İşıqlı ömrün anları

 

Neftçi-energetik Səməndər Əbdüləzizovun anadan olmasının 100 illiyi tamam olur

 

Gecə saat üç idi. Qəfil telefon zəng çaldı. Dəstəyi götürən Səməndər müəllim xəttin o başındakını dinləyib ciddi görkəm aldı, hiss olunurdu ki, nəsə xoşagəlməz bir hadisə baş vermişdir:

- Dərhal zavoda gəlirəm. "Alabaş"ı göndərin. -deyərək hazırlaşıb evdən çıxanda Şəhrəbanu xanım narahat oldu. "Alabaş" maşını adətən zavodda fövqəladə hadisə baş verəndə evin qabağına gələr, həyat yoldaşını dərhal işə çatdırardı. Həyat yoldaşının bu cür ağır iş rejiminə və ani zənglərə alışsa da, bu dəfə "Nə də olmasa, oğlan uşağıdır. Qoy atasına həyan olsun"- deyə 14 yaşlı oğlu Əzizi də atasıyla göndərdi. Ata-bala neftayırma zavoduna çatanda ciddi qəza olduğunu gördülər. Müəssisəni su basmışdı, üstəlik yağan palçıqlı yağış da işi xeyli çətinləşdirirdi.

Zavodun baş energetiki Səməndər Əbdüləzizov dərhal işçiləri ətrafına toplayaraq tapşırıqlarını verdi. Cürətli işçilərdən biri bir neçə dəfə su gölməçəsinə baş vuraraq xeyli əmək sərf etdi və nəhayət birgə səylə qəza aradan qaldırıldı. Gərgin işdən sonra üzünə təbəssüm qonan Səməndər müəllim əlini oğlunun çiyninə qoyub dedi: "Oğlum, görürsən, hər bir iş çətin və məsuliyyətlidir. Əsas odur ki, qəzanın qarşısını vaxtında aldıq. Evə gedəndə anana atanın necə çətin zəhmətlə pul qazandığını danışarsan."-yarı zarafat, yarı ciddi əlavə etdi. O gün işçilər qəzanı operativ aradan qaldırdıqlarına görə Səməndər müəllim onları mükafata təqdim etdi..

Bu hadisədən illər keçsə də, həmin günü kino lenti kimi göz önündən keçirən, ömrünün 35 ildən çoxunu neftayırma zavodunda energetik işləmiş Səməndər müəllimin oğulları Əziz və Pərviz ataları haqqında indi də xoş xatirələrlə yaşayırlar. Səməndər Əbdüləzizovun işgüzarlığı, işinə tələbkarlığı, kollektivlə işləmək bacarığı, qayğıkeşliyi və daxilən təvazökarlığı bu gün də xatırlanır. Onun nəcib xüsusiyyətləri, insani keyfiyyətləri, sadəliyi, səliqə-sahmanı, ciddi nizam-intizamı kollektivdə də böyük ruh yüksəkliyi yaradırdı. Hətta zavodda ona zarafatla və ərkyana "ata" deyə müraciət edirdilər. Bu da səbəbsiz deyildi. Çünki işçilərin qayğı və problemləri ilə maraqlanır, həll etməyə çalışır, qapısını döyəni ümidsiz qaytarmazdı.

Sentyabrın 11-ində görkəmli neftçi-energetikin anadan olmasının 100 illiyi tamam olur. Ölkəmizin neftçi ictimaiyyəti, onu tanıyanlar və sevənlər Səməndər müəllimin işıqlı xatirəsini işlədiyi zavodda-indiki Heydər Əliyev adına neft emalı zavodunda yad etməyə hazırlaşır.

İndidən Əziz və Pərviz müəllimin telefonlarına çoxlu təbrik zəngləri gəlir. Deməli, öz peşəsiylə cəmiyyətə, xalqına xeyir verən nəcib və işgüzar insanların əməlləri bu dünyadan köçüb gedəndən sonra da unudulmur. Səməndər Əbdüləzizovun timsalında azərbaycanlı nefçi-energetikin yubiley tədbiri ilk dəfədir ən yüksək səviyyədə qeyd edilir.

" Bu müəssisə onun üçün çox doğma idi. Atamın iş yoldaşlarından onun barəsində daim xoş sözlər eşitmişəm.." -deyərək Əziz müəllim atasının divardakı portretinə nəzər yetirir. Sol tərəfdə asılmış və kəhər atın üzəngisindən tutmuş Səməndər müəllimin cavanlığı lap keçmiş dövrün cəngavərlərini xatırladırdı...

Səməndər Əbdüləzizov 1911-ci il sentyabrın 11-i dünyaya göz açıb. Azərbaycan Neft Kimya İnstitutunda energetik ixtisası üzrə təhsil alıb. Əmək fəailyyətinə əvvəlcə A.Andreyev adına neft-yağ emalı zavodunda ( indiki "Azneftyağ" zavodu ) başlayıb. Həmin illər Böyük Vətən müharibəsi dövrünə təsadüf edir. Aclıq, insanların ağır güzəranı, cəbhədə gündən-günə düşmənin azğınlaşması, müəssisənin var gücü ilə işləməsi zərurətini yaradırdı. Ona görə də Səməndər müəllim və iş yoldaşları məhrumiyyətlərə sinə gərib əzmlə çalışırdılar. Fasiləsiz işləyən müəssisədə yorğunluqdan sonra elə iş otağındakı taxta çarpayıda 5-10 dəqiqə mürgüləmək ən böyük istirahət sayılırdı. Deyilənə görə Səməndər müəllim çörəyin kartla, normayla verildiyi illərdə onu ehtiyacı olan iş yoldaşlarıyla bölüşürmüş. O, bu cür ürəyigeniş və səxavətli, gözütox insan idi. Odur ki, elədiyi ən kiçik yaxşılıq belə sonradan övladlarının qabağına çıxıb. Burda bir el məsəli yada düşür: " Yaxşılıq heç vaxt itmir."

Tale elə gətirib ki, Andreyev adına zavoddan sonra S. Əbdüləzizovun iş fəaliyyəti yeni Bakı neftayırma zavodu (indiki Heydər Əliyev adına neft emalı zavodu) ilə bağlı olub. Burda daha çox fəaliyyət göstərib, ömrünün son dövrünə qədər saçını məhz bu zavodda ağardıb, əli işdən soyumayıb.

Texnika elmlər namizədi, keçmiş baş energetik, Respublikanın əməkdar ixtiraçısı Nüsrət Abdulov 20 ildən çox Səməndər müəllimlə birgə çiyin-çiyinə çalışıb və özünü onun şagirdi hesab edir. Onun sözlərinə görə Səməndər müəllim kimi qayğıkeş və öz işini mükəmməl bilən bir mütəxəssislə işləmək böyük xoşbəxtlik idi.

"Səməndər müəllimlə mənim tanışlığım çox qəribə olub. 1966-cı il idi. Elə ilk tanışlığımızdan bu insanın səmimiliyi,qayğıkeşliyi və işçiyə hörməti, diqqətimi cəlb edib. Sovet dövründə adətən institutu bitirəndən sonra təyinatla işə müəssisələrə göndərirdilər. Mənim də o dövrdə təyinatım Sovet Ermənistanında, qədim dədə-baba torpağımızda yerləşən zavodlardan birinə verilmişdi. Lakin o müəssisədə mənə erməni daşnaklarının min bir bəhanəsi və hiyləsi ilə gənc mütəxəssis kimi işləməyə şərait yaratmadılar. Bir gün təsadüfən Bakıda neftayırma zavodunun yanından keçəndə içimdə qeyri-ixtiyari bir sual yarandı:"Görəsən məni bura işə götürərlər?" Bu fikirlə naümid də olsa, ikinci mərtəbədə yerləşən baş energetikin otağına daxil oldum. O, məni səmimiyətlə qarşıladı, iş axtardığımı və başıma gələni biləndə dərhal ürək-dirək verdi. "Narahat olma, sən artıq bu gündən bizim işçimizsən"-dedi. Məni işə götürən və sonradan dostluq etdiyim bu adam Səməndər Əbdüləzizov idi. O, zavoddakı işçilərə həmkarı kimi yanaşır, işdə tələbkar olmaqla yanaşı, onların qayğı və problemləri ilə də maraqlanırdı. Ona görə də iş yoldaşları ona həmişə "ata", ruslar "otes"-deyə müraciət edərdilər. O, sovet dövründə neftayırma zavodunun bünövrəsi qoyulandan orada çalışıb. Zavod məhz onun gözləri önündə, bilavasitə onun iştirakı ilə tikilib, inkişaf edib. Elə yeraltı xətt, boru və qurğu yox idi ki, onların yerlərini dəqiq bilməsin. Bu müəssisə onun üçün çox doğma idi. Sovet dövründə azərbaycanlı kadrın zavodda baş energetik işləməsi böyük bir hadisə idi. "

O dövrdə digər sahələrdə olduğu kimi, sənaye və istehsalat müəssisələrində aparıcı vəzifələrdə adətən ruslar və digər xalqların nümayəndələri çalışırdılar. Bununla da belə bir fikir yaradılırdı ki, guya azərbayanlılardan aparıcı mütəxəssis ola bilməz.

Ancaq buna baxmayaraq, öz bacarığı və savadı, təşkilatçılıq qabiliyyəti nəticəsində Səməndər Əbdüləzizov işlədiyi neftayırma zavodunda nümunəvi və bacarıqlı azərbaycanlı kimi bu "stereotip"i qıra bilmişdi. Əgər işlədiyi ilk illərdə azərbaycanlı işçiləri barmaqla saymaq mümkün idisə, bir müddət sonra müəssisədə milli kadrların sayı getdikcə artırdı. Bu da sözsüz ki, Səməndər müəllimin uzaqgörənliyi və bacarıqlı azərbaycanlıların irəli çəkilməsi sayəsində mümkün olurdu. Çalışırdı ki, milli kadrlar da formalaşsın. Bu istək onun milli təəssübkeşliyindən, xalqına sevgisindən irəli gəlirdi.

Keçmiş iş yoldaşı Nüsrət Abdulov o illəri bu cür xatırlayır:

- " Mən zavoda gələndə energetika sahəsində iki azərbaycanlı mütəxəssis-biri Səməndər müəllim, digəri isə bir montyor var idi. Səməndər müəllim milli kadrları çalışıb işə cəlb edirdi. Harda bacarıqlı və zavodun işinə yaraya bilən qabiliyyətli işçi vardısa, onu mütləq zavoda gətirərdi və işlə təmin edərdi. Bizə də bu cür ixtisaslı kadrları tapmağı xahiş edirdi. Bununla neçə-neçə azərbaycanlı çörək pulu qazanır, həm də zavodun işi daha da yaxşılaşır, milli kadrlar yetişirdi."

Səməndər müəllimin milli dəyərlərimizə, adətlərimizə sayğısı ailədə də özünü göstərirdi. Sovet dövründə əsas ünsiyyət vasitəsinin rus dili olmasına baxmayaraq, ailədə ancaq Azərbaycan dilində danışılardı. Ziyalı Əziz Əbdüləziz atasının bu cəhəti barədə deyir:

- " Mən və qardaşım Pərviz də orta məktəbi rus dilində bitirmişik. Ancaq ailəmizdə bircə kəlmə də rusca danışmamışıq. Çünki atam bizi milli ruhda tərbiyə etmişdi; "Məktəbdə rus dili, evdə isə ananızın. "-deyə tez-tez nəsihət edərdi. Dilimizə, tariximizə sevgi oyadardı. "

Təcrübəli energetik böyük oğlu Əzizin də bu peşəyə yiyələnməsini arzu edirdi. Ancaq oğul əvvəllər həkim olmaq istəsə də, sonradan ərəbşunas olmaq qərarına gəlir. Təbii ki, bu fikir Səməndər müəllimə o qədər xoş gəlmir, ancaq sonradan oğlunun çalışqanlığı və uğurları ilə qürur duyur. Çünki oğul tələbəlik illərində, iş həyatında və sonraki illərdə də atasının adını doğrulda bilmişdi.

- "Energetik peşəsinin necə ağır və çətin olduğunu görürdüm. Ərəb dilinə olan marağım sayəsində Şərqşünaslıq fakültəsinə qəbul oldum. Düzdür, atam ilk vaxtlar seçimimi dəstəkləmədi. Ancaq əlaçı olduğumu, çalışqanlığımı və fərqləndiyimi görüb, o da müəyyən çətin dövrlərimdə mənə ata kimi mənəvi dəstəyini əsirgəmədi. Mən də onun etimadını doğrulda bildiyimə görə xöşbəxtəm. Qardaşım Pərviz isə atamın yolunu davam etdirdi: energetik peşəsinə yiyələndi və hazırda ARDNŞ-də çalışır. Mən də Pərviz də həyatımız boyu atamızın bizə verdiyi nəsihətlə çalışmışıq. O deyərdi: " Harda işləyirsinizsə, işləyin, ancaq həmişə çalışın ki, vəzifə borcunuzu namus və qeyrətlə yerinə yetirəsiniz, daima insanlara qayğı göstərə biləsiniz və Azərbaycana bağlılığınızı unutmayasınız... "

Səməndər müəllim çalışdığı kollektivdə də o cür idi, sadə, təvazökar və səmimi. Hətta nə üçünsə nümunə göstərmək lazım olanda işçilər, xüsusilə də qadın işçilər məhz Səməndər müəllimin adını çəkərdilər. Çünki S. Əbdüləzizov öz səliqə-sahmanıyla, danışıq mədəniyyətiylə də kollektivin hörmətini qazanmışdı. Təqaüdə çıxanda belə müəssisədə onun yeri dərhal bilinirdi. Zavodun bundan sonra da səmərəli fəaliyyət göstərməsi üçün onun dəyərli təklif və məsləhətlərinə ehtiyac duyulurdu. Odur ki, zavodun baş energetiki vəzifəsinə təyin edilmiş N. Abdulovun dövründə də daim təcrübəli və peşəkar mütəxəssis kimi Səməndər müəllim doğma bildiyi zavoddan köməyini əsirgəmirdi:

- " Zavodun energetika təminatını gözəl bilirdi. Təqaüdə çıxanda da bir məsələ olanda müraciət edib, onun da fikrini öyrənirdik. Dəyərli tövsiyyələri sayəsində zavodun energetika təminatının öhdəsindən uğurla gəlirdik. Səməndər müəllim də təqaüddə olsa da, canla başla illərlə, bağlandığı zavoda, sevdiyi kollektivə dəstək olardı. O, təqaüddən sonra da ömrünün sonlarına qədər məsləhətçi kimi fəaliyyətini davam etdirdi. Bu onun peşəsinə hədsiz sevgisinin göstəricisi idi. Bu sevgi təəssüf ki, hər adamda olmur.. "

Sovet dövründə Bakı neftayırma zavodu öz sürətli inkişafına, istehsal gücünə görə seçilib. Ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin hələ o dövrdə neft sənayesinə göstərdiyi diqqət və ardıcıl olaraq zavodun iş fəaliyyəti ilə şəxsən tanışlığı da buna öz təsirini göstərib. " Ulu öndər hələ sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə tez-tez müəssisəyə baş çəkir, yeni qurğuların açılış lentini kəsib, xeyir-dua verərdi. Bu gün onun adını daşıyan zavod daha da inkişaf edərək ölkənin iqtisadi potensialına öz töhfələrini verir. "-deyə keçmiş baş energetik N. Abdulov əlavə edir.

1979-cu ildə həyat yoldaşı Şəhrəbanu xanımın ölümü Səməndər müəllimi daxilən sarsıtmışdı, çünki o, illərdir, xoşbəxt həyat sürdüyü ömür-gün yoldaşının yoxluğuyla barışa bilmirdi.

Oğlu Əziz Əbdüləziz o kədərli günləri belə xatırlayır:

" - Anamın vəfatı ailəmiz üçün çətin olsa da, onun itkisi atam üçün iki qat ağır idi. O, bu itki ilə barışa bilmir, tez-tez Şəhrəbanu xanımın məzarını ziyarət edib təskinlik tapırdı. Həmin il oğlumun dünyaya gəlişi- nəvə sevgisi atamı yenidən həyata bağladı. Bircə nəvəmin məktəbə getdiyini görə bilsəydim.."-deyib Tanrıdan möhlət istədi..."

Əziz müəllimlə bir vaxtlar atasının işlədiyi zavoda-Heydər Əliyev adına neft emalı zavoduna yollanırıq. Yolboyu Bakının necə neft şəhərinə çevrilməsindən, neft sənayesinin inkişafından danışırıq. Zavodun həyətinə çatanda avtomibili dayandırdı. Ani fikrə gedən Əziz müəllim "..Vaxt vardı, atam şəxsi maşınını da idarə üçün istifadə edirdi. Mən yanına gələndə ikinci mərtəbədəki balkondan çıxıb məni salamlayırdı. Mən də, qardaşım Pərviz də bu zavodun çörəyi ilə böyümüşük. Ona görə bu zavod bir atam üçün deyil, mənim və qardaşım üçün də doğmadır. "-deyib köksünü ötürdü. Əziz müəllim zavodun inzibati binasına və zavodun ətrafına nəzər salaraq deyir:

- " Bu bina və onun ətrafının keçmişi gözümün önündədir. Burada bir neçə zavod direktoru fəaliyyət göstərib. Fəqət bugün Azərbaycan Dövlət Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayev bu zavoda direktor təyin olunandan sonra burda qeyri-adi dəyişikliklər baş verdi. İstedadlı mühəndis, qabiliyyətli təşkilatçı, vətəninə, torpağına tam bağlı olan Rövnəq müəllim bu zavodun iyirmi birinci əsr neftayırma zavoduna çevrilməsinə gecəli-gündüzlü əməyinin nəticəsində nail ola bildi və ulu öndər Heydər Əliyevin bu zavodun inkişafında olan xidmətlərini öndə tutaraq İliç adına yeni Bakı neftayırma zavodunun adının dəyişdirilməsi, Heydər Əliyev adına verilməsi məsələsini qaldırdı. Bu təşəbbüs zavodun kollektivi tərəfindən də böyük ruh yüksəkliyi ilə qəbul olundu. Bugün bu neftayırma zavodu dövlətimizin öndə gedən sənaye müəssisələri içində demək olar ki, birincilər sırasındadır."

Heydər Əliyev adına neft emalı zavodunun bugünkü baş energetiki Nizami Mürsəlovla müəssisənin durumu haqqında söhbət edirik.

Onun sözlərinə görə Elman İsmayılovun rəhbərlik etdiyi zavod öz inkişafı nəticəsində ölkəmizin qabaqcıl müəssisələrindən birinə çevrilib. Müasir texnologiyalar müəssisədə uğurla tətbiq olunur.

-"Zavodun operativ və normal işləməsində energetiklərin üzərinə böyük məsuliyyət düşür. Çünki ani bir ciddi qüsur bərpası mümkün olmayan qəzalara səbəb ola bilər. Odur ki, daim teplovizorla elektrik avadanlıqlarının vəziyyəti yoxlanılır. Müasir dövrdə zavodumuzda ELOU AVT, Katalitik Krekinq, Katalitik Reforminq, və Koks istehsalı qurğuları fəaliyyət göstərir. Zavodun qurğularının öz enerji mənbələrindən səmərəli istifadə etmək məqsədilə uzun illər bir çox tədbirlər görüldü və bunun nəticəsində zavodun istilik enerjisi ilə təchizatına kənardan ehtiyac qalmadı. Əvvəllər zavodu enerji ilə 2 nömrəli Bakı şəhər istilik elektrik mərkəzi təmin edirdi. Sonralar mərkəzin fəaliyyəti dayandırıldı. O vaxt zavoda rəhbərlik etmiş Rövnəq müəllim başda olmaqla, zavodun keçmiş baş mühəndisi (hazırda ARDNŞ-nin vitse prezidenti) Davud Məmmədovun və zavodumuzun keçmiş baş energetiki N.Abdulovun bu işdə böyük zəhməti olub. Güc əmsalının böyük əhəmiyyəti olduğuna görə güc əmsalını tənzimləyir və ona nəzarət edirik. Vaxtilə Səməndər müəllimin arzuladığı milli kadrlar bu gün artıq reallıqdır. İ.Zeynalov, G.Abdulov, M.Vahidov, B. Abdullayev, R.İsrafilov və digərləri seçilən işçilərimizdəndir. "

Bu gün ölkəmizdə neft strategiyası uğurla reallaşdırılır. Ulu öndərin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"ndən sonra bir sıra beynəlxalq və regional enerji layihələri gerçəkləşdirildi. Hazırda atılan uğurlu addımlar və layihələr davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin bu sahədə səmərəli fəaliyyəti nəticəsində neft istehsalı günü gündən artır. Şirkət artıq təkcə regionumuzda deyil, xaricdə də bir sıra strateji əhəmiyyətli müəssisələrin, zavod və yanacaqdoldurma stansiyalarının açılmasında mühüm addımlar atır. Bütün bu uğurların qazanılmasında isə ilk növbədə insan əməyi, insan zəkası, zəhmətsevərliyi dayanır. Vaxt keçdikcə bu insanlar tarixin yaddaşına həkk olunur. Zaman keçir, saatın əqrəbləri zamanı geri qaytara bilməsə də, öz əməlləri ilə tarixə düşmüş və yaddaşlarda yaşayan nəcib insanlar bütün zamanlarda ehtiram və təbəssümlə xatırlanır. İşıqlı ziyalı, təvazökar insan Səməndər Əbdüləzizov kimi.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 9 sentyabr.- S. 7.