bütövlükdə Qazax rayonunda bu sahədə problemlər çoxdur və onların aradan qaldırılması üçün daha təsirli tədbirlər həyata keçirilməlidir. Məsələn, son dəfə 30 il qabaq əsaslı təmir edilmiş, ümumi uzunluğu 70 kilometr olan 23 min nəfərdən çox əhalinin yaşadığı, 8 sərhəd kəndini və digər 2 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Qazax-Əskipara yolunun Quşçu Ayrım kəndinə qədər olan hissəsi 30 kilometr, magistral yoldan digər yaşayış məntəqələrinə olan hissəsi isə 40 kilometrdir, digər tərəfdən bu yollar 5 işğal altında və 3 atəş altında olan kəndləri birləşdirir. Bu yolun asfaltlaşdırılması ən vacib, təxirəsalınmaz vəzifələrdən biridir. Qazax-Qarapapaq, Xanlıqlar-Soflu, Xanlıqlar-Barxudarlı, Qazax-Kosalar, Qazaxbəyli-Aşağı Salahlı yolları da yaxşı vəziyyətdə deyil və onların asfaltlaşdırılması əsas problemlərdən biridir.

İkinci Dövlət Proqramında Qazax rayonu üzrə nəzərdə tutulan tədbirlərdən biri belə adlanır: istehlakçıların etibarlı elektrik təchizatı üçün rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması, hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması (2010-2013-cü illər).

Bəri başdan qeyd edək ki, artıq 2011-ci ilin də başa çatmasına az müddət qalmasına baxmayaraq həmin sahə üzrə heç bir iş görülməmişdir. Xüsusilə "Azərenerji" Səhmdar Cəmiyyətinin məsələyə laqeyd münasibəti təəccüb doğurur.

Məktəblərin, səhiyyə müəssisələrinin, digər sosial obyektlərin istilik təchizatı sisteminin bərpası istiqamətində aparılan işlərdə də elə bir ürəkaçan məqam yoxdur. Əvvəla, rayonda indiyədək mərkəzləşdirilmiş istilik sisteminin mövcud olmaması və bu sahədə lazımi işlərin görülməməsi vəziyyəti bir qədər də çətinləşdirir. Digər tərəfdən, məktəb və uşaq bağçalarının yalnız yeni, müasir üslubda tikilmiş binalarında istilik sistemi mövcuddur.

Kəndlərin qazlaşdırılması işi pis deyil. 2009-2010-cu illərdə rayonun 5 kəndi mavi qaz yanacaqla təmin edilmişdir. Hazırda iki kənddə - Canalı və Daş Salahlı kəndlərində işlər davam etdirilir.

Qazaxın su təchizatı ilə bağlı proqramda nəzərdə tutulan işlərin sürətləndirilməsi pis olmazdı. Nəzərə alsaq ki, Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması artıq 2009-2010-cu illərdə başa çatdırılmalı idi, o zaman işlərin hazırkı vəziyyəti narahatlıq doğurmaya bilməz. Doğrudur, bu ilin yanvar-fevral aylarında nəzərdə tutulan qurğuların tikintisi üçün torpaq sahələri ayrılmış, müvafiq sənədlər "Azərsu" ASC-yə təqdim edilmişdir. May ayında isə İslam İnkişaf Bankının və "Azərsu" ASC-nin nümayəndələri rayonda olaraq əraziyə baxış keçirmişlər. Sentyabrda layihə-smeta sənədlərinin hazırlanması məqsədilə rayona nümayəndələrin gəlməsi gözlənilir.

Rayonun əkin sahələrinin su təminatını reallaşdıran və icrası 2009-2010-cu illərdə nəzərdə tutulan işlərin görülməsi də sürətləndirilməlidir. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Qaymaqlı-Kəmərli örtülü suvarma şəbəkəsində korroziyaya uğramış dəmir borular polietilen borularla əvəz olunmuşdur. "Rayonun sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli və Ürkməzli kəndlərinin su təminatının yaxşılaşdırılması tədbirləri" layihəsinə əsasən Coğazçay su anbarının aşağı hissəsində nasos stansiyasının binası tikilmiş və Fərəhli kəndi istiqamətində yeni dəmir boru xətti çəkilmişdir.

Bundan başqa, adıçəkilən səhmdar cəmiyyət tərəfindən Ağstafaçayın Qazax şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin ərazisindən keçən hissəsində 460 metr uzunluğunda sahilbərkitmə işləri başa çatdırılmışdır.

Proqramda nəzərdə tutulan səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektlərinin tikintisi, təmiri və bərpası istiqamətində hələlik heç bir iş görülməmişdir. Müvafiq nazirliklər əlaqədar təşkilatlarla birlikdə tədbirlər görməlidirlər. Nəzərə almaq lazımdır ki, hazırda rayonun 40 səhiyyə müəssisəsindən 38-nin əsaslı təmirə ehtiyacı var. Rayonda 16 yeni məktəb və 37 körpələr evi - uşaq bağçası binasının tikintisi, 7 məktəbin isə əsaslı təmiri hazırda əsas problemlərdən biridir. Bu sahələr üzrə istilik təchizatı sisteminin yenidən qurulması da həmin problemlər sırasındadır.

...Qazaxın bugünkü mənzərəsi gələcəyə nikbinliklə yanaşmağa sövq edir. Təbii ki, ölkə Prezidenti İlham Əliyevin bu sərhəd rayonuna xüsusi diqqət və qayğısı olmasaydı, bu gün Qazax belə gözəl olmazdı. Ölkə başçısının 2004-cü ildən bəri 5 dəfə Qazaxda olması da dediklərimizə əyani sübutdur.

Qazaxın inkişafında hamının payı var. Son illər rayonda ictimai-siyasi iqlim xeyli sağlamlaşdırılmış, intizam, işə məsuliyyət hissi artmışdır. 2004-cü ilin iyulundan rayon icra hakimiyyətinə rəhbərlik edən Rauf Hüseynovun təşkilatçılığı, daim yenilik hissi ilə yaşaması, yerlərdə adamların arzu və təkliflərini, problemlərini müntəzəm öyrənməsi, daxili imkanları səfərbər etməsi Qazaxda tədricən işlərin öz axarına düşməsinə şərait yaratmışdır. Yadımdadır, hələ bir neçə il qabaq R.Hüseynovla söhbət edərkən demişdi ki, Qərb tərəfdən Azərbaycana daxil olan hər bir qonaq Qazaxa baxıb Azərbaycan haqqında ilk xoş təəssüratını almalıdır və bunun üçün onlar əllərindən gələni edəcəklər. Doğrudan da, bu gün Azərbaycanın "Qərb qapısı"ndan keçənlər ətrafa heyranlıqla baxırlar. İnanırıq ki, tezliklə digər problemlər də beləcə həll olunacaq.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.-8 sentyabr.- S. 5.