Ceyranbatan Su Kəmərləri
İdarəsinin 50 illik yubileyi
qeyd olundu
Ölkəmizin
mühüm içməli su təchizatı mənbələrindən
sayılan Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin
istismara verilməsindən yarım əsr ötür.
Xatırladaq ki, Ceyranbatan Su Kəmərləri İdarəsi
ötən müddətdə Bakı və Sumqayıt şəhərlərinin,
eləcə də Abşeron rayonunun kənd və qəsəbələrinin
içməli su ilə təchizatında müstəsna rol
oynamışdır. Dünən adıçəkilən
idarənin 50 illik yubileyi təntənəli şəkildə
qeyd olundu.
Tədbir
iştirakçıları öncə Fəxri Xiyabana gələrək
xalqımızın ümummilli lideri Heydər Əliyevin və
görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın
əziz xatirələrini ehtiramla yad edib məzarları
önünə gül dəstələri qoymuşlar.
Sonra
Ceyranbatan Su Kəmərləri İdarəsində yubiley tədbiri
keçirildi. Bu əlamətdar hadisə münasibətilə
kollektivi təbrik edən "Azərsu" ASC-nin sədri
Qorxmaz Hüseynov Azərbaycanın içməli su təsərrüfatının
tarixi barədə məlumat verdi. Qeyd olundu ki, ötən əsrin
50-ci illərində Abşeronda içməli və texniki
suya tələbatın artması ilə əlaqədar Samur-Dəvəçi
kanalının Abşerona qədər uzadılması,
Ceyranbatan anbarında şirin su ehtiyatının
yaradılması və anbarın sahilində sutəmizləyici
qurğular kompleksinin inşasına qərar verilmişdir.
1957-ci ildə ümumi tutumu 186 milyon kubmetr olan Ceyranbatan su
anbarının şirin su ilə doldurulmasına
başlanılmışdır. Anbarın doldurulması ilə
paralel hövzənin sahilində sutəmizləyici qurğular
kompleksi tikilmişdir. 1961-ci il sentyabr ayının 8-də məhsuldarlığı
saniyədə 2,64 kubmetr olan sutəmizləyici qurğular
kompleksinin birinci qurğusu istismara verilmişdir. Bu, həm də
Ceyranbatan Su Kəmərləri İdarəsinin fəaliyyətə
başlaması demək idi. 1966-cı ildə isə məhsuldarlığı
saniyədə 2,64 kubmetr olan ikinci qurğunun işə
salınması ilə idarənin fəaliyyəti bir qədər
də genişlənmişdir.
Ceyranbatan
Sutəmizləyici Qurğular Kompleksinin üçüncü
növbəsinin isə ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə 1978-ci ildə tikilərək istifadəyə verildiyini
diqqətə çatdıran natiq bununla da Bakı və
Abşeron yarımadasının içməli su təchizatı
sektorunda növbəti mərhələnin əsasının
qoyulduğunu bildirdi. Bu qurğunun məhsuldarlığı
saniyədə 2,22 kubmetr təşkil etmişdir. Beləliklə
də, qurğuların ikinci və üçüncü
növbələrinin istismara verilməsi ilə Sumqayıt
şəhərinin, Bakıətrafı kəndlərin və
paytaxtın şərq hissəsinin su təchizatı əsaslı
şəkildə
yaxşılaşdırılmışdır. Bu gün
Sumqayıt şəhərinə, Abşeron, Xəzər,
Sabunçu və Suraxanı rayonlarının əksər
hissələrinə verilən suyun Ceyranbatan Sutəmizləyici
Qurğular Kompleksində emal olunduğunu bildirən
Q.Hüseynov içməli suyu istehlakçılara
çatdırmaq üçün ötən illər ərzində
6 ədəd iri diametrli magistral su kəmərinin çəkildiyini
diqqətə çatdırdı. Həmin su kəmərinin
2 xətti Maştağa anbarlarına, 3 xətti Binəqədi
nasos stansiyasına, 1 xətti isə Sumqayıt şəhərinə
su nəql edir.
"Azərsu"
ASC-nin sədri qeyd etdi ki, Ceyranbatan Sutəmizləyici
Qurğular Kompleksi 50 ildir ki, Abşeron yarımadasında
içməli və texniki su təchizatında əvəzedilməz
mənbə kimi fəaliyyət göstərir. Bu dövrdə
yalnız bir dəfə, 1998-2002-ci illərdə sutəmizləyici
qurğularda əsaslı təmir aparılıb.
"Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması"
layihəsi çərçivəsində birinci və ikinci
qurğular yenidən qurulmuşdur.
Natiq bildirdi ki, hazırda dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən yeni ultrasüzgəcli qurğulardan istifadə olunmağa başlanmışdır. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı suda olan bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da suyun təbii duz tərkibi saxlanılmaqla onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Məhz bu məqsədlə də sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ceyranbatan Su Kəmərləri Kompleksində yeni qurğunun təməli qoyulmuşdur.
Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi ərazisində ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Q.Hüseynov məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) olacaq bu qurğunun əhalinin fasiləsiz və keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcəyini bildirdi.
Qeyd olundu ki, göstərilən məhsuldarlıq üçün ənənəvi sutəmizləyici qurğunun tikintisin 6-8 hektar ərazi lazım olduğu halda, yeni texnologiyaya əsaslanan qurğunun tikintisini 1 hektara qədər ərazidə aparmaq olar. Yeni qurğunun tətbiqi nəticəsində elektrik enerjisinə qənaət olunacaq və qurğu az işçi heyətlə tam avtomatik rejimdə idarə olunacaqdır. Nəzərdə tutulan sutəmizləyici qurğunu 18 ay müddətində inşa etmək mümkündür. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir.
Ceyranbatanda tikiləcək ultrasüzgəc texnologiyalı yeni qurğuda Hollandiya istehsalı olan müasir avadanlıqlardan istifadə olunacaqdır. Bu tip avadanlıqlar ənənəvi qum fitrlərindən aşağıdakı üstünlükləri ilə seçilir. Belə ki, yeni qurğu suyun mineral tərkibi saxlanılmaqla zərərli bakteriya və mikroblardan tam təmizlənməsinə, emal prosesində xlor və digər reagentlərdən istifadənin qarşısının alınmasına, emal olunmuş suyun Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməsinə, həmçinin antropogen və texnogen təsirlərdən baş verə biləcək istənilən bakterioloji çirklənmədən tam qorunmasına imkan yaradacaq. Bundan əlavə, tam avtomatik rejimli idarəetmə sistemi, kiçik ərazidə kompakt yerləşməsi, eləcə də istismarının və təmirinin asan başa gəlməsi də yeni qurğunun üstünlüklərindəndir.
Suyun istehlakçılara özüaxımlı rejimdə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə özüaxımlı rejimdə paylanacaq. "Azərsu" ASC-nin sədri daha sonra "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yeni qurğunun inşası ilə yanaşı, burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral su kəmərlərinin, paylayıcı şəbəkə və su anbarlarının tikintisinin də nəzərdə tutulduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Dövlət Proqramına uyğun olaraq Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə olmaqla təmin etmək mümkün olacaqdır. Hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürqan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana su anbarı kompleksindən uzunluğu 65 kilometr və diametri 600-1200 millimetr olan yeni su kəmərinin çəkilişi nəzərdə tutulur. Q.Hüseynov, həmçinin Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin yenidən qurulması, ərazidə abadlaşdırma işlərinin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Tədbirin sonunda dövlət başçısı İlham Əliyevin 7 sentyabr 2011-ci il tarixli sərəncamları ilə, eləcə də "Azərsu" ASC rəhbərliyinin əmri ilə fəxri ad və medallarla, eləcə də xüsusi mükafatlarla təltif olunmuş qabaqcıl su təsərrüfatı işçiləri bir daha təbrik edildilər, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulandı.
"Azərsu" ASC Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun direktor müavini Əhməd Məmmədov, Ceyranbatan Su Kəmərləri İdarəsinin kimyəvi təhlil laboratoriyasının laborantı Yazgül Rüstəmov, ASC-nin Su Mənbələrinin İşlənməsi və Magistral Su Kəmərləri Departamentinin rəisi Mirkamil Seyidov və başqaları onların əməyinə verilən yüksək mükafata görə ölkə Prezidenti İlham Əliyevə, həmçinin "Azərsu" ASC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirərək Bakı şəhərinin və onun kənd və qəsəbələrinin içməli su ilə təchizatı işində bundan sonra da səylə çalışacaqlarına söz verdilər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 9 sentyabr.- S. 5.