Kürdəmir: indi burada yeniləşmənin nəfəsi və ruhu açıq-aydın görünür

 

Tanrı Kürdəmiri təbii gözəlliklərə və təbii zənginliklərə qərq etməsə də, əvəzində ona qurub-yaradan, zəhmətdən doymaq və yorulmaq bilməyən insanlar bəxş edib və bununla da ilahi ədalətin pozulmasına imkan verməyib. Kürdəmir uzun illər geridə qalmış rayonlardan biri kimi tanınsa da, son illər ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində bu mənfi imici silməyə və layiq olduğu sıralarda yer qazanmağa müvəffəq olmuşdur. İndi burada sözün əsl mənasında yeniliyin nəfəsi və ruhu duyulur. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Kürdəmir rayonunda da nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilməkdədir.Mövcud müəssisələrin istehsal fəaliyyətinin bərpa edilməsi, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan səmərəli istifadə edilməsi, yeni iş yerlərinin yaradılması və əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması 2011-ci ilin ötən dövrü üçün nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini təmin edən əsas amil olmuşdur.

İlk olaraq bunu qeyd etmək lazımdır ki, aqrar sektorun, xüsusilə də bitkiçilik və heyvandarlığın inkişafına diqqətin daha da gücləndirilməsi nəticəsində pambıqçılığa maraq bir qədər artmış, ötən illə müqayisədə 286 hektar çox-305 hektar sahədə pambıq əkilmişdir. Hazırda pambıq sahələrində kompleks becərmə işləri görülür.

Rayon üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də taxıl istehsalının artırılmasıdır. Bu məsələ daim diqqət mərkəzində saxlanıldığından 34624 hektarda əkilmiş taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilmiş, sahələr 2 dəfə suvarılmış, 16 min hektardan çox sahəyə üzvümineral gübrələr verilmiş, 7 min hektarda ziyanvericilərə qarşı mübarizə aparılmış, 3 min hektar alaq otlarından təmizlənmiş, toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.

May ayında güclü küləklərlə müşayiət olunan leysan yağışların 10 min hektardan çox taxıl zəmisinə ciddi ziyan vurmasına baxmayaraq, sahələrdən yenə də ötən ildəkindən 4 min tondan çox, yəni 54 min 500 ton taxıl yığılmışdır. İstehsal olunan məhsulun 23 min tonu buğdadır.

Həmçinin bu il 6 min tondan çox toxumluq dən ayrılmışdır.

Bu il"Aqrolizinq" ASC-nin Kürdəmir Aqrotexservis Mərkəzi yaradılmış və 6 ərazidə təşkil edilmiş mexaniki dəstələrə 45 traktor, 27 kombayn, ot- biçən, taxıl səpən, ümumilikdə 100-dən çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqları alınmış, istehsalçılara 500 tonadək güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.

Bundan əlavə, təşkil olunmuş 5 özəl aqrotexservis mərkəzində 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fizikihüquqi şəxslərin 20 traktoru və digər kənd təsərrüfatı texnikasını lizinqə götürmələri nəticəsində rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi mümkün olur.

Kürdəmir Aqrotexservis filialının bazasının tikilməsinə başlanılmış, tikinti işləri sürətlə davam etdirilirtikintinin bu il istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Məlumat üçün qeyd etmək yerinə düşər ki, heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal-qaranın sayı 62 min başı, qoyun-keçilərin sayı 133,7 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 38,8 faiz, süd istehsalı 18,2 faiz, yumurta istehsalı 1,9 dəfə, yun istehsalı 1 faiz artmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə hazırlanmış 9 nəfər süni mayalanma texnikinin normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Süni mayalandırılmış 405 baş iri buynuzlu maldan 207 başdan çox, lizinq yolu ilə alınmış 158 baş cins düyədən 148 baş bala alınmış və onların yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.

Əlbəttə, heyvandarlığın inkişafından danışarkən nisbətən təfərrüata varmağımız heç də təsadüfi deyil. Çünki heyvandarlığın inkişafı son nəticədə məhsul bolluğu yaradır ki, bu da tikintisi tamamlanmaqda olansaatda 5 ton məhsul istehsal etmək gücünə malik süd zavodunun uğurlu fəaliyyəti üçün indidən təminat yaradır.

Təbii inşaat materiallarının istehsalı üçün rayon ərazisində axtarış işləri aparılır.

2011-ci ilin ötən dövrü ərzində "Azəryolservis" ASC-nin vəsaiti hesabına Bakı-Ələt-Qazax avtomobil yolunun 1 kilometrində 7200 kvadratmetr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 2,2 kilometrində isə 14750 kvadratmetr sahəyə asfalt örtük döşənmişdir. Bundan başqa, rayonun 16 prospekt və küçəsində ümumilikdə 162 min 40 manatlıq - 18 min 791 kvadratmetr asfaltlama işləri aparılmışdır. Hazırda Z.Tağıyev küçəsində 1635 kvadratmetr sahədə asfaltlama işləri aparılır.

Xırdapay kənd yolunun 1050 kvadratmetrində asfalt işləri görülmüş, yaxın vaxtlarda şəhərin Puşkin, M.Əsədov, M.Abdullayev və Z.Tağıyev küçələrində, H.Əliyev prospekti, dalan 4-də ümumilikdə 4665 kvadratmetr asfalt işlərinin görüləcəyi planlaşdırılmışdır.

Kənd yollarının təmiri üçün ayrılmış 137,3 min manatın 97,2 min manatı xərclənməklə 13 kilometr kəndarası yollara çınqıl tökülərək təmir işləri aparılmış və bu işlər hazırda davam etdirilir.

Kürdəmirdə başlanmış geniş abadlıq və quruculuq işlərinə uyğun olaraq küçə və prospektlərdə genişmiqyaslı işlər aparılır. Dövlət vəsaiti hesabına küçə və meydanlarda 8 min 200 metr beton səki daşları düzülür, 510 metr mərmər səki döşənilir, səkilərə 6500 kvadratmetr mozaik tavaların düzülməsi işləri aparılır.

Heydər Əliyev prospektində 3260 kvadratmetr qala divarları vinil saydinqlə üzlənir. Avtomobil körpüsündə 840 kvadratmetr sahənin müasir məhəccərlərlə yenilənməsi üçün ciddi hazırlıq prosesi gedir. Eyni zamanda, Heydər Əliyev parkında müasir fəvvarə sisteminin quraşdırılması üçün hazırlıq işləri aparılır. Səki və yollara 3860 kvadratmetr asfalt-beton örtüyünün verilməsi və 1056 kvadratmetr divarların rənglənməsi, küçələri işıqlandırma sisteminin yaxşılaşdırılması ilə əlaqədar yeni işıq dirəklərinin basdırılması işləri gedir. Rayon mərkəzində 345 metr qaz kəmərləri yeniləri ilə əvəz edilməsi, küçə və meydanlarda ağacların budanması və yaşıllaşdırması da eyni sürətlə davam etdirilir.

Kanalizasiya və içməli su şəbəkəsinin yenidən qurulması məqsədi ilə Asiya İnkişaf Bankının maliyyə vəsaiti ilə Almaniyanın "Qauf", Türkiyənin "Təməl-Su" şirkətləri tərəfindən hazırlanmış layihəyə əsasən şəhərdə və şəhərə bitişik ərazidə yağıntı və məişət sularının axıdılması üçün 10 ədəd nasos ötürücü stansiyanın, təmizləyici qurğunun tikintisi, bütün şəhər ərazisini əhatə edəcək sukanalizasiya xətlərinin çəkilməsi nəzrədə tutulmuşdur. Şəhər əhalisinin artm tempi nəzərə alınaraq III Küllül-Kürdəmir içməli su kəmərinin tikintisinə də başlanılmış, kəmərin başlanğıcında su təmizləyici filtr stansiyasının tikintisinin yeri müəyyənləşdirilmişdir.

Hazırda şəhər və şəhərə bitişik ərazilərdə magistral içməli sukanalizasiya xəttinin çəkilməsi istiqamətləri, mayillik hündürlükləri müəyyənləşdirilir.

Dövlət Proqramına uyğun olaraq yeni elektrik yarımstansiyasının tikintisinin layihələndirilməsi, maliyyələşdirilməsi və tikintisi ilə əlaqədar müvafiq orqanlarla məsləhətləşmələr aparılır.

Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 10 kv-luq elektrik hava xəttinin 3,13 kilometr hissəsində əsaslı, 10,4 kilometr hissəsində cari və 04 kv-luq elektrik hava xəttinin 3,57 kilometr hissəsində əsaslı, 14,1 kilometr hissəsində isə cari təmir işləri aparılmışdır.

Kəndlərdə elektrik transformatorlarından 7 ədədi əsaslı, 36 ədədi cari təmir edilmişdir.

989 mənzildə elektrik sayğacı quraşdırılmışdır.

Dövlət Proqramına uyğun olaraq cari ildə əhalinin mavi yanajaqla təchizatının yaxşılaşdırılması məqsədi ilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 kilometr məsafədə diametri 315 millimetr olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilmiş, Sığırlı kəndində kənddaxili qaz kəməri 101 kilometr məsafədə əsaslı təmir olunmaqla 1500 evin təbii qazla təchiz olunması üçün müxtəlif diametrli polietilen boru ilə qaz kəməri çəkilmişdir.Təklə kəndinin də qaz təchizatı bərpa edilmiş, 11,3 kilometr məsafədə polietilen boru ilə qaz kəməri çəkilərək 75 mənzildə qaz sayğacı quraşdırılmışdır.

Şəhərin Heydər Əliyev prospektində abadlıq işlərinin aparılması ilə əlaqədar 1012,5 metr uzunluğunda, diametri 219 millimetr olan yerüstü metal boru sökülərək diametri 280 millimetr olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilmişdir. 10 ədəd qaz tənzimləyici şkaf, 9 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmışdır. 190 metr korroziyaya uğramış boru dəyişdirilmiş, 3328 metr boru həyətlərdən küçəyə çıxarılmış, 983 ədəd köhnə qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. 183 mənzil qazlaşdırılmış, 169 ədəd yeni qaz sayğacı quraşdırılmışdır.1500 metr müxtəlif diametrli qaz borusu korroziyaya qarşı boya ilə rənglənmişdir.

Dövlət Proqramına əsasən rabitə xidmətinin yaxşılaşdırılması məqsədi ilə şəhərin Bakı prospektində 400 nömrəlik DS-200 tipli yeni EATS, istismara verilmiş, şəhərin mərkəzi ATS-i üzrə A.Şakir, QarabağAran qəsəbəsində hava rabitə xətləri texniki norma səviyyəsinə gətirilmiş, zədələnmiş kabel dəyişdirilmişdir. Yenikənd kəndinə telefon çəkilişi məqsədi ilə 700 metr məsafədə hava rabitə xətti tikilmişdir. Pirili, Cəyli, Sor-Sor kəndlərində və Karrar qəsəbəsində EATS-in xətt şəbəkəsində təmir bərpa işləri aparılmışdır.

Əhaliyə keyfiyyətli və sürətli internet xidməti göstərilməsi məqsədi ilə NGN tipli elektron stansiyasının üzərindən 232 abunəçi, Şıxımlı kənd EATS-də 48 portluq DSLAM avadanlığının üzərindən isə 27 abunəçi sürətli internet xidmətinə qoşulmuşdur.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli suya olan təminatını yaxşılaşdırmaq məqsədi ilə 2011-ci ilin ötən dövrü ərzində I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılmış, bir neçə yerdə su itkisinin qarşısı alınmışdır. Yay mövsümü ilə əlaqədar olaraq su anbarları təmir olunaraq hazır vəziyyətdə saxlanılır. Şəhərin su xətti olmayan küçələrinə və məcburi köçkünlərin məskunlaşdığı yerlərə avtomaşınla su verilməsi təşkil edilmişdir. Bu qrafik üzrə davam etdirilir. Heydər Əliyev prospektinin 1-ci məhəlləsində 160 millimetrlik plastik boru ilə yeni su xətti çəkilmiş, 22 ailə içməli su ilə təmin olunmuşdur.

Yeri gəlmişkən, şəhərin sukanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədilə rayon rəhbərliyi əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmış, layihə-smeta sənədləri hazırlanmışdır.

Kəndlərin su təchizatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə rayonun 10 kəndində-Şüşün, Sovla, Köhünlü, Carlı, Beyi, Mollakənd, Şıxımlı, Pirili, Muradxan və Yenikənd kəndlərində modul tipli sutəmizləyici qurğular tikilmiş, 137 bulaq inşa edilmişdir. "bp" şirkətinin maliyyə dəstəyi ilə daha 5 kənddə - Sığırlı, Karrar, Çöhranlı, Atakişili kəndlərində və Karrar qəsəbəsində sutəmizləyici qurğular tikilmiş, bütövlükdə bu qurğular vasitəsi ilə 16 mindən çox əhali içməli su ilə təmin edilmişdir.

Bundan əlavə, cari ilin qalan dövrü ərzində daha 14 kənddə modul tipli sutəmizləyici qurğuların tikilməsi planlaşdırılmış, tikiləcək qurğulara kəndlərdə yerlər seçilmiş və torpaqayırma sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, hazırda Cəyli, Mürtülü, Dəyirmanlı kəndlərində də bulaqların və sutəmizləyici qurğuların tikintisi başa çatdırılmaq üzrədir.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışarkən vurğulamağına dəyər ki, 5 min hektaradək ərazini su ilə təmin edəcək uzunluğu 18 kilometrlik Axtaçı-Ərəbqubalı kanalının 10 kilometrlik hissəsi tikilmiş və hazırda tikinti davam etdirilir. 5-6 min hektar ərazini suvarma suyu ilə təmin edəcək 33 kilometrlik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın tikintisinə başlanmış, 22 kilometr torpaq hissəsi hazırlanmış, 5 kilometri tikilmiş, o cümlədən Çərtəyəz kəndi ərazisində 2 kilometri istifadəyə verilmişdir. R-16 beton kanalının 8 kilometrində, R-19 beton kanalının 5 kilometrində əsaslı yenidənqurma işləri aparılmışdır.

Bu ilin birinci yarısında rayonun daxili imkanları hesabına 12 kilometr uzunluğunda yeni torpaq kanalı çəkilmiş, 180 kilometrdən çox kanal lildən təmizlənmiş, 6 ədəd yeni nasos kompleksi, 15 ədəd yeni hidrotexniki qurğu qurulmuş, 620 kilometr beton kanalı, 22 kilometr latok kanalı, 150-dən çox hidrotexniki qurğu təmir olunmuşdur.

Meliorasiya sahəsində xeyli görülmüşdür. Məsələn, 1,5 kilometr yeni kollektor çəkilmiş, 60 kilometr kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 35 hidrotexniki qurğu, 8 ədəd nasos əsaslı təmir edilmiş, 1 ədəd yeni nasos qurulmuşdur. Həmçinin 4,5 min hektar sahənin şor sularını kənarlaşdıran Beyi nasos stansiyası istifadəyə verilmişdir.

Bələdiyyələrin vəsaiti hesabına əhalinin əkin sahələrinə 24,8 kilometr su arxları çəkilmiş, qrunt sularının ərazilərdən çıxarılması üçün 45 kilometr kanal çəkilmişdir.

Kür çayının sahilində 63 kilometrdək bəndatma işləri görülmüşdür.

Səhiyyə Nazirliyinin vəsaiti hesabına Mərkəzi Rayon Xəstəxanasının müasir tələblər səviyyəsində rekonstruksiyası davam etdirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə qəza vəziyyətinə düşmüş Xəlsə kənd həkim məntəqəsinin 6 otaqdan ibarət binasının tikintisi, Köhünlü kənd həkim məntəqəsində əsaslı təmir işləri başa çatdırılmışdır.

Mərkəzi Rayon Xəstəxanasının 20 çarpayılıq doğum şöbəsində, 75 çarpayılıq rayonlararası psixiatriya xəstəxanasında cari təmir işləri aparılmışdır.

Yay mövsümü ilə əlaqədar rayonun bütün tibb məntəqələrinin həyətlərində yeni ağacgül bitkiləri əkilmiş və suvarılmışdır. Hazırda N.Nərimanov adına rayon Mədəniyyət Evi və Kürdəmir Dövlət Rəsm Qalereyası əsaslı təmir olunur, Uşaq İncəsənət məktəbində, Tarix Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Mərkəzində cari təmir işləri aparılır, Mərkəzi Kitabxanalar Sistemində istilik sistemi quraşdırılır.

Kənd klub və kitabxanalarında, digər mədəni-maarif müəssisələrində cari təmir işləri görülmüş, binalar əhənglə ağardılmışdır.

Təhsil Nazirliyinin sifarişi ilə 640 şagird yerlik şəhər 3 saylı orta məktəbin tikintisi başa çatdırılmış, yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir.

Yaponiya səfirliyinin maliyyə vəsaiti hesabına 200 şagird yerlik Bala Kəngərli kənd orta məktəbinin tikintisibaşa çatdırılaraq istifadəyə verilmişdir.

Rayonun Uşaq Texniki Yaradıcılıq Mərkəzində də təmir işləri aparılmışdır.

Ərəbqubalı və Məhərrəmli kənd orta məktəblərində başlanmış təmir işləri yekunlaşmışdır.

Nazirlər Kabinetinin 12 avqust 2011-ci il tarixli sərəncamına əsasən istismara az yararlı və qəzalı olan Xırdapay kənd orta məktəbində yeni 220 şagird yerlik, Qarasaqqal kənd tam orta məktəbində yeni 180 şagird yerlik məktəb binasının tikintisi, həm də şəhər 1 saylı uşaq bağçasının əsaslı təmiri üçün vəsait ayrılmışdır.

Hazırda 220 şagird yerlik Sor-Sor kənd tam orta məktəbin tikintisi üçün hazırlıq işləri aparılır.

Nazirlər Kabinetinin 4 iyul 2011-ci il sərəncamına əsasən, rayon icra hakimiyyətinə yeni inzibati binanın tikintisi üçün vəsait ayrılmış, layihə-smeta sənədləri hazırlanır. Bu ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadasının respublika turunda iştirak edən kürdəmirli şagirdlərdən 4-ü uğurla çıxış edərək yüksək yerləri tutmuşlar.

Rayonun pedaqoji kollektivləri təhsildə əldə edilmiş uğurları daha da möhkəmləndirmişlər. Belə ki, rayonun 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində fərqlənmiş 2 tam orta məktəbi və 2 nəfər qabaqcıl müəlliminin sənədləri Respublika Təşkilat Komitəsinə təqdim edilmişdir. Şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi Lamiyyə Baloğlanova "İlin ən yaxşı müəllimi" adına layiq görülmüşdür. Ümumtəhsil məktəblərinin 9-cu siniflərində müvəffəqiyyət faizi 93, 11-ci siniflərdə isə 91faiz olmuşdur. 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında rayonun 32 məktəbi üzrə şagirdlərin müvəffəqiyyət göstəricisi 100 faiz olmuşdur ki, bu da respublikanın ümumtəhsil məktəbləri içərisində ən yüksək göstəricilərdən hesab edilir. 1185 şagird tam orta təhsil haqqında attestat, 1502 şagird isə ümumi orta təhsil üzrə şəhadətnamə almışdır. Bu il məktəbi bitirənlərdən 545 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, 196 nəfəri qəbul olunmuşdur. Bu da ötən- ilki göstəricidən 45 nəfər çoxdur. 23 nəfər 500-dən çox, 10 nəfər isə 600-dən çox bal toplamışdır. Halbuki ötən il bu göstərici müvafiq olaraq 18 və 7 olmuşdur. Orta ixtisas məktəblərinə də daxil olanların sayı ötən ilkindən 30 nəfər çox-90 olmuşdur. Göründüyü kimi, nəticələr, rəqəmlərin təhlili Kürdəmirdə təhsilin inkişaf dinamikasından xəbər verir.

Bu ilin mart ayında Bakı şəhərində keçirilən fənn olimpiadasının respublika turunda iştirak edən kürdəmirli şagirdlərdən 4-ü uğurla çıxış edərək yüksək yerləri tutmuşlar. Ədalət naminə qeyd etmək lazımdır ki, rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır. Vergilər Nazirliyinin 9 saylı ərazi idarəsinin Kürdəmir Kompyuter Terminalının tikintisi başa çatdırılmış, Sənaye və Energetika Nazirliyinin Kürdəmir Regional Enerji Nəzarəti idarəsi binasının tikintisində isə hazırda son tamamlama işləri aparılır.

Bundan başqa, rayon poçtamtının binasında rekonstruksiya və əsaslı təmir, binanın qarşı hissəsində isə mozayka tipli beton plitələrlə abadlıq işləri aparılmışdır.

Ötən dövrdə Dövlət Proqramına uyğun olaraq, sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir ki, bütün bunlar da əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.

Təsadüfi deyil ki, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2011-ci ilin I yarımilliyində 273 nəfər (223 nəfəri daimi, 50 nəfəri isə müvəqqəti) işlə təmin olunmuşdur. Bir sözlə, bu gün Kürdəmir, necə deyərlər, yerində durmur, yerində saymır. Ötən hər gün onun simasına rəngarəng çalarlar vurur, onu daha da baxımlı və yaraşıqlı edir. Birki, rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun haqlı olaraq vurğuladığı kimi, ölkənin birinci şəxsinin dayağını, diqqət və qayğısını hər addımda və hər sahədə hiss edəndən sonra zəhmətsevər kürdəmirlilərlə istənilən uğurları qazanmaq, hər cür xarüqələr yaratmaq mümkündür!

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 8 sentyabr.- S. 4.